Məhkəmə qərarları › İş №2-1(104)-480/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-480/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-480/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X16) işıq sayğacının sökülməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X16 tərəfindən quraşdırılmış 21433196M1784447 nömrəli işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən iİddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-890/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Toğanalı kəndində onun mərhum anası X6 məxsus yaşayış evi olmuş və anasının sağlığında həmin yaşayış evi ona vəsiyyət edilmişdir. Anası dünyasını dəyişdikdən sonra faktiki miras əmlak üzərində idarəçiliyi və istifadə hüququnu o həyata keçirmiş, mənzillə bağlı bütün kommunal ödənişləri o həyata keçirmişdir. Həmin yaşayış evində "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir sənəd təqdim etmədən işıq sayğacı quraşdırmışdır. Üçüncü şəxs X16 həmin yaşayış evinə özbaşına daxil olaraq həmin evdə onun adına işıq sayğacı olduğu halda, qeyriqanuni olaraq 21433196M1784447 nömrəli işıq sayğacı quraşdırmışdır. Həmin evdəki qaz sayğacı da onun adınadır. Buna görə də, iddiaçı həmin sayğacın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-890/2024 nömrəli qərardadı ilə X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X16) işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qeyd olunan qərardaddan apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız və qanunsuzdur. Belə ki, anası X11 03 oktyabr 2007-ci ildə, qardaşı X17 isə 18 avqust 2014-cü ildə vəfat etmişlər. Mərhum anası Cəmilə Hüseynovanın və qardaşı Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. Anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdir. Eyni zamanda da anası Cəmilə Hüseynova 17 sentyabr 2007-ci ildə Göygöl Rayon Dövlət Notariat Kontorunda Göygöl rayonu, Toğana kəndində yerləşən evini vəsiyyətnamə ilə ona vermişdir. Anası rəhmətə gedəndən sonra, o, 2014-cü ildə vəsiyyətnamə əsasında evin işıq sayğacını öz adına keçirmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Belə ki, qardaşı Xaliq Həsənov 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. X27 isə ailə quraraq 30 ildən çoxdur ki, Gəncə şəhərində yaşayır. Eyni zamanda mərhum qardaşının övladları - Əfqan və Əfsanə qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evini miras kimi qəbul etməmişlər və onlar anasından ona vəsiyyət olunmuş fərdi yaşayış evində yaşamamışlar. Belə ki, X24 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. X18 isə 2002-2003-cü il tarixlərində ailə quraraq Gəncə şəhərində yaşamağa başlamışdır. Eyni zamanda da X16 1984-cü ildən Göygöl rayonun Toğana kəndindən çıxıb getmiş, uzun müddət Gəncə şəhərində yaşamış, Gəncə şəhərində mülkiyyətində fərdi yaşayış evi olmuşdur. 2000-ci ildən sonra Gəncə şəhərində yerləşən fərdi yaşayış evini satmış və Göygöl rayonunda fərdi yaşayış evi almışdır. X14 Göygöl rayonunun Toğana kəndinin girəcəyində, yəni çayqırağı deyilən ərazidə fərdi mənzil tikintisi üçün 0.06 ha torpaq sahəsi vardır. Həqiqət Həsənova anası və qardaşından miras qalmış əmlakı ümumiyyətlə qəbul etməmişdir. Belə olan halda onun iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Buna baxmayaraq işə baxan Gəncə İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarını nəzərə almamışdır. Halbuki, Konstitusiya Məhkəməsi həmin qərarın hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qeyd etmişdir. Buna baxmayaraq Gəncə İnzibati Məhkəməsi bir növ üçüncü şəxslərin vəkili kimi onların dedikləri ilə razılaşmış, vəkil kimi onlara məsləhət vermiş və nəticədə onun iddia tələbi mümkünsüz sayılmışdır Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X16 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası üçüncü şəxsin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, şikayətin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olumuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5525/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər X7, X8 və X15, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göygöl rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 və qardaşı X10 miras qalmış Göygöl rayonu Toğanalı kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. -Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddia təmin edilmiş, mərhum X3 və mərhum X10 miras qalmış JN-106A KOD 50810018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Göygöl rayonu Toğanalı kəndində yerləşən 0,15 ha torpaq sahəsinə ½ hissədə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. -Cavabdeh X12 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Q.Rzaquliyevdən və L.S.Süleymanovdan ibarət tərkibdə) cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. -İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(104)-3622/2019 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5525/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 nömrəli qətnaməsi ilə mərhum X13 və mərhum X10 miras qalmış JN-106A KOD 50810018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Göygöl rayonu, Toğana kəndində yeləşən 0.15 ha torpaq sahəsinə ½ hissədə İddiaçı payının müəyyən edilmiş olsa da, həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. İddianı mümkün saymamış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı subyektiv hüququnun mövcudluğu ilə bağlı mümkünlük şərtlərinin yoxlanılması zamanı həmçinin Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi də nəzərə alınmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlər X7, X8, X15 və üçüncü şəxs Göygöl rayon Notariat kontoruna qarşı “anası X4 və qardaşı X10 miras qalmış Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,15 hə torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Eyni zamanda həmin qətnaməyə əsasən İddiaçı mərhum anası X5 əmlakına manasibətdə mirası qəbul etmədiyi də müəyyən olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlir ki, Göygöl rayonu, Toğana kəndində yerləşən və 21433196M1784447 nömrəli işıq sayğacının quraşdırıldığı yaşayış evi İddiaçı mülkiyyətində deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göstərilən qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliklərin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi İddiaçı hazırkı iddianı qaldırmağam subyektiv hüququ olmadığından birinci instansiya məhkəməsi irəli sürülmüş iddianı mümkün saymamaqda haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması qənaəti əsaslı və qanunidir. Ona görə ki, iddiaçı şikayətində anasının ölümündən sonra Göygöl rayonu Toğanalı kəndində qalmış 0.15 ha torpaq sahəsindən ibarət mirası qəbul etdiyini göstərmiş olsa da, həmin xüsusat qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunur. Odur ki, kollegiya hesab edir ki, şikayətin dəlilləri iddiaçının formal mülahizəsidir, ona görə də şikayət təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar