Məhkəmə qərarları › İş №2-1(104)-481/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-481/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-481/2023 07.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1234/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının aktiv əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilməsinə baxmayaraq 62 yaşının tamam olmadığı üçün yaşa görə sosial müavinətin təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən indiyədək olan dövr üzrə ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Sədərək Ticarət Mərkəzində işgötürən X2 mağazasında satıcı olaraq işə başlamış, səhhəti ilə əlaqədar olaraq 2019-cu ilin may ayında işdən ayrılmışdır. xx.xx.2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə 3 və daha çox doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət almaq üçün DSMF-nin Qazax rayon şöbəsinə ərizə ilə müraciət etmiş, ona aylıq 130 manat sosial müavinət təyin olunmuş, həmçinin təyinat 57 yaş tamam olan tarixdən yəni xx.xx.2018-ci ildən başlamışdır. Təyinat başlayan tarixdən (xx.xx.2018) hesablanmış müavinətlər tam ödənilmiş, lakin xx.xx.2020-ci il tarixdə sosial müavinətin ödənişi dayandırılmışdır. Bundan sonra, iddiaçı cavabdehə müraciət etmiş və ona bildirilmişdir ki, xx.xx.2019-ci il tarixdə əmək fəaliyyətinə başladığına görə xx.xx.2020-ci il tarixədək ödənişi qanunsuz hesab edilmiş və 2730 AZN manat vəsaitin qısa müddət ərzində filialın hesabına bərpa edilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2019cu il tarixdən etibarən işləmədiyini və belə bir halın olmadığını bildirsə də nəticə dəyişməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmiş, eyni zamanda həmin tarixli qərardadla iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1234/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və dayandırıldığı tarixdən ödənişlərin ona ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdən iddiaçının müavinət almaq hüququ yaranmışdır və qanunvericiliyin tələbinə uyğun olaraq da ona müavinət ödənilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilsə də bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Ona görə də, “Sosial müavinətlər haqqında” Qanununa 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişiklik iddiaçıya tətbiq edilə bilməz. Çünki, sözügedən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran haldır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçının xx.xx.2014-cü il tarixdən aktiv əmək müqaviləsi (işəgötürən X4 VÖEN-i **********) olduğu halda xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən ona xx.xx.2018-ci il tarixdən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadınlara" verilən müavinət təyin edilmişdir. Bu səbəbdən "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1.2-ci yarımbəndinə əsasən iddiaçıya təyin edilmiş müavinət xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Həmçinin, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703 nömrəli Qanununun 1.1-ci bəndinə əsasən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmışqadınlar" sözləri çıxarıldığı üçün bu müavinət növü üzrə təyinat nəzərdə tutulmamışdır. Belə ki, iş üzrə icraat materiallarına əlavə edilmiş №xxxxxxx00002X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə əmək müqaviləsinin bağlanması tarixi xx.xx.2019-cu il qeyd olunmuş, xx.xx.2021-ci il tarixdə isə tərəflərdən birinin təşəbbüsü ilə xitam olunduğu göstərilmişdir. Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş, lakin sonradan həmin tarixdən yeni müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə isə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu səbəbdən də, həmin tarixlər arasında iddiaçının müavinət almaq hüququ yoxdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 9.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. ... 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. - 9.1.1-ci maddəsinə əsasən dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük təyin edilir. - 10.1-1-ci maddəsinə əsasən Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. - 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinət təyin edilmiş, müavinətin xx.xx.2018-ci il tarixdən ödənilməsinə qərar verilmişdir. İddiaçının adına aktiv əmək müqaviləsi aşkar edildiyindən iddiaçının sosial müavinəti xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçı sözügedən müavinətin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixdən iddiaçının müavinət almaq hüququ yaranmışdır və qanunvericiliyin tələbinə uyğun olaraq da ona müavinət ödənilmişdir. Əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə müvafiq sistemə yerləşdirilsə də bildirişdən görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla 1.0.2-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanununa 29 noyabr 2019cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişiklik iddiaçıya tətbiq edilə bilməz. Çünki, sözügedən dəyişiklik iddiaçının vəziyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1234/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar