Məhkəmə qərarları › İş №2-1(104)-481/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-481/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-481/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1347/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçı MMC-yə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, **********4847 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı MMC-yə məxsus olan obyektdə 1. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi; 2. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi (ləri) üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024 il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə məxsus olan obyektdə Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasının olmasına əsasən cari fəaliyyətlə əlaqədar plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 037369 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, xx.xx.2024cü il tarixdə saat 17:06-da ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd sayda pul ödənilmiş, alınmış mala görə müştəriyə verilməli olan NKA çeki təqdim edilməmiş, həmin məbləğ saat 17:10-da NKA-ya 1474 saylı çeklə bərpa edilərək X hesabatı çıxarılmışdır. İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə onun barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı MMC barəsində olan xx.xx.2024-cü il tarixli 17:09 vaxtlı X hesabatına əsasən, hesabat dövrü xx.xx.2024, dövriyyə 0.00; xx.xx.2024-cü il tarixli 17:10 vaxtlı Satış 1474 nömrəli çekə əsasən, 1 mala görə 3.40 manat ödənilib, gün ərzində vurulmuş 1-ci çek. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarı ilə, İddiaçı MMC Azərbaycan Respublikası VM-in 50.1.14-cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024 tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərar alınmışdır. Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-2-17/2-25399/2024 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərarına əsasən Vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarın əsaslandırma hissəsində texniki səhv olaraq göstərilən “100004” rəqəmləri “037369” rəqəmləri ilə, “POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminal qeydiyyatdan keçmədiyi, nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyən edilmişdir” sözləri isə “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətinin pozulduğu müəyyən edilmişdir” sözləri ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarın 1-ci bəndində “VM-in 50.1.14-cü maddəsinə əsasən POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi” sözləri “Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması” sözləri ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 №-li qərarın ləğv edilməsi və bu qərarla büdcəyə ödənilməsi müəyyən edilmiş 1000.00 manat maliyyə sanksiyasının götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1347/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4339 nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrə ilə qeydiyyata alınmışdır və həmin tarixdən də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsində vergi uçotunda durur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin iddiaçının ünvanına göndərdiyi məktubdan sonra məlum olmuşdur ki, barəsində 1000 manat cərimənin tutulması haqqında xx.xx.2024-cü il tarixli, **********4339 №-li qərar çıxarılmış və bu qərara əsasən, xx.xx.2024-cü il tarixə 1000.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Həmin qərarla izah edilmişdir ki, qərarı rəsmi aldığı gündən 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətinə məhkəməyə şikayət verilə bilər. İddiaçı qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə aldığından xx.xx.2024-cü il tarixədək yuxarıda qeyd olunan qərardan məhkəməyə şikayət vermək hüququ yaranmışdır. Ona görə də, iddiaçı həmin qərarı qanunsuz və əsassız hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuş və ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddianın təmin edilməsi barədə qərar çıxaracaqdır. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024- cü il tarixə 1000.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi ilə bağlı tələbə dair pul ona şamil edilə bilməz. Çünki, bu borcun yaranmasına səbəb kimi göstərilən və ünvan 1ndə yerləşən İddiaçı MMC-nin aptekində işləyən işçisi X1 tanımadığı bir vergi işçisinə pampers satmış və alıcı onun pulunu kartla POS Terminala ödəmiş və çıxıb getmişdir. Aradan bir müddət sonra həmin vergi işçisi yenidən aptekə qayıdaraq Əminəyə 1(bir) manatlıq çek vur və mənə ver demiş, Əminə də ona həmin çeki vermişdir. Həmin vergi işçisi qanunsuz olaraq Əminədən onun adını soruşmuş və sonra adının həqiqətən Əminə olmasının dogruluğunu təsdiq edəcək hər hansı bir ağ kagıza imza etməsini tələb etmiş və Əminə də qanunu bilmədiyindən vergi işçisinin dediyinə əməl etmiş və ağ kağıza imza edərək onu vergi işçisinə vermiş, Vergi işçisi isə Əminənin imzasını alıb getmişdir (bu fakt aptekdə olan video kamera ilə öz təsdiqini tapır). Bundan sonra həmin vergi işçisi aptekdən çıxıb getmiş və hardasa akt yazaraq onu Baş İdarəyə təqdim etmiş və nəticədə yuxarıda qeyd olunan qanunsuz və əsassız qərar çıxarılmışdır. Həmin qərarla tanış olduqda məlum olur ki, guya vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında qərar qəbul edilmiş və bu qərarla Operativ vergi nəzarəti üzrə - POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə AKT-a əsasən 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aptekdə POS-terminal quraşdırılmış və nağdsız ödənişlər həyata keçirilir və nağdsız ödənişlərin qəbulundan heç vaxt imtina edilməmişdir. Belə ki, İddiaçı MMC-yə hər hansı bir maliyyə sanksiyası yazılması qanunsuzdur və həmin qərar ləğv edilməklə yazılmış həmin maliyyə sanksiyası İddiaçı MMC-nin adından silinməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1347/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı MMC tərəfindən verilmiş iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 17:06-da ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd pulun ödənildiyi, lakin pulun nəzarət kassa aparatına vurulmadığı, müştəriyə verilməli olan NKA çeki təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, İddiaçı MMC barəsində olan xx.xx.2024-cü il tarixli 17:09 vaxtlı X hesabatından görünür ki, hesabat dövrü üzrə xx.xx.2024-cü il tarixdə dövriyyə 0.00 olmuş, vergi orqanı tərəfindən bərpa edilmiş məbləğ üzrə xx.xx.2024-cü il tarixli 17:10 vaxtlı Satış 1474 nömrəli çekə əsasən, 1 mala görə 3.40 manat ödənilmiş və həmin çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə nəzarət kassa aparatına sonradan vurulmuş 3.40 manat məbləğ üzrə çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Bu hal isə onu təsdiq edir ki, xx.xx.2024-cü il tarixdə gün ərzində İddiaçı MMC-yə məxsus olan aptekdə saat 17:10-dək edilmiş satışlar üzrə ödənilmiş məbləğlər nəzarət kassa aparatına vurulmamış, bununla da iddiaçı tərəfindən Vergi qanunvericiliyində nəzərdə tutulan əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının direktoru X1 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, aptekdə POS-terminal quraşdırılmış və nağdsız ödənişlərin qəbulundan heç vaxt imtina edilməmişdir. Belə ki, İddiaçı MMC-yə hər hansı bir maliyyə sanksiyası yazılması qanunsuzdur və həmin qərar ləğv edilməklə yazılmış həmin maliyyə sanksiyası İddiaçı MMC-nin adından silinməlidir. Məhkəmə iclasının vaxtı və yeri barə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X4); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İlk öncə qeyd olunmalıdır ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərarın qəbulu üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları müəyyən etməyə borcludur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktının, eləcə də vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********4847 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı MMC-yə məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi (ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024 tarixi daxil olmaqla) cari fəaliyyətlə əlaqədar növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 037369 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:06da ünvan 1 ünvanında yerləşən İddiaçı MMC-yə məxsus aptekdən 1 (bir) paçka bez üçün 3,4 manat nağd sayda pul ödənildiyi, alınmış mala görə müştəriyə verilməli olan NKA çeki təqdim edilmədiyi müəyyən edilmiş, həmin məbləğ saat 17:10-da NKA-ya 1474 saylı çeklə bərpa edilərək X hesabatı çıxarılmış və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********4339 nömrəli qərarı ilə, İddiaçı MMC 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Nəzərə almaq lazımdır ki, müştəri qismində vergi orqanının əməkdaşı tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşı tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan operativ vergi nəzarətinin keçirilməsi nəticəsində tərtib edilmiş aktlara istinad etməklə iddiaçını məsuliyyətə cəlb etmiş, öz qərarlarını “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırmış, məhkəmə icraatının gedişində məsuliyyət qərarlarının qəbul edilməsinin əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilmişdir. Kolegiya hesab edir ki, cavabdeh inzibati orqanın vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən hər hansı bir hərəkətin və yaxud da aktın tərtib edilməsi halı aşkar edilməmişdir. Vergi ödəyicisi tərəfindən yuxarıda göstərilən maddi normaların tələbləri pozulduğundan cavabdeh tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq onun barəsində hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. İddiaçı hazırda həmin qərarın ləğv edilməsinə tələb etsə də, qərarın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu təkzib edəcək sübutu təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1347/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar