Məhkəmə qərarları › İş №2-1(104)-482/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-482/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-482/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mənzilin özəlləşdirilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı “mənzilin özəlləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-366/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-512/98 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, DOS-102 1 saylı binanın 6-cı mənzilinə dair İddiaçı ilə Gəncə Qarnizonu Mənzil İstismar Hissəsi arasında mənzil kirayə müqaviləsi bağlanmış hesab edilməsi və onun adına şəxsi hesabın açılması qət edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi Gəncə rayon Mənzil İstismar İdarəsinin xx.xx.1999-cuil tarixli, 365 nömrəli məktubundan və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli, 480 nömrəli şəxsi hesabdan məlum olur ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-512/98 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən evin şəxsi hesab vərəqəsi İddiaçı adına açılmışdır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd olunan mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan hərbi şəhərciyin evlərinə aid xidməti mənzil olduğu üçün həmin mənzilin özəlləşdirilməsi qanunamüvafiq hesab edilmir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli, 1066 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən 6 nömrəli mənzil Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır və açıq hərbi şəhərcik daxilindədir. Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 0109 nömrəli əmri ilə Gəncə şəhərindəki bütün hərbi şəhərciklər açıq elan olunmuşdur.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2023-cü il tarixli, 1306 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Fədayıl oğlunun yaşadığı ünvan 2 ünvanında yerləşən 6 nömrəli mənzil Gəncə rayon Mənzil İstismar Hissəsinin balansındadır və açıq tipli hərbi şəhərcikdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsinin xx.xx.2024-cü il tarixli, 805 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə şəhərində yerləşən hərbi şəhərciklər Müdafiə Nazirliyinin fondudur. Vətəndaş İddiaçı Fədayıl oğlunun yaşadığı Gəncə şəhəri, DOS 102 evi 1 mənzil 6 xidməti mənzildir və Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar Hissəsinin balansındadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı X2 cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1992-ci ildən faktiki kirayəçisi olduğu ünvan 1-nın adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1-nin mənzil kirayə müqaviləsi onunla bağlanmışdır. O, mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzildə o və yoldaşı qeydiyyatda durur. Yoldaşı da mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmir. O, mənzilin özəlləşdirilməsi üçün 3 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Ona görə də, cavabdehin 1992-ci ildən mənzilin faktiki kirayəçisi olan şəxs kimi mənzilin onun adına özəlləşdirilməsi vəzifəsi qoyulmalıdır.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, adının Çərkəz Fidayıl oğlu, cavabdehin adının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi kimi qeyd olunmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, tələbin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü tarixli, 2-1(114)- 366/2024 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi Gəncə şəhəri, DOS-102, ev 1 ünvanında yerləşən 6 nömrəli mənzil Gəncə Hərbi Qarnizonunda xidmət etdiyi üçün məhkəmə qətnaməsi əsasında kirayə müqaviləsi bağlanmaqla, iddiaçıya verilmişdir. Hazırda həmin mənzil Müdafiə Nazirliyinin balansındadır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı X2 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-1(114)-366/2024 saylı qərarının ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması, adına şəxsi hesabın açılması qət edilmişdir. Həmin vaxtdan əvvəl də o, həmin mənzildə yaşamışdır. Onun yaşadığı binada mənzili özəlləşdirən şəxslər vardır. O, 1982-ci ildə Gəncə hərbi qarnizonunda xidmət etmişdir. 1983-cü ildə mənzil növbəsində durmuşdur. 1995-ci ildə ona evə köçürülmə orderi verilmişdir. O, vaxtdan da o, mənzildə yaşayır. xx.xx.2009-cu il tarixə kimi qüvvə olan Mənzil Məcəlləsinin 105-ci maddəsinin 3-cü bəndinə əsasən ona xidməti yaşayış sahəsi verilmişdir. Lakin işin bu halları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-366/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.2 və 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur.

21. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir.

22. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 91.3. Sosial və xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

23. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən kec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Maddə 9. İkinci hissəsinə əsasən vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-512/98 nömrəli qətnaməsi əsasında Gəncə şəhəri, DOS-102 1 saylı binanın 6-cı mənzilinə dair İddiaçı ilə Gəncə Qarnizonu Mənzil İstismar Hissəsi arasında mənzil kirayə müqaviləsi bağlanmış hesab edilmiş və onun adına şəxsi hesab açılmışdır. Mübahisəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır və xidməti mənzil fonduna aiddir. İddiaçıya mübahisəndirilən mənzilin verilməsi zamanı qüvvədə olmuş və həmçinin hazırda qüvvədə olan Mənzil Məcələsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən 6 nömrəli mənzil xidməti yaşayış sahəsidir və Müdafiə Nazirliyinin balansındadır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin yerləşdiyi hərbi şəhərciyin açıq hərbi şəhərcik olması onun təyinatını dəyişdirmir, yəni xüsusi təyinatlı mənzilin özəlləşdirilməsinə əsas vermir.

41. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın 1.8-ci bəndinə görə, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

42. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən yaşayış sahəsi xidməti mənzildir. Mənzil qanunvericiliyinin tələbinə əsasən, xüsusi təyinatlı mənzil sahələrinin özəlləşdirilməsinə yol verilmir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir.

43. İddiaçının adı çəkilən hərbi şəhərcikdə bəzi mənzillərin özəlləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

44. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

45. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-366/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar