Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-483/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X3 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-498/2024 saylı qərarından cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı qiyabi təhsilalma formasında xaricdə “Beynəlxalq hüquq və insan hüquqları” ixtisası istiqaməti üzrə aldığı təhsilə görə Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrəhır bir tədris ili ərzində sözügedən kvalivikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyin xx.xx.2023cü il tarixli, NA00013503 nömrəli “Xarici dövlətlərin ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarın ləğv edilməsi və xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Ukrayna Respublikası Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən ona verilmiş B22 seriyalı 040696 saylı, xx.xx.2022-ci il tarixli diplomun tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasını xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-498/2024 nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Agentliyin xx.xx.2023-cü il tarixli, NA 00013503 nömrəli qərarından görünür ki, onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmışdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"nın 3.10.1ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarıxli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Odur ki, həmin qərarı inzibati icraat qaydasında məhkəmədə mübahisələndirməkdə haqlıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-498/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsı, Ukrayna Respublikası Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən İddiaçı verilmiş B22 seriyalı 040696 saylı, xx.xx.2022ci il tarixli diplomun tanınması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdehin imtinasını əsaslandırdığı yeganə dəlili təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyrimüəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. İddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Qeyd olunur ki, iddiaçının təhsil alma müddəti təhsil verən müəssisəni qane etdiyinə görə ona müvafiq diplom təqdim edilmişdir. Müvafiq sahə üzrə Beynəlxalq müqavilələr (Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş) də iddiaçının diplomunun tanınmasını istisna etmir. Digər tərəfdən cavabdeh qurum iddiaçının təhsil aldığı dövlətin ərazisində olmamasına əsaslanmışdır. Lakin müəyyən edilmişdir ki, iddiaçı təhsilini Gürcüstan Respublikasında davam etmiş, müəyyən dərsləri və imtahanları isə onlayn rejmdə keçirmişdir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının təhsil aldığı müddətin qarşılığında xarici ölkədə qısa müddət ərzində olduğunu iddia etsə də, qısa müddət deyildiyində nəyin nəzərdə tutulduğu, yetərli müddətin məhz nə qədər olmalı olduğu və ümumiyyətlə, bununla bağlı hansı meyarların rəhbər tutulduğunu qeyd etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Vəlizadə X2 yerləşən Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən ona verilmiş diplom üzrə kvalifikasiyanın tanınması üçn xx.xx.2023 -cü il tarixində elektron ərizə sistemi vasitəsilə Agentliyə müraciət etmiş, onun müraciəti üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə yenidən təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"na uyğun olaraq aparılmışdır. İnzibati icraatın yekununda Qaydaların 4.1.4-cü yarımbəndində əks olunmuş tanınmaya dair tələb (Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması) odənilmədiyi üçün xx.xx.2023 -cü il tarixində onun müraciəti üzrə imtina barədə qərar qəbul edilmişdir. Qaydaların qeyd olunmuş tələbi üzrə aparılmış araşdırma zamanı iddiaçının xarici ali təhsil müəssisəsində əyani təhsilalma forması üzre dərslərdə və imtahanlarda iştirak üçün xarici ölkədə, Ukraynda ümumiyyətlə olmadığı müəyyən olunmuşdur. Tanınma üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir ki, bu tələb, yerli qanunvericliyin müəyyən etdiyin normativlərə nisbətdə iddiaçının vəziyyətini yüngülləşdirsə də iddiaçının ali təhsil müəssisəsində sessiyalarda əyani təhsilalma forması üzrə iştirak həcmi bu tələblə uyğunsuzluq təşkil etmişdir. Məhkəmə öz qərarının əsaslandırma hissəsində sərhədkeçmə barədə tələbə münasibət bildirərkən halhazırda qüvvədə olan və ərizəçinin müraciət etdiyi tarixdə qüvvədə olduğu üçün inzibati icraat aparılan Qaydalara istinad etməyərək, ərizəçinin tanınma üçün müraciət etdiyi tarixdən (xx.xx.2023-cü il) öncə ləğv edilmiş (xx.xx.2023) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarına istinad etmiş, həmin Qaydalardakı tələblər qiymətləndirilmişdir. Məhkəmə ərizəçinin müraciətindən əvvəl ləğv edilmiş normativ akta istinadını əsaslandırarkən, onun təhsil aldığı dövrdə 64 nömrəli Qərarın qüvvədə olmasını arqument kimi göstərmişdir, lakin Məhkəmə nəzərə almamışdır ki, Tanınma Qaydaları vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınmasını tənzimləyir. Məhkəmə qərarın əsaslandırma hissəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Gürcüstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"in 5-ci maddəsinə istinad edir. Sazişin həmin maddəsində deyilir: "Tərəflər ölkələrin ərazisində qanuni şəkildə fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələri, dövlət təhsil müəssisələri və onların filiallarında öz hesabına təhsil almaq istəyən vətəndaşlar üçün müvafiq kvotalar təyin etmək haqqında razılığa gəldilər. Yerlərin sayı və qəbul şərtləri xüsusi protokolla tənzimlənir…" Qeyd olunan müddəada ilk olaraq bu məsələnin təşviqedici bir norma olduğunu və son cümlədə bununla bağlı xüsusi protokolla müəyyən olunmuş yerləri və qəbul şərtlərini əhatə etdiyini nəzərdən qaçırır. Eyni sazişin 8-ci maddəsində istinad edilərək, hər iki ölkədə əldə olunmuş diplomların qarşılıqlı tanınması məsələsi vurğulanır, halbuki həmin Sazişin 8-ci maddəsində deyilir: "Tərəflər bu Saziş imzalandığı anda və onun qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə hər iki dövlətin təhsil müəssisələri tərəfindən verilmiş ümumi, orta və texniki peşə təhsili, orta ixtisas və ali təhsil haqqında sənədlərin, habelə elmi dərəcələrin və adların vərilməsini təsdiq edən sənədlərin qarşılıqlı tanınması haqqında razılığa gəlirlər." Maddədə açıqca Gürcüstan ali təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlərdən bəhs edilərkən, işin faktiki halında vətəndaşın diplomu Ukraynanın dövlət nümunəli blankındadır. Həmçinin iddiaçı və məhkəmə şəxsin Gürcüstanda akkreditasiyası olmayan müəssisədə təhsil alaraq Ukrayna diplomu əldə etmə faktını aşkarlayır, bunu diplomun tanınması üçün hüquqi arqument kimi irəli sürsə də, əksinə bu arqument Qaydaların digər tanınmaya dair tələbi ilə uyğunsuzluq olduğunun aşkarlanmasına səbəb olmuşdur. Belə ki, Qaydaların 4.1.1-ci yarımbəndində müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair tələb kimi qeyd olunmuşdur. Məhkəmə öz qərarında "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənedlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş"ə istinad edərək həmin ölkədə əldə olunmuş ali təhsilə ald kvalifikasiyaların tanınması vurğusunu işin faktiki halları üzrə iddiaçının xeyrinə şərh etməyə çalışmışdır. Sazişin 5-ci maddesinde qeyd olunur: "X4 Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azerbaycan Respublikası ali tehsil müessiselerinin «kiçik mütexessis», «bakalavr», «mütəxessis» ve «magistr» ixtisas dereceleri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir." Bununla bağlı hemçinin, qeyd etmek zeruridir ki, Azerbaycan Respublikasının Kostitusiyasının 151-ci maddəsi qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericilik sistemine daxil olan normativ hüquqi aktlar ile Azerbaycan Respublikasının terefdar çıxdığı dövletlerarası müqavilələr arasında ziddiyyet yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR İPM 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 22. Ali təhsil 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”
4. Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime);
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.
Apellyasiya məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı qiyabi təhsilalma formasında xaricdə “Beynəlxalq hüquq və insan hüquqları” ixtisası istiqaməti üzrə aldığı təhsilə görə Avqustin Voloşin adına Karpat Universiteti tərəfindən ona verilmiş diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini tələb etsə də, cavabdeh iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalivikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması bildirilmişdir. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 5-ci bəndinə əsasən, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və “magistr” ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Cavabdeh həmçinin apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, birinci instansiya məhkəməsi inzibati icraatın aparıldığı zaman qüvvədə olan yox məhz qüvvədən düşmüş Qaydalara istinad etmişdir. Məhkəmə kollegiyası tətbiq ediləcək hüquqla bağlı məsələyə aid olduğu üçün ilk növbədə həmin dəlilə münasibət bildirilməsini zəruri hesab edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları uzun müddət qüvvədə olmuş, daha sonra isə Nazirlər Kabineti tərəfindən 03 fevral 2023cü il tarixdə qəbul edilmiş 34 nömrəli qərarla yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” və bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı zaman məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları qüvvədə olmuşdur. Ona görə də, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi hazırkı işin həllinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının normaları tətbiq olunmalıdır. İddiaçının təhsil aldığı vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Eyni ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2023-cü il 1 mart tarixdən qüvvəyə minmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarının 1.4.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir. Normaların məzmunundan da göründüyü kimi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş hər hansı sənəd, diplom, yaxud başqa bir şəhadətnamə şəxsin ali təhsil proqramının uğurla bitirdiyini təsdiq edir. Hazırkı halda da, iddiaçıya onun təhsil aldığı xarici ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş diplom iddiaçının müvafiq xarici ölkədə olduğu yetərli müddət ərzində ali təhsil proqramını uğurla bitirdiyini təsdiq edir. Bundan başqa kollegiya qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözü gedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (əyani) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin xüsusi hallarına münasibətdə sözügedən ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təhsil hüququnun böyük əhəmiyyətinə baxmayaraq, bu hüququn tamamilə mütləq olmadığını, əksinə, məhdudiyyətlərə məruz qala biləcəyini söyləmişdir. Belə ki, təhsil müəssisələrinin tənzimlənməsi müxtəlif vaxt və yerlərdə cəmiyyətin ehtiyaclarına və resurslarına, habelə təhsilin müxtəlif səviyyələrinin müstəqil xüsusiyyətlərinə görə dəyişə bilər və üzv dövlətlərin bu sahədə mülahizə yürütmək səlahiyyəti vardır. Amma, tətbiq edilən məhdudiyyətlər sözügedən hüququ onun mahiyyətinə xələl gətirəcək və onun effektivliyindən məhrum edəcək dərəcədə məhdudlaşdırmamalı, maraqlı şəxslər üçün öncədən görülə bilən olmalı və legitim məqsədlər daşımalıdır. Təhsil hüququnun məhdudlaşdırılması 1 saylı Protokolun 2-ci maddəsinə yalnız o halda uyğun olacaq ki, istifadə olunan vasitələr və nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun (X3rşı [BP], № 44774/98, AİHM 2005-Xİ, § 154). Həmçinin məhkəmə kollegiyası hazırkı işin xüsusi hallarından birində ondan ibarətdir ki, iddiaçının təhsil aldığı dövlərdə (2020-2022-ci illər) COVİD-19 pandemiyasının yayıldığı və bununla əlaqədar həyatın bütün sahələrində, o cümlədən təhsil hüququnun reallaşdırılmasında ənənəvi üsullara kütləvi məhdudiyyətlərin tətbiq edildiyi zamanlara təsadüf etmişdir. Hamıya bəlli haldır ki, pandemiya ilə əlaqədar mübarizə tədbirləri çərçivəsində dünyada əksər dövlətlərdə, o cümlədən həm iddiaçının təhsil aldığı dövlətdə, həm də Azərbaycanda tədrisin ənənəvi üsullarla həyata keçirilməsinə məhdudiyyətlər tətbiq olunmuş və fərqli üsullarla tədrisin tətbiqinə keçilmişdir. Yenə, əksər ölkələr sözügedən fövqəladə şərtlərin tələblərini nəzərə almaqla həmin dövrlərə təsadüf edən tədrisin nəticələrini tanımış və verilmiş diplomların hüquqi qüvvəsini qəbul etmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan müəyyən olunur ki, iddiaçı faktiki olaraq Gürcüstan Respublikasında 2016-2017 təhsil illərində “Avropa 2020” Təhsil Mərkəzində təhsil almışdır. Həmçinin qeyd olunmuşdur ki, “Avropa 2020” Təhsil Mərkəzində 2020-ci ildə pandemiya və 44 günlük Vətən müharibəsi ilə əlaqədar dərslər və seminarlar “Zoom” proqramı vasitəsi ilə onlayn keçirilmiş, İddiaçı və digər tələbələr keçirilən dərslərdə iştirak etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4930/23 nömrəli arayışdan da görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdən – xx.xx.2020-ci il tarixədək, yəni COVİD-19 pandemiyasının yayılmağa başladığı dövrədək mütəmadi olaraq dərslərdə iştirak etmək məqsədilə dövlət sərhədindən çıxmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-498/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.