Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-483/2025 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun Gəncə Karlar Cəmiyyətində fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün əmək stajına hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1140/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Gəncə Karlar Cəmiyyəti”ndə işləmişdir. xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1978ci il tarixdən 15 may 1980-ci il tarixədək hərbi xidmət keçmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ümumi sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 19 il 3 ay 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2006cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 6 ay 2 gün sığorta stajına uyğun olaraq 17639,43 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 608,18 manat olmaqla, ümumilikdə 18247,61 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlərdə kiril və latın əlifbalarından qarışıq istifadə edilmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Karlar Cəmiyyəti” 1929-cu ildən fəaliyyət göstərir. “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinə xx.xx.2021-ci il tarixli № 05/681/3-14 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışı təqdim olunmuşdur. “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə kimi işləyib-işləməməsinə dair məlumatı mövcud deyil. Buna səbəb Azərbaycan Karlar Cəmiyyətinin arxivinin xx.xx.2021-ci ilə kimi qorunub saxlanmamasıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyinin arxiv sənədləri Dövlət arxivinin Gəncə Filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Karlar Cəmiyyətində fəhlə kimi işlədiyi 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan dövrün onun sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən ona yaşa görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan işlədiyi dövrün onun sığorta stajına hesablanmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi isə əmək kitabçasındakı yazılarda olan hərflərin kiril və latın qrafikası ilə yazılması göstərilmişdir. Belə olan təqdirdə onun yaşa görə pensiyasının hesablanması düzgün aparılmamışdır. Onun əmək kitabçasında olan hərf fərqlərinin olması pensiya hüququndan məhrum olunmasına əsas ola bilməz. İddiaçı hesab edir ki, onun pensiya hüququ bərpa olunmalı 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan işlədiyi dövr sığorta stajına hesablanmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1140/2025 nömrəli qərardadı ilə iddia tələbi “onun Gəncə Karlar Cəmiyyətində fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün əmək stajına hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmiş, iddiaçının müraciəti araşdırıldıqdan sonra İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sığorta stajının qanuni sənədlər, əmək kitabçası əsasında təsdiq edildiyini və həmin sənədlərin mötəbərliyinin mübahisəsiz olduğunu iddia edir. Cavabdeh orqan hesab edir ki, iş üzrə iddia qanunauyğun olmuşdur. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş dövrlər və hərbi xidmət dövrləri daxil edilməklə mübahisələndirilməyən sığorta stajı ümumilikdə, 19 il 3 ay 2 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığora stajı tələbi ödənilmir. İddiaçının ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yarandığından sığorta stajına daxilməsi mümkünsüz olmuşdur. Belə ki, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zamanı aşağıdakılar müəyyən edilmişdir: 1. İddiaçı məxsus əmək kitabçasının surətinin 10-11-ci səhifələrində onun işə qəbul edilməsi barədə xx.xx.1998-ci il tarixli və işdən azad edilməsi barədə xx.xx.2005-ci il tarixli qeyd kiril qrafikalı əlifbadan istifadə edilməklə doldurulmuşdur. 2. Həmin səhifədə "X4 Evi" kimi göstərilmiş müəssisənin adı, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə qeydlər kiril və latın qrafikalı əlifbadan qarışıq şəkildə istifadə edilməklə yazılmışdır. Yəni, "məдəниййə, гəбул, əтр, вəзифəсипдəн" kimi qeyd edilmişdir. 3. Həmçinin, sözügedən səhifədə iddiaçının "X4 Evi"də işdən azad edilməsinə dair müvafiq qeydin təsdiq edilməsi üçün vurulmuş möhürün "X6"nə məxsus olduğu müəyyən olunmuşdur. Bununla da, cavabdeh orqan bu uyğunsuzluğun iddiaçının işlədiyi müəssisənin adının dəqiqləşdirilməsində çətinlik yaratdığını hesab edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və mötəbərliyinə şübhə yaradan yetərli əsaslar olduğundan 7 il 27 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1140/2025 saylı qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməsi, İddiaçı “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasının doldurulması Azərbaycan Respublikasının dövlət dilində aparılır. İddiaçıya məxsus əmək kitabçasında onun “Gəncə Karlar Cəmiyyəti”ndə işə qəbul və işdən azad olması və müəssisəsinin adı barədə qeydlərin kiril və latın qrafikalı əlifba ilə qarışıq şəklində yazılması həmin qeydlərin Azərbaycan Respublikasının dövlət dilində aparılmaması kimi qiymətləndirilməməlidir. Belə ki, həmin dövr üzrə göstərilən qeydlərin Azərbaycan Respublikasının dövlət dilində, lakin kiril və latın qrafikalı əlifba ilə qarışıq şəklində yazılmasının texniki səhv olması ehtimal edilməli, bu hal isə iddiaçının sosial təminat hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Bundan başqa, məhkəmə cavabdehin əmək kitabçasında göstərilən qeydlərin təsdiq edildiyi möhürün "X6"nə məxsus olması əsası ilə də razılışmır. Belə ki, möhürə diqqətlə baxış keçirildiyi zaman həmin möhürün Azərbaycan Karlar Cəmiyyətinə məxsusluğu müəyyən olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1140/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (7 il 27 ) olan dövrlərin araşdırılması zamanı əmək kitabçasının surətinin 10-11-ci səhifələrində “işə qəbul edilməsi barədə“ xx.xx.1998-ci il tarixli və “işdən azad edilməsi barədə” xx.xx.2005-ci il tarixli qeyd kiril qrafikalı əlifbadan istifadə edilməklə, həmin səhifədə “X4 Evi” kimi göstərilmiş müəssisənin adı, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə qeydlər kiril və latın qrafikalı əlifbadan qarışıq şəkildə istifadə edilməklə (yəni, “məдəниййət, гəbул, əmр, вəзифəсиnдəн” kimi qeyd edilmiş) doldurulduğu və sözügedən səhifədə iddiaçının “X4 Evi”dən işdən azad edilməsinə dair müvafiq qeyddə möhürün “X6”nə məxsus olduğu müəyyən olunmuşdur. Əmək kitabçasındakı xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan qeydlərin mötəbər olmamasına dair şübhələr mövcud olsa da, məhkəmə yanlış olaraq bunların texniki səhv olmasına dair ehtimala əsaslanaraq, iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Belə ki, məhkəmə qərarında məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməli, yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslanmalıdır. Ali Məhkəmənin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə ünvanlanmış icmal məktubda da qeyd edilmişdir ki, iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Lakin işə baxan məhkəmə öz xidməti vəzifəsindən irəli gələn işin hallarının araşdırılması prinsipinə riayət etmədən, bu istiqamətdə araşdırma aparmadan iddiaçıya məxsus məlumatların mötəbərliyini şübhə altına almadan, stajla bağlı hər hansı qiymətləndirmə aparmamışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, işin hallarının hərtərəfli araşdırılması prinsipinə əsasən iddiaçının qanunla tələb olunan iş stajına malik olubolmaması istiqamətində araşdırma aparılmalı, bununla bağlı iddiaçının işlədiyi müəssisəyə sorğu verilməli idi. Nəzərə alınmalıdır ki, əmək kitabçasındakı pozuntular həmin sənədin sonradan səlahiyyətli olmayan şəxs tərəfindən doldurulması şübhəsini yaratdığından mötəbər hesab edilməyərək, iş stajına daxil edilməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İlqar Məmmədli apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun Karlar Cəmiyyəti “X6”ndə fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə yaşı 65 olmuşdur. Bununla da iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan yaşa çatmışdır. Hazırda mübahisələndirilən yeganə hal onun 25 il sığorta stajının olmamasıdır. Cavabdeh tərəfindən iddiaçının ümumilikdə 19 il 3 ay 2 gün sığorta stajı qəbul edilir, lakin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Gəncə Karlar Cəmiyyətində fəhlə kimi işlədiyi dövr mübahisələndirilir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını qeyd edərək həmin dövrü qəbul etmir. Bildirir ki, iddiaçının əmək kitabçasında onun işə qəbul edilməsi barədə xx.xx.1998-ci il tarixli və işdən azad edilməsi barədə xx.xx.2005-ci il tarixli qeyd kiril qrafikalı əlifbadan istifadə edilməklə doldurulmuş, "X4 Evi" kimi göstərilmiş müəssisənin adı, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə qeydlər kiril və latın qrafikalı əlifbadan qarışıq şəkildə istifadə edilməklə yazılmış, "X4 Evi"də işdən azad edilməsinə dair müvafiq qeydin təsdiq edilməsi üçün vurulmuş möhürün “X6”nə məxsus olduğu müəyyən olunmuşdur. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi tərəfindən məhkəməyə sorğuya cavab məktubu ünvanlanmış və bildirilmişdir ki, Azərbaycan Karlar Cəmiyyəti 1929-cu ildən fəaliyyət göstərir. “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə kimi işləyib-işləməməsinə dair məlumatı mövcud deyil. Buna səbəb Azərbaycan Karlar Cəmiyyətinin arxivinin xx.xx.2021-ci ilə kimi qorunub saxlanmamasıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubda “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyinin arxiv sənədlərinin Dövlət arxivinin Gəncə Filialına təhvil verilmədiyi göstərilmişdir. Bununla yanaşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri məlumatlarına əsasən Karlar Cəmiyyətinin “X6”nin (VÖEN **********) dövlət qeydiyyatında olmadığı və xx.xx.2004-cü il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə (əvvəlki VÖEN 250003254, xx.xx.1997-ci il tarix) vergi uçotuna alındığı müəyyən edilmişdir. Məhkəmə sorğusuna Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Gəncə şəhəri üzrə qeydiyyatda olan Karlar Cəmiyyətinin “X6” (VÖEN **********) xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı müxtəlif dövlət orqanlarından daxil olmuş cavab məktubları və iş materiallarında olan digər sübutlar birlikdə qiymətləndirildikdə müəyyən edilir ki, Karlar Cəmiyyətinin “X6” adlı qurumu faktiki olaraq mövcud olmuşdur. Belə ki, həmin qurumun vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması, eyni zamanda Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınması onun müəyyən dövrdə fəaliyyət göstərən təşkilati vahid kimi mövcudluğunu təsdiq edir. Bundan başqa, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın iddiaçıya məxsus əmək kitabçasında işdən azad olunma qeydinə vurulmuş möhürün “X6” adına məxsus olmasına dair arqumentinə münasibətdə qeyd edir ki, əmək kitabçasındakı həmin möhürə baxış keçirildikdə müəyyən olunur ki, möhürün orta hissəsində “X6”, kənar dairəvi hissəsində isə “Azərbaycan Karlar Cəmiyyəti” sözləri qeyd edilmişdir. Bu hal möhürün məhz həmin müəssisəyə aid olduğunu təsdiq edir və bu baxımdan hər hansı uyğunsuzluğun mövcud olmadığına dəlalət edir. Əlavə olaraq məhkəmə kollegiyası iddiaçıya məxsus əmək kitabçasında mübahisələndirilən dövrlərə dair əmək kitabçasının doldurulması qaydasının pozulmasına (işə qəbul və işdən azad olunma barədə qeydlərin kiril və latın qrafikalı əlifbanın qarışıq istifadəsi ilə yazılması) münasibətdə qeyd edir ki, hüququn təməl prinsiplərinə əsasən heç kim başqasının məsuliyyət sferasına daxil olan hərəkətlərə görə məsuliyyət daşımır. Əmək kitabçasında müvafiq qeydlərin aparılması və onun müəyyən olunmuş qaydada doldurulması işəgötürənin və ya bu vəzifəni həyata keçirən məsul şəxslərin vəzifəsinə aid olduğundan, həmin qeydlərin aparılması zamanı yol verilmiş mümkün formal pozuntular iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Buna görə də əmək kitabçasının doldurulması qaydasında yol verilmiş belə xüsusatlar iddiaçının müvafiq dövrdə əmək fəaliyyətini həyata keçirməsi faktının və onun sosial təminat hüququnun məhdudlaşdırılması üçün əsas kimi qiymətləndirilə bilməz. Beləliklə işin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və digər sənədlər ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Bundan əlavə əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermədiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1140/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.