Məhkəmə qərarları › İş №2-1(104)-485/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-485/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-485/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “üçüncü şəxsin adına aparılmış reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)- 76/2024 saylı qərarından İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0.13 ha torpaq sahəsinə dair mülkiyyət qeydinin və çıxarışın ləğv olunması, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun bərpa olunaraq onların adına çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar islahat Komissiyasının 1998 ci il 31 avqust tarixli, 53 saylı qərarı ilə Şəmkir rayonu, Çənlibel kəndində 0.13 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Buna dair mülkiyyət haqqında onlara şəhadətnamə verilmişdir. 13 iyul 1998 ci il tarixli alğı-satqı müqaviləsinə əsasən torpağın üzərində yerləşən 42,5 kv.m yaşayış evini X1 da, torpaq sahəsini satmamışlar və həmin vaxtdan hal-hazıra kimi mülkiyyətlərindədir. İddiaçıların torpağa dair mülkiyyət hüquqlarına qəsd edilərək torpaqları üçüncü şəxsin adına qeydiyyatı aparılaraq çıxarış veriblər. Belə ki ər-arvad arasında olan məhkəmə qətnaməsinin icrası zamanı evə dair 1/2 hissədə qətnaməni icra etmək əvəzinə hansısa maraqdanmı, yoxsa texniki səhv nəticəsində mülkiyyətlərində olan 0.13 ha torpaq sahəsi Şahmalı Bayramovun adına qeydə alınmışdır. DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi müraciət edərək, onların mülkiyyət hüququnun bərpa olunaraq 0.13 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsini xahiş etmişlər və İdarə tərəfindən müraciətlərinə 04 mart 2022-ci il tarixli məktubla bildirilmişdir ki, o zaman evi üçüncü şəxsə satmaları elə torpağı da satdıqları anlamı kimi düşünmüş və ona görə üçüncü şəxsin adına rəmiləşdirmişlər. Ona görə də çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Şəmkir rayon 2 saylı Dövlət Notariat Kontorunun 13 iyul 1998 ci il tarixli alğı-satqı müqaviləsi əsasında Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 1961-ci ildə tikilmiş əmlakı, yəni 42.5 kv.m yaşayış evini üçüncü şəxsə satıblar. Həmin alğı-satqı müqaviləsində də ev göstərilib, torpaq sahəsi göstərilməmişdir. Torpaq sahəsi heç vaxt satılmayıb və ləğv edilməmiş və hazırda da qüvvədə olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıların mülkiyyətindədir. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçıların nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi kimi oxunması, Şəmkir rayonu, Çənlibel kəndi, Xəqani Şirvani küçəsi, ev 12 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-76/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-76/2024 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən bir sıra maddi və prosseual hüquq normalarını pozmaqla qənaətə gəlmişdir. Belə ki, məhkəmə istinad etdiyi maddi hüquq normalarından biri olan Torpaq Məcəlləsinin 88-ci maddəsi üzrə qənaətə gəlməsi anlaşılan deyil, ona görə ki, tərəflər arasında olan münasibətlər 1998-ci il yaranmış və həmin tarixdə qüvvədə olan 1992-ci il tarixdə qəbul edilmiş köhnə Torpaq Məcəlləsinin müddəaları tətbiq edilməli idi. Məhkəmə tərəfindən tətbiq edilən maddi hüquq norması isə 1999-cu il 25 iyun tarixində qəbul edilmiş Torpaq Məcəlləsinin normalarıdır. Bundan başqa onuda qeyd edir ki, məhkəmənin istinad etdiyi digər bir maddi hüquq norması da, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsidir ki, həmin maddənin dispozisiyasında qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin maddi hüquq normasının hazırki, mübaisəyə tətbiq edilməsi əsaslı hesab edilə bilməz, ona görə ki, maddənin dispozisiyasında bəhs edilən torpaq sahələri dövlət və bələdiyyə torpaq sahələrindən, yəni mülkiyyətə verilməmiş torpaqlardan bəhs edir. Mübahisəli torpaq sahəsi üzrə 11 saylı Şəmkir ərazi İdarəsi tərəfindən çıxarış verilərkən işin bu halı nəzərə alınmamış, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin artıq mövcud olması gözardı edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X6 göstərmişdir ki, X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydi xx.xx.1998-ci il tarixli müqavilə əsasında X3 adına tərtib edilmiş 1999-cu il tarixli, 269 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport əsasında aparılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi (vəkil) Vəkil bildirdi ki, cavabdehin məhkəməyə ünvanladığı etirazda alğısatqı müqaviləsində olan tarixi faktlara düzgün istinad etməmiş, həmiçinin onların hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmək fikrinin olduğunu bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konsitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konsitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konsitusiyanın 71-cı maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikası İPM-nin İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar hazırkı iddialarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı ünvan 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla bu barədə müvafiq çıxarışın verilməsini tələb etmişlər. İş materiallarından, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatla müəyyən edilir ki, hal-hazırda mübahisələndirilən qeyd xx.xx.1998-ci il tarixli alğı-satqı müqavilə əsasında üçüncü şəxs X4 mülkiyyət hüquqlarını təsdiq edən 1999-cu il tarixli, 269 nömrəli qeydiyyat vəsiqəsi və tərtib edilmiş texniki pasport əsasında aparılmışdır. Digər tərəfdən, iddiaçıların nümayəndəsi məhkəmə kollegiyasının iclasında hüquqi maraqlarına uyğun iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edəcəklərini bildirmişdir. İddia tələbindən və iddiaçıların nümayəndəsinin məhkəmə kollegiyasındakı izahatından aydın olur ki, iddiaçıların hüquqi marağı son nəticədə onların hüquqlarına müdaxilə etmiş qeydin ləğvi və onlara mübahisəli əmlak barəsində çıxarışın verilməsi ilə bağlı olmuşdur. Həmçinin qeyd edildiyi kimi, apellyasiya icraatı zamanı iddiaçılar hüquqi maraqlarına uyğun tələb irəli sürmədiklərini və tələbi dəqiqləşdirəcəklərini bildirmişlər. Güründüyü kimi birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına diqqət etmədən, qeyd edilən məqamlara aydınlıq gətirmədən iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ilk əvvəl iddiaçıların hüquqi marağına uyğun iddianın nədən ibarət olmasını iddiaçılar ilə bir daha müzakirə etməli, inzibati prosessual qanunvericiliyin tələbləri baxımından bununla bağlı iddiaçılara yardım göstərməli və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olması ilə bağlı hüquqi yardım göstərməlıdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçılara torpaq sahəsinin verilməsinə dair JN-296F, 5041601B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin hansı əsaslarla verilməsi, onun verilməsinə əsas olmuş aqrar islahat komissiyasının qərarının mövcudluğu araşdırılmalı, həmçinin həmin əsasların üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirib-mübahisələndirməməsi məsələsi müzakirə edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-76/2024 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “üçüncü şəxsin adına aparılmış reyestr qeydinin ləğv edilməsi və torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar