Məhkəmə qərarları › İş №2-1(104)-488/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-488/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-488/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X2 iştirakları ilə, “mənzilin özəlləşdirilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1312/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin xx.xx.2016-cı il tarixli 47/3 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həmin tarixdə Lenin prospekti, bina 87, mənzil 33A ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır.

2. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə arxiv bölməsinin xx.xx.2023-cü il tarixli 34/3 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu Gəncə şəhəri 9 saylı Evlər idarəsinin 100№-li “Mənzillərin üz hesabı” kitabında Lenin prospekti (H.Əliyev) bina 87, mənzil 33 ünvanında 1970-ci il tarixdən qeydiyyatda olmuşdur.

3. Kirovabad şəhər Xalq Məhkəməsinin 1992-ci il tarixli 2-1824 saylı qətnaməsi ilə İddiaçı uşaqları ilə birlikdə Lenin prospekti bina 87, mənzil 33 ünvanında yerləşən mənzildə yaşamaq hüququ verilmişdir.

4. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 17 iyul 2023-cü il tarixli 3-48-DA-4F/2-Q-1253//8/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, X3 adına Lenin prospekti bina 87, mənzil 33 ünvanına dair order və ya qərar aşkar olunmamışdır.

5. İddiaçı ünvan 2 ünvanda yaşamasına və digər əsaslara istinad edərək həmin mənzilin onun adına özəlləşdirilməsini tələb etsə də, cavabdeh iddiaçının müraciətinə əlavə etdiyi sənədlərin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyindən müsbət cavab verməmişdir.

6. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-6478/2024 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Azərbaycan Dəmir Yollarının balansında mövcud deyil.

7. Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 05 avqust 2024-cü il tarixli 3-16-5/8-13-1598/2024 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı və X6 xx.xx.1965-ci ildə 1264 saylı akt qeydi ilə nikaha daxil olmuş və xx.xx.1973-cü ildə 07 saylı akt qeydi ilə nikah pozulmuşdur. Həmçinin onların birgə nikahından xx.xx.1965-ci il təvəllüdlü X7, xx.xx.1968-ci il təvəllüdlü X5 və xx.xx.1971-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur.

8. Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87 saylı binanın 33 saylı mənzili Birliyin balansına aiddir. Həmin mənzilə dair mənzil kirayə müqaviləsi bağlanmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev pr. 87 saylı evin 33 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1965-ci ildən hal-hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə yaşayır. Kirovabad şəhər Xalq Məhkəməsinin 16 noyabr 1972-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilə yaşamaq hüququ da tanınmışdır. Həmin vaxtdan da fasiləsiz olaraq sözügedən mənzildə yaşamışdır. Mənzildə yaşadığı müddət ərzində bir neçə dəfə əsaslı təmir işləri aparmış, evin bütün kommunal xərclərini ödəmişdir. Həmin mənzilin adına daşınmaz əmlakın dövlət resyetrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edildi. Səbəb kimi ərizəyə əlavə edilmiş sənədlərin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı göstərilmişdir.

11. Cavabdehin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-0019/2024 nömrəli iddia tələbinə dair etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, müraciətə əlavə edilmiş Dövlət arxivinin Gəncə filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA- 4F/2-B-1253//8/2023 nömrəli arayışına əsasən Kirovabad şəhər X9 İcraiyyə Komitəsi Mənzil Təmir İstismar Tresti arxiv fondunun 1962-ci il üzrə mövcud orderləri və Kirovabad şəhər X9 İcraiyyə Komitəsi arxiv fondunun 1962-ci il üzrə protokolları yoxlanılmış və vətəndaş X3 adına xx.xx.1962-ci il tarixli order və ya qərarın arxivdə öz əksini tapmadığı müəyyən edilmişdir. Azərbaycan SSSR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X9nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas olmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaşlar tərəfindən İdarəyə daxil olan ərizələrin ilk olaraq ekspertizası həyata keçirilir, hüquqmüəyyənedici sənədlərin əsli, müvafiq qaydada təsdiq edilmiş surəti və daşınmaz əmlak üzərində sərəncam verən hüquqi və ya fiziki şəxsin imzası (möhrü) və qanunvericilkdə nəzərdə tutulan digər sənədlərin həqiqiliyi yoxlanılır. Bundan sonra inzibati icraat aparılır və icraatın nəticəsində müvafiq qərar qəbul olunur. Hesab edirik ki, iddiaçının 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Belə ki, vətəndaşa ünvanlanan cavab məktubunda mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab hesab edilən sənədlərin siyahısı göstərilmişdir. Belə olan təqdirdə qənaətə gəlmək olar ki, 3 saylı Ərazi İdarəsinin cavab xx.xx.2023-cü il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz və Ərazi İdarəsinin cavab məktubunda vətəndaşın hüqunu pozan hər hansı bir hərəkətsizlik müşahidə olunmur. Göründüyü kimi, iddiaçı öncədən iddia tələbi nəzərdə tutan ərizə ilə inzibati orqana müraciət etməli və nəticə əldə olunmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Hazırki iddiaçı adı orderdə qeyd edidən şəxsdir. Lakin həmin şəxs Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsində qeyd edilən şərtlərə riayət etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı order və ya mənzil kirayə müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Mənzil fondunun özəlləşdirilməsinin ümumi qaydaları, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1312/2024 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əvvəlki Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixədək verilmiş mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim etməmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, sözügedən mənzilə dair iddiaçının adına müvafiq order verilmədiyindən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadən özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ yoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1312/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı dəmiryolunda işləmiş, qeyd edilən mənzil ona verilmiş və bunununla bağlı mənzilə dair ona standart müqavilə təqdim edilmişdir. Başqa sözlə onun mənzildən istifadəsini şərtləndirən müqavilə (tipovoy daqavor) verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsindən imtina edərkən əvvəlki Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 2009-cu il tarixədək verilmiş mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilmədiyindən iddianı rədd etmişdir. Məhkəmə Mənzil Məcəlləsinə diqqət yetirərkən nəzərə almamışdır ki, Mənzil Məcəlləsi 1987-ci il tarixində qəbul edilmiş və həmin tarixdən sonrakı hüququ münasibətlərini tənzimləyir. İş materiallarında olan standart müqavilənin verilməsi 1977-ci ili əhatə edir. Belə olan halda 1987-ci il tarixli Mənzil Məcəlləsini tələblərinə istinad edilməsi doğru deyildir. Bundan başqa iddiaçı qeyd edilən mənzilə 1972-ci il tarixli məhkəmə qətnaməsi ilə yaşamaq, yəni istifadə hüququ almışdır. Deməli həmin mənzil onun həm sahibliyində, həm də istifadəsində olmuşdur. Həmin qətnamə orderin mahiyyəti ilə eyni məzmuna malikidir. İşdə olan sənədlərdən görünür ki, qeyd edilən mənzil iddiaçının və onun ailə üzvülərinin istifadəsinə verilmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, onun iddiasının rədd edilməsi qanuni və əsaslı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin ev onun keçmiş ərinə order əsasında verilmiş, 1964-cü ildə evlənən zaman həmin mənzilə köçmüş, sonra isə boşanmışdır. Bundan sonra həmin evə onun uşaqları ilə birlikdə yaşamaq hüququnun verilməsinə dair qətnamə qəbul edilmişdir. Hal-hazırda gəlini onu həmin evə buraxmır. Mənzil əvvəl onun keçmiş ərinin olsa da, sonra məhkəmə tərəfindən ona verilmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını xahiş etdi.

19. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi. Əlavə olaraq bildiridi ki, iddiaçı birinci instansiya məhkəməsində yararsız bir sənəd təqdim etmiş, həmin sənəd arxivdə aşkar edilməmişdir. Təqdim olunan sənədlər mənzil üzərində mülkiyyət hüquququnun qeydə alınması üçün əsas deyildir.

Tətbiq edilən hüquq:

20. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

8. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

26. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Hazırki tələbdə iddiaçının hüquqi marağı ünvan 5 ünvanında yerləşən 33 nömrəli mənzilin adına özəlləşdirilməsinə nail olmaqdır və iddia tələbinin hüquqi əsası kimi yalnız arxiv arayışı, tipik müqaviləni (ad və ya soyad qeyd olunmayıb, möhürlə təsdiqlənməyib), həmçinin Kirovabad şəhər Xalq Məhkəməsinin qətnaməsini təqdim etmişdir.

29. Məhz qeyd olunan sənədlərə əsasən iddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir.

30. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının özünün də qeyd etdiyi kimi mənzil onun keçmiş ərinə nikah bağlanmasından əvvəl verilmiş, lakin məhkəmə araşdırılması zamanı həmin mənzilə dair order aşkarlanmamışdır.

31. İddiaçının həmin evə dair təqdim etdiyi digər sənəd- Kirovabad şəhər Xalq Məhkəməsidir. Həmin qəynaməyə əsasən iddia təmin edilmiş, iddiaçı X1 cavabdeh X3 olan, yəni Lenin meydanı 87-ci binanın 33-cü mənzilində olan 17 kv.m-lik otağında yaşamaq hüququ verilmişdir.

32. Məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə mənzilin özəlləşdirilməsi ilə bağlı yaranmışdır və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun müddəalarına əsasən tənzimlənməlidir.

33. Adıçəkilən Qanunun 8.ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

34. İnzibati orqana təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçı yalnız ərinə verildiyini qeyd etdiyi standart müqaviləni və məhkəmə qətnaməsini təqdim etmişdir. Hansı ki, müqavilədən kiminlə bağlandığı və ya hansı orqan tərəfindən təsdiqləndiyi məlum olmur, qətnamə ilə isə boşandıqdan sonra mənzilin bir otağına yaşamaq hüququnun verilməsi müəyyən edilir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia qaldırmaq səlahiyyətinə (subyektiv hüquqa) malik deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunan sənədlər (qətnamə) mənzilin özəlləşdirilməsi üçün əsas deyildir və qanunvericilikdə nəzərdə tutulmamışdır. Mənzilin özəlləşdirilməsi üçün şərt mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamın mövcud olmasıdır. Yalnız həmin sənədlərdən biri təqdim olunduğu zaman mənzilin özəlləşidirilməsi mümkündür.

36. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.

37. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə:

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı, Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1312/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar