Məhkəmə qərarları › İş №2-1(104)-488/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-488/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-488/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məcidov Rüfət Azadəli oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-490/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdeh orqana xx.xx.2023-cü il tarixdə müraciət edərək, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi məsələsinə baxılmasını xahiş etmiş və sonuncu tərəfindən müraciətə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-8157/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 5 oktyabr tarixli 705-İQ nömrəli Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı və xidmətdə olduğu zaman aldığı xəsarətə (yaralanma, travma, kontuziya) görə xidmətdən çıxdıqdan sonra üç il müddətində həlak olması (vəfat etməsi), xəsarət alması və (və ya) əlilliyinin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Müraciət araşdırılarkən məlum olmuşdur ki, X6 2023-cü əvvəllərində xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən ehtiyata buraxılmış, xx.xx.2023-cü il tarixində isə köndələnçənbər bağırsağın bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Qeyd olunanları nəzərə alaraq, X4 xidmət dövründə xəstələnməsi və həmin xəstəlik səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmədiyindən, onun vərəsə və ya vərəsələrinə sığorta ödənişin verilməsi mümkün deyil.

İşdə olan sənədlər:

2. Xəstəlik haqqında 82 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü ildə şəhadətləndirilmiş Diaqnoz: “C19-Yoğun bağırsağın Cr-i. Peritoneal kanseromatoz, qaraciyərə mts, İV mərhələ. PKT-dan sonrakı vəziyyət.” Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır kimi müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 13/Ə/1(h)848/2023 nömrəli əmrinə əsasən Polis kapitanı X6, Kəlbəcər RPŞ-nin Dövlət yol X10-patrul xidməti baş inspektoru, "İstefada olan polis kapitanı” sayılmaqla, 28 mart 2023cü il tarixdən "Azərbaycan Respublikasın X7 xidmət keçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xaric edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Dövlət icbari şəxsi məsələləri departamentinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qurban Həsənovun polis orqanlarında, xüsusilə Kəlbəcər rayonu ərazisində ağır şəraitdə xidmət etməsini, məhz orada tutduğu ağır xəstəliyin davamı olaraq vəfat etməsini nəzərə alıb, “Məhkəmə hüquq mühafiizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onun xidməti vəzifələrinin icrası ilə bağlı vəfat etməsi kimi qiymət verərək, sığorta hadisəsi hesab edib Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Dövlət icbari şəxsi məsələləri departamentinin üzərinə sığorta ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qurban 1986-cı ildə doğulmuş,15 ildən çox müddət DİO-da çalışmışdır. Son bir neçə il idi ki, Kəlbəcər rayon PŞ-də yol polisi bölməsində işləyirdi, polis kapitanı idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunan gündən o mütamadi olaraq Kəlbəcər rayonu ərazisində 3 ilə yaxın müddət idi ki, əlində silah əsğərlərimizlə birlikdə torpaqlarımızın keşiyini çəkirdi. Lakin, xidmət etdiyi dövrdə, yəni keçən ilin əvvəllərindən onun səhhətində ciddi dəyişikliklər olmuş, Gəncə mərkəzi Kliniki xəstəxanada müayinə olunarkən onda qorxulu diaqnoz-xərcəng xəstəliyi olması müəyyən edilmişdir. Keçən ilin oktyabr ayında onu X11 xəstəxanasına göndərmişlər. Orada diaqnoz təsdiq edilmişdir xəstəlik artıq onun bir neçə orqanına yayılıb, metaztaz baş veribdir. Qurban orada 15-20 gün qalandan sonra ona 18 dəfə kimya terapeya almalı olduğu deyildi. Birinci terapeyanı Türkiyədə aldıqdan sonra o, Bakı şəhərinə qayıtmış və Mərkəzi Kliniki xəstəxanada müalicəsini davam etdirmişdir. Türkiyədə olduğu müddətdə müalicə xərcləri təxminən 40 min ABŞ dolları eləmişdir. Bakıda isə hər dəfə kimyəvi terapeyayaya görə 3-4 min manat xərc olmuşdur. Qurban 2022-ci ilin oktyabr ayından faktiki olaraq işə çıxa bilməmiş və 2023-cü ilin əvvəllərində onu səhhəti ilə əlaqədar xidmətə yararsız hesab edərək, X7n azad edilmişdir. Ona polis orqanlarında işləmiş əməkdaş kimi 1-ci qrup əlillik dərəcəsi təyin edilmiş, bir neçə ay sonra isə, 07 iyul 2023-cü il tarixdə o vəfat etmişdir.

6. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu qeyd edilməklə, mərhum həyat yoldaşı X4 dövlət icbari şəxsi sığortası hərbi xidmət dövründə baş verdiyi üçün xəsarət alması və əlillik təyin olunaraq ona İ qrup əlillik təyin edildiyindən, məhkəmə və hüquq mühafizə orqanlarının icbari şəxsi sığortası haqqında qanunun 5-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilərək sığorta ödənişinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

7. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə icraat materialları ilə müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı Q.Həsənov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elketron X3 altsistemi məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksyalarının 81-100 faiz pozulması müəyyən edilmişdir. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Qanunun: Maddə 19. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası və onlara müavinət ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Qanun: Maddə 5. Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığortaolunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz c) sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) - 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;- Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 11.2. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1. müharibə əlilləri - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2.hərbi qulluqçular sırasından digər əlillər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Beləliklə qeyd olunan normativ hüquqi aktların əlaqəli təhlili ilə müəyyən olunur ki, şəxsə sığorta ödənişinin verilməsi üçün əsas sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyi müəyyən edilməlidir. İş üzrə icraat materiallarına əlavə olunmuş xüsusi həkim komissiyasının rəyi ilə müəyyyən olnur ki, mərhum Q.Həsənova xidməti vəzifələrinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxıldığı, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalarının 81-100 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-490/2025 nömrəli qərarı ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mərhum X6 xidməti vəzifəsinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxılmış, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalarının 81-100 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixində isə vəfat etmişdir. Xəstəlik haqqında 82 nömrəli şəhadətnamə ilə müəyyən edilir ki, X4 diaqnozu “C19-Yoğun bağırsağın Cr-i. Peritoneal kanseromatoz, qaraciyərə mts, İV mərhələ. PKT-dan sonrakı vəziyyət.” Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Qurban Həsənov qeyd olunan xəstəliyə DİO-da xidmət apardığı dövrdə, yəni xidməti vəzifəsinin icrası zamanı mübtəla olmuş, o, xəstəlik nəticəsində də ölmüşdür.Elə olmasaydı, Q.Həsənova 1ci qrup əlillik polis işçisi kimi yox, adi vətəndaş kimi verilərdi. Ona görə ki, Q.Həsənov polis orqanlarında pensiya yaşına çatmamışdır ki, ona polis işçisi kimi pensiya təyin edilsin. İkincisi, məhkəmənin qərarında qeyd olunduğu kimi, həmin xəstəliyə o, xidmət dövründə tutulmuşdursa, xidməti vəzifəsinin icrası ilə bağlı xəstələnməsinin sübutu üçün başqa nə ehtiyac qalır. Qurban Həsənov polis orqanlarına işə qəbul edilərkən, o, tibbi müayinlərdən keçmiş, sağlam olduğu üçün polis orqanlarına işə götürülmüş, 15 il həmin orqanda işləmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı onunla əsaslandırılmışdır ki, şəxsə sığorta ödənişinin verilməsi üçün əsas sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması(vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyi müəyyən edilməlidir. İş üzrə icraat materiallarına əlavə olunmuş xüsusi həkim komissiyasının rəyi ilə müəyyən olunur ki, mərhum Q.Həsənova xidməti vəzifələrinin icrası ilə bağlı deyil, xidmət dövründə xəstələnməsi ilə əlaqədar ehtiyata buraxıldığı, daha sonra isə səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksiyalaırnın 81-100 faiz pozulması müəyyən edilərək əlillik təyin edilmişdir.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmasına, cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq:

14. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum). 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləridir. 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələridir. 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.

5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz. 8.1. Sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edilir: 8.1.3. baş vermiş hadisə bu Qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 20 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”nın: 1.2. Sığorta ödənişi almaq hüququna Azərbaycan Respublikası Milli Məclisinin deputatları, hakimlər, prokurorluq işçiləri, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər və ya bu bənddə qeyd edilən şəxslərin vərəsələri (bundan sonra – sığorta ödənişi almaq hüququ olan şəxslər) malikdirlər. 1.3. Sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi üçün əsas olan sığorta hadisələri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının qanunları (bundan sonra – qanunlar) ilə müəyyən edilir. 4.11. Sığorta ödənişinin verilməsindən qanunlarla müəyyən edilmiş hallarda imtina edilir.

15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

17. İşin faktiki halları ondan ibarətdir ki, Q.Həsənov 2007-ci ildən 2008-ci ilədək Azərbaycan Respublikası Silahlı qüvvələrində, 2008-ci ildən xx.xx.2023-cü il tarixədək isə X7 xidmət keçmişdir. İddiaçının mərhum həyat yoldaşı Q.Həsənovun vəzifəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər Rayon Polis X12 X10 Patrul Xidmətinin baş inspektoru olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xəstəlik Haqqında Şəhadətnaməsi ilə müəyyən edilir ki, Q.Həsənov xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri X5 KT müayinəsi olunmuş, "Köndələn çənbər bağırsağın CR-i, qaraciyər və qarın boşluğunda çoxsaylı mts-lar” aşkar olunmuşdur. Türkiyə Respublikasının İstanbul şəhərində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Acıbadəm klinikasında müayinə edilmiş, ilkin diaqnozu təsdiqlənmişdir. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, xəstəlik X7 xidmətkeçmə dövründə alınmış və Daxili İşlər Nazirliyinin xx.xx.2002ci il tarixli 25 saylı əmrinin xəstəliklər cədvəlinin 2-ci qrafasının 8 a maddəsinə əsasən xidmətə yararsızdır. X1 Sisteminin Əlillik altsistemi məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən səbəbi hərbi xidmət dövrü ilə əlaqədar olmaqla orqanizm funksyalarının 81-100 faiz pozulması müəyyən edilmişdir.

18. İddiaçının mərhum həyat yoldaşı Q.Həsənov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Qurban Həsənovun vərəsəsi - İddiaçı xidməti vəzifəsinin icrası zamanı vəfat etməsi ilə əlaqədar sığorta ödənişinin mərhumun vərəsəsi kimi ona ödənilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu müraciətin təmin edilməsindən imtina etmişdir.

19. Hazırki qərarın 14-cü bəndlərində sadalanan normaların tələblərindən göründüyü kimi, sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir və baş vermiş hadisə qanunla müəyyən edilmiş sığorta hadisəsi hesab edilmədikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında araşdırılmış sübutlara əsasən X6 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməmişdir. O, xidmət dövründə qeyd olunmuş xəstəliyə tutulmuş, xəstəlik səbəbindən xidmətinə xitam verilmişdir. X4 xidmət dövründə xəstələnməsi və həmin xəstəlik səbəbindən vəfat etməsi sığorta hadisəsi hesab edilmir. Həm ölümün baş verdiyi yer, həm də ölümün səbəbi Qurban Həsənovun ölümünün onun xidməti vəzifələrinin icrası ilə bağlı olmadığını göstərir və qeyd olunan hal isə sığorta hadisəsi hesab edilmir.

21. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi) sığorta hadisəsi hesab edilir. Baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi üçün iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən mərhuma əlilliyn təyin edilməsinin sığorta ödənişinə əsas yaranması dəilili ilə bağlı qeyd edir ki, adıçəkilən normada sığortaolunanın xidməti vəzifələrinin icrası ilə bağlı əlilliyin müəyyən edilməsi sığorta hadisəsi hesab edilir. Hazırki iş üzrə Q.Həsənova xidməti vəzifələrinin icrası ilə bağlı aldığı xəsarət nəticəsində əlillik təyin edilməmiş, Xəstəlik haqqında 82 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü ildə şəhadətləndirilmiş Diaqnoz: “C19-Yoğun bağırsağın Cr-i. Peritoneal kanseromatoz, qaraciyərə mts, İV mərhələ. PKT-dan sonrakı vəziyyət.” Xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır kimi müəyyən edilmişdir.

24. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 13/Ə/1(h)848/2023 nömrəli əmrinə əsasən Polis kapitanı X6, Kəlbəcər RPŞ-nin Dövlət yol X10-patrul xidməti baş inspektoru, "İstefada olan polis kapitanı” sayılmaqla, 28 mart 2023-cü il tarixdən "Azərbaycan Respublikasın X7 xidmət keçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən 135-ci maddənin 6-cı bəndi ilə səhhətinə görə xaric edilmişdir.

25. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-490/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rüfət Məcidov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar