Məhkəmə qərarları › İş №2-1(104)-489/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-489/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-489/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-258/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 388 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək keçmiş Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək, bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 11 il 9 ay 12 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınmamışdır. Əlavə olaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1972-1978-ci il tarixlərdə Goranboy rayonun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon ”Avtonəqliyyat” kombinatında tornaçı vəzifəsində iş stajının təsdiq edilməsi və sosialsığorta stajı hesab edilməsi və ona əmək pensiyasının təyin edilməsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Ona 28.072022-ci il tarixdən yaşa görə sosial müavinat təyin olunmuşdur. Bu da onunla əsaslandırılmışdır ki, guya ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulduğundan 25 (iyrmi beş) ildən azdır. O, bunu düzgün hesab etmir, hesab edir ki, onun pensiya hüquqları pozulur. Çünki təqdim etdiyi əmək kitabçasında və arixiv arayışlarında onun həqiqətən də sosial sığorta stajının nəzərdə tutulduğundan yəni 25 ildən çox olduğu aydın görsənir. Belə ki, ona sosial müavinat təyin olunarkən 1972-1978-ci il tarixlərdə Goranboy rayonunun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon "Avtonəqliyyat" kombinatında tornaçı işlədiyi illər onun iş stajına daxil edilmir. Onun əmək kitabçası və Goranboy rayon Dövlət Arxivi tərəfindən ona işlədiyi illərə dair arayış versə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tətinat üzrə Mərkəzi Filialı həmin arayışı qəbul etməyərək bildirmişdir ki, onun ancaq 11 il 9 ay 12 gün sığorta stajı var. İndi tələbi ondan ibarətdir ki, onun 1972-1978-ci il tarixlərdə Goranboy rayonunun (keçmiş Qasım İsmayılov rayonu) Ordayanikidze adına kolxozda kolxozçu, 1988-1993-cü il tarixlərdə Goranboy rayon Kərpic zavodunda qaynaqçı və 1993-2005-ci il tarixlərdə Goranboy rayon "Avtonəqliyyat" kombinatında tornaçı işlədiyi, muvafiq əmək haqqı almağı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktın müəyyən edilməsi ona əmək pensiyasının müəyyən olunması üçün lazımdır. Onun yuxarıda qeyd etdiyi idarə, müəssisə və kolxozunda işləməyini və əmək haqqı almağını məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Goranboy Avtonəqliyyat müəssisəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-258/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1999cu il tarixədək və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həqiqətən də xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək (6 il 17 gün) və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək (2 il 8 ay 15 gün) Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək (2 il 3 ay 7 gün) "xxxx" ASC-də işləmişdir. Həmin dövrdə işləməsi əmək kitabçasındakı qeydlərlə yanaşı, arxiv arayışları ilə təsdiq edilir. Həmçinin məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3- 21-3/2- 16338/2023 nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2023-cü il tarixli 122 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırılmışdır. "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Yəni, Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırıldığı tarixdə İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir ki, bu da onun həmin dövrdə həqiqətən də işlədiyini göstərir. İddiaçının cavabdeh orqan tərəfindən qəbul edilən 16 il 2 ay 12 gün hərbi xidmət və əmək fəaliyyəti ilə yanaşı, hazırda mübahisələndirilən dövrlər də nəzərə alınan zaman iddiaçının sığorta stajının 27 il 2 ay 19 gün, yəni 25 ildən çox olması müəyyən edilir. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi xidmət barədə arayışın surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1993- cü il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla ümumilikdə xx.xx.2006cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 16 il 2 ay 12 gün təşkil edir. İddiaçı mübahisələndirilən əmək stajı dövrləri və mübahisələndirmə əsasları aşağıdakı kimidir: Əmək kitabçasında iddiaçının xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrlə Goranboy Avtonəqliyyat müəssisəsinə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeydin olmasına baxmayaraq, işdən azad edilməsi barədə qeyd yoxdur; "xxxx" müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan şəxsi hesab kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi üçün həmin dövrün qarşılıqlı yoxlanılmasını həyata keçirmək də mümkün olmamışdır; İddiaçının xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə "xxxx" ASC-yə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeyd mövcuddur, lakin işdən azad edilməsi barədə qeyd mövcud deyildir; İddiaçının "Goranboy Avtonəqliyyat” ASC-yə ("xxxx" ASC) işə qəbul edilmə barədə əmri olmadığı halda, xx.xx.2012-ci il tarixli 02 nömrəli əmrlə "xxxx" ASC-də uzun müddət iş olmadığı üçün işdən azad edilməsi barədə qeyd mövcuddur; Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək ("xxxx" ASC-də işlədiyi dövrdə) fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrün qəbul edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verdi, şikayəti müdafiə etdiyini bildirdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ... Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması ... 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, imtina məktubu ilə iddiaçının sosial sığorta stajının 11 il 9 ay 12 gün təşkil etdiyi, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmiş və ona xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib xx.xx.2023-cü ildən 220 manata çatdırıldığı bildirilmişdir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 16 il 2 ay 12 gün təşkil edir. Mübahisələndirilən iş stajı dövrləri və mübahisələndirmə əsaslarına isə əmək kitabçasında iddiaçının xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrlə Goranboy Avtonəqliyyat müəssisəsinə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeydin olmasına baxmayaraq, işdən azad edilməsi barədə qeydin olmaması, "xxxx" müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan şəxsi hesab kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi üçün həmin dövrün qarşılıqlı yoxlanılmasını həyata keçirməyin mümkün olmaması, iddiaçının xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə "xxxx" ASC-yə 4-cü dərəcəli tornaçı işinə qəbul edilməsi barədə qeyd mövcuddur, lakin işdən azad edilməsi barədə qeydin mövcud olmaması, iddiaçının "Goranboy Avtonəqliyyat” ASC-yə ("xxxx" ASC) işə qəbul edilmə barədə əmri olmadığı halda, xx.xx.2012-ci il tarixli 02 nömrəli əmrlə "xxxx" ASC-də uzun müddət iş olmadığı üçün işdən azad edilməsi barədə qeyd mövcud olması, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək ("xxxx" ASC-də işlədiyi dövrdə) fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrün qəbul edilməsinin mümkün olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə icraatı gedişində iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilmiş, cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-xx.xx.2012-ci il tarixlərində olan əmək fəaliyyəti dövrü olmuş və iddia tələbinin isə xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin sosial sığorta stajına daxil edilməsi olduğundan məhz elə həmin illər araşdırılmalıdır. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixli nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən Bakı Təcrübə-Sınaq Zavoduna (Бакинсий опытно-экспериментальный завод) tornaçı işinə qəbul edilmiş və xx.xx.1979-cu il tarixli 78 nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən işdən azad olunmuş, xx.xx.1979-cu il tarixli 73k nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən Trestin 16 saylı zavoduna (Завод ЖБИ-16 Трест П.П. «ГАМВС») tornaçı işinə qəbul edilmiş və xx.xx.1988-ci il tarixli 111 nömrəli əmrlə həmin tarixdən işdən azad edilmiş, 15 .08.1988-ci il tarixli 9 nömrəli əmrlə həmin tarixdən X3 zavoduna fəhlə işinə qəbul edilmiş və xx.xx.1993-cü il trixli 81 nömrəli əmrlə həmin tarixdən öz ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1993-cü il tarixli 7 nömrəli əmrlə həmin tarixdən Goranboy Avtonəqliyyat müəssisəsinə 4-cü dərəcəli tornaçı işinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli 20 nömrəli əmrlə həmin tarixdən "xxxx" ASC-yə 4-cü dərəcəli tornaçı işinə qəbul edilmiş, xx.xx.2012-ci il tarixli 02 nömrəli əmrlə həmin tarixdən "xxxx" ASC-də uzun müddət iş olmadığı üçün işdən azad edilmişdir. Cavabdehin iddiaçının iddiaya dair vermiş olduğu etirazdan və apellyasiya şikayətinin dəlillərindən də görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajının müddəti 16 il 2 ay 12 gün təşkil edir. İş materiallarından görünür ki, iddiaçının tələbi də xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2000-ci il tarixədən xx.xx.2003-cü il tarixədək Goranboy rayon Avtonəqliyyat Kombinatında və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İş materiallarında olan Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48- 15-RA/2-C39/1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı aylıq sınaq müddətinə dördüncü dərəcəli tornaçı qəbul edildiyi, ailə vəziyyəti nəzərə alınaraq maddi həvəsləndirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik edildiyi 1.6. İddiaçı - 5000 manat (Əmr № 11, §3, xx.xx.1995-ci il) - Tornaçı - xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixdən yanvar-dekabr 1993-cü ilin hesabına məzuniyyətə buraxıldığı, (Əmr № 30, §1, xx.xx.1996-cı il) - ailə vəziyyəti nəzərə alınaraq maddi həvəsləndirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik göstərildiyi 1.8 - İddiaçı - 100.000 manat (Əmr № 27, §1, xx.xx.1997-ci il) - ailə vəziyyəti nəzərə alınaraq maddi həvəslənbdirmə fondu hesabına göstərilən məbləğdə maddi köməklik göstərildiyi 1.20 - İddiaçı - 100000 manat və (Əmr № 01, §1, xx.xx.1999-cu il) - müəssisənin İİ rejiminin azalması ilə əlaqədar olaraq aşağıda adları qeyd olunan işçilər qeyri-müəyyən müddətə əmək haqqı saxlanmadan əlavə məzuniyyətə buraxılması qeyd olunur. 1.10 İddiaçı tornaçı və ( Əmr № 35 §1 xx.xx.2000-ci il)- öz əvvəlki peşəsinə qaytarılsın. ( 4-cü dərəcəyə görə ) hər saat üçün verilən taarif qiyməti 100 faiz artırıldığı və ( Əmr № 29 xx.xx.2002-ci il) - silinmiş əsas vəsaitlərin yararlı hissələrinin anbara mədaxil olunması üçün aşağıdakı tərkibdə komissiya yaradılsın - 1.5 - İddiaçı - tornaçı - komissiyanın üzvü qeyd olunur. Qeyd: Müəssisənin şəxsi heyət üzrə əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün Goranboy rayon Dövlət Arxivinə təhvil verilməyib. İşdən azad olunması barədə əmr aşkar olunmadı. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-16338/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2023-cü il tarixli 122 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Goranboy Avtonəqliyyat kombinatının bazasında "xxxx" ASC yaradılmış və Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2005-ci il tarixdə tam başa çatdırılmışdır. "xxxx" ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi – tornaçı, işə qəbul olunduğu tarix – xx.xx.1993) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır. İşin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Goranboy Avtonəqliyyat müəssisəsin”ndə işlədiyi dövr üzrə işə qəbul edilməsi barədə qeydin olmasına baxmayaraq, işdən azad edilməsi barədə qeydin olmaması, "xxxx" müəssisəsinin xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan şəxsi hesab kitabları və əməkhaqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilmədiyi üçün həmin dövrün qarşılıqlı yoxlanılmasını həyata keçirməyin mümkün olmadığından mübahisələndirilmişdir. İşin məhkəmə icraatı zamanı müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 25 ildən artıq əmək fəaliyyətinin olması əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eləcədə işin məhkəmə icraatında da belə hallar müəyyən edilməmişdir. Odur ki, iddiaçının əmək kitabçasında aparılmış qeydlər mötəbər sübut kimi nəzərə alınaraq qiymətləndirilməlidir. Əmək kitabçasında göstərilən illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası göstərir ki, işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsində də deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçasıdır. Qeyd olunan məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cu bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası sadalanan maddi normalara əsasən qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının əmək fəaliyyətilə məşğul olduğu müəssisənin şəxsi hesab kitabları və əməkhaqqı cədvəllərinin mühafizə olunması üçün arxivə təhvil verilməməsi, həmçinin iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərə dair işdən azad edilməsi barədə qeydin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək sözügedən müəssisədə iş fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli, 02 noyabr 2023-cü il tarixli, 2-1(102)- 2386/2023 nömrəli qərarları). Hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Göründüyü kimi iş materiallarında olan əmək kitabçasından xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının sözügedən müəssisədə iş fəaliyyəti və stajı sübut olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-258/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar