Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-489/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi ona birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2820/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi birdəfəlik müavinətin və kompensasiyanın ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-ci il tarixli 3-17-1/2-M-317555/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, müraciətin araşdırılması zamanı müəyyən olmuşdur ki, o, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X7 və X12 övladlığa verilmişdir. Araşdırma zamanı həmçinin Ələmdar Məmmədov xx.xx.2015-ci il tarixində, Sara Məmmədova isə xx.xx.2024-cü il tarixində vəfat etməsinə baxmayaraq bioloji anasının (X8) və atasının (X15) sağ olduğu müəyyən edilmişdir. Məlum olduğu kimi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində olan məlumatlara əsasən onun ilk əmək müqaviləsi xx.xx.2024-cü il tarixində (17 yaşında) bağlanmışdır. Qeyd olunanlara əsasən onun sözügedən birdəfəlik müavinət və kompensasiyanı almaq hüququnun olub-olmamasına münasibət bildirilməsi üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin 2011-ci il 05 avqust tarixli 2(015)-451/2011 nömrəli qətnaməsində onun valideyn himayəsindən məhrum olmuş uşaq kimi qiymətləndirilməsinə dair hallar əsaslandırılmamış, qətnamədə onun valideynlərinin sağ olduğu göstərilməmişdir. Məhkəmə qətnaməsində həmçinin, övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyi əsaslandırılmamışdır. Halbuki, "Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2009-cu il 29 oktyabr tarixli 01/2009 nömrəli qərarına əsasən təqaüd yaşına çatmış və ya sağlamlıq vəzivyəti azyaşlı uşağın qayğısına qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsini qanunvericiliklə mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
İşdə olan sənədlər:
2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş Məmmədov X3 Sara Şəmistan qızı və X16 tərəfindən övladlığa götürülmüş hesab edilmiş, övladlığa götürülən İddiaçı Yamin oğlunun doğum haqqına akt qeydində atasının X16, anasının X1 qeyd edilməsi qət olunmuşdur.
3. Ölüm haqqında xx.xx.2015-ci il tarixli AZ-İ 698514 nömrəli və xx.xx.2024-cü il tarixli AZ-İ 386555 nömrəli şəhadətnamələrə əsasən X16 xx.xx.2015-ci il, X14 xx.xx.2024cü il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X4 xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-5025/2025 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin məlumatlarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından ailə başçısının itirilməsinə görə əmək pensiyası xx.xx.2025-ci il tarixədək təyin edilmişdir, hazırda məbləği 384,50 manatdır.
5. Məhkəmənin sorğusuna Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-416/2011 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti daxil olmamış və qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə birdəfəlik müavinət və kompensasiyanın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum valideynlərini itirdikdən sonra birdəfəlik müavinət və konpensasiyanın verilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət edilmiş və ona 25 dekabr 2024-cü il tarixli 3-17-1/2-M-317555/2024 tarixli məktubu ilə müavinət və konpensasiyanın verilməsindən imtina olunmuş və müvafik məhkəməyə müraciət etməyi bildirilmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən gülünc şəkildə həmin imtina məktubunda bildirilir ki, o, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən X7 və X9 övladlığa verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Ələmdar Məmmədov xx.xx.2015-ci il tarixində, Sara Məmmədova isə xx.xx.2024-cü il tarixdə vəfat etməsinə baxmayaraq bialoji anasının (X10) və atasının (X15) sağ olduğu müəyyən edilməsi kimi geyd edilmişdir. Çox maraqlısı isə odur ki, o, mərhum babası və nənəsinin övladlığına rəsmi qaydada verilmişdir və həmin qətnamə Azərbaycan Respublikası adından çıxarılmış və preyudisiyal əhəmiyyətə malik olduğu halda cavabdeh təşkilat tətəfindən belə bir absurd cavabın verilməsi və hətta məhkəmənin qətnaməsinin əsaslandırılmaması kimi halların sadalnaması onun öz bioloji valideynlərinin sağ olması kimi halların araşdırması qeyri-qanuni və düzgün olmadığından o, məcbur qalıb hazırda məhkəməyə müraciət edir. Hansısa məhkəmə qətnaməsindən iş üzrə tərəflər üçüncü şəxslər hüquqlarına və maraqlarına toxunan şəxslər apellyasiya şikayəti verə bilər. Belə olan halda isə onun Ağstafa Rayon Məhkəməsinin qətnaməsi əsasında övladlığa götürüləndən sonra onun doğum haqqında şəhadətnaməsində ata qrafasında və ana qrafasındakı valideynləri hazırda olan mərhum valideynləri X14 və X16 valideynləri göründükləri halda cavabdeh təşkilatın belə bir məsuliyyətsiz və absurd çıxışı onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Məhkəmə qərarını çıxaran məhkəmənin və onun əsasında doğum şəhadətnaməsi verən qeydiyyat şöbəsinin hər ikisinin Azərbaycan Respublikasının dövlət qrumları olduqları halda cavabdeh təşkilatın belə bir yanlış yanaşması və araşdırma aparması həm qanunlara həm də ki, dəyərlərə ziddir. Umumilikdə isə ona hər iki valideynini itirdiyinə görə müavinət və konpensasiyanın verilməsi mütləq olduğu halda cavabdehin bu kimi yanaşması özü özlüyündə düzgün deyildir və qanunlarla birbaşa ziddiyət yaradır. Ona görə də hesab edir ki, valideynlərinin hər iksini itirdiyi üçün sözü gedən müavinət və konpensasiyanın verilməsi zərurəti yaranmışdır. Ona görədə hazırda o, məcbur qalıb məhkəməyə müraciət edir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2820/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş İddiaçı Yamin oğlunun X14 və X16 tərəfindən övladlığa götürülmüş hesab edilməsi və doğum haqqına akt qeydində atasının X16, anasının X1 qeyd edilməsi barədə qanuni qüvvədə olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(015)- 451/2011 nömrəli qətnaməsi mövcuddur, hansı ki, həmin qətnamənin icrası nəticəsində iddiaçının valideynləri X16 və X14 hesab olunmuşdur. Həmin şəxslər isə iddiaçı 18 yaşınadək olan dövrdə - X16 xx.xx.2015-ci il tarixdə, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Bundan başqa cavabdeh orqan X5 ölümü ilə onun 18 yaşına çatmamış övladı olan iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilərək, ödənilmişdir. Yəni, həmin pensiya təyinatı zamanı cavabdeh orqan hazırkı imtina dəlillərini, iddiaçının bioloji valideynlərinin sağ olma halını irəli sürmədən, X11 iddiaçının valideyni olaraq qəbul etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər kateqoriyasına aid deyildir. Belə ki, Ağstafa Rayon Məhkəməsinin 2011-ci il 5 avqust tarixli 2(015)-451/2011 nömrəli qətnaməsində onun valideyn himayəsindən məhrum olmuş uşaq kimi qiymətləndirilməsinə dair hallar əsaslandırılmamış, həmçinin, övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyi əsaslandırılmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;
3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur.
8. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
9. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.
15. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarı: “Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materialları ilə müəyyən olunur ki, iddiaçının “Valideynlərini itirmiş və valideynlik himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş birdəfəlik müavinət və kompensasiya təyin edilməsi barədə cavabdeh orqana müraciətinin müsbət həllindən imtina edilərək onunla əsaslandırılmışdır ki, qanun ilə müəyyənləşdirilmiş şəxslər kateqoriyasına aid edilmədiyindən ona sözügedən birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
19. İddiaçı imtina dəlilləri ilə razılaşmayaraq tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, sonuncu tərəfindən tələb təmin edilmişdir.
20. Мəhkəmə kollegiyası iş üzrə gəlinən hüquqi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun”) tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
21. Qeyd edilən Qanunun 1-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir.
22. Həmin Qanunun 8-ci maddəsinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülür.
23. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması müvafiq inzibati orqanın üzərinə vəzifə kimi qoyulmuş, imperativ norma kimi ehtiva edilmişdir.
24. Bundan əlavə, həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində bir sıra qaydalar müəyyən edilmişdir ki, onlardan biri də ilk dəfə işə düzələn zaman onlara müvafiq məbləğdə birdəfəlik müavinətin verilməsi ilə bağlı haldır. Qeyd edilən halın nəzərdə tutulmasında da əsas məqsəd həmin şəxslərin qanunvericilikdə sosial müdafiəyəyə ehtiyacı olan şəxslər kateqoriyası kimi fərqləndirilməsi müəyyən olunduğundan, onların sosial müdafiəsinin yaxşılaşıdırılmasına xidmət edir.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiklə qeyd olunan imtiyazlı şəxslər kateqoriyasına aiddir. Belə ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş İddiaçı Yamin oğlunun X14 və X16 tərəfindən övladlığa götürülmüş hesab edilməsi və doğum haqqına akt qeydində atasının X16, anasının X1 qeyd edilməsi barədə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(015)-451/2011 nömrəli qətnaməsi mövcuddur, hansı ki, həmin qətnamənin icrası nəticəsində iddiaçının valideynləri X16 və X14 hesab edilmişdir.
26. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-416/2011 nömrəli məktubundan məlum olur ki, həmin qətnamə qüvvədədir, belə olan halda qətnamə ilə müəyyən edilən halların mübahisələndirilməsi yolverilməzdir.
27. Digər tərəfdən apellyasiya şikayətinin dəlillərində qeyd edilən övladlığa götürmənin faktiki xarakter daşıması, əsaslandırılmaması şəxsin sosial təminat hüququna müdaxiləyə əsas ola bilməz.
28. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçını övladlığa götürən şəxslər iddiaçı 18 yaşına olan dövrdə - X16 xx.xx.2015-ci il tarixdə, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. Cavabdeh orqan tərəfindən X7 onun 18 yaşına çatmamış övladı olan iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilərək, ödənilmişdir. Göründüyü kimi pensiya təyinatı zamanı cavabdeh orqan hazırkı imtina dəlillərini, iddiaçının bioloji valideynlərinin sağ olma halını irəli sürmədən, X13 atası, X11 isə anası olaraq qəbul etmişdir.
29. Belə olan halda cavabdeh orqan tərəfindən hazırda qeyd olunan imtina dəlillərinin heç bir hüquqi və qanuni əsası mövcud deyildir, iddiaçı yuxarıda qeyd edilən Qanunun 1-ci maddəsində nəzərdə tutulan valideynlərini itirmiş uşaqlar kateqoriyasından olan şəxs sırasına aiddir. Belə ki, iddiaçının valideynləri iddiaçı 18 yaşına olan dövrdə - X16 xx.xx.2015-ci il tarixdə, X14 xx.xx.2024-cü il tarixdə vəfat etmişlər, eyni zamanda iddiaçı ilk dəfə işə düzələn zaman 18 yaşına çatmamışdır.
30. Normanın tələbindən məlum olur ki, valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərin qeyd edilən kompensasiyanın alması ilə bağlı digər şərt ilk dəfə əmək münasibətinə girməsidir.
31. Мəhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işəgötürənlə xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlamaqla, işə qəbul olunmuş, müqavilənin qüvvədən düşmə tarixi kimi xx.xx.2025-ci il qeyd edilmişdir. İddiaçı xx.xx.2007-ci il təvəllüdlü olmaqla, həmin vaxtda 18 yaşı tamam olmamışdır. Yuxarıda aparılan qiymətləndirməyə görə isə mübahisələndirilən imtiyazı müvafiq statusdan olan və 18 yaşınadək uşaqlar, ya da 23 yaşınadək təhsil alan şəxslər almış ola bilər. İddiaçı isə ilk dəfə işə girərkən 18 yaşı tamam olmadığından artıq valideyn himayəsindən məhrum olmuş uşaq kimi 18 yaşınadək olan şəxs olmuşdur.
32. Kollegiya bu məqamda bir məsələyə münasibət bildirməyi zəruri sayaraq qeyd edir ki, qanunvericilikdə bir tərəfdən ilk dəfə işə düzələn şəxslərə sosial müavinətin təyin edilməli olması, digər tərəfdən ilkin mərhələdə bu müddətin 18 yaşınadək məhdudlaşdırılması çaşqınlıq yaratmamalıdır. Belə ki, əksər hüquq münasibətlərində tam fəaliyyət qabiliyyəti 18 yaşında əldə edilməsinə baxmayaraq, əmək hüquq münasibətlərində həm hüquq, həm də fəaliyyəti qabiliyyəti eyni vaxtda, yəni 15 yaşından yaranmış olur.
33. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinin tələbinə görə on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz.
34. Beləliklə məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2820/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov