Məhkəmə qərarları › İş №2-1(104)-490/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-490/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-490/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 075217 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, iddiaçıya xx.xx.2007-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illər üçün ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıya əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 01 yanvar 2006-cı il tarixdən 01 iyun 2015-ci il tarixədək müddətdə ödənilməmiş müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən xx.xx.2007- ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Polisdə işlədiyinə görə 01 yanvar 2006- cı il tarixdən 01 iyun 2015-ci il tarixədək müddətdə ona müvafiq müavinət ödənilməmişdir. Bunla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçının məhkəməyə göndərdiyi ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “01 yanvar 2006-cı il tarixdən 27 iyul 2007-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi” barədə iddiaya dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müvafiq vəsiqəni xx.xx.2007-ci il tarixdə aldığından “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin tələbləri iddiaçıya şamil oluna bilməz. Belə ki, 1 oktyabr 2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi verilmişdir. Əvvəlki redaksiyada isə həmin maddənin tələbi “aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi təsbit edilmişdir. Beləliklə, aylıq müavinətin “müraciət edilməzdən əvvəlki üç il üçün” ödənilməsi 1 oktyabr 2007-ci il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi həmin tarixdən sonra verildiyindən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki dövr üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2023 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 1971-ci il tarixdə Qazax rayonu, Ağköynək kəndinda doğlumuşdur. 1-ci Qarabağ müharibəsində iştirak etmiş və 27 iyul 2007-ci il tarixdə müharibə veteranı statusu almışdır. Həmin vaxtacan veteranlıq üçün qanunla müəyyən edilmiş müavinəti almamışdır. "Sosiala müavinətlər haqqında" Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin sosial Müdafəsi nazirliyi tabeliyində DSMF-nin Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi Filialı müraciət etmişdir, 16 mart 2022-ci il tarixli **********0 nömrəli məktubla müavinətimin hesablanıb verilməsindən imtina edilmişdir. Bu əsas üzrə imtina edərkən cavabdeh "Sosiala müavinətlər haqqında" Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin tələblərini nəzərə almamışdır və bununla da iddiaçının hüquqlarını pozmuşdur. İddiaçıya həmin maddənin tələblərinə əsasən 27 iyul 2007-ci il tarixədək kommunal, nəqliyyat və digər güzəştlərə görə müharibə veteranlığı üçün müavinət ödənilməlidir. Qeyd edilən maddənin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən qüvvədə olmuş Sosiala müavinətlər haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əsasən müavinət təyin edilmişdir. Buna görədə iddiaçının tələbi üzrə həmin qanunun 9.1-ci maddəsinin tələbləri tətbi qedilərək iddia təmin edilməlidir. Həmin maddənin mətnində qeyd edilir ki, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Bu normanın məzmunundanda aydın olur ki, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. İddiaçının veteranlıq statusunu 12 yanvar 2022-ci il tarixdə verilmiş və həmin tarixdən də iddiaçıya müavinət təyin edilmişdir və buna görədə şəxsin həmin qanunun tələbinə əsasən 3 il əvvəlki müddətə müavinəti almaq hüququ yaranmışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər İş üzrə iddiaçı iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı:

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 1.0.1. Sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu:

10. 9.1-ci maddə aşağıdakı redaksiyada verilsin: "9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: ".

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xidmətlərini nəzərə alınaraq ona xx.xx.2007-ci il tarixində “Müharibə” veteranı statusu almışdır. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək ona ödənilməmiş sosial müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, “Veteranlar haqqında” Qanunun 7ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Hazırki işdən də göründüyü kimi, iddiaçı xx.xx.2007-ci il tarixdə müharibə veteranı vəsiqəsini aldığından “Sosial müavinətlər haqqında” Qanunun 9-cu maddəsinin tələbləri ona aid edilə bilməz. Çünki, xx.xx.2007-ci il tarixli 419-İİİQD nömrəli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə artıq “Ən çoxu müraciət etməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi qeyd edilmişdir. Lakin qanunda dəyişiklik edilməmişdən əvvəl yuxarıda qeyd edilən maddənin tələbi “aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi qeyd edilir. Göründüyü kimi, müavinətin “müraciət etməzdən əvvəlki üç il üçün” ödənilməsi xx.xx.2007-ci il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı statusu” həmin tarixdən əvvəl verildiyi üçün bu hal artıq iddiaçıya müharibə veteranı statusu almazdan əvvəlki dövr üzrə sosial müavinətin ödənilməsini istisna edir. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-678/2022 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar