Məhkəmə qərarları › İş №2-1(104)-490/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-490/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-490/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarş iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1311/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1977-ci il tarixli, 12417 nömrəli diplomdan görünür ki, İddiaçı 1973-cü ildə H.Zərdabi adına X7 İnstituna daxil olmuş və 1977-ci ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir.

2. xx.xx.1993-cü il tarixli, ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, İddiaçı xx.xx.1971-ci ildən, xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd tam orta məktəbində pioner baş dəstə rəhbəri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon Zəylik kənd tam orta məktəbində müəllim, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon Zəylik kənd tam orta məktəbində direktor, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü ilədək Kəlbəcər rayon Zəylik kənd tam orta məktəbində müəllim, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli orta məktəbində müəllim, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Kəlbəcər rayon Təhsil şöbəsində metodist, xx.xx.1995-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Kəlbəcər rayon 100 nömrəli orta məktəbində müəllim, xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Kəlbəcər rayon 100 nömrəli orta məktəbinin direktoru vəzifəsində işləmişdir.

3. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-7-1/2M-265950/2023 nömrəli məktubundan göstərilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o, cümlədən xx.xx.1973-cü il tarixdən xx.xx.1977-ci il tarixədək əyanı təhsil aldığı müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixindək 16 il 1ay 21 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7561,21 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 258,59 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci madddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələbinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixdə 288,07 manata, xx.xx.2022-ci il tarixdən 297,87 manata çatdırılmışdır. Sözügədən Qanunun yeni əlavə edilmiş 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək peniyasının məbləği xx.xx.2023-cü il tarixdən 314,53 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 360,76 manata çatdırılmışdır. Qeyd olunan Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixindək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 17235,59 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 596,86 manat müəyyən edilmişdir. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən növbəti əmək müqaviləsinə xitam verildiyindən xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1162,39 manat pensiya kapitalı əsasında əmək peniyası yenidən hesablanaraq 613 manat müəyyən edilmişdir. Əmək kitabçasında qeyd edilmiş xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək işlədiyi dövrün əmək kitabçasının doldurulma qaydasının pozulmasına görə (işə daxil olma və azad olma əmrlərinin nömrə və tarixi qeyd olunmayıb) və xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi illər isə həmin dövür üçün arxiv sənədlərinin işğal zonasında qaldığı üçün iddiaçının əmək haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmaması səbəbindən həmin dövürlərin sosial sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-33/2-482/2024 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayonunun xx.xx.1993-cü il tarixində erməni təcavüzkarları tərəfindən işğal edilməsi nəticəsində İddiaçı müraciətdə qeyd olunan məktəblərdə çalışması barədə əmək stajını təsdiq edən təsiqləyici məlumatların təqdim olunması mümkünsüzdür.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2, X8 və X3 pensiya işlərinin tərkibində olan məlumatlara əsasən adıçəkilən şəxslərin Kəlbəcər rayonu Zəylik kənd 8 illik məktəbində işlədikləri dövr pensiya təyinatı zamanı sığorta stajı kimi nəzərə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilmiş xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd orta məktəbində pioner baş dəstə rəhbəri, xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon Zəylik kənd 8 illik məktəbində riyaziyyat müəllimi, xx.xx.1979-cu ildən xx.xx.1985-ci il tarixədək həmin məktəbdə direktor, xx.xx.1985-ci ildən xx.xx.1993-cü il tarixədək riyaziyyat müəllimi işlədiyi əmək fəaliyyətinin sosial siğorta stajina əlavə edilərək pensiya hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü il taixədək Kəlbəcər rayon Zar kənd orta məktəbində pioner baş dəstə rəhbəri işləmişdir. 1973-cü ildə H.Zərdabi adına Gəncə (o zamankı Kirovabad) X6 riyaziyyat müəllimi ixtisası üzrə əyani təhsil almış, xx.xx.1977-ci ildə ixtisası üzrə Kəlbəcər rayon Zəylik kənd 8 illik məktəbinə müəllim təyin edilmiş, xx.xx.1979-cu ildə vəzifədə irəli çəkilərək həmin məktəbə direktor təyin edilmiş, xx.xx.1985-ci ildə həmin vəzifədən azad edilmiş və məlum hadisələrə qədər, yəni 1993-cü ilin 02 aprel tarixinədək Kəlbəcər rayon Zəylik kənd məktəbində riyaziyyat müəllimi işləmişdir. xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon 1 nömrəli orta məktəbinə müəllim təyin edilmiş və xx.xx.1994-cü il tarixdə vəzifədə irəli çəkilərək Kəlbəcər rayon Təhsil Şöbəsinə metodist təyin edilmiş, xx.xx.1995-ci il tarixdə vəzifədən azad edilərək Kəlbəcər rayon 100 saylı orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.2002-ci il tarixdə həmin məktəbə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixədək həmin vəzifədə işləmiş və çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçının 65 yaşı tamam olub, təqaüdə çıxmışdır, lakin onun xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü ilədək olan iş fəaliyyəti nəzərə alınmayaraq sğorta stajına daxil edilmir. Səbəb kimi xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək olan dövr üçün işə daxil olma və çıxma əmirlərinin nömrə və tarixinin qeyd olunmadığı, xx.xx.1977-ci il tarixdən xx.xx.1993cü ilədək olan dövrün arxiv sənədlərinin işğal zonasında qaldığı üçün əmək haqqı alıbalmamağının müəyyənləşdirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, qeyd olunanların hamısı əmək kitabçasında qeyd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o hazırda pensiya alır, lakin Kəlbəcər rayonunda işlədiyi 1971-1993cü illəri cavabdeh sosial sığorta stajı kimi nəzərə almamışdır. Ona məxsus əmək kitabçasını 1993-cü ilin sentyabr ayında Gəncə şəhərində Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri Əşrəfov Vaqif adlı şəxs doldurmuş, əvvəlki əmək kitabçası Kəlbəcərdə qaldığına görə dublikat vermişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçasının doldurulma qaydası pozulduğuna görə 1971-1993-cü illər nəzərə alınmamışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1311/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

11. Məhkəmə iddianı təmin etməyərək bildirmişdir ki, iddiaçıya məxsus əmək kitabçası ilə müəyyən olunmuşdur ki, sözügedən sənəddə iddiaçının əmək fəaliyyətinə 1971-ci ildən başlaması barədə qeydlər olsa da, əmək kitabçasının doldurulma tarixi 1993cü ilin avqust ayına təsadüf etmişdir. Bu hal isə qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə zidd olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1311/2024 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmidir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi qənaətlə razılaşmadığını, cavabdehin heç bir qanun və məntiqə sığmayan çıxışını təsdiqləmiş olduğunu, özünün köçkün olduğunu, əmək kitabçasının o zaman 1994-cü ildə məktəb direktoru tərəfindən yazıldığını, kənd məktəbi olduğundan direktor və məktəb kollektivinin bir-birlərini yaxşı tanıdıqlarını, nə vaxt işə daxil olduğunun, hansı fənni tədris etməsinin yaxşı bilindiyini qeyd etmişdir. Həmçinin direktor tərəfindən məktəbin arxiv sənədləri olmadığından kollektivlə birgə dəqiqləşdirmə aparmaqla 1973-1994-cü illərdə işləməsinə dair qeydləri əmək kitabçasına yazdığını, məhkəmənin onun bu fikirinı ironiya ilə yanaşdığını, 22 illik iş stajının bərpa olunacağı halda onun pensiyasının məbləğində cəmi 38-40 manat artım ola biləcəyini, bu isə onun sosial vəziyyətinin qismən də olsa yaxşılaşdıra biləcəyini bildirmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz verərək, İddiaçı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-1311/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı ilə eyni vaxtlarda H.Zərdabi adına X7 İnstitutunda ali təhsil almışlar, yataqxanada hətta eyni otqda qalmışlar. İnstitutu bitirdikən sonra o, Qamışlı kənd məktəbində müəllim kimi çalışmışdır. Sonradan Zəylik kənd orta məktəbində müəllim işləmişdir. İddiaçılə birlikdə 1983-1993-cü ilin aprelin 2-dək Kəlbəcər rayon Zəylik kənd orta məktəbində işləmişlər. Hər ikisinin ixtisası riyaziyyat müəllimidir.

Tətbiq edilən hüquq normaları

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. İİİ bənd. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

20. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt: Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67.1 və 2-ci hissələrinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Qərarın 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

25. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

28. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

30. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

31. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

32. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

33. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

34. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

35. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

36. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

38. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, onun xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd tam orta məktəbində pioner baş dəstə rəhbəri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Kəlbəcər rayon Zəylik kənd orta məktəbində müəllim, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək həmin məktəbdə direktor, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək riyaziyyat müəllimi işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

39. Cavabdeh inzibati orqan öz imtinasının onunla əsaslandırmıdır ki, iddiaçının mübahisələndirilən iş stajı dövrləri olan xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd tam orta məktəbində pioner baş dəstə rəhbəri işlədiyi illər əmək kitabçasının doldurulma qaydasının pozulmasına görə (işə daxil olma və azad olma əmrlərinin nömrə və tarixi qeyd olunmamışdır) və xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi illər isə həmin dövür üçün arxiv sənədlərinin işğal zonasında qaldığı üçün iddiaçının əmək haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmaması səbəbindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur.

40. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya məxsus xx.xx.1993-cü il tarixli, ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü il tarixədək Kəlbəcər rayon Zar kənd tam orta məktəbində pioner baş dəstə rəhbəri işləmişi qeyd edilmişdir. Lakin qeyd edilən dövr digər hər hansı mötəbər sübutla təsdiq olunmadığı üçün cavabdehin həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtinası əsaslı olmuşdur.

41. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi Kəlbəcər rayonunun işğalınadək) işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehin həmin dövr üçün arxiv sənədlərinin işğal zonasında qaldığı üçün iddiaçının əmək haqqı alıb-almadığını müəyyən etməyin mümkün olmaması səbəbindən imtinasını əsaslı hesab etmir.

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, hamıya bəlli olan haldır ki, vaxtilə işğal altında olmuş Kəlbəcər rayonuna aid arxiv sənədləri işğal edilmiş ərazilərdə qaldığından və işğalçılar tərəfindən məhv edildiyindən iddiaçıya aid həmin dövrün əmək haqqı sənədlərinin əldə edilməsi mümkün deyildir.

43. Digər tərəfdən, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Kəlbəcər rayon Zəylik kənd məktəbində müəllim işləmiş şəxslər- X2, X8 və X3 Kəlbəcər rayon Zəylik kənd məktəbində müəllim işlədikləri dövr pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınmışdır. Eyni zamanda həmin şəxslərin pensiya işində olan əmək kitabçalarında qeyd edilən dövrün doldurulma qaydası da cavabdeh inzibati orqanın göstərdiyi kimi fərqli olmamışdır.

44. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

45. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.2-ci maddəsində qeyd edilir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur.

46. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

47. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən X2, X8 və X3 oğlunun əmək kitabçasında da eyni dövrlədə Kəlbəcər rayon Zəylik kənd məktəbində müəllim işlədikləri illər onlar pensiya təyin edilərkən həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmışdır. Buna görə də inzibati praktikaya uyğun olaraq hazırkı mübahisə də analoji qaydada həll olunmalıdır.

49. Həmçinin məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş yuxarıda adı çəkilmiş şəxslərdən biri olan X5 ifadəsində İddiaçı ilə birlikdə 1983-1993-cü illərdə Kəlbəcər rayon Zəylik kənd məktəbində işlədiklərini təsdiq etmişdir.

50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli əmək stajı dövrü işdə olan əmək kitabçası və digər sənədlər ilə müəyyən edildiyindən, həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı əsaslı bir dəlil məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

51. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

53. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1311/2024 saylı qərarı ləğv edilsin. Yeni qərar çıxarılaraq, iddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Kəlbəcər rayon Zəylik kənd orta məktəbində riyaziyyat müəllimi, xx.xx.1979-cu ildən xx.xx.1985-ci il tarixədək Kəlbəcər rayon Zəylik kənd orta məktəbində direktor, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü ilədək həmin məktəbdə riyaziyyat müəllimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar