Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-490/2025 16.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022- ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-2561/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçıya xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1969-cu il təvəllüdlüdür, ailəlidir, 3 (üç) uşaq anasıdır. Həyat yoldaşı Əhmədov X3 və Qarabağ müharibəsi veteranıdır. O, bu xidmətlərinə görə 4 (dörd) medalla təltif edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasən xx.xx.2017-ci ildə ona ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik müddəti 5 il müddətində, yəni xx.xx.2022-il tarixədək müəyyən edilmişdir. Həmin müddət başa çatandan sonra 2-ci qrup əlilliklə bağlı ona verilmiş pensiya dayandırılmışdır. Bununla bağlı, yəni əlilliyinin bərpa edilməsi üçün aidiyyəti qurumlara müraciət edilmiş, onun təkrar müayinə olunmağı üçün göndəriş verilmiş, həmin göndəriş əsasında müayinələrdən keçmiş, ancaq uzun müddət əlilliyi bərpa edilməmiş, ona olan haqsızlığa və ədalətsizliyə görə maddi durumu və səhhəti ağırlaşmışdır. Onun uzun sürən müraciətlərindən sonra, xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəyi əsasında 3-cü dərəcəli əlillik müəyyən edilərək diaqnoz qoyulmuş "İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 2-ci tip, ağır forma dekompensasiya ilə insulinə tələbi, diabetik proliferativ retinoparatiya, tor qişanın qopmasının digər formalari, artifakiya, visod=0,06 k/etmir VİSOS=0,3 k/etmir." Göründüyü kimi ona olan haqsızlıq davam etmiş, əliliyi 2-ci qrupdan 3-cü qrupa endirilmiş, hətta xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində onun pensiyası ödənilməmişdir. 2-ci dəfə əliliyinin təyin edilməsinin gecikdirilməsi onun təqsiri ucbatından olmamış, Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının günahı ucbatından olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Qarabağ regional DOST Mərkəzinə tərəfimdən ərizə ilə müraciət edilmiş, müraciətimə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış, xx.xx.2024-cü il tarixli 3-17-1/2-ə-286769/2024 №oli məktubla ərizəsi cavablandırılmış, həmin məktubda göstərilir ki, "Əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (2 il 3 ay 12 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir." Göründüyü kimi, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktor müavini Anar Mirzəyevin imzası ilə ona göndərilmiş imtina məktubunda qanunu səhv təvsir etmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin dayandırılmasına səbəb olmuş halın sona çatdığı gündən müddətin axımı davam edir. Yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək o, həkim komissiyalarının göndərişlərinə əsasən müayinələrdə olmuş, aidiyyəti qurumlara şikayət etmiş, qəbullarda olmuş, nəhayət xx.xx.2024-cü il tarixdə 3-cü qrup əlillik müəyyən edilmişdir. Deməli xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək iddia müddətinin axımı davam etmiş,xx.xx.2024-cü il tarixdə ona 3-cü qrup əlillik təyin edilməklə iddia müddətinin axımı dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia axımı müddətini xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2024-cü il taridən hesablanmalı olduğu halda bunu etməmiş, 6 (altı) ay müddətin keçirməsini qeyd etməklə ərizəmin təmin edilməsindən imtina etməklə səhv nəticəyə gəlmişdir. Deməli xx.xx.2024-cü il tarixdən bu günə kimi 4 ay keçmiş, yəni 6 ay olan iddia müddəti keçməmiş, xx.xx.2025-ci il tarixədək vaxt vardır. Beləliklə iddia müddəti keçməmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. xx.xx.2022-ci il tarixindən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın 3.1-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti"nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İl dərəcə məhdudlaşması halında - 61-80 faiz; > 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin(TSERA) tibbi-sosial ekpert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş gərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası - sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədartəyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı (TSERA) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1ci maddəsinin xx.xx.2017-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022- ci il tarixində onun əlilliyinin müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. X1 sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən xx.xx.2024-cü il tarixindən İddiaçı orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu səbəbdən də əmək iddiaçının pensiya ödənişi Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixindən 363,86 manat olmaqla bərpa edilmişdir. Ötən dövr üzrə (xx.xx.2024-cü il tarixindən) hesablanmış məbləğ cari ilin sentyabr və oktyabr aylarında İddiaçı pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. Bildirilir ki, İddiaçı əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət (2 il 3 ay 12 gün) keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Ə- 286769/2024 nömrəli məktub qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2561/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Yekun olaraq, İddiaçı əlillik müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində təyin olunduğu üçün ona ötürülmüş müddət üzrə (xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək pensiyasının ödənilməsi mümkün olmadığından cavabdeh orqanın bu barədə imtinası qanuni olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Səyalı İsmayılova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ...
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. X1 Sisteminin Əlillik altsistemində iddiaçıya xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən 2 il müddətinə üçüncü dərəcə əlillik təyin olunduğu üçün pensiya ödənişi həmin tarixdən bərpa edilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, yuxarıda istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əvvəlki əlilliyin bitdiyi tarixdən sonuncu əlilliyin təyin edildiyi tarixədək olan müddət ərzində ödənilməmiş pensiyanın ödənilməsi olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi əvvəl təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 2 il 3 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövrlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2561/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.