Məhkəmə qərarları › İş №2-1(104)-491/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-491/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-491/2023 18.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağalarov Akif Rəşad oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6nın nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-78/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik təqaüdünün yenidən hesablanması üçün təminat xərcliyində baş verən artımlar barədə məlumatları Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6na göndərilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət edərək, əlillik təqaüdünün yenidən hesablanması üçün təminat xərcliyində baş verən artımların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat X6nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-2011-ci illərdə Müdafiə Nazirliyinin 2-ci ordu korpusunun N saylı hərbi hissəsində sonuncu iş yeri kimi xidmət etmiş, xidmət dövründə ön cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətlə əlaqədar əlil olmuş və 2-ci qrup hərbi əlil kimi tərxis olunaraq ehtiyata buraxılmışdır. Ona ilkin olaraq 325 manat əlillik təqaüdü verilmişdir. 2017-ci ilə qədər bu əlillik təqaüdünü almış, 2017-ci ildə artım olmuş və 341 manat təqaüdü almışdır. 2019-cu ilə qədər bu məbləğli təqaüd almışdır. Ancaq sonradan qanunların ona tətbiqinin düzgün olmadığını bilmiş və müvafiq qurumlara, yəni həm Müdafiə və həm də Sosial Müdafiə Nazirliklərinə rəsmi müraciət etmişdir. 2019-cu ildə təqaüdü artırılmış və 518 manat təqaüd ona hesablanmışdır. Bundan sonra bir neçə dəfə təqaüdlərin məbləği artırılsa da, bu artımlar ona tətbiq olunmamışdır. Dəfələrlə müraciətlərinə baxmayaraq bu iki Nazirlik bir-birilərini günahlandıraraq bu artımların təqaüdünə tətbiqini bilərəkdən əngəlləmişlər. Sonuncu dəfə Sosial Müdafiə Nazirliyinə müraciət edəndən sonra ona həmin Nazirlik tərəfindən göndərilən cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyi sonuncu məlumatı göndərmədiyi üçün təqaüdün hesablanması qeyri-mümkün olmuşdur. Bu cavabdan sonra o, yenə də Müdafiə Nazirliyinə müraciət edərək Sosial Müdafiə Nazirliyinin cavab məktublarında qeyd olunanları onlara xatırlatsa da bu günə qədər təqaüdünün artırılmasına nail olmamışdır. 2019-cu ildən bu vaxta qədər artımlar ona tətbiq olunmamış qalır və müraciətləri bu istiqamətdə Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu X5 Sosial Ödənişlərin Təyinatı X6 tərəfindən təmin olunmur. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin həmin tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 ilə əvəzləşdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-78/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6na qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-78/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, Müdafiə Nazirliyinin maliyyə və büdcə idarəsinin sosial təminat pensiya şöbəsinin xx.xx.2018-ci il üçün göndərdiyi məlumat vərəqəsi köhnəlmiş, DSMF əməkdaşlarının bildirdiyinə görə yeni məlumat vərəqi göndərilməli olduğu halda göndərilməmişdir. Ona görə də, onlar tərəfindən hesablama aparılması mümkün deyildir. Birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadan, müvafiq sorğular göndərilmədən işə baxılmışdır. Onun təqdim etdiyi vəsatətlərə isə münasibət bildirilməmişdir. Həmçinin o, protokol ilə tanış edilməyib, buna şərait yaradılmamış, protokol düzgün tərtib edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)- 78/2023 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6nın nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial hazırki iddiaya cavab verməli inzibati orqan deyildir. Belə ki, nümayəndəsi olduğu inzibati orqan tərəfindən iddiaçının pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqəsi əsasında həyata keçirilir. Yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi təqdim etdiyi məlumat vərəqələrində təminat xərcliyində hansı qaydada təqdim edilmişdirsə, həmin sənədlər əsasında da onlar tərəfindən hesablama aparılmışdır. İddiaçının əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Xüsusi Şərtlərlə Təyinat X6na daxil olduqdan sonra mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6nın nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Elə həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün araşdırma aparmadan iddianı rədd etməkdə haqlı olmamışdır. Birinci instasiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə təqdim edilir. Lakin iddiaçıya təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı məlumat cavabdehə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı lazımı qaydada araşdırma aparmamışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik təqaüdünün yenidən hesablanması üçün təminat xərcliyində baş verən artımların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat X6nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndində göstərilmişdir ki, bu qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ) müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu xidmət müddəti, təminat xərcliyi və s. barədə onlara ötürülmüş məlumat vərəqi əsasında pensiya hesablayır. Hazırki cavadeh inzibati orqan yalnız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyili bağlı dəyişiklikləri icra edir. Məlumat vərəqəsinə hansısa hesablamanın səhv daxil edilməsi və ya düzgün göstərilməməsi və ya ümümiyyətlə təqdim edilməməsi isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6nın cavabdehlik daşıdığı bir məsələ deyildir. İddia tələbindən və iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının hüquqi marağı təminat xərcliyində baş verən artımların məlumat vərəqəsinə daxil edilməsi və pensiya təyin edən orqana göndərilməsinə yönəlmişdir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6nın belə bir tələbə dair mübahisə üzrə cavabeh qismində iştirakı məsələsinin mümkünlüyünü tam araşdırmamışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericiliyin tələbləri baxımından iddiaçıya yardım göstərməli, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olmasını bildirməli, iddia tələbini ona cavab verən orqana qarşı qaldırılmasında hüquqi yardım göstərməli idi. Lakin məhkəmə tərəfindən bu istiqamətdə müvafiq prosessual hərəkətlər edilmədən iş üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində məhkəmələr üçün tərəflərə yardım etmək vəzifəsi müəyyən edilərək göstərilir ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, İPM-in 13 və 48-ci maddələrində təsbit edilmiş müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini ətraflı araşdırma aparmadan rədd etmiş birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İPM-nin 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-78/2023 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6na qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar