Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-496/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə rayonu, Nifçi kəndində yerləşən 1,20 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-1456/2023 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Bərdə rayonu Nifçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 saylı qərarı (protokoldan çıxarış) ilə bələdiyyənin ehtiyat fondunda olan 36 saylı konturdakı əkinə yararlı sahədən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.20 hektar torpaq sahəsi iddiaçının uzunmüddətli (50 il müddətinə) icarəsinə verilmişdir. Həmin torpaq sahəsi müvafiq orqanların, o cümlədən bələdiyyənin və DT və XK-nin Bərdə rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə seçilərək, bu barədə sahəseçmə aktı, habelə ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. İddiaçı ona Bərdə rayonu Nifçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə ayrılmış 1.20 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş və İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş sənədlərdə bir sıra çatışmazlıqların olduğu, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin plan və ölçü sənədinin təqdim olunmadığı bildirilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə rayonu, Nifçi kəndində yerləşən 1.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Nifçi bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli 08 saylı iclas protokulundan çıxarışa əsasən ona Bərdə rayonu Nifçi bələdiyyəsinin fondunda olan 36 saylı konturdakı əkinə yararlı sahədən 1.20 ha torpaq sahəsi ayrılaraq kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə uzunmüddətli (50 il müddətinə) icarəyə verilmişdir. Bundan başqa, Bərdə rayonu Nifçi kəndində yerləşən 1.20 ha torpaq sahəsinə dair xx.xx.2006-ci il tarixdə sahəseçmə aktı və torpaq sahəsinin yerquruluşu planı verilmişdir. Hazırda həmin torpaq sahəsi onun icarəsindədir və manesiz olaraq istifadə edir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alınması üçün ərizə və sənədlərlə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona xx.xx.2022-ci il tarixli **********66 saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin plan və olçü sənədi təqdim olunmamışdır. Qeyd olunan çatışmazlıqlara görə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmaması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1456/2023 nömrəli qərardadı ilə Bərdə rayon Çələbilər bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1456/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Bərdə rayonu, Nifçi kəndində yerləşən 1.20 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8ci maddəsi qeydiyyat üçün əsas kimi icarə müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Torpağın icarəyə verilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, icarəyə götürən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. İcarə müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi, qanun bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsini deyil, bələdiyyə qərarını nəzərdə tutur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin plan və olçü sənədinin təqdim edilməməsinə gəlincə isə məhkəmə qeyd edir ki, 1.20 ha torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə DT və XK-nin Bərdə rayon şöbəsinin müdiri H.Həsənov və məsləhətçisi A.Əhmədov etiraz etməmiş və sahə digər müvafiq orqanların nümayəndələri ilə yanaşı onların da iştirakı ilə ayrılaraq, bu barədə sahəseçmə aktı tərtib edilmişdir. Həmin aktda ayrılmış torpaq sahəsinin şimaldan pay torpağı, şərqdən suvarma arxı, cənubdan icarəyə verilmiş torpaq sahəsi, qərbdən isə yol ilə həmsərhəd olması qeyd edilmiş, eyni zamanda ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, İddiaçı tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli 08 saylı qərarı ilə ona ayrılmış 1.2 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə xx.xx.2022-ci il tarixli ərizə və ərizəyə əlavə olunan sənədlərlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət olunmuşdur. Bununla əlaqədar bildirilir ki, torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün təqdim edilən sənədlərdə bir sıra çatışmazlıqlar vardır. Belə ki, sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, vətəndaş tərəfindən Bərdə rayonu Nifçi Bələdiyyəsinin 12 avqust 2006-cı il tarixli 08 nömrəli qərarı, torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı təqdim edilmiş, lakin torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır. Göründüyü kimi icarə müqaviləsi mövcud olmadığı halda Məhkəmə tərəfindən icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Yəni Bələdiyyə ilə vətəndaş arasında icarə müqaviləsi bağlanmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən də ərizənin icrasından imtina olunmuşdur. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: - 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə Həmin Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 15 mart 2000-ci il tarixli, 42 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”
1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.
2. Yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikasılqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmazəmlak və Torpaq Məsələlər iüzrə Dövlət Xidmətinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir.
4. Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.
18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi səxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumistifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bərdə rayon Nifçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 08 nömrəli qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə bələdiyyənin ehtiyyat fondunda olan 36 saylı konturdakı əkinə yararlı sahədən 1.24 hektar ayrılaraq 50 il müddətinə iddiaçının icarəsinə verilmiş və qey olunan torpaq sahəsinə dair torpaq sahəsinin təsdiq olunmuş yerqurluşu planı, torpaq sahəsinin sahəseçmə aktı tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixli, **********66 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina etmişdir. Cavabdeh imtinasına əsas torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin müvafiq rəyi və torpaq sahəsinin plan və ölçü sənədinin təqdim olunmaması olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki olaraq 1.26 ha torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsinin koordinatları ilə İddiaçı icarəyə verilmiş 1.20 ha torpaq sahəsinə tərtib edilmiş cizgiyə və torpaq islahatı zamanı tərtib olunmuş kompleks yerquruluşu layihəsinə əsasən (eyni konturda, məkanda) üst-üstə düşsədə sahə ölçüsü ilə qismən üst-üstə düşür. İddiaçı faktiki olaraq 1.26 ha torpaq sahəsindən istifadə edir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Ehtiyat fondu (BEF) torpaqlarına aid tut bağı olmaqla faktiki əkin sahəsidir. Qeyd olunan torpaq sahəsi üzərində hal-hazırda mühəndis kommunikasiya xəttləri mövcud olmadığından mühafizə zolağına və sürüşmə zonasına düşmür. İşin faktiki hallarından da müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçının uzunmüddətli icarəsinə verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi istifadə edilir. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır. Kollegiya hesab edir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (hazırki halda icarə müqaviləsi olmadan) icarəyə verməyi Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Göründüyü kimi, qanun bələdiyyə torpaqlarına icarə hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi icarə müqaviləsini deyil, bələdiyyə qərarını nəzərdə tutur. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, TEKUİS məlumat bazasına əsasən Bərdə rayonu Çələbilər bələdiyyəsi ərazisində 28.61 hektar ehtiyat fondu torpaqlarına aid, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış əkin torpaq sahəsi mövcuddur. TEKUlS məlumat bazasında elektron daşıyıcılarda saxlanılır. Həmin məlumatlara aid xəritə materialları bələdiyyələrə kağız formatda təhfil verilmişdir. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər şəxslərin icarəsinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə olan halda qanunvericliyində tələbinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Ərazi İdarəsinin imtinası əsassız olmuşdur. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1- ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1456/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.