Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-497/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “avtomobillə təmin edilmə üçün tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-170/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobilə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-2017-ci illərdə döyüş bölgəsində yerləşən N saylı hərbi hissədə avtomobil manqa komandiri vəzifəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2011-ci ilin may ayının axırlarında hərbi hissənin döyüş təminatının həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yük maşının sürətlər qutusunu dəyişərkən qutunun ağırlığının qəflətən onun üzərinə düşməsi nəticəsində onurğa nahiyyəsindən kəskin ağrı hiss etmiş, zədə almağı barədə komandanlığa məruzə etmişdir. İlk zaman hər hansı ağırlaşma özünü büruzə verməsə də sonradan səhhəti ağırlaşmışdır. Ağrılarla əlaqədar hadisədən bir ay sonra iyun 2011-ci il tarixdə müalicə üçün hərbi hospitala aparmış, müayinələr vaxtı L4-L5 fəqərəarası diskin sağ sinir kökünü kompressiya edən posterolateral yırtığı diaqnozu təyin edilmişdir. Müalicə nəticəsində uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilərək xidmətdən buraxılmışdır. Hazırda 2-ci qrup hərbi əlildir. O Müdafiə Nazirliyinin MHHK-na qərarın düzgün verilməməsi barədə müraciət edərək ona hərbi hissə komandirinin axırıncı dəfə erildiyi travma haqqında arayış nəzərə alınmaqla düzgün olan qərar verilsin. MN MHHK ona “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qərarı verməkdən imtina edilmişdir, bu barədə məhkəməyə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etmişdir. Xəstəliyin diaqnozu 2011-ci ildən bu günədək eyni xəstəlikdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda iddiaçının iddia tələbi ilə inzibati orqana müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyi qeyd edilmiş və iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-170/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda inzibati mübahisə mövcud olmadığından iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi uzun müddətdir əsassız olaraq müraciətinə əsassən avtomobilə tibbi göstəriş verilməsini müdaxilə etdiyi üçün halhazırda onun müraciəti məhkəmə qaydasında həll olunması məqsədilə məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixdən etibarən iddia ərizəsi məhkəmə icraatına qəbul olunmaqla məhkəmə araşdırması başlanmışdır. Ancaq 8 aydan sonra iddia tələbi üzrə qərardad qəbul edilərək iddia tələbi mümkünsüz sayılmışdır. Əlavə olaraq məhkəmə icraatı vaxtı məhkəmə onu cavabdeh orqan tərəfindən avtomobilə tibbi göstəriş verilməsi üçün əyanı müayinəyə göndərmiş, ancaq müayinə zamanı tibbi göstəriş verilibverilməməsi əvəzinə onun hüquqları pozularaq əlilliyinin ziyanına olan qaydada səbəb əlaqəsi dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin qərardadı 8 ay araşdırma aparılmaqla mümkünsüz sayılması qanunsuz və əsassızdır, bu səbəbdəndə ləğv edilməli, iddia tələbi üzrə cavabdeh tərəfindən məhkəmə icraatı zamanı ziyanına qəbul edilmiş inzibati aktla bağlı araşdırma davam etməlidir. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, onun inzibati orqana müraciətindən sonra məktub daxil olaraq canlı müayinəyə dəvət etsələrdə getməmişdir. Ona hazırki tarixədək tibbi göndəriş verilməsə də məhkəmə mübahisənin olmaması əsası ilə iddia tələbini mümkün saymamışdır. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hazırki tələb üzrə iddiaçı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 5.2.3-cü maddəsinə əsasən avtomobilə tibbi göstərişin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən birinci instansiya məhkəməsində icraat zamanı göndərilmiş 22 fevral 2023-cü il tarixli, 3-17-4/2-3804/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçıla minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi məqsədilə mobil nömrəsi ilə əlaqə saxlanılaraq xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət edilmişdir. Lakin cari tarixə kimi əyani müayinə olunması üçün Agentliyə müraciət edilməmişdir. Göründüyü kimi hazırki mübahisə aradan qalxmamış iddiaçı tibbi göstərişin verilməsini xahiş etsə də inzibati orqan əyani müayinəyə cəlb edilməklə iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Belə olan halda tərəflər arasında mübahisənin olmamasına dair məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Məhkəmə ilkin olaraq iddiaçının əlillik dərəcəsinin onun avtomobillə təmin edilməsinə əsas olub-olmamasını, iddiaçının ümumiyyətlə əyani müayinəsinə zərurətin olub-olmamasını araşıdırmalı, bundan sonra iddia tələbinə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələ iddianın mümkünlüyünün müəyyən edilməsi deyil, əsaslılığın müəyyən edilməsi mərhələsində araşdırılmalı idi. Belə ki inzibati orqanın müvafiq səlahiyyəti çərçivəsində apardığı icraatının qanuniliyi və əsaslılığı iddianın əsaslılığı mərhələsində müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X1 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X3 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.3. Müraciət qəbul edilərkən və yaxud reabilitasiya vasitələrinin (minik avtomobili istisna olmaqla) hazırlanması üçün müvafiq ölçülərin götürülməsi zamanı ölçülərin götürülməsi və ya hazır reabilitasiya vasitəsinin alınması tarixi barədə Şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Qeyd edilən Qaydaların tələbindən göründüyü kimi əlilliyi olan şəxsə minik avtomobil üçün müvafiq tibbi göstərişin verilməsi məqsədilə əyani müayinəsinin aparılması tələbi mövcud deyildir. Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması üçün birinci instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-170/2023 nömrəli nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, İslam Həsənov
Məhkəmə qərarları › İş №2-1(104)-497/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-497/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver