Məhkəmə qərarları › İş №2-1(104)-497/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-497/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-497/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Nümayəndə1 başçılığı ilə X3”nın cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsinə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı “Nümayəndə1 başçılığı ilə X3”nın nümayəndəsi (vəkili) Vəkil və Şəmkir rayon Şəmkir Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsinin (bundan sonra – cavabdeh) müraciətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Nümayəndə1 başçılığı ilə X3”nın (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir rayon X4 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı həmin cavabdeh inzibati orqana müraciət edərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir Rayonu X4 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsini və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuzdur və iddiaçının qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə nəinki, iddiaçının hüququnu qeydə almış, hətta heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə üçüncü şəxs Şəmkir Rayonu X4 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, həmin üçüncü şəxsə bu barədə dövlət reyestrindən çıxarış vermişdir. Cavabdeh inzibati orqan iddiaçıya torpaq sahəsi ayrılarkən üçüncü şəxs Bələdiyyənin mövcud olmadığını bilə-bilə və iddiaçı hüququnun qeydə alınmasını tələb etdikdən 10 ay sonra, üçüncü şəxs Şəmkir Rayonu X4 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan yol verdiyi kobud qanun pozuntusu düzəltmək əvəzinə, hazırki iş üzr9ə iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan İnzibati məhkəmə icraatı qaydasında cavabdeh inzibati orqanın iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə (4.93 ha) üçüncü şəxs Şəmkir Rayonu X4 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin qeydin ləğv edilməsi və həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3474/2024 nömrəli qərardadı ilə, iş üzrə Şəmkir rayon X5 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3474/2024 nömrəli qərardadı ilə, iş üzrə Şəmkir rayon X5 cavabdeh kimi məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair Şəmkir rayon X4 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında Şəmkir rayon X4 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərardadı ilə, 2-1(114)-1091/2025 nömrəli inzibati iş üzrə iddia tələbləri ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılmış, “İddiaçı “Nümayəndə1 başçılığı ilə X3”nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Göyçə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı əsasında Şəmkir rayon X4 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi “İddiaçı “Nümayəndə1 başçılığı ilə X3”nın cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair Şəmkir rayon X4 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbindən ayrı müstəqil icraata ayrılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərardadı ilə, cavabdeh əsl cavabdeh “Şəmkir Bələdiyyəsi” ilə əvəz edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilmiş və X4 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(104)-497/2025 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti şikayətin verilməsi müddətinin verilməsi müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamış və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmuşdur. Bundan sonra cavabdeh Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-1091/2025 nömrəli qərarından apellyasiya şikayəti, həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 saylı qərarı ilə, iddianın təmin edilməsi, X4 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmənin qeyd olunan qərarı 14 iyun 2025-ci il tarixdə Şəmkir Bələdiyyəsinin “X2”ndə yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Məhkəmənin qeyd olunan qərarından narazı qaldıqları üçün apellyasiya şikayəti verirlər. Lakin, hazırda Şəmkir rayonu ərazisində bir çox kənd bələdiyyələri də Şəmkir Bələdiyyəsinə birləşdirildiyindən və məhkəmələrdə işlərin çoxluğundan hazırki qərardan vaxtında şikayət verə bilməmişlər. Qərardan apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti 2 gün ötürmüşlər. Qərardam apellyasiya şikayəti vermək müddətinin ötürülməsi üzrlü səbəblərdən olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, qərardan şikayət verilməsi müddətini ötürmüşlər. Bir necə bələdiyyənin Şəmkir bələdiyyəsinə birləşdirilməsi nəticəsində işləri çoxalmış və işlərin çox olması səbəbi ilə vaxtında apellyasiya şikayəti verə bilməmişlər. Ərizənin təmin edilməsini və ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə iclasında izahatında bildirdi ki, ərizədə qeyd edilən hallar əsassızdır və müddətin bərpası üçün əsas deyildir. Ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasından imtina olunmalı və verilmiş apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 87.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin İPM-in 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Ona görə də apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin həmin normalar üzrə yoxlanılmasını ehtiva edir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, apellyasiya şikayəti İPM-in 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-in 85.1-ci maddəsinin tələbinə əsasən, birinci instansiya məhkəməsinin qərarından şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarından müəyyən olunur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 saylı qərarı “AZEMİS” Elektorn Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən xx.xx.2025-ci il tarixdə cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilməklə sonuncuya təqdim olunmuşdur. Bundan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Bu halda qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddətin axımı da təqdim edildiyi xx.xx.2025-ci il tarixdən başlanmışdır. Lakin, cavabdeh tərəf apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti 02 (iki) gün ötürmüşdür. Bu hal, yəni müddətin ötürülməsi, apellyasiya şikayətinin mümkün sayılmaması və şikayətin qəbul edilməsindən imtina olunması üçün əsasdır. Çünki, Azərbaycan Respublikası İPM-nin 87.3-cü maddəsinin tələbinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (İPM-in 87.3 və 87.4-cü maddələri). Məhkəmə kollegiyası müddətin bərpa olunması barədə ərizənin düzgün həlli üçün müddətlərlə bağlı bəzi məsələlərin daha aydın izah olunması üçün Azərbaycan Respublikası İPM-nin müddəaları ilə yanaşı ona zidd olmayan hissədə Mülki Prosessual Məcəlləsinin normalarına da istinad edilməsini mümkün və məqsədəuyğun sayır. Çünki, Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsində deyilir ki, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İPM-in 81.1-ci maddəsinə görə, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini (bundan sonra – MPM) ilə müəyyən olunmuş ümumi qaydaya görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (MPM-nin 128.1 və 130.1-ci maddələri). Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinin məzmunundan göründüyü kimi, bu norma ilə müəyyən olunmuş şikayət vermə müddətinin axımı məhkəmə qərarının tam formada təqdim olunduğu gündən başlanır. Qanunvericilik şikayət verilməsi mümkün olan məhkəmə aktlarının təqdim edilməsi qaydasını da dəqiq müəyyən etmişdir və müddətin axımının başlanmasını müəyyən etmək üçün bu müddəalar da nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası İPM-in 20.1-ci maddəsinin tələbinə görə, müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İPM-in 75.3-cü maddəsinin tələbinə əsasən, məhkəmə qərarı, bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati məhkəmə icraatının iştirakçılarına təqdim edilir. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir (Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsi) . Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikası MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qərardan şikayət vermə müddətinin axımı qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qərarın rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikası MPM-in 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə, İMP-in 9-1.1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 75.1-1-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qərarın elan edilmiş nəticəvi hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Bu halda qərar cavabdehə Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayəti vermək üçün müəyyən olunmuş 30 günlük müddətin axımı başlanır. Azərbaycan Respublikası İPM-in 22.1-ci maddəsinə əsasən məhz həmin andan cavabdehin qərardan şikayət vermək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İPM-in 23.1-ci maddəsində də məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin qərarda ondan şikayət verilməsi qaydası, müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı tam və aydın şəkildə göstərilmişdir. Bu halda, cavabdehin qərardan apellyasiya şikayəti verməsi müddətinin axımı xx.xx.2025-ci il tarixdə başlanmış və xx.xx.2025-ci il tarixdə qurtarmışdır. Lakin qanunvericilik, şəxsin ona verilmiş hüquqdan qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəbdən istifadə edə bilmədiyi halda, ona bu hüquqdan yararlanmaq üçün əlavə imkan da yaradır. Bu imkan prosessual müddətin bərpası qaydasında təmin olunur. Belə ki, Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Müddətin bərpa edilməsi üçün üzrlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, şikayət vermək üçün müəyyən olunmuş müddətdə, şəxsin şikayət verməsinə yönələn hərəkətləri etməsinə mane olsun və ya başqa şəkildə qeyri-mümkün etsin və müddətin ötürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermiş olsun. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Lakin, cavabdehin nümayəndəsi buraxılmış müddətin üzürlü hesab olunmasına əsas verən hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdehin nümayəndəsi müddətin hansı əsasa görə buraxılmasını yetərincə əsaslandıra bilməmiş, yalnız bələdiyyələrin birləşdirilməsinə görə iş yükünün çox olması səbəbindən apellyasiya şikayəti verə bilməməmələrini göstərmişlər. Belə ki, bələdiyyələrin birləşdirilməsi nəticəsində iş yükünün çoxalması isə cavabdehin təşkilati fəaliyyətinə aid haldır və onun daxili idarəçilik imkanları ilə tənzimlənə biləcək məsələdir. Bu səbəb cavabdehin öz iradəsindən asılı olmayan, müstəsna və inkarolunmaz xarakter daşımır, əksinə, onun işini düzgün təşkil etməsi və prosessual öhdəliklərini vaxtında yerinə yetirməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən kənar səbəblər olduqda mümkündür. İş yükünün artması isə həmin meyarlara uyğun gəlmir və belə halın üzrlü səbəb kimi qəbul edilməsi prosessual intizamın zəifləməsinə, prosessual müddətlərin formal xarakter almasına gətirib çıxarar ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. Göstərilən hallardan görünür ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən izahatlar müddətin buraxılması üçün mötəbər və obyektiv əsas təşkil etmir. İş yükünün artması prosessual hüquqlardan istifadə etmək imkanlarını istisna etmir və apellyasiya şikayətinin vaxtında təqdim olunmasına mane ola biləcək xarakter daşımır. Buna görə də, qeyd edilən səbəbin üzrlü hesab edilməsi prosessual müddətlərin mahiyyətini formal xarakterə salaraq, hüquqi müəyyənlik və prosessual intizam prinsiplərinə zidd nəticələr doğura bilər. Bu səbəbdən cavabdehin nümayəndəsinin göstərdiyi səbəblər qanunla müəyyən edilmiş “üzrlü səbəblər” anlayışına aid edilə bilməz və həmin əsaslarla müddətin bərpası mümkünsüzdür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən müddətin buraxılmasına dair göstərilən səbəblər mötəbər və obyektiv xarakter daşımadığından, İPM-in 24.1-ci maddəsinin tələblərinə uyğun olaraq buraxılmış müddətin bərpası üçün hüquqi əsas mövcud deyildir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qərardan apellyasiya şikayəti vermək üçün müddətin bərpasından imtina olunmalı, apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsinə münasibətdə imtina olunsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərarından cavabdeh Şəmkir rayon Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina olunsun. Qərardaddan 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar