Məhkəmə qərarları › İş №2-1(104)-498/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-498/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-498/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı “sərəncamın ləğvi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-1294/2025 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 840 kv.m torpaq sahəsində Biznes Mərkəzi binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə edilmiş təklifə uyğun olaraq iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-1294/2025 saylı qərardadı ilə (hakim F.Əliyev) İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Gəncə Bazar Store MMC-yə qarşı «sərəncamın ləğvi» tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 binanın birinci mərtəbəsində yerləşən umumi sahəsi 47 kv.metr olan iki qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyətinin qanunsuz göstərişi əsasında sökülmüşdür. İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyətinə tələbinə dair cavabdehin üzərinə onu ünvan 2 ünvanda uçurulmuş binanın yerində inşa edilməklə, müvafiq ölçülərdə, tam təmirli qeyri-yaşayış sahələri ilə təmin etmək vəzifəsinin qoyulması və cavabdehin vurduğu ziyana xx.xx.2011-ci il tarixdən məhkəmə qərarı icra edilənədək hər ay üçün 3000 manatdan hesablanmaqla müəyyən edilən məbləğin cavabdehdən tutularaq ona ödənilməsinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə,( sonrakı iddia tələblərinə görə Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərardadı ilə inzibati iş üzrə icraat dayandırılmışdır), iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və sairlərinə qarşı Gəncə şəhəri, Cavadxan küçəsi, 34 saylı binanın yerləşdiyi torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasına dair 02 oktyabr 2017-ci il tarixli, 307 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinə, (AR Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3551/2022 saylı,xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir.) İddiaçı cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti və 3-cü şəxs, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Gəncə şəhəri, Cavadxan küçəsi, 34 saylı binanın yerləşdiyi torpaq sahəsində tikinti işlərinə başlanılması üçün əsas olmuş 20 noyabr 2014-cü il tarixli, 2 saylı Xüsusi Nişanın ləğv edilməsinnə dair iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə (həmin iddia tələbi üzrə yekun Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 40/2023 saylı, xx.xx.2023-ci il tarixli Qərarı ilə iddia mümkün sayılmamışdır) müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3551/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya tövsiyyə edilmişdir ki, mübahisə edilən əqdin məhz özəllişdirmənin qanunsuz aparılmasına görə etibarsız olması barədə iddia irəli sürüldükdə bu barədə müvafiq inzibati orqanın aktının ləğv olunduğu sübuta yetirilməlidir. Həmin inzibati akt hüquqi marağı (subyektiv hüququ) olan şəxs tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 40/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə iddiaçıya izah edilmişdir ki, artıq icra olunduğuna görə (tikinti obyekti artıq tikilib qurtarmış və həmin obyektə münasibətdə hüququn qeydiyyatı barədə çıxarış da verilmişdir) və bu səbəbdən hüquqi qüvvəsini itirdiyinə görə (hüquqi qüvvəsini itirmiş inzibati aktın yalnız qanunsuzluğu tanına bilər), iddiaçı tikintiyə icazənin (əgər belə icazə mövcuddursa), belə icazə olmadığı təqdirdə isə xüsusi nişanın verilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən tanınma haqqında iddia qaldırmaq hüququna malikdir. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəmənin hər iki qərarlarını nəzərə alaraq yuxarıda adı qeyd edilən inzibati aktın Gəncə şəhər İcra hakimiyyətinin torpaq sahəsinin ayrılmasına dair xx.xx.2014-cü il tarixli sərəncamın qanunsuzluğunun tanınmasına dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X1 Məhkəməsi xx.xx.2024-cü il tarixli Sərəncam qəbul edərək bildirmişdir ki, tələbiniz Sərəncamın ləğvi olmalıdır və Sərəncamın ləğvi üçün qanunvericilıikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barəsində ərizənin məhkəməyə təqdim edilməsi tövsiyyə edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin tövsiyyəsinə əsasən “iddia ərizəsində dəqiqləşdirməyə” dair ərizə ilə məhkəməyə müraciət etmişdir və iddia tələbində dəqiqləşdirmə edərək “ Sərəncamın ləğv edilməsi” tələbi ilə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsi 2-1(114)-1294/2025 saylı, 23.06. 2025-ci il tarixli qərardadı ilə iddia tələbini yuxarıda adları qeyd edilən Ali Məhkəmənin hər iki qərarının göstərişlərinə və AR İPM-in 36.2-ci maddəsinə istinad edərək iddia tələbini mümkünsüz sayılmışdır. Məhkəmə iclasında yenidən iddiaçıya və nümayəndəsinə iddia tələbində hər hansı dəqiqləşdirmə aparılması təklif edilsə də, vaxt verilməmiş, və hər iki iddia tələbinin daha dürüst olmasında seçim etmədə ani olaraq anlaşılmazlıq yaranmışdır. Yəni əslində inzibati işin araşdırılması müxtəlif hakimlər tərəfindən və bir-birinə zidd mövqe iddiaçını çıxılmaz vəziyyətə salmış və nəticədə iddiaçıya nəinki məhkəmə tərəfindən yardım edilmiş, əksinə iddia tələbinin seçimində maneəçilik edilmişdir. Bu səbəbdən də nəticədə məhkəmə tərəfindən prosessual normanın tələbinə uyğun olmayan qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da, özü və cavabdehin nümayəındəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası şikayətin mahiyyəti üzrə həlli üçün hüquqi məsələlərə giriş olaraq göstərir ki, baxılan şikayət eyni zamanda şəxsin məhkəmə müdafiəsi üçün müraciət etmək hüququ ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilk növbədə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 377 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar çıxarılmasını xahiş etmiş, daha sonra isə tələbini dəyişərək sərəncamın ləğvini xahiş etmişdir. Mübahisələndirilən inzibati akt artıq icra edildiyindən iddiaçının hazırda sərəncamın ləğvini tələb etməsi yolverilməzdir. Çünki həmin inzibati akt hüquqi qüvvəsini itirmişdir. Hüquqi qüvvəsini itirmiş inzibati aktın isə məhkəmə qaydasında yalnız qanunsuzluğu tanına bilər. Məhkəmə tərəfindən bu hallar İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasında iddiaçı tərəfin diqqətinə çatdırılmışdır. Lakin iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsi üzrə ərizəyə baxılmasının davam etdirilməsini arzu etmişdir. Ona görə də məhkəmə verilən tələb üzrə işə baxmağa davam etmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı əsaslı hesab etmir və aşağıdakıları göstərir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın 38-ci bəndində qeyd olunmuşdur: “Bununla bağlı iddiaçıya izah olunmalıdır ki, artıq icra olunduğuna (tikinti obyekti artıq tikilib qurtarmış və həmin obyektə münasibətdə hüququn qeydiyyatı barədə hətta çıxarış da verilmişdir) və bu səbəbdən hüquqi qüvvəsini itirdiyinə görə (hüquqi qüvvəsini itirmiş inzibati aktın yalnız qanunsuzluğu tanına bilər), iddiaçı tikintiyə icazənin (əgər belə icazə mövcuddursa), belə icazə olmadığı təqdirdə isə xüsusi nişanın verilməsi ilə bağlı hərəkətin qanunsuz sayılması barədə İnzibati Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən tanınma haqqında iddia qaldırmaq və həmin iddia ilə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini də irəli sürmək hüququna malikdir. Həmin maddəyə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bu baxımdan iddiaçı bu qərarın 37-ci bəndində məhkəmə baxışında olduğu qeyd edilən iddia tələbini iqtisadi xarakter daşıyan hüquqi marağına uyğun dəqiqləşdirə və ya iddianın predmetini dəyişdirə bilər.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünüdüyü kimi iddiaçı ilk dəfə iddia verərkən düzgün iddia qaldırmış, lakin sonradan hakimin sərəncamına əsasən iddia tələbi dəyişdirilmiş, birinci instansiya məhkəməsi isə İPM-in 13-cü maddəsinə əsasən məhkəmə yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması ilə bağlı proses iştirakçısına yardım etməli olduğu halda, düzgün olmayan iddianın qaldırılmasını sərəncamla təklif etmiş və ona 10 gün vaxt müəyyən etmişdir. Yanlış verilmiş iddia əsasında işə baxmış məhkəmə isə iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya vaxt vermədən, məhkəmə iclasında şifahi qaydada təklif etməklə kifayətlənmiş, beləliklə də İPM-in 13 və 48-ci maddələrinin tələblərinə lazımi qaydada əməl etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbini dəqiqləşdirməsi üçün iddiaçıya lazımi hüquqi yardım göstərməli, bundan sonra mümkünlük məsələsini həll etməlidir. Kollegiya apellyasiya şikayətinin verilmiş iddianın mümkün sayılması tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, həmin məsələ işə yenidən baxılarkən həll olunmalı məsələdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13, 48, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2-1(114)-1294/2025 saylı qərardadı ləğv edilsin. İş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza var Hakimlər imzalar var Düzdür Hakim Şamil Rzaquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar