Məhkəmə qərarları › İş №2-1(104)-5/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-5/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-5/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 nümayəndəsi X5 və üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-182/2022 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixindəki müraciətə sonuncunun xx.xx.2021-ci il tarixli, **********99 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır.

İşdə olan sənədlər:

2. xx.xx.1987-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, keçmiş Kirovabad (indiki Gəncə) X9 Bürosu tərəfindən Daşkəsən rayonu Xoşbulaq kəndində ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır.

3. xx.xx.1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kənd sakini X12 mülkiyyətində olan Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evini doğma qızı X7 vəsiyyət etmişdir. X3, Maysara İbrahimovanın və Məmməd İbrahimovun iştirakı ilə yazılmış və Daşkəsən RİHB-nin Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli 15/1890 saylı məktubdan görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi 1987-ci il aparılmış inventarlaşdırma zamanı X6 faktiki istifadəsində olan mülk kimi onun adına qeyd edilmişdir. Mülkün arxiv işində torpaq ayrılmasına və tikililərə dair rəsmi sənədlər yoxdur. Mülk sahəsi 24.5 kv.m bir yaşayış otağı olan “A” literli yaşayış binasından ibarət olmaqla ümumi torpaq sahəsi 1589.0 kv.m-dir.

5. xx.xx.2012-ci il tarixli, AZ-İ 535557 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Məmmədova Мərcan Hüseyn qızı xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.

6. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(030)-26/2015 nömrəli qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Qətnamənin məzmunundan bəlli olur ki: -xx.xx.2007-ci il tarixli müqavilə ilə X4 nümayəndəsi kimi Daşkəsən rayonu Xoşbulaq kəndində yaşayan İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixli JN 069A (kod ********) saylı şəhadətnaməyə və Azərbaycan Respublikası DƏRDX Gəncə Əİ-nin xx.xx.2007-ci il tarixli 424 nömrəli arayışına əsasən M.İbrahimovaya məxsus olan Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsini X2. -Daşkəsən rayon Dövlət Notariat Kontorunun xx.xx.2015-ci il tarixli 06 saylı məktubunda X7 məxsus olmuş xx.xx.2002-ci il tarixli JN069A (kod ********) saylı şəhadətnaməyə əsasən 0,06 ha torpaq sahəsi M.ibrahimovanın vermiş olduğu və Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 7E-5-1430 saylı etibarnaməyə əsasən xx.xx.2007-ci il tarixdə nümayəndəsi İddiaçı tərəfindən vətəndaş X15 Daşkəsən rayon DNK-da satılaraq 4Ə-1-174 saylı reyestrlə rəsmiləşdirilmişdir.

7. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1267 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(030)-26/2015 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır.

8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №0560659) çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında X15 məxsusdur.

9. xx.xx.2015-ci il tarixli, AA006091 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X16 adına **********2 reyestr nömrəsi ilə qeydə alınmışdır (Əsas: Daşkəsən rayon DNK xx.xx.2007-ci il tarixli 4Ə-1-174 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğı-satqı müqaviləsi; DTXK Daşkəsən rayon şöbəsi xx.xx.2002-ci il tarixli JN-069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə).

10. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X17 xüsusi mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir.

11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №1296558) çıxarışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

12. Daşkəsən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 58 nömrəli məktubunda İddiaçı Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikinti layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi, tikintinin verilmiş layihə əsasında aparıldığı və tikinti quraşdırma işlərinin tam başa çatdırıldığı və həmin fərdi yaşayış evinin sənədləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddiaçı özü tərəfindən inşa edildiyini iddia etdiyi fərdi yaşayış evi ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. - İddiaçı ekspertiza baxışı zamanı təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə ********** qeydiyyat nömrəli xx.xx.2018-сi il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları uyğun deyildir. Belə ki, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.19 ha torpaq sahəsinin 0.06 ha hissəsi öz mülkiyyətində, 0.13 ha hissəsi isə mülkiyyətində olmayan torpaq sahəsidir.

14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin arxivində saxlanılan Daşkəsən rayonu, Xoşbulaq kəndi üzrə islahat qovluğunda olan Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 nömrəli qərarından çıxarışdan görünür ki, rayonun Xoşbulaq kənd İƏÜN-nin X23 Komissiyasının Xoşbulaq kəndində püşkatmanın nəticəsi barədə xx.xx.1998-ci il tarixli, 5 saylı iclas protokolunun olduğu kimi təsdiq edilməsi qərara alınmışdır.

15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 nömrəli məktubunda qeyd edilmişdir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair 1987-ci ildə inventarlaşdırılması zamanı hüquqmüəyyənedici sənədlər olmadan X6 adına texniki pasport tərtib edilmişdir. Lakin sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8164/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: -RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin koordinatları, JN-069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları ilə üstüstə düşür. Belə ki, xx.xx.2007-ci il tarixli 4Ə-1-174 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və JN-069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X13 adına RX seriyalı 056059 nömrəli çıxarış sənədi qeydə alınmış, həmin çıxarış və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı adına RX seriyalı ******* nömrəli çıxarış sənədi qeydiyyata alınmışdır. -xx.xx.1987-ci il tarixli, 43 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 24.5 kv.m göstərilən yaşayış otağına dair tərtib olunmuş texniki pasportda, tikilinin yerləşdiyi torpaq sahəsinin dəqiq yerləşmə mövqeyi və koordinatları (X,Y) əks olunmadığından, eləcə də, plandakı ölçülərlə planın miqyası arasında uyğunsuzluğun mövcud olaması səbəbindən, sözügedən tikilinin JN-069 A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.06 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/16xx-xx/2921 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: -Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə X6 adına Qeydiyyata alınmış, xx.xx.1987ci il tarixli, 43 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportun göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin xx.xx.1987-ci tarixli, 43 nömrəli Qeydiyyat vəsiqəsinin surətində qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. -Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən 2018-ci il tarixdə tərtib edilmiş layihə sədənlərinin göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin faktiki vəziyyətinin tərtib edilmiş layihə sənədləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisindən 0.06 ha torpaq sahəsi almış və bu torpaq sahəsi üzərində olan hüququları xx.xx.2018-ci il tarixdə qeydə alınaraq ona müvafiq olaraq çıxarış verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış sahəsi inşa etdirərək müvafiq layihələndirmə aparmışdır. Fərdi yaşayış evinə dair layihə Daşkəsən rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindəndə qeydə alınaraq yoxlanılmışdır. Cavabdehə müraciət edərək mülkiyyətində inşa etdirdiyi fərdi yaşayış evi üzərində hüquqularının dövlət qeydiyyatına aldırması üçün müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.

20. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********35 nömrəli etirazda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv sənədlərinin araşdırılması zamanı “Torpağın mülkiyyətə verilməsinə dair" JN-069A saylı şəhadətnaməyə əsasən, X7 Daşkəsən rayonu Xoşbulaq kəndində 0.06 ha həyətyanı torpaq sahəsinin verildiyi müəyyən edilmişdir. Daşkəsən rayon notariat kontorunun 13 fevral 2007-ci il tarixli, 4Ə-1-174 reyestr nömrəli müqaviləsinə əsasən, X14 0.06 ha torpaq sahəsini X2. X1 adından etibarnamə üzrə nümayəndəsi İddiaçı imzalamışdır. Həmin müqavilə əsasında X15 xx.xx.2015-ci il tarixii, **********82 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə "ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-1456 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X17 0.06 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. Həmin müqavilə əsasında İddiaçı xx.xx.2018-ci il tarixli, **********82 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı 14 sentyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin başqa şəxsə, X8 məxsus olduğu müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən ümumi sahəsi 24.5 kv.m olan fərdi yaşayış evinə dair X6 adına xx.xx.1987-ci il tarixində texniki pasport tərtib edildiyi müəyyən edilmişdir. Texniki pasportda torpaq sahəsinin ölçüsünün sənəd üzrə 600.0 kv.m, faktiki isə 1589.0 kv.m olduğu qeyd edilmişdir. Həmin fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-182/2022 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ anlayışına tərkib hissəsi olan sərəncam vermək hüququ isə özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər. Qanunvericiliyə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər və torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri.

24. Üçüncü şəxsin vəkili (nümayəndəsi) qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayətinin məzmunu cavabdehin imtina məktubunun və etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən tikili iddiaçı tərəfindən tikilməmiş, birinci instansiya məhkəməsi tikilinin neçənci ildə tikilməsini araşdırmamışdır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.

26. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları.

27. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və onun vəkili (nümayəndəsi) ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər, əlavə olaraq qeyd etdilər ki, ekspert rəyi ilə müvafiq qərardad qismən icra edildiyindən, belə ki, suallar tam cavablandırılmadığından yenidən qərardad qəbul edilməklə ekspertiza təyin edilməlidir.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi.

29. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat. 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

33. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. İşin hallarından müəyyən olunur ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən və ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi 1987-ci il aparılmış inventarlaşdırma zamanı X6 faktiki istifadəsində olan mülk kimi onun adına qeyd edilmiş, bu barədə xx.xx.1987-ci il tarixli Qeydiyyat vəsiqəsi rəsmiləşdirilmiş, sonuncu xx.xx.1995ci il tarixli vəsiyyətnaməyə əsasən həmin fərdi yaşayış evini qızı X7 vəsiyyət etmiş, xx.xx.1997-ci il tarixdə vəfat etdikdən sonra X4 adına xx.xx.2002-ci il tarixli JN069A (kod ********) nömrəli şəhadətnamə rəsmiləşdirilmişdir.

37. Bundan sonra, X14 tərəfindən verilmiş və Gəncə şəhəri 5 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 7E-5-1430 saylı etibarnaməyə əsasən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə nümayəndəsi İddiaçı tərəfindən vətəndaş X15 Daşkəsən rayon DNK-da satılaraq 4Ə-1-174 saylı reyestrlə rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2015-ci il tarixli, AA006091 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X16 adına **********2 reyestr nömrəsi ilə qeydə alınmışdır (Əsas: Daşkəsən rayon DNK xx.xx.2007-ci il tarixli 4Ə-1-174 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alğısatqı müqaviləsi; DTXK Daşkəsən rayon şöbəsi xx.xx.2002-ci il tarixli JN-069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə).

38. xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X17 xüsusi mülkiyyətində olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini İddiaçı mülkiyyətinə vermiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №1296558) çıxarışla Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir.

39. İddiaçı mülkiyyət hüquqlarını qeydə aldırdıqdan sonra həmin torpaq sahəsi üzərində layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib olunan, tikintisi Daşkəsən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş layihə əsasında aparılan və və tikinti quraşdırma işləri tam başa çatan fərdi yaşayış evi inşa etdirmiş (Daşkəsən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021ci il tarixli, 58 nömrəli məktubu), həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq üçün cavabdeh orqana müraciət etsə də, sonuncu fərdi yaşayış evinin başqa şəxsə məxsus olması əsası ilə müraciətin müsbət həllindən imtina etmişdir.

40. İddiaçı sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilmişdir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehin imtina əsası mübahisəli fərdi yaşayış evinin başqa şəxsə məxsus olmasıdır. Belə ki, həm cavabdehin etiraz qeydlərinin, həm də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh orqan və üçüncü şəxs sözügedən fərdi yaşayış evinin X8 məxsus olduğunu iddia edirlər. Buna baxmayaraq, nə cavabdeh orqan, nə də üçüncü şəxs sözügedən fərdi yaşayış evinin X8 məxsus olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişlər.

42. Məhkəmə kollegiyası bir daha xatırladır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (RX №1296558) çıxarışa əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 0.06 ha torpaq sahəsi tam şəkildə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə mübahisələndirilən fərdi yaşayış evinin ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi təsdiq olunur.

43. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8164/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, RX seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin koordinatları, JN- 069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0.06 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, xx.xx.2007-ci il tarixli 4Ə-1-174 nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və JN-069A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X13 adına RX seriyalı 056059 nömrəli çıxarış sənədi qeydə alınmış, həmin çıxarış və xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında İddiaçı adına RX seriyalı ******* nömrəli çıxarış sənədi qeydiyyata alınmışdır.

44. Bundan başqa həmin mütəxəssis rəyində xx.xx.1987-ci il tarixli, 43 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunan ümumi sahəsi 24.5 kv.m göstərilən yaşayış otağına dair tərtib olunmuş texniki pasportda, tikilinin yerləşdiyi torpaq sahəsinin dəqiq yerləşmə mövqeyi və koordinatları (X,Y) əks olunmadığından, eləcə də, plandakı ölçülərlə planın miqyası arasında uyğunsuzluğun mövcud olaması səbəbindən, sözügedən tikilinin JN-069 A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunan 0.06 ha torpaq sahəsinin üzərində yerləşib-yerləşmədiyini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

45. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən tikilinin xx.xx.1987-ci il tarixli, 43 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi və 2018-ci il tarixli daşınmaz əmlakın layihə sənədində qeyd olunan fərdi yaşayış evinin eskizi ilə eynilik təşkil edib-etməməsinin aydınlaşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/16xx-xx/2921 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə X6 adına Qeydiyyata alınmış, xx.xx.1987-ci il tarixli, 43 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportun göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin xx.xx.1987ci tarixli, 43 nömrəli Qeydiyyat vəsiqəsinin surətində qeydiyyata alınan ümumi sahəsi 24,5 kv.m olan bir otaqlı fərdi yaşayış evi ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyəti (tikililərinin planlı yerləşməsi, sahəsi və s. texniki göstəriciləri) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən 2018-ci il tarixdə tərtib edilmiş layihə sədənlərinin göstəriciləri arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin faktiki vəziyyətinin tərtib edilmiş layihə sənədləri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan mütəxəssis və ekspert rəyləri ilə apellyasiya şikayətində göstərilən dəlillər təkzib olunur və mübahisələndirilən fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa etdirilməklə, ona məxsus olması öz təsdiqini tapır.

47. Başqa sözlə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qanuni əsaslarla iddiaçının mülkiyyətinə verilmiş, mülkiyyətçi – iddiaçı isə mülkiyyətində olan daşınmaz əmlakla bağlı sərəncam vermək hüququnu realizə etmiş – üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Belə ki, sərəncam vermək hüququ özündə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəni, şəxs hüquqdan sui-istifadə etmədiyi müddətcə əmlakından (əşyasından) öz arzusu ilə istifadə edə bilər.

48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

49. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.

50. Daşkəsən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 58 nömrəli məktubunda İddiaçı Daşkəsən rayon, Xoşbulaq kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikinti layihəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun tərtib edildiyi, tikintinin verilmiş layihə əsasında aparıldığı və tikinti quraşdırma işlərinin tam başa çatdırıldığı və həmin fərdi yaşayış evinin sənədləşdirilməsinə etiraz edilmədiyi qeyd edilmişdir.

51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab olunur.

52. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinin “Azərdövlətlayihə” DBLİ-nin Gəncə filialı tərəfindən 2018-ci il tarixdə layihə sədənləri tərtib edilmişdir.

53. Göründüyü kimi, cavabdeh orqan imtinasında fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret imtina əsası irəli sürməmiş, əsaslandırma yalnız fərdi yaşayış evinin başqa şəxsə məxsus olması ilə bağlı olmuşdur.

54. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Yuxarıda qeyd edilən səbəblərə görə hazırki işdə belə əsaslar mövcud deyildir.

55. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı).

56. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi və ya faktiki əsas mövcud deyildir.

Nəticəvi hissə:

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-182/2022 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar