Məhkəmə qərarları › İş №2-1(104)-50/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-50/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-50/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Muxtar oğlunun və cavabdeh nümayəndəsi X5 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-152/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Muxtar oğlunun hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-45362/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının teyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. İddiaçı Muxtar oğluna məxsus NZ ******* nömrəli hərbi biletə əsasən, o, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. xx.xx.1979-cu il tarixli 253 nömrəli attestata əsasən İddiaçı Muxtar oğlu xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR Sumqayıt 44 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu il tarixdə təhsil müddəti 1 il olan həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir.

4. xx.xx.1982-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 11 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli əl qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 nömrəli Trestdə çilingər, xx.xx.1983-cü il tarixədən xx.xx.1984-cü il tarixədək qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Tovuz şəhər 10 nömrəli Təmir Tikinti İdarəsi Əlibəyli sahəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 70 nömrəli X1 5-ci dərəcəli qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 14 nömrəli Təmir-Tikinti İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsinin 14 nömrəli TQİ-də 5-ci dərəcəli qaynaqçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ATSC-də qaynaqçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək BTC-CQ boru kəməri layihəsinin X2.CO. (CCK) şirkətində armaturçu, xx.xx.2006- cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də (daha sonra adı dəyişdirilərək “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC olmuşdur) qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı işləmişdir.

5. X3 "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 767/22 nömrəli arayışına əsasən, İddiaçı Muxtar oğlu həqiqətən "xxxx" ASC-də xx.xx.2006-cı il tarixdən (əmr nömrəsi iq-207) xx.xx.2014-cü il tarixədək (əmr nömrəsi 214) əl ilə qaynaqla elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASCnin adı dəyişdirilərək “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropalitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” 10103000 bölməsinin alt bölməsində (1010300a – 19906) əl ilə qaynaqla elektrik qaynaqçıları qeydinə əsasən güzəştli əmək stajı 8 il 1 ay 12 gün təşkil edir.

6. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 83-2G8 nömrəli və xx.xx.2023-cü il tarixli 53-02/8 nömrəli arayışlarına əsasən, İddiaçı Muxtar oğlu həqiqətən "xxxx" QSC-də xx.xx.2019-cu il tarixdən 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir (əmr nömrəsi 26/k, xx.xx.2019-cu il). xx.xx.2019-cu ildə işdən azad edilmişdir (əmr nömrəsi 63/k, xx.xx.2019-cu il). xx.xx.2022-ci il tarixdən bugünə kimi 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləyir (əmr nömrəsi 44/k, xx.xx.2022-ci il). Arayış cəmiyyətdə işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib.

7. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 135/21 nömrəli və xx.xx.2023-cü il tarixli 13/23 nömrəli arayışlarına əsasən İddiaçı Muxtar oğlu həqiqətən xx.xx.2021-ci il tarixdən bugünə kimi "xxxx" MMC-də 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləyir.

8. "xxxx" MMC-nin şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı Muxtar oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 5-ci dərəcəli əl qaynaqçısı vəzifəsində "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli iq-017 nömrəli əmrlə "xxxx" MMC-də işə başlamışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 28 il 9 ay 4 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: qaynaqların qoyulması üçün texnoloji avadanlığın seçilməsi, qaynağın bütün məkan növlərində blok dizaynında kompleks strukturlarının qaynaqlanmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1010300A bəndində 19906 yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

9. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 97-02/g nömrəli məktubuna əsasən İddiaçı Muxtar oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay ixtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSŞnin hüquqi varisidir) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləyib (əmr-26/k xx.xx.2019-cu il 2 saylı siyahının 33-cu fəsili, ümumi peşələr, kod- 23200000 - 19906). xx.xx.2019-cu il tarixdən işdən azad edilib. Arayış xx.xx.2019-cu il tarixdən işlədiyi dövrün cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. "xxxx"QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx" QSC-nin hüquqi varisidir.

10. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 96-02/g nömrəli arayışına əsasən İddiaçı Muxtar oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində "xxxx" QSC-də xx.xx.2019-cu il tarixdən 26/k, xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 06 ay 09 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: dağ-mədən işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33-cü fəsli – ümumi peşələr, 23200000 – 19906 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

11. Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********501500 nömrəli məktubundan görünür ki, dövlət reyestrində "xxxx" X10 Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 1546 nömrə ilə dövlət reyestrindən keçməsi və səhmdarlarının ümumi yığıncağının xx.xx.2007-ci il tarixli protokoluna əsasən adının dəyişdirilib "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatın olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2007-ci il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır.

12. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli xidməti məktubunda göstərilmişdir ki, X4 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 1 ay 10 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 10 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 1 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 35908,89 manat təşkil edir.

13. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********841900 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə Tovuz rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin əsasında yaradılmış və onun hüquqi varisidir.

14. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-289309/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Muxtar oğlunun 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən pensiya təyin edilməsi üçün ona münasibətdə tələb olunan pensiya sığorta kapitalı Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada həmin tarixə gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı-204 ay (65 il – 60 il = 60 ay + 144 ay) ölkə üzrə 2021-ci il üçün minimum əmək pensiyasına (200 manat) vurularaq 40800 manat təşkil edir.

15. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 dekabr 2024-cü il tarixli, 3-17-1/2-323149/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Muxtar oğlunun xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə Ümumi peşələr bölməsində (XXXİİİ) 23200000-19906 kodu üzrə qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.

Birinci instansiya məhkəməsində icraat:

16. İddiaçı Muxtar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsində əl qaynaqçısı əl qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 dekabr 1989-cu il tarixdə 14 №-li «Qazaxsutikinti» idarəsinə 5-ci dərəcəli qaynaqçı kimi işə qəbul olunmuşdur. 28 avqust 1998-ci il tarixədək həmin idarədə əl qaynaqçısı işləmişdir. Həmin müəssisədə işləməyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Hazırda güzəştli şərtlə əmək pensiyası cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona rəsmi olaraq bildirilib ki, onun 14 №-li «Qazaxsutikinti» idarəsində işlədiyi illərin onun sosial sığorta stajına aid edilməsindən imtina edilmişdir. Bunu əsas götürərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin illərin onun əmək stajına hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Bununla onun pensiya təminatı almaq hüququ pozulub.

18. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsində əl qaynaqçısı və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-də əl qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

20. Cavabdehin iddia ərizəsinə qarşı təqdim etdiyi 21 iyun 2023-cü il tarixli 3-17- 1/2-141058/2023 nömrəli etirazının məzmunu xx.xx.2023-cü il tarixli 3-17-1/2-H- 45362/2023 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

21. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-152/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bütün müəssisələrdə işlədiyi elektrik qaynaqçısı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (1.1.2. bəndin a) yarımbəndi) nəzərdə tutulmuşdur. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28846,87 manat təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

26. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən mübahisələndirilən illərin sosial sığorta stajına daxil edilməklə ona 29 iyun 2022-ci il tarixdən xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, eyni tarixli qərardad ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini və təqdim etdiyi iddia tələbinin dəqiqləşdirmə ərizəsini müdafiə etdiyini bildirdi.

Tətbiq edilən hüquq:

29. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

31. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı: 10100000 - İ. Dağ-mədən işləri 10103000 - 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a— 19906 - əl ilə qaynaqda elektrik qaynaqçıları

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) əl ilə qaynaqda elektrik qaynaqçıları

33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

35. İşin halları ilə müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasıın təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, imtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay (xx.xx.1979- xx.xx.1980-cı il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.

36. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

38. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

39. Apellyasiya şikayətinin dəlilləri iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 aydan az müddətə- 10 il 5 ay işləməsi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əlaqədardır. Göründüyü kimi cavabdeh ümumi iş stajını mübahisələndirmir.

40. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 6 aydan çox müddətə işləməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə mübahisənin predmeti iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixlərdə “Qazaxsutikinti” idarəsinin Tovuz rayon 14 saylı TQİ-də və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" QSC-də Muğan sahəsində 5ci dərəcəli qaynaqçı işlədiyi dövrdəki peşələrlə əlaqədardır. Belə ki, cavabdehin mövqeyinə əsasən, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir.

41. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli İT-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı Muxtar oğlu xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək 14 nömrəli “Qazaxsutikinti” İdarəsində 5-ci dərəcəli qaynaqçı və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı işləmişdir.

42. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx" QSC-nin hüquqi varisidir.

43. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə bu məzmunda arayışın əldə edilməsi mümkün olmamışdır.

44. İddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixlərdə 14 nömrəli “Qazaxsutikinti” idarəsinin 14 saylı TQİ-də 5-ci dərəcəli qaynaqçı (8 il 8 ay 4 gün) işlədiyi dövr üzrə güzəştli arayışın tələb olunmasına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə Tovuz rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin əsasında yaradılmaqla, onun hüquqi varisidir. Həmin Cəmiyyətin fəaliyyəti xx.xx.2007-ci il tarixdən hazırki dövrədək dayandırılmışdır. Yəni, iddiaçının həmin müəssisədən güzəştli arayış ala bilməsi onun imkanları xaricindədir. Göründüyü kimi, sözügedən 8 il 8 ay 4 gün müddətdə iddiaçının qaynaqçı vəzifəsində işləməsi, həmçinin emissiya prospektində adının qeyd olunması iş materialları ilə öz təsdiqini tapır.

45. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin 16 noyabr 2024-cü il tarixli, 3-21- 3/2-19008/2024 saylı məktubundan məlum olur ki, «Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı» na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1546 nömrəli sərəncamı ilə «Azərsutikinti» X8 rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda "xxxx" ASC yaradılarkın müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı Muxtar oğlunun qaynaqçı vəzifəsində işlədiyi qeyd edilmişdir (siyahı məktuba əlavə edilmişdir).

46. Bununla yanaşı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-323149/2024 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2№-li Siyahı üzrə Ümumi peşələr bölməsində (XXXİİİ)23200000-19906 kodu qeyd edilən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur.

47. Göründüyü kimi iddiaçının "xxxx" ASC-də qaynaqçı vəzifəsində işləməsi öz təsdiqini tapır və iddiaçının xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrdə işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi cavabdeh tərəfindən mübahisələndirilmir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2№-li Siyahı üzrə Ümumi peşələr bölməsində (XXXİİİ)23200000-19906 kodu ilə xüsusi staj kimi nəzərə alınır.

48. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

49. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş həmin peşə və vəzifə üzrə işlədiyi dövrlər nəzərə alındıqda, qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş satjına malik olması şərti də ödənilmiş olur.

50. Birinci instansiya məhkəməsi pensiya kapitalı ilə bağlı tələbin təmin edilməsi ilə əlaqədar mövqeyini iddiaçının pensiya hüququnun yarandığı- xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələbin mövcud olması və həmin dövr üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının 28800 manat olması, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının isə 35908,89 manat təşkil etməsi ilə əsaslandırmışdır.

51. Qeyd edilməlidir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan əmək pensiyaları haqqında qanunveriicliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur.

52. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının pensiya hüququnun yaranması əsasları düzgün müəyyən edilməmişdir.

53. Belə ki, məhkəməyə təqdim olunmuş Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-289309/2024 saylı məktubundan qeyd edilmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən pensiya təyin edilməsi üçün ona münasibətdə tələb olunan pensiya sığorta kapitalı Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada həmin tarixə gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı – 204 ay (65 il- 60 il=60 ay+144 ay) ölkə üzrə 2021-ci il üçün minimum əmək pensiyasına (200 manat) vurularaq 40800 manat təşkil edir.

54. Belə olan halda iddiaçının xx.xx.2021-ci il üzrə pensiya hüqunun yaranması üçün şərt olan kapital tələbi ödənilmədiyi halda, birinci instansiya məhkəməsi qeyd olunan hissədə düzgün olmayan nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyasının iclasında iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən mübahisələndirilən illərin sosial sığorta stajına daxil edilməklə ona 29 iyun 2022-ci il tarixdən xüsusi şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, eyni tarixli qərardad ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən həmin hissədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

Nəticəvi hissə:

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-152/2024 nömrəli qərarı- “xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsində dəyişdirilsin. İddiaçı Muxtar oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar