Məhkəmə qərarları › İş №2-1(104)-500/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-500/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-500/2024 09.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, «fərdi yaşayış evinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-653/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı fərdi yaşayış evinə dair çıxarışın verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina verilmiş və onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi Torpağa mülkiyyət hüququna dair JN-192A nömrəli şəhadətnamə təqdim edilmişdir. Elektron baza məlumatlarına (Google Earth görüntüsünə) əsasən araşdırma aparılan zaman məlum olmuşdur ki, JN-192A nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi üzərində inşa edilmiş tikili 2013-cü ildən sonrakı tarixlərə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək 2013-cü ilin yanvarın 1-dən) sonra inşa edilən fərdi yaşayış evlərinə məlumatlandırma icraatı tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinə, memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2004-cü il tarixli JN-192A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı, X1, X4 və X3 0.25 ha torpaq torpaq sahəsi ayrılmışdır.

3. Tovuz rayon İcra Hakimiyyəti başçısının Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1573 nömrəli arayışından məlum olur ki, JN-192A nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnaməsi olan 0.25 ha torpaq sahəsində 2019-cu ildə ev tikilmişdir.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışından məlum olur ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,2485 ha torpaq sahəsi İddiaçı, X1, X4 və X2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadəsində və sərəncamında mülkiyyətində olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə ona verilmiş Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Əyyublu kəndində yaşayır. Yaşadığı həmin torpaq sahəsi Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 0.25 ha torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Şəhadətnamə 192 nömrə ilə kitabda qeyd edilmişdir. Həmin şəhadətnamənin nömrəsi JN192A KOD 50300068 saylı olaraq adına qeydə alınmışdır. Həmin torpaq sahəsi daha əvvəldən boş zolaq olaraq əkin sahəsi olmuşdur, daha sonra o, ailə qurduqdan sonra həmin torpaq sahəsinə köçərək orada ev inşa etmişdir. Hazırda 6 nəfər ailə üzvü ilə birlikdə həmin evdə yaşayırılar. Ev tikdirdiyi torpaq sahəsi 1960-cı ildən onun istifadəsindədir. Başqa torpaq sahələri olmadığına görə oğluna da evi oradan tikdirmişdir. Tikilmiş həmin ev hazırda tam hazır vəziyyətdədir, orada yaşamaq üçün bütün şərait vardır. Evin inşası üçün o, küllü miqdarda xərc çəkmişdir. Bu barədə kənd İcra nümayəndəliyindən alınmış arayış da bunu sübut edir. Hazırda evə dair çıxarış almaq üçün ilk öncə cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh təşkilat tərəfindən ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur.

7. Cavabdeh tərəfindən iddiaçının iddia tələbinə dair təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, vətəndaşın müraciətində fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi torpağa mülkiyyət hüququna dair JN-192A nömrəli şəhadətnamə təqdim edilmişdir. Elektron baza məlumatlarına (Google Earth görüntüsünə) əsasən araşdırma aparılan zaman məlum olmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-192A nömrəli şəhadətnamədə qeyd edilən torpaq sahəsi üzərində inşa edilmiş tikili 2013-cü il tarixdən sonrakı tarixlərə aitdir. Vətəndaşın müraciətində və təqdim etdiyi sənələrlə 2013-cü ilə dək inşa edilmiş evə aiddir, lakin araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ev 2013-cü il tarixindən sonra inşa edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair. Həmin qanunun 8.0.9.1.2-ci madəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0.10.1–ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən fərdi yaşayış evlərinə məlumatlandırma icratı tətbiq edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4.-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Göstərilənlərə əsasən, iş üzrə iddiaçıya konkret imtina edilməmişdir, belə ki, qanunla müəyyən edilmiş sənədlər təqim edildikdən sonra qeydiyyatın aparılması məsələsinə baxılması barədə izah edilmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-653/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdə iddiaçı inzibati orqana fərdi yaşayış evinin qeydə alınması üçün müraciət edərkən yalnız torpaq sahəsinə dair sənəd təqdim etmiş, cavabdeh orqan tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qanunvericiliklə müəyyən edilmiş sənədlər - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxıla biləcəyi qeyd edilsə də, iddiaçı həmin sənədləri təqdim etməklə təkrar müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu iddiaçının müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Digər tərəfdən isə, hətta, cavabdeh orqanın məktubu hüquqların qeydə alınmasından imtina kimi qəbul ediləcəyi halda belə, yenə də iddia mümkün iddia deyildir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi fərdi yaşayış evi Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-192A KOD 50300068 nömrəli şəhadətnaməyə əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı, X1, X4 və X2 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsində tikilmişdir. Yəni, evin yerləşdiyi torpaq sahəsi dörd nəfərin ümumi birgə mülkiyyətindədir və həmin evin kim tərəfindən tikilməsi iş materialları ilə müəyyən olunmur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçının apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-653/2024 nömrəli qərardadının ləğv edilib, iddia tələbinin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş olunmuşdur.

11. Məhkəmə kollegiyasına iddiaçı apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etiraz daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, onun atası 1960-cı ildə sözügedən torpaq sahəsinin üzərində kiçik tikili tikdirib, sonra isə o, həmin tikilini sökdürərək yerində yeni fərdi yaşayış evi inşa etdirmiş, tikintiyə başlayan zaman heç bir orqana rəsmi müraciət etməmişdir. Hazırda fərdi yaşayış evinin inşası tam başa çatmış və ailəsi ilə birlikdə həmin evdə yaşayırlar, digər mülkiyyətçilərlə aralarında hər hansı bir mübahisə yoxdur. Buna baxmayaraq cavabdeh inzibati orqan fərdi yaşayış evi üzərində hüquqların qeydə alınmasından imtina edir.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, sözügedən torpaq sahəsi aqrar islahat zamanı verilən torpaqlardandır. Belə ki, həmin torpaq sahəsində əvvəldən tikililər olmuş, sonradan sökülüb yenisi inşa edilmişdir. Hazırda həmin evin yerləşdiyi ərazidə 82 ev var və onların əksəriyyətinin sənədi vardır. Sözügedən ev şəhadətnamədə qeyd olunan torpaq sahəsinin üzərində yerləşir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, ilk növbədə qarşı tərəf cavabdehə müraciət etmişdir, şəhadətnamə çıxarışın verilməsi üçün əsasdır. Lakin, hazırda iddiaçının istəyi yaşayış evinin qeydiyyata alınmasıdır. Hazırda problem ondan ibarətdir ki, iddiaçı köhnə evi sökdürmüş və yerində yeni ev tikdirsə də bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Evin şəhadətnamədə olan torpaq sahəsində yerləşib-yerləşmədiyini dəqiqləşdirmək lazımdır. İddiaçının müraciət etdiyi təqdirdə onun torpaq üzərində hüquqları qeydiyyata alınacaq. Lakin fərdi yaşayış evinin qeydiyyata alınmasında mübahisə yaranır.

Tətbiq edilən hüquq:

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.

9. Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri.

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

18. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respubliksa Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.

21. İşin hallarından məlum olur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı, X1, X4 və X3 0.25 ha torpaq sahəsi ayrılmış və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2004-cü il tarixli JN-192A KOD 50300068 nömrəli şəhadətnamə tərtib edilmişdir.

22. Həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,2485 ha torpaq sahəsi İddiaçı, X1, X4 və X2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

23. İddiaçı tələbində qeyd edir ki, torpaq sahəsində fərdi yaşayış evi tikdirmiş, həmin yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, inşa edilmiş tikili 2013-cü ildən sonrakı tarixə aid olduğundan cavabdeh orqan tərəfindən sözügedən tikili üzərində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur.

24. İmtina dəlilləri onunla əsaslandırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü ilin yanvarın 1-dən) sonra inşa edilən fərdi yaşayış evlərinə məlumatlandırma icraatı tətbiq edilir. İddiaçı tərəfindən isə məlumatlandırma icraatı tələblərinə riayət edilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının ərizənin icrasından imtina edilmişdir.

25. Cavabdehin imtina dəlilləri ilə razılaşan birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmamasına dair qərardadında qeyd olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün qanunvericilikdə təqdim edilməsi imperativ norma kimi nəzərdə tutulmuş sənədlərin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur. Hazırkı işdə iddiaçı inzibati orqana fərdi yaşayış evinin qeydə alınması üçün müraciət edərkən yalnız torpaq sahəsinə dair sənəd təqdim etmiş, cavabdeh orqan tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qanunvericiliklə müəyyən edilmiş sənədlər - tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əlavə olunmaqla müraciət edəcəyi təqdirdə ərizəyə baxıla biləcəyi qeyd edilsə də, iddiaçı həmin sənədləri təqdim etməklə təkrar müraciət etməmiş, birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa evin yerləşdiyi torpaq sahəsi dörd nəfərin ümumi birgə mülkiyyətindədir, həmin evin kim tərəfindən tikilməsi iş materialları ilə müəyyən olunmur və iddiaçının evə dair hüquqlarının qeydə alınması üçün subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir.

26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (çıxarış) olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin evin yerləşdiyi torpaq sahəsi dörd nəfərin ümumi birgə mülkiyyətindədir və həmin evin kim tərəfindən tikilməsi iş materialları ilə müəyyən olunmur, bu əsasla da iddia tələbinin mümkünsüzlüyünə qiymət verərək qeyd edir ki, şəhadətnamədə adları qeyd olunan digər şəxslərin iddiaçı ilə müştərək hüquqi marağa malik olması, bu əsasla həmin şəxslərin prosessual həmiştirakçılar kimi çıxış etməsi inzibati prosessul qanunvericiliyin müddəlarına əsasən mümkündür.

28. Belə ki, İPM-in 30.1. maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

29. İPM-in 30.2. maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

30. İPM-in 30-cu maddəsinə əsasən prosessual həmiştirakçılıq o vaxt mövcud olur ki, iddiaçı və ya cavabdeh tərəfdə bir neçə şəxs çıxış edir, həmin şəxslər eyni əsaslarla hüquqlara malik olur, yaxud vəzifələr daşıyır. Prosessual həmiştirakçılıq ilk növbədə prosesə qənaət edilməsinə, yəni oxşar faktiki hal üzrə bir neçə hüquqi mübahisə yaranmasının qarşısının alınmasına xidmət edir.

31. Hazırki iş üzrə adları şəhadətnamədə qeyd edilən və fərdi yaşayış sahəsinin müştərək qaydada birlikdə adlarına qeydə alınmasına dair mübahisənin olub-olmamasını araşdırmayan məhkəmə birbaşa iddia tələbini mümkün saymamış, tərəfə inzibati prosessual qanunvericiliyin imperativ prinsipi kimi nəzərdə tutulan 13-cü maddəsinə əsasən şəhadətnamədə adları qeyd olunan digər şəxslərin də iddiaçı kimi qeyd edilməklə iddia ərizəsinin təqdim olunmasında yardım etməmişdir.

32. Digər şəxslərin ilkin müraciəti ilə bağlı da məhkəmə qeyd edir ki, mülkiyyətçilərdən birinə münasibətdə imtina məhz fərdi yaşayış evinə dair verilmişdir və digər şəxslərində yenidən müraciət edərək imtina alması formal xarakter daşıyacaqdır.

33. Beləliklə işə yenidən baxılan zaman məhkəmə yardım etmə vəzifəsini icra edərək yuxarıda qeyd olunan prosessual hərəkətləri həyata keçirməlidir.

34. Məhkəmə kollegiyası cavabdehin imtinasına aralıq inzibati akt kimi qiymət verilməsinə münasibətdə qeyd edir ki, aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır.

35. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə müddəalarına əsasən ərizənin icraatından imtina edildiyi qeyd olunmuş, icraatın təşkili və ya həyata keçirilməsi ilə bağlı tənzimləmə həyata keçirilməmişdir.

36. Bundan əlavə iddiaçının iddia qaldırmaqla üzərində mülkiyyət hüququnu rəsmiləşdirməyə nail olmağı arzuladığı tikili qanunvericiliyin tələblərinə uyğun prosedur qaydaya riayət olunmamaqla inşa edilsə də, artıq mövcuddur və tikinti başa çatmışdır. Eyni zamanda həmin tikilinin inşa edildiyi torpaq sahəsi xüsusi mülkiyyətdədir.

37. Bundan başqa fərdi yaşayış evi inşa olunan zaman müvafiq inzibati orqan tərəfindən hər hansı tədbirlər həyata keçirilməmiş, fərdi yaşayış evinin inşası başa çatdırılmışdır.

38. Halbuki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4. maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respubliksa Fövqəladə Hallar Nazirliyi) hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir:

39. 92.4.1. maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə.

40. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir.

41. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

42. Bununla yanaşı yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir.

43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə məhkəmə tərəfindən İPM-nin 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq müvafiq araşdırılma aparılmadan iddia tələbi mümkün hesab olunmamış, məhkəmə tərəfindən yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verilməmişdir. 44 Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

45. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

46. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılan zaman fərdi yaşayış evinin mülkiyyətdə olan torpaq sahəsinin üzərində, həmçinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilməməsi müvafiq prosessual hərəkətlər vasitəsi ilə - mütəxəssis dəvət etmək və ekspertiza təyin etmək yolu ilə araşdırılmalı, əmlakın yerləşmə yeri, vəziyyəti, tikinti normalarına uyğunluğu müəyyən olunmalı, həmçinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024cü il tarixli çıxarışında adları qeyd olunan şəxslərində birgə iddiaçı qismində qeyd olunmaqla müvafiq iddia ərizəsinin təqdim edilməsinə dair hüquqi yardım edilməklə işə baxılması davam etdirilməlidir.

47. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın əsaslılığına dair müəyyən edilməli əsas üzrə iddianın mümkün sayılmaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə:

49. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-653/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan müstəqil qaydada kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar