Məhkəmə qərarları › İş №2-1(104)-500/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-500/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-500/2025 05.03.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (toxucu və burucu) Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı “hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən - 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəldən - xx.xx.2021ci il tarixdən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi“ tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1356/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qərar qəbul etdi. İşin halları

1. İddiaçı X3 xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981ci il tarixədək “X5” MMC-nin 2 saylı toxucu sexində nizamlayıcı şagirdi, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 5-ci dərəcəli toxucu, xx.xx.1991-ci il tarixdən xx.xx.1991ci il tarixədək 2 saylı hazırlayıcı sexdə burucu şagirdi, xx.xx.1991-ci il tarixdən xx.xx.2004cü il tarixədək 4-cü dərəcəli burucu işləmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir.

2. İddiaçı xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuş və ona Cəlali soyadı verilmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla pensiya təyinatından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasının doldurulduğu tarix xx.xx.2004-cü ildir. Həmçinin, toxucu şagirdi və burucu şagirdi vəzifələri güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş burucu avadanlığının operatoru vəzifəsinə uyğun deyildir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən - 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəldən - xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə 28 avqust 1981-ci ildən başlamış, 01 yanvar 2006-cı ilə kimi ümumi stajı 21 il 2 ay, güzəştli stajı isə 11 il 6 ay təşkil edir. 1981-ci ilin sentyabr ayından 2003-cü ilin dekabr ayı da daxil olmaqla “X5” MMC-də (keçmiş Kirovabad Xalça-Mahud Kombinatı) işləmişdir. 1981-ci ilin sentyabr ayından 01 iyul 1991-ci ilə kimi 2 saylı toxucu sexində toxucu, 01 iyul 1991-ci il tarixdən dekabr 2003-cü ilə kimi 2 saylı hazırlayıcı sexdə burucu avadanlığının operatoru kimi zərərli peşədə işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə və müvafiq sənədlərlə müraciət edərək 52 yaşı tamam olduğu üçün 10 sentyabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsini “Əmək pensiyaları haqqında" qanunun 32.1-1. maddəsinə görə müraciət etdiyi tarixdən əvvəlki yəni 07 may 2021-ci il tarixdən təmin olunmasını xahiş etmişdir. 2020-ci ilin oktyabr ayında Gəncə şəhərinə atılan raketlərdən ikisi onun yaşadığı evin yaxınlığına düşmüş, yaşadığı ev köhnə olduğu üçün evinə güclü zərər dəymişdir. O, evinin əşyalarını başqa yerə daşıyıb evini təmir etmişdir. Həmin vaxt bir sıra sənədləri, o cümlədən əmək kitabçası və iş yerindən verilən arayışları itirmişdir. “X5” MMC-də kadrlar şöbəsinin rəisi Xalidə xanıma müraciət etmiş, Xalidə xanım arxivdən, kötükdən məlumatlar əsasında əmək kitabçasını yazıb vermişdir. 2008-ci ildə ona verilmiş güzəştli arayışın və işlədiyi dövrdəki əmək haqqı aldığı cədvəllərin surətləri də var. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 07 may 2024-cü il tarixdə müraciət etmiş, sonuncu tərəfindən 05 iyun 2024-cü il tarixli məktubla cavab verilmişdir ki, müraciətlə əlaqədar olaraq aidiyyəti üzrə sorğu verilmişdir. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. Həmin vaxtdan iddiaçının məhkəməyə müraciət etdiyi tarixə kimi 2 ay 15 gündən artıq vaxt keçmişdir. İyun ayının sonundan avqust ayının 19-na kimi dəfələrlə Mərkəzi Filialın ***-***-**-** nömrəli çağrı mərkəzinə zəng etmişdir. Hər dəfə də şifahi məlumatla araşdırma getdiyi bildirilmişdir. Ancaq bir müəssisədə işləmişdir və hesab edir ki, sənədləri qaydasındadır.

6. Cavabdeh inzibati orqanın yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

7. Gəncə İnzibati Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 27 may 2025-ci il tarixli, 2-1(114)-1356/2025 nömrəli (hakim: R.Tağıyeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi və pensiyanın xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla xx.xx.2015-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, o, xx.xx.1981-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Maraqlı şəxs MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, “X5” MMCnin xx.xx.2025-ci il tarixli, 87 nömrəli arxiv arayışından görünür ki, Məmmədova-İddiaçı 01 dekabr 1981-ci ildən 01 iyul 1991-ci ilə qədər 5-ci dərəcəli toxucu, 01 iyul 1991-ci ildən burucu şagirdi, 02 oktyabr 1991-ci ildən 01 dekabr 2004-cü ilə kimi burucu işləmişdir. Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısında “Burucu avadanlığının operatorları” və “Toxucular metal və sintetik tor toxuyan toxucular” işləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək Siyahıda nəzərdə tutulan işlərdə 20 ildən çox işləmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı qeydlər əsasında iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Həmçinin, iddiaçının işlədiyi “X5” MMC-nin arayışından da iddiaçının həmin müəssisədə 20 ildən artıq güzəştli pensiya hüququ verən işlərdə çalışması müəyyən olunur.

9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.2008-ci ilə qədər X4 işlədiyi dövrlər güzəştli staj kimi tərəflərindən qəbul edilmir. Belə ki, təqdim edilmiş arayışlar və əmək kitabçasında göstrilmişdir, o, burucu avadanlıqlarının operatoru vəzifəsində calışmışdır. Mərkəzi filial tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, əmək kitabçası 2004-cü ildə doldurulmuşdur. Bu baxımdan müəssisəyə sorğu göndərilmiş və müəyyən edilmişdir ki, iddiaçı burucu və nizamlayıcı şagirdi işləmişdir. Göründüyü kimi, iddiaçının arayışında və əmək kitabcasında göstərilmiş vəzifələrlə sorğuya cavabda göstərilmiş vəzifələr eynilik təşkil etmir. Bu səbəbdən də qeyd olunan illər güzəştli staj kimi nəzərə alınmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasıənda izahatında bildirdi ki, iddiaçı 1984-cü ildən 2004-cü ilə qədər X1 işləmişdir. Onun toxucu və burucu operatoru işlədiyi dövr cavabdeh tərəfindən nəzərə alınmır, lakin iddiaçı işləyib və əmək haqqı cədvəlləri vardır. Apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: … 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ... Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. …

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş) : Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ...

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. ... Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ...

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahıları”

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. ... Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. ...

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İş materiallarında olan sənədlərlə öz təsdiqini tapan hallardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1981ci il tarixədək “X5” MMC-nin 2 saylı toxucu sexində nizamlayıcı şagirdi kimi 3 ay 3 gün, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 5-ci dərəcəli toxucu kimi 9 il 7 ay, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 2 saylı hazırlayıcı sexdə burucu şagirdi kimi 3 ay 1 gün, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 4-cü dərəcəli burucu kimi 12 il 3 ay işləmiş, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, xx.xx.2008-ci il tarixdən işdən azad edilmişdir.

22. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək iddiaçının 22 il 4 ay 4 gün (3 ay 3 gün + 9 il 7 ay + 3 ay 1 gün + 12 il 3 ay) ümumi iş stajı vardır.

23. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 13-cü bəndində sadalanan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu abzası əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edildiyini müəyyən etmişdir.

24. Hazırki iş üzrə iddiaçının işlədiyi “X5” MMC tərəfindən verilmiş arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Başqa sözlə, əmək haqqı almamış, yəni məcburi dövlət sosial sığorta ödənilməmişdir. Belə olan halda, həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz.

25. İddiaçının ödənişsiz məzuniyyət dövrünün staja daxil edilməsi ilə bağlı analoji hal kimi istinad etdiyi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-138/2024 nömrəli qərarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin istinad olunan qərarında həmin iş üzrə iddiaçı xx.xx.2002-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, bu səbəbdən kassasiya instansiya məhkəməsi ödənişsiz məzuniyyət müddətinin ən çoxu 6 ayını sığorta stajına daxil etmişdir.

26. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 5-ci dərəcəli toxucu kimi 9 il 7 ay, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 2 saylı hazırlayıcı sexdə burucu şagirdi kimi 3 ay 1 gün, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 4-cü dərəcəli burucu kimi 12 il 3 ay işlədiyindən ümumilikdə, 22 il 1 ay 1 gün güzəştli stajı olmuşdur və qeyd olunan vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın “Toxuculuq istehsalatı” adlanan 32-ci bölməsində nəzərdə tutulmuş burucu avadanlığının operatorları vəzifəsinə uyğun olmuşdur.

27. Beləliklə, iddiaçının 52 yaşı xx.xx.2015-ci il tarixdə tamamlandığından və xx.xx.2006-cı il tarixə tələb olunan ümumi və güzəştli iş stajına malik olduğundan onun həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranır və ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

28. İddiaçıya təyin edilmiş pensiya ödənişinin müraciət tarixindən 3 il əvvəlki dövr üçün ödənilməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etdiyindən, həmin tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablanıb ödənilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Posessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1356/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar