Məhkəmə qərarları › İş №2-1(104)-501/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-501/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-501/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1591/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus xx.xx.1993-cü il tarixli NZ ******* nömrəli hərbi biletdə İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N () nömrəli hərbi hissənin, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi barədə qeyd edilmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 42-ci maddəsi tətbiq edilərək, döyüşə göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissənin İddiaçı cəzadan azad olunması barədə vəsatəti təmin olunmuş, İddiaçı Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1993-cü il tarixdə Tərtər RHKdan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 139 №-li əmrilə (əsas: §-1, səh-2, sıra-139) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilərək "kursant" vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N №-li əmrində (əsas: §-22, sıra-211) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilən şəxsi heyətin siyahısında 2-ci MAT-ın hərbi qulluqçusu İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N () №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §-1, səh-4, sıra-165) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 4-cü MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. 4-cü MATın hərbi qulluqçusu, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrilə (əsas: §-1, səh-11, sıra-9) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək Tərtər Qarnizonu Hərbi Tribunalının hökmünə əsasən, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunmuş (hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmasına görə) və hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 290 №-li əmrilə (əsas: §-5, səh-31) hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən, xx.xx.1995-ci il tarixdən hərbi hissədə xidmət edən, 1975-ci il təvəllüdlü, 3-cü MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmri ilə (əsas: §-2, səh-70, sıra-1) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli Q-2234 nömrəli arayışına əsasən Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1975-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonra xidmət yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 583 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin hərbi hissənin hansı ərazilərdə döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmadığından bu barədə məlumat verə bilmirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar erməni işgalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün xx.xx.1993-cü ildə Tərtər rayon Hərbi Komissarlıgı vasitəsilə həqiqi hərbi xidmətə çağırılaraq N №-li hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli 139§1№-li əmrilə həmin hərbi hissənin şəxsi heyətin siyahısına salınmışdır. Həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixli N №-li əmrilə həmin hərbi hissənin şəxsi heyət siyahısından çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilərək N №-li (N №-li ) hərbi hissənin tərkibinə verilmişdir. N №-li (N №-li ) hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1§1 №-li əmrilə xx.xx.1993cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 4-cü MAT-da atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 39§1 №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlıgına göndərilmişdir. Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995- cü il tarixli, 1-174/1995№-li hökmünə əsasən o, AR CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, lakin barəsində AR CM-nin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya - N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 290§5 №- li əmrilə şəxsi heyətin siyahısına salınaraq xidmətini həmin hərbi hissədə davam etdirmişdir. Həmin hərbi hissədə xidmətdə olarkən o, Füzuli və Qubadlı Qarnizonları Hərbi Tribunalının 26 avqust 1997-ci il tarixli qərardadı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən o, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduguna görə N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, 291§2 №-li əmrilə hərbi hissənin şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə iştirak etdiyi və AR CM-nin 42- ci maddəsinə əsasən döyüşən orduya göndərildiyi, orada da döyüşlərdə iştirak etdiyi və sonradan məhkəmə qərardadı ilə cəzadan azad edildiyi və məhkum olmayan hesab edildiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına və Qeyd hissəsinə əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər rayon Hərbi Komissarlığına, sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyanın katibi polkovnik-leytenant Elburus Mehdixanovun imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-12319 №-li cavab məktubunda bildirilmişdir ki, AR MN-nin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-4684 №-li arayışında xx.xx.1994-cü il tarixdən sonra xidməti yerini özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. O isə işin faktiki tərəfini nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız hərəkətləri hesab edir. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arxiv arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan zaman yəni, xx.xx.1994-cü il tarixdən sonra xidməti yerini özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1591/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: Maddə 243. Döyüş şəraitində hissəni və ya xidmət yerini özbaşına buraxıb getmək, bu getmə müddətinin nə qədər davam etməsindən asılı olmayaraq, ölüm cəzası ilə və ya 3 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmək cəzası ilə cəzalandırılır. Maddə 42. Müharibə dövründə hərbi xidmətçini və ya orduya çağırılmalı və ya səfərbər edilməli olan hərbi mükəlləfiyyətli şəxsi azadlıqdan məhrum etmək haqqında çıxarılmış hökmün icrası məhkəmə tərəfindən məhkumu döyüşən orduya göndərməklə, hərbi əməliyyatların qurtarmasınadək təxirə salına bilər. Bu hallarda məhkəmə əlavə cəzaların icrasını da təxirə sala bilər. Döyüşən orduya göndərilmiş məhkum özünü sosialist Vətəninin mətin müdafiəçisi kimi göstərərsə, o zaman müvafiq hərbi komandanlığın xahişi ilə məhkəmə onu cəzadan azad edə bilər və ya cəzanı başqa, daha yüngül bir cəza ilə əvəz edə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə,N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə ilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Tərtər RHKna göndərilmişdir. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur. Cavabdeh orqanın imtinasının yeganə əsası onun hərbi hissəni özbaşına tərk etmə faktıdır ki, həmin əmələ görə iddiaçı məhkum edilərək, barəsində çıxarılmış hökmün icrası hərbi əməliyyatların sonunadək təxirə salınmaqla, döyüşən orduya göndərilmiş və o, döyüşlərdə iştirak edərək, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Yuxarıda adı çəkilən Əsasnamənin Qeyd hissəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilməsinin mümkünsüzlüyü təsbit edilsə də, həmin hissədə iki istisna hal da qeyd olunmuşdur: - Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; - 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər. . İddiaçının hərbi xidmətində hərbi hissəni özbaşına tərk etmə faktı olsa da, o, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxs olduğundan cavabdeh orqanın iddiaçının hərbi hissəni özbaşına tərk etmə faktına istinadla, ona müharibə vetaranı adı və vəsiqəsi verilməsindən imtinası qanuni sayıla bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Gəncə İnzibati Məhkəməsi İddiaçı Tərtər Qarnizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və CM-nin 42-ci maddəsinin tətbiq edildiyini əsas götürərək iddianı təmin etmişdir. Tərtər Qarizonu Hərbi Tribunalının xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə xidməti yerini özbaşına tərk etməsi ilə deyil, onun xx.xx.1995-ci il tarixdə xidməti yerini özbaşına tərk etməsi ilə bağlı olmuşdur. Hökmdən göründüyü kimi, İddiaçı barəsində CM-nin 42-ci maddəsi xx.xx.1994-cü il tarixdə xidməti yerini özbaşına tərk etməsi ilə deyil xx.xx.1995-ci il tarixdə xidməti yerini özbaşına tərk etməsi ilə bağlı tətbiq edilmişdir. Belə ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/2-4684 nömrəli arxiv arayışına əsasən sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. Göründüyü kimi Əsasnamənin qeyd hissəsinə əsasən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmiş şəxslərə müharibə veteranı adı və ya vəsiqəsi verilmir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) proses iştirakçılarının izahatları İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Əsasnamə:

16. Həqiqi hərbi xidmətin başlanğıcı aşağıdakı günlər sayılır: a) əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidmətində: [13] çağırışçılar üçün — hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, idarələrinə, müəssisələrinə və təşkilatlarına) göndərilmək üçün hərbi komissarlığa gəldikləri gün; intizamsızlığa, oxumaq istəmədiyinə və müvəffəqiyyətsizliyinə görə hərbi təhsil müəssisələrindən xaric edilən kursantlar üçün — hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmaq haqqında əmr imza edilən gün; b) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində: müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — müddətdən artıq həqiqi hərbi xidmətə daxil edilmə və vəzifəyə təyin olunma haqqında əmr imza edilən gün; hərbi vəzifəlilər və qadınlar üçün — hərbi komissarlığın sərəncamında göstərilmiş xidmət yerinə gedilən gün;

20. Hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün;

“Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarınınverilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılovvə Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur.

Apellyasiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Apellyasiya icraatı zamanı verilmiş sorğu nəticəsində əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, xx.xx.1993-cü il tarixdə Tərtər RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1975-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 139 №-li əmrilə (əsas: §1, səh.-2, sıra-139) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək, "sıravi" hərbi rütbəsi verilməklə "kursant" vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 239 №o-li əmrində (əsas: §- 22, sıra-211; qeyd: əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Beyləqan döyüş əməliyyatları bölgəsinə göndərilən şəxsi heyətin siyahısında 2-ci MAT-ın hərbi qulluqçusu İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §1, səh.-4, sıra- 165) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq, 4-cü MAT-da "atıcı" vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyinə görə Tərtər RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü, 4-cü MAT-in hərbi qulluqçusu, sıravi İddiaçı N №- li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 №-li əmrilə (əsas: §1, səh.-11, sıra-9) hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, hərbi sənədləri Azərbaycan Respublikasının Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə təqsirli bilinərək Tərtər Qarnizonu Hərbi Tribunalının hökmünə əsasən, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin məcəllənin 42-ci maddəsi tətbiq olunmuş (hökmün icrası döyüş əməliyyatlarının sonunadək təxirə salınmasına görə) və hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 290 №-li əmrilə (əsas: §5, səh.-31) xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq 1-ci MAT-da "atıcı" vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 160 №-li əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğu üçün xx.xx.1995-ci il tarixdən hərbi hissədə xidmət edən, 1975-ci il təvəllüdlü, 3-cü MATun hərbi qulluqçusu, sıravi İddiaçı, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N №-li əmrilə (əsas: §2, səh.-70, sıra-1) xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Tərtər RHK-na göndərilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin mart-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Göründüyü kimi iddiaçı N №-li hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə (əsas: §1, səh.-4, sıra-165) xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq, 4-cü MAT-da "atıcı" vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Müdafiə Nazirliyinin 07 iyun 2024-cü il tarixli məktubundan da göründüyü kimi N №-li hərbi hissənin xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, iddiaçı isə N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq, 4-cü MAT-da "atıcı" vəzifəsinə təyin olunmuşdur. Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştirakı arxiv arayışları ilə öz təsdiqini tapmamışdır. Nəzərə almaq lazımdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Şəxsə müharibə veteranı adının verilməsi üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş başqa bir tələb isə, şəxsə aid hərbi biletdə onun döyüş əməliyyatlarında iştirakına dair aparılmış müvafiq qeydlərin hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları tərəfindən təsdiq olunması ilə bağlıdır. Belə ki, həmin normaların mahiyyətinə görə, müharibə veteranı adı hərbi bilet əsasında yalnız o şərtlə verilir ki, hərbi bilet şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilsin. Başqa sözlə, yuxarıda istinad olunan normalara görə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənəd kimi istinad etdiyi hərbi bilet yalnız hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda veteran adının verilməsi üçün keçərli və mötəbər sayıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən hərbi hissələrdə xidmət etsə də, o ümumqoşun ehtiyyatını təşkil etmişdir, başqa sözlə döyüş əməliyyatlarında birbaşa iştirak etməmişdir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya «Müharibə veteranı» adının və vəsiqənin verilməsindən imtina olunması qanuni olmuşdur. Birinci instansiya məhkəməsi isə bu kimi halların aşkara çıxarılması üçün hərtərəfli araşdırma aparmadığından iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir ki, bununla da məhkəmə tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı qərarın ləğv edilməsi üçün əsaslar müəyyən olunduğundan, apellyasiya şikayəti təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1591/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar