Məhkəmə qərarları › İş №2-1(104)-501/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-501/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-501/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1598/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətin müsbət həllindən sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-214517/2024 nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pənsiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə kəçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və maik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil.

İşdə olan sənədlər:

2. xx.xx.1982-ci il tarixli, NZ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.

3. xx.xx.1982-ci il tarixli, İT ******* nömrəli əmək kitabçasına və Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-13RA/2-İ-79-İ/2024 nömrəli arxiv arayışına əsasən, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Dağmədən Filizsaflaşdırma Kombinatında 2-ci dərəcəli köməkçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək həmin kombinatda 2-ci dərəcəli köməkçi, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək həmin kombinatda 2-ci dərəcəli köməkçi, xx.xx.1986-cı il tarixdən xx.xx.1989cu il tarixədək həmin kombinatda 4-cü dərəcəli ekskovator maşınisti köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 6-cı dərəcəli ekskovator maşınisti, xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Şimal-qərb mədənində 6-cı dərəcəli ekskovator maşınisti, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC Cənubi-Daşkəsən sahəsində 5-ci dərəcə ilə qazma dəzgah maşınisti, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Şimal-qərb mədənində qazma dəzgah maşınisti, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cənubi-Daşkəsən sahəsində ekskovator maşınisti işləmişdir.

4. Daşkəsən rayon Dövlət Arxivinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli, 143 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-xx.xx.2001, xx.xx.2004-xx.xx.2021-ci illərdə (Azərbaycan Dağmədən Filizsaflaşdırma Kombinatında) Daşkəsən "xxxx" ASC-də güzəştli şərtlə əmək pensiyası hüququ verən peşələrdə - ekskovator maşınist köməkçisi, ekskovator maşınisti vəzifələrində işləmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-19032/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dağ-mədən metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" QSC-nin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ciil 1 sentyabr tarixli 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D- 3236 nömrəsi ilə xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" ASC xx.xx.2022-ci il tarixində ləğv edilərək Azərbaycan Respublikası koommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Cəmiyyətlə bağlı müvafiq sənədlər "xxxx" ASCnin Cəmiyyətin Ləğvetmə Komissiyası tərəfindən arxivləşdirilərək Daşkəsən rayon Dövlət Arxivinə təhvil verilmişdir.

6. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/2-122278/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 34 il 1 ay 19 gün (xx.xx.2006-cı il tarixədək 20 il 5 ay 19 gün (xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1984-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.2001-ci il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 8 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, ekskavator maşinisti vəzifəsində işlədiyi "xxxx" ASC-nin ləğv edilməsi ilə əlaqədar xx.xx.2021-ci ildə işdən azad edilənədək əmək fəaliyyətnin 30 ilə yaxın hissəsini əmək şəraitinin xüsusilə zəzərli və ağır olan işlərdə keçirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən onun həmin Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərə əmək pensiyası hüququ var. Odur ki, güzətli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu isə müəssisədən arayış tələb edərək ona pensiya təmin etməkdən imtina etmişdir. Halbuki, həm əmək kitabçasında, həm də arxiv arayışında onun işlədiyi müddət və vəzifə açıq-aşkar qeydlərlə göstərilib. Hər iki sənəd dəqiqliklə qeyd edilib və bir-birini təsdiqləyir.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

10. Cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/2-13263/2025 nömrəli etirazın məzmunu xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ- 214517/2024 nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1598/2025 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının işlədiyi peşələr - qazma dəzgah maşınisti və ekskovator maşınisti peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri imtina və iddia tələbinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, tərəflərindən imtina edilməsinə yeganə əsas xüsusi stajı təsdiq edən iş yerindən arayışın iddiaçı tərəfindən təqdim olunmamasıdır.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

1. Dağ-mədən işləri. 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: - avtomobil sürücüləri (özüboşaldanların) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: - dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri - qazma qurğularının maşinistləri

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. İş materialları ilə müəyyən olunur ki, iddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, sonuncu müraciətin müsbət həllindən imtina edərək güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yeri arayışının təqdim edilməməsi səbəbindən onun güzəştli iş stajını müəyyən etməyin mümkün olmaması ilə əsaslandırmışdır.

25. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin olunmuşdur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

27. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşının, həmçinin azı 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının olması şərtləri ödənilməlidir.

28. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş və ümumi iş stajı ilə bağlı şərtlərin ödənilməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş və xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Həmçinin, iddiaçının əmək kitabçası və hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ümumi iş stajı 25 ildən çoxdur.

29. Cavabdeh yalnız xüsusi iş stajı ilə bağlı tələbi mübahisələndirməklə iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dağmədən Filizsaflaşdırma Kombinatında 4-cü dərəcəli ekskovator maşınisti köməkçisi, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin kombinatda 6-cı dərəcəli ekskovator maşınisti, xx.xx.1990-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Şimal/qərb mədənində 6-cı dərəcəli ekskovator maşınisti, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC Cənubi-Daşkəsən sahəsində 5-ci dərəcə ilə qazma dəzgah maşınisti, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “Şimal-qərb mədənində qazma dəzgah maşınisti, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cənubi-Daşkəsən sahəsində ekskovator maşınisti işlədiyi dövrləri xüsusi iş stajı kimi qəbul etmir və bunu güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair iş yeri arayışının təqdim edilməməsi ilə əsaslandırır.

30. Belə olan halda iddiaçının Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatına və "xxxx" ASC-də qazma dəzgah maşınisti və ekskovator maşınisti işlədiyi dövrlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən və Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğu müəyyən edilməlidir.

31. İddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 20-ci bəndində qeyd olunanlara əsasən iddiaçının işlədiyi - qazma dəzgah maşınisti və ekskovator maşınisti peşələri Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da nəzərdə tutulmuşdur. İddiaçının xüsusi iş stajına dair arayışı təqdim edəcək müəssisə hazırda mövcud deyil və iş materialları ilə müəyyən olunur ki, həmin müəssisə ilə bağlı müvafiq sənədlər "xxxx" ASC-nin Cəmiyyətin Ləğvetmə Komissiyası tərəfindən arxivləşdirilərək Daşkəsən rayon Dövlət Arxivinə təhvil verilmişdir.

33. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2- 19032/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Dağ-mədən metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" QSC-nin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində D- 3236 nömrəsi ilə xx.xx.2001-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" ASC xx.xx.2022-ci il tarixində ləğv edilərək Azərbaycan Respublikası koommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Cəmiyyətlə bağlı müvafiq sənədlər "xxxx" ASCnin Cəmiyyətin Ləğvetmə Komissiyası tərəfindən arxivləşdirilərək Daşkəsən rayon Dövlət Arxivinə təhvil verilmişdir.

34. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Dövlət Arxivinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli, 143 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-xx.xx.2001, xx.xx.2004xx.xx.2021-ci illərdə (Azərbaycan Dağmədən Filizsaflaşdırma Kombinatında) Daşkəsən "xxxx" ASC-də güzəştli şərtlə əmək pensiyası hüququ verən peşələrdə - ekskovator maşınist köməkçisi, ekskovator maşınisti vəzifələrində işləmişdir.

35. Göründüyü kimi mübahisəli dövrlər ərzində iddiaçının işlədiyi müəssisə hazırda mövcud olmadığından cavabdeh orqanın imtinasına səbəb olmuş sözügedən arayış həmin müəssisənin ləğvedicisi tərəfindən təhvil verilmiş Dövlət Arxivindən alınmışdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən arayışın birbaşa ləğv olunan müəssisə tərəfindən təqdim edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və bu onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən mübahisələndirilən dövrlər ərzində iddiaçının Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatına və "xxxx" ASC-də qazma dəzgah maşınisti və ekskovator maşınisti vəzifələrində işləməsi cavabdeh tərəfindən ümumi iş stajına hesablanmışdır.

37. Mötəbərlik prezumpsiyasının tələblərinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1 və 19.2-ci maddələri).

38. Odur ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

39. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1598/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar