Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-502/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-795/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1987-ci il tarixli 1 nömrəli akta əsasən İddiaçı xx.xx.1987-ci il tarixdə saat 08:30-da işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 80% itirmişdir. TSEK-in müayinə aktlarından çıxarışlardan məlum olur ki, İddiaçı xx.xx.2004-cü il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2005-ci il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1 il müddətinə, xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilərkən ona “Xəstəliklərin beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S29 – Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9... Diaqnozun mətni: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Astenonevrotik vəziyyət” diaqnozu qoyulmuşdur. "Azərbaycan Alüminiumu” ASC-nin arayışında qeyd edilir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2022-ci il tarixli 782 saylı "xxxx" ASC-nin idarəetməsində olan "xxxx" (Azəralüminium”) Səhmdar Cəmiyyətinin Gəncə “Gil-Torpaq” və Daşkəsən “Alünit” istehsalat sahələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə borclarının tənzimlənməsi barədə” Sərəncamına əsasən 2022-ci il sentyabrın 1-dək olan zərər ödənci tam ödənilmiş və 01 sentyabr 2022-ci il tarixinə vətəndaşa zərər ödənci üzrə borc qalmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023- cü il tarixdə qiymətləndirilərək tam reabilitasiya olması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmiş və may 2023-cü il tarixli tam reabilitasiya qərarı qəbul edilmişdir. Məlumatda iddiaçının diaqnozu “Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Asteno nevrotik vəziyyət” kimi müəyyənləşdirilmişdir. X1 xx.xx.2023-cü il taxirli tibbi rəyində göstərilmişdir ki, onurğa sütununun lumbar şöbəsinin KT müayinəsində Th11, Th12 fəqərə cismlərinin köhnə sınıqları və pazvari deformasiyası müşahidə olunur. Dural kisə və onurğabeyni dəyişiksizdir. Onurğanın deformasiyaedici osteoxondrozu müşahidə olunur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eksperetiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patokfunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2-ci qrup əlilliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ilin yanvar ayının 28-də istehsalatda işlədiyi "xxxx" ASC-nin Gəncə "Gil Torpaq" istehasalatı birliyində xəsarət alıb əmək qabiliyyətini 80% itirmişdir. Son zamanlara kimi o, İİ qrup əlil kimi pul almışdır. O, axırıncı dəfə xx.xx.2006-cı ildə komissiyadan keçmişdir. Həmin vaxtı onun müddətsiz olaraq aldığı xəsarətə görə müavinət almağı müəyyən edilmişdir. Qeyd edir ki, son zamanlarda, yəni 2022-ci ilin axırlarında müavinəti, yəni əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ kəsilmiş, onun təkrar komissiyadan keçməyi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli müayinə ilə bağlı verilmiş arayışda ona əmək qabiliyyətinin itirilməsi ilə bağlı verilmiş müavinət kəsilmiş, onun tam reabilitasiya olmağı göstərilmişdir. Bunu əsassız hesab edir. Belə ki, onun xəsarəti ilə bağlı 2006-cı ildə müayinə edilmiş və həmin xəsarətlə bağlı əlilliyi müddətsiz müəyyən edilmişdir. Ona görə də onun sağlamlığı ilə bağlı verilmiş rəylə razı deyil. O, tam reabilitasiya edilməmişdir. Halhazırda da xəstədir. Ona görə də onun 2-ci qrup əlilliyinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza Komissiyası əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın onun tam reabilitasiya olunması barədə may 2023-cü il tarixli qərarın ləğv edilməklə onun xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-795/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı “Tam reabilitasiya olunması” barədə may 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2006-cı il tarixdə istehsalat zədəsi səbəbilə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, məhkəmə cavabdeh orqanın hərəkətinin qanunauyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırma apararaq, cavabdeh orqana iddiaçıya xx.xx.2006-cı il tarixdə müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə ətraflı məlumat və bu barədə sənədlərin təqdim edilməsi barədə sorğu verilmişdir. Cavabdeh orqan sorğuya cavab məktubunda İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə qəbulda olduğun, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patokfunksional dəyişikliklər aşkar olunmadığından tam reabilitasiya olması barədə qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı onun əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar özünün etdiyi müraciət “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilməz. Əvvəla, iddiaçı məhkəmə iclasındasədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar heç bir yerə müraciət etməmişdir. O, yalnız 2022-ci ilin dekabr ayında xəsarət müavinəti kəsildikdən sonra bunun səbəbini öyrənmək üçün 2023-cü ilin əvvəllərində Gəncə şəhərində yerləşən Komissiyaya yaxınlaşmış, o da onu may ayında Bakı şəhərinə Agentlikdəki Komissiyada baxışdan keçməyə göndərmişdir. Orda onun əlillik sənədlərinə baxıb heç bir söz deməmişlər. İkinci dəfə 2023-cü ilin iyul ayında Agentlikdə olmuş, yenə heçnə demədən onu yola salmışlar. Avqust ayında ona məlum olmuşdur ki, əlilliyini ləğv etmişlər. İkincisi, hətta, iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti olsa belə, bu, onun əyani müayinəyə cəlb edilməsinə və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsinə əsas vermir. Üçüncüsü isə, həmin müraciətin həqiqətən edildiyini qəbul etəsk belə, bu müraciət iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. X1 xx.xx.2023-cü il taxirli tibbi rəyində göstərilmişdir ki, onurğa sütununun lumbar şöbəsinin KT müayinəsində Th11, Th12 fəqərə cismlərinin köhnə sınıqları və pazvari deformasiyası müşahidə olunur. Dural kisə və onurğabeyni dəyişiksizdir. Onurğanın deformasiyaedici osteoxondrozu müşahidə olunur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumi maddələri qeyd etməklə işin hallarını araşdırmayaraq əsassız nəticəyə gəlmişdir. Belə ki, obyektiv müayinədə şəxsin nevroloji statusunda kəllə-beyin sinirləri tərəfindən əlillik təyinatına əsas verən mikroocaqlı patologiya aşkar edilməmiş, hərəki sferada əzələ tonusu normal, Reflekslər canlı D=S olmuş, Piramid işarələr, patoloji reflekslər mənfi olmuş, yerimişdir. Həmçinin məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və əyani müayinə qərardadı qəbul etməyərək orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bundan əlavə şəxsin sənədlərində uyğunsuzluq aşkar edildiyindən o, əyani müayinəyə dəvət edilmiş və "Tam reabilitasiya olunması" na dair qərar qəbul edilmişdir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. d) Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, xx.xx.1987-ci il tarixli 1 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə saat 08:30-da işlədiyi "xxxx" ASC-nin Gəncə “Gil Torpaq” istehsalatı birliyində bədbəxt hadisə nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 80% itirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2004-cü il tarixdə və xx.xx.2005-ci il tarixdə 1 il müddətinə istehsalat zədəsi səbəbilə əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra İddiaçı əlillik vəziyyəti xx.xx.2006-cı il tarixdə qiymətləndirilərək Xəstəliklərin beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zədələnmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 – Döş qəfəsinin travmaları => S29 – Döş qəfəsinin digər dəqiqləşdirilməmiş travmaları => S29.9... Diaqnozun mətni: Döş fəqərələrinin kompression sınığından sonrakı qalıq əlamətləri.Astenonevrotik vəziyyət. Meyar: İkinci dərəcə əlillik =>Digər: döş fəqərələrinin compression sınığından sonrakı qalıq əlamətləri.Asteno nevrotik vəziyyət diaqnozu üzrə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciəti əsasında cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixdə o, əyani müayinə olunaraq barəsində tam reabilitasiya olması barədə may 2023-cü il tarixli qərar qəbul edilmiş və iddiaçının müddətsizi ikinci dərəcə əlilliyi ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməi Qaydaları”na uyğun həyata keçirilir. Sözügedən Qaydaların 3.7-ci bəndinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsinə dair TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübüt olmamış və cavabdeh orqan əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar iddiaçının etdiyi müraciəti əsasında onu əyani müayinəyə cəlb etmişdir. Kollegiya xüsusi olaraq vurğulayır ki, iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti Tibbi Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul edilmiş qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli olsa da, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutları təqdim etməmişdir. Belə ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində qeyd olunan məsələnin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Başqa sözlə cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatı barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar etdiyi müraciətinə sübüt kimi qiymət verərək əlillik təyinatına dair qərarı ləğv etməklə düzgün inzibati icraat aparmamışdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinə münasibətdə onu da qeyd edir ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası bütün sadalanan halları nəzərə alaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “tam reabilitasiya olması” barədə qəbul etdiyi qərar qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-795/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-502/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-502/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver