Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-503/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “X1 əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 80/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qızı X1 əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, körpə qızı X2 2021-ci ildən şəkər xəstəliyindən əziyyət çəkir, ona əlillik verilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, qızının əlilliyinin verilməsindən imtina edilmişdir. Qızı xx.xx.2018-ci il təvəllüdlüdür. İddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərdən də görünür ki, qızının şəkər xəstəliyi müalicə edilən xəstəlik deyil və son dövrdə heç kimə arzu etmədiyi xəstəlik olan bu xəstəlik daha da ağırlaşmışdır. O, artıq çarəsizlikdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı dəfələrlə təyin edilmiş Tibbi Sosial Ekspert Komissiyasından keçsə də, onun övladına cavabdeh tərəfindən əlillik dərəcəsinin verilməsi təmin edilmir. İddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən də görünür ki, cavabdeh tərəfindən onun övladına qarşı qanunsuzluq edilir. Sağlamlıq vəziyyəti ilə bağlı hər dəfə həkim ekspert komissiyasından qızını keçirmişdir və onun xəstəliyi hər hansı bir qondarma xəstəlik deyil və qızının xəstəliyi əsl həqiqi xəstəliklə bağlıdır.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində haqsızlığıa məruz qalmışdır. O, cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh orqanın etirazı onunla əsaslandırılmışdır ki, X1 əlillik vəziyyətinə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, Xəstəliklərin Beynəlxalq təsnifatı: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet” Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla., Şəkərli diabet İ tip, İmtina edilmənin əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, Xəstəliklərin Beynəlxalq təsnifatı: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet” Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla.. Şəkərli diabet İ tip, İmtina edilmənin əsas səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əsas diaqnozun fəsadlarını dəqiqləşdirmək ücün xəstəyə əlavə müalicə təyin edilir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-80/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(104)503/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə İddiaçı müraciətinə yenidən baxılaraq qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2-18703/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli məktubunda qeyd olunur ki, Elif Məmmədlinin əlillik vəziyyəti Şəmkir Rayon Mərkəzi Xəstəxanasının G00187338İAL nömrəli göndərişi əsasında elektron qaydada qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2029-cu il tarixədək) orqanizm funksiyasının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi məhkəmə kollegiyasının qərardadı əsasında yekun qərar qəbul edilənədək cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmiş, nəticədə iddiaçının qızına əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-80/2024 saylı qərarı ləğv olunmalı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qızının əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-80/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qızının əlillik dərəcəsinin müəyyən edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-503/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-503/2024
31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver