Məhkəmə qərarları › İş №2-1(104)-503/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-503/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-503/2025 01.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3631/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023cü il tarixli qərarı ilə İddiaçı barəsində tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 5 nəfər barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

İşdə olan sənədlər:

3. İddiaçı xx.xx.2008-ci il tarixdən “çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonrakı xəstəlik. 12 bamaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə” diaqnozu ilə müddətsiz ümumi xəstəlik səbəbi ilə İİ dərəcəli əlillik təyin edilmişdir.

4. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində ona ümumi xəstəlik səbəbindən xx.xx.2008-ci il tarixində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləvği barədə qərar qəbul edilmişdir.

5. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı Daşkəsən RMX-da “Ağ xətt yırtığı (XBT kodu - K40)” diaqnozu qoyulmuşdur.

6. xx.xx.2024-cü il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı X3 “Çoxsaylı qəlpə yaralanmasına görə laparasomiyadan sonrakı vəziyyət (XBT kodu – Y36.2), Q/b bitişmə xəstəliyi (XBT kodu – Z98.8), Hissəvi bağırsaq xəstəliyi (XBT kodu – K91.3), Həzm funksiyasının pozulması (XBT kodu – K91.2) və Qarının ön divarının ventral yırtığı (XBT kodu – K43.9), yanaşı xəstəlik – “bədənin çoxsaylı qəlpələri”” diaqnozları qoyulmuşdur.

7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filialın xx.xx.2023cü il tarixli 3-17-4/3-1-96794/2023 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən tam reabilitasiya olunduğu üçün əlilliyə görə sosial müavinət ödənişi dayandırılmışdır. Bu səbəbdən iddiaçının müavinətinin məbləğində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqödəmə aşkar edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sistemində artıqödəmə üzrə tutulmanın aparılması barədə məlumat aşkar edilməmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyi qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X6 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktub daxil olmuşdur. Həmin məktub əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-26623/2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Vətəndaşa dair göndərişin tarixi (2008-ci il) “Əlillik” altsisteminə keçilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyi üzrə ödənişlərin dayandırılmasına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci dərəcəli əlildir. İddiaçı qeyd edir ki, bu əlillik ona 2008-ci ildə, özü də müddətsiz verilmiş, buna baxmayaraq, yəni əlilliyi müddətsiz olduğu halda xx.xx.2023-cü ildən “reabilitasiya olunmusunuz” ilə əlilliyi üzrə ödənişlər dayandırılmışdır. Həmçinin, müddətsiz əlil heç vaxt reabilitasiya oluna bilməz. Aidiyyəti tibb komissiyası iddiaçının səhhətini 2008-ci ildə səhhətini yoxlamış, sağlamlığının bir daha geri qayıtmayacağını müəyyən etmiş, məhz buna görə 2-ci dərəcəli əlillik ona müddətsiz verilmişdir. İddiaçı qeyd edir ki, hələ uşaqlıqdan bağırsaq xəstəliyinə görə o, 2-ci qrup əlillik pensiyası almış, yəni o zamandan şikəstdir. İddiaçı Daşkəsən rayonu, Alaxançallı kəndində yaşayır. (işğal altında olmuş Kəlbəcər rayonu ilə həmsərhəddir). 1998-ci ildə baş verən döyüşlərin (post atışmalarının) birində qumbara atəşi altına düşmüş, qəlpələr bağırsağının 7 yerini dağıtmış, bir çoxu bədəninin başqa yerlərinə girmişdir. Bu qəlpələr iddiaçının mütəmadi sızladır, bağırsaqlarından əlavə mədəaltı vəzində də böyük problemləri var. İddiaçı bildirir ki, bu gün onu hədsiz incidən, gücünü əlindən alan, ağır əşya qaldırmağına imkan verməyən bu qəlpələrin sayını dəqiq bildirən həkim yoxdur. O qeyd edir ki, 3-4 kiloqramdan artıq yük qaldırmaq ölümünə səbəb ola bilər, ona görə də işləməyi, adicə qoyun-quzu saxlamağı mümkün deyildir. İddiaçı 3 nəfərdən ibarət ailə tərkibinə sahibdir, anası ağır formada şəkərdir, cərrah onu operasiya etməlidir, lakin bunun üçün pul yoxdur. Həyat yoldaşı da xəstə olduğu üçün işləmir, ailəsinin əldə etdiyi pullar anasının və arvadının dava-dərmamına sərf olunur. İddiaçı bildirir ki, 220 manat pensiya kəsiləndən sonra tamam zillətə düşmüş, belə ki, o, həqiqətən əlildir. Həmçinin, cavabdeh X7 Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məntiqsiz və əsassız rəyinə söykənib, onun əliliyinə xitam verilməsi qanunsuz hərəkətdir.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın və həmin qərar əsasında çıxarılmış xx.xx.2023-cü tarixli qərarın ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.

14. İddiaçı həmçinin xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

15. Cavabdehin iddia ərizəsinə qarşı xx.xx.2024-cü il tarixli etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsi dövründə almış olduğu travmadan mütəmadi olaraq əziyət çəkmiş, 1994-cü ildə travma almışdır. Lakin, sonrakı Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T80-T88 - Digər rubrikalarda təsnif olunmayan, cərrahi və terapevtik müdaxilələrin ağırlaşmaları => T88 -... X2: Çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonraki xəstəlik. 12 barmaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə. (DSMF məlumatlarına əsasən) Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib.

16. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2025-ci il tarixli etirazın məzmunu xx.xx.2024-cü il tarixli etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3631/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının tam və xx.xx.2023cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona xx.xx.2008-ci il tarixdən təyin edilmiş müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3631/2025 nömrəli qərardadı ilə inzibati iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3631/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmişdir.

20. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi vətəndaş X5 iddiaçının əlilliyinin əsassız olması barədə məktubunu qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən məzmunda olan məktub əlilliyin müəyyən olunması barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilə bilməz. Məhz əlilliyin əsassız olması qanunda nəzərdə tutulan qaydada təsdiq edilmədən bu cür əsası olmayan məlumatlar əsasında qüvvədə olan əlillik barədə qərarın yoxlanılmasını məhkəmə qanuni hesab etmir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətinin məzmunu etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etdi.

25. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdətutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır- 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

29. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən “çoxsaylı qəlpə yaralanmasına görə laparotomiya qarın boşluğu üzvlərinin bitişməsindən sonrakı xəstəlik. 12 bamaq bağırsağın xr xorası. Xr bağırsaq keçməməzliyi. Qidalanmanın pozulması ilə” diaqnozu ilə müddətsiz ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra cavabdeh əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçını 3-17-4/2-R-26623/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət etmiş, əyani müayinəsi keçirilmiş və barəsində xx.xx.2023-cü il tarixdə “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

33. Bundan başqa cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 5 nəfər (iddiaçı da daxil olmaqla) barəsində qüvvədə olan qərarın ləğv edilməsi və “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir.

34. Yuxarıda qeyd edilən normalara əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

35. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2008-ci il tarixdə müddətsiz təyin edilmiş ikinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasın həmin əlillik təyinatının əsassız olması ilə əlaqədar X6 tərəfindən Agentliyə daxil olmuş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktub olduğunu bildirmişdir və cavabdeh orqanın qərarının məzmunundan müəyyən edilir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı əyani müayinəyə dəvət olunmuş, yekunda barəsində “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin yaranması əsası kimi qeyd olunan məktub yuxarıda göstərilən səbəblərə görə mübahisələndirilən qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilə bilməz.

37. Belə ki, hər hansı müraciət (məktub), yaxud sənəd TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi o zaman qəbul edilə bilər ki, iddiaçının əlilliyi ilə bağlı hallara aid şübhəli məsələni ortaya çıxarmış olsun. Lakin hazırki halda həmin ərizədə iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq qeydlər aparılmamış, cavabdeh inzibati orqan da iddiaya qarşı yazılı etirazında və apellyasiya şikayətində qəbul etdiyi qərarların əsaslılığına dair hər hansı əsaslandırma təqdim etməmişdir.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Şəxsin barəsində qəbul edilmiş əlverişsiz inzibati akt inzibati icraat aparılmaqla qəbul edilməli, əlillik əlamətinin müəyyən olunmamasını və əvvəlki qərarın düzgün qəbul edilməməsini təsdiq edən sübutlar toplanmaqla hüquqi qiymət verilməli idi. Belə ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir.

39. Başqa sözlə qanunvericilik şəxsə əlilliyin təyin olunmasını birmənalı olaraq bu barədə səlahiyyətli orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, inzibati orqan kimi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi barəsində əlillik təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.

40. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci yarımbəndinə əsasən, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ödənilmədiyi halda məhkəmə iddianı təmin etmişdir.

41. Qeyd olunmalıdır ki, hazırki işin faktiki hallarına görə mübahisə cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktdan verilmiş şikayətdən qaynaqlanır. Bundan başqa qeyd olunan əlverişsiz inzibati aktda ümumiyyətlə cavabdehin apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci maddəsinə istinad olunmamışdır.

42. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3631/2025 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar