Məhkəmə qərarları › İş №2-1(104)-509/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-509/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-509/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-855/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

2. ИТ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı Nurəddin oğlu xx.xx.1981-ci il tarixdən etibarən müxtəlif müəssisələrdə hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.

3. “X10 Emalı” ASC-nin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı Nurəddin oğlu həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Mis milli qablar sexində lehimləyici, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Mis milli qablar sexində usta peşəsində işləmişdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuşdur.

4. ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı Nurəddin oğluna güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən, xx.xx.1980-ci il (2 il, 12 gün) tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdə Gəncə 1 saylı Şərab zavoduna fəhlə qəbul olunmuş, xx.xx.1982-ci ildə (1 il, 05, 10 gün) işdən azad olunmuşdur, xx.xx.1982-cı il tarixdə Gəncə Əlvan-Metal Emalı zavodunun mis-milli qablar sexində tokar abdurşik işinə qəbul olunmuş, xx.xx.1983-ci il tarixdə həmin sexdə lehimləyici işinə dəyişirilmişdir. xx.xx.1987-ci il tarixdə həmin sexdə briqadir təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə həmin sexdə 2-ci dərəcə lehimləyici növbə ustası təyin edilmiş, xx.xx.2002-ci il tarixdə həmin zavodun mis-milli qablar sexində növbə ustası kimi müvəqqəti məsul növbətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə həmin zavodun mühafizə şöbəsinə növbələr üzrə böyük gözətçi keçirilmiş, xx.xx.2004-cü il tarixdə həmin zavodun Latun qablar sexinə briqadir keçirilərək, xx.xx.2006-cı il tarixdə öz xahişi ilə işdən azad olunmağı barədə müdiriyyətə ərizə yazsa da, yalnız xx.xx.2006-cı ildə Gəncə Əlvan-Metal Emalı zavodundan işdən azad olunmuşdur. 2006-cı ilin dekabr ayının 1-dən Gəncə X5 Cəmiyyətinə çilingər təyin edilmiş, xx.xx.2022-ci il tarixdən Gəncə X5 Cəmiyyətinin Avadanlıqların təmiri nəqliyyat və xüsusi texnika sahəsində təmirçi-çilingər işinə təyin edilmişdir, hal-hazırda da həmin işdə işləyir. “X10 Emalı” ASC-nin 15 aprel 2022-ci il tarixli nömrəli rəsmi arayışında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarına əsasən İddiaçı həqiqətən də güzəştli peşə hesab edilən işdə 18 il 11 ay, 20 gün işləmişdir. Belə ki, o xx.xx.1983-cü il tarixdən, xx.xx.1994-ci il tarixə kimi həmin zavodun Mis milli qablar sexində lehimləyici, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixə kimi Mis milli qablar sexində usta işləmişdir. Onun hesablamalarına görə 2006-cı ilin yanvar ayının 1-nə kimi onun həqiqi hərbi xidmətlə birlikdə 28 il, 13 gün ümumi əmək stajı var, onun da 18 il, 11 ay, 20 gününü isə güzəştli peşə hesab edilən işdə işləmişdir. Bu günə kimi isə 45 ildən artıq ümumi əmək stajı vardır. İddiaçı hesab edir ki, güzəştli şərtlərlə pensiya almaq hüququ 2006-cı ilin 1 yanvarından yarandığından ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, əmək kitabçasında iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “X10 Emalı” ASC-də briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştl iş stajı 12 il 6 aydan az təşkil edir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə, çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nda 12100000-16456 kodu üzrə tərkibində 1-2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçının 13 avqust 1981-ci il tarixli ИТ-l ******* nömrəli əmək kitabçasında xx.xx.1987xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X10 Emalı” ASC-də briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, “X10 Emalı” ASC-nin 15 aprel 2022-ci il tarixli 27 nömrəli arayışında istinad olunan yuxarıda qeyd olunmuş qərarla təsdiq edilən vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 11 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-855/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, İddiaçı hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilkdə 25 ildən çoxdur, eyni zamanda tələb olunan güzəştli sığorta stajı da (13 il 5 ay 11 gün) mövcuddur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-855/2023 saylı qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmidir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə, çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda 12100000- 16456 kodu üzrə tərkibində 1- 2-ci sinif təhlükəli zərərli maddələr olan lehimlər və ya kanserogenlər, həmçinin qurğuşun tərkibli lehim və qalay məmulatlarının isti üsulla lehimlənməsi və qalaylanması ilə məşğul olan lehimləyicilər, qalayçılar peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən iddiaçının 13 avqust 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X10 Emalı” ASC-də briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, “X10 Emalı” ASC-nin iddiaçıya dair 15 aprel 2022-ci il tarixli, 27 nömrəli arayışında istinad olunan yuxarıda qeyd olunmuş qərarla təsdiq edilən vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 4 ay 11 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2-1(114)-855/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, inzibati işə əlavə edilmiş “X10 Emalı” ASC-nin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışında qeyd olunur ki, İddiaçı həqiqətən xx.xx.1983cü il tarixdən xx.xx.1987-ci il tarixə kimi, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə kimi Mis milli qablar lexində lehimləyici, (1 nömrəli siyahı, 35-ci yarımbölmə, kod 12100000-16456), xx.xx.1994-cü il tarixdən, xx.xx.2002-ci il tarixə kimi mis milli qablar sexində usta peşəsində (2 nömrəli siyahı, 136-146 -cı yarımbölmə, kod 2150500b-23428; 2150400b-23187) işləmişdir və həmin peşələr Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuşdur. Həmin arayışla iddiaçının 13 il, 5 ay, 11 gün güzəştli sığorta stajı öz təsdiqini tapır. xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi, onun da 13 il, 5 ay, 11 günü güzətli sığorta stajı olduğundan, iddiaçıya münasibətdə qüvvədə olan Qanunun 9.8-ci maddəsinə əsasən köhnə Qanun tətbiq edilməli, ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalıdır. İnzibati işə qeyd edilən güzəştli staj barədə rəsmi arayış əlavə olunsa da, apellyasiya şikayətində cavabdehin, yenidən bu xüsusata baxılmasını xahiş etməsi başa düşülən deyil. İddiaçı cavabdehin apellyasiya şikayətində göstərilənlərlə razılaşmayaraq etiraz edir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək stajına güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bu hissədə də iddia tam əsaslı və qanunidir. Ona görə ki, iddiaçı xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajına malik olmuş, bunun da 12 il 6 aydan artığını güzəştli peşədə işləmişdir. İddiaçıya münasibətdə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi tətbiq edilməli və 57 yaşı tamam olan vaxtdan ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Yuxarıda qeyd edilən əsas və səbəblərə görə hesab edir ki, cavabdehin yazdığı apellyasiya şikayəti tam əsassız və qanunsuzdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-855/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, odur ki, təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-855/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

Azərbaycan Respublikası Konstitusiyası

18. Maddə 38, bənd 1 hər kəsin sosial təminat hüququ vardır.

19. Maddə 38, bənd 3 hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə

20. Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt

21. Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

23. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.

24. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

25. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

26. Maddə 9.8. 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

27. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunu

28. Maddə 13. Bənd “b” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

29. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

30. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

31. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

34. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir.

35. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

36. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

37. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

38. İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

39. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

40. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

41. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

42. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

43. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

44. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

45. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

46. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

47. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

48. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

52. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsini və ona hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı cavab məktubu ilə güzəştli iş stajının 12 il 6 aydan az olduğuna və güzəştli arayış təqdim etmədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

53. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq İddiaçı tələb etdiyi pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi.

54. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci ildə yaranmışdır. İşin bu halı da cavabdeh inzibati orqan tərəfindən qəbul edilir.

55. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasında əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir.

56. Cavabdeh inzibati orqanın imtinasının, həmçinin apellyasiya şikayətinin dəlillərində iddiaçının güzəştli şərtlərlə sosial sığorta stajının qanunvericiliklə nəzərdə tutulmuş 12 il 6 aydan az olması mübahisələndirilmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

58. İş materiallarına əlavə edilmiş “X10 Emalı” ASC-nin xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Mis milli qablar sexində lehimləyici (1 nömrəli siyahı, 35-ci yarımbölmə, kod 12100000-16456), xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Mis milli qablar sexində usta peşəsində (2 nömrəli siyahı, 136-146-cı yarımbölmə, kod 2150500b-23428; 2150400b-23187) işləmişdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuşdur.

59. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən güzəştli şərtlərlə sosial sığorta staj kimi qəbul edilən dövrlərə münasibətdə qeyd edir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli siyahı, 35-ci yarımbölmə, kod 12100000-16456; 2 nömrəli siyahı, 136-146-cı yarımbölmə, kod 2150500b-23428; 2150400b-23187 nəzərdə tutulmuşdur.

60. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək dövr ərzində “X10 Emalı” ASC-də işlədiyi briqadir vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmin xüsusata münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən dövr güzəştli şərtlərlə sosial sığorta staj kimi ümumiyyətlə nəzərə alınmamışdır.

61. Beləliklə, müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilkdə 25 ildən artıq olmaqla, həmin ümumi stajın 13 il 5 ay 11 günü tələb olunan güzəştli stajına aid olması təsdiqini tapmışdır. Qeyd olunan güzəştli şərtlərlə sosial sığorta stajının iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajına daxil olduğunu nəzərə alındıqda onun fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına ehtiyac qalmır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçı 25 ildən çox ümumi staja və 12 il 6 aydan artıq güzəştli sığorta stajına malikdir və həmin qanunda pensiya kapitalı tələbi olunmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçı tələb olunan yaş həddində olmaqla, eləcə də tələb olunan sosial sığorta stajına malikdir və qeyd olunan sosial sığorta stajının 12 il 6 aydan çox hissəsi iddiaçının zərərli və ağır peşələrdə olan iş stajına daxildir.

62. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-1(114)-855/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar