Məhkəmə qərarları › İş №2-1(104)-51/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-51/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-51/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-534/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1993-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, İddiaçı ”İnşaatçı” X1 üzvüdür. Ona Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il 3859 nömrəli sərəncamına əsasən Avtozavod yolu ərazisində. sahənin ölçüləri 16x 25 metr olmaqla 400 kv.m torpaq sahəsi verilmişdir. “İnşaatçı” X1 xx.xx.1992-ci il tarixli protokol qərardan çıxarışdan görünür ki, xx.xx.1992-ci il 06 nömrəli protokol əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyinin üzvü İddiaçı 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən İddiaçı istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” səndərinin hazırlanmasına dair rəydən görünür ki, İddiaçı istiafadəsində olan 400 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü“ 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi etiraz etmir. A№041737 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndən görünür ki, sənəd İddiaçı Gəncə Şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı əsasında və Həmkarlar Təşkilatının xx.xx.1992-ci il tarixli, 06 saylı protokoluna əsasən 400kv.m torpaq sahəsi bağ evi tikmək təyinatı üzrə tərtib edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gəncə filialının 16 avqust 2022-ci il tarixli, 934(250)/3 nömrəli arxiv arayışında qeyd olunur ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 1992-ci il tarixli, 3859 nömrəli sərəncamı ilə 3 nömrəli tikinti quraşdırma trestinə, Böyük vətən müharibəsi iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 30 sentyabr 2021-ci il tarixli, **********53 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı müraciətinin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi, “İnşaat” X4 tərəfindən ayrılmış arxiv sənədlərin təhvil verilməməsi səbəbindən icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki sitifadəsində 400 kv.metr torpaq sahəsinin olduğu müəyyən edildi. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış, İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv metr torpaq sahəsinin 327,13 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 24 aprel 2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi elektron baza məlumatlarına əsasən digər şəxs və ya şəxslərin istifadəsində olmaqla bələdiyyə mülkiyyəti, 17,33 kv.metr hissəsi digər şəxs və ya şəxslərin istifadəsində olmaqla xüsusi mülkiyyəti, 39,40 kv.metr hissəsi isə yol ilə üst-üstə düşdüyü və bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2952/2023 nömrəli məktubunda qeyd olunur ki, mövcud olan hüquqmüəyyənedici sənədlər, mülkiyyət, istifadə və icarə hüququna dair tərtib olunmuş şəhadətnamə, dövlət aktı və daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış çıxarış aənədlərinə eyni zamanda, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi, AzCad məlumatları və Gəncə şəhəri Kəpəz bələdiyyəsinin xəritəsinin elektron məlumatlarına istinad edilmişdir. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən korrdinatlara əsasən 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi bələdiyyə mülkiyyətinə (elektron baza məlumatlarına əsasən) aid torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin digər 39,40 kv.metr hissəsi isə faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 400 kv.metr torpaq sahəsinin 17,33 kv metr hissəsi **********83 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan qəsəbəsi, Behbud ağa Şahtaxtinski küçəsində 0,04 ha torpaq sahəsi X3 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İnşaatçı” X4 tərəfindən verilmiş 06 saylı protokol əsasında, 400 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı ilə Avtozavod ərazisində ona ayrılmış 400 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında 400 kv.m torpaq sahəsi Avtozavod ərazisində 3859 saylı sərəncam əsasında ona ayrılmışdır. Sənədlərin surətini cavabdehə təqdim etməklə çıxarışın verilməsini xahiş etsə də, cavabdeh tərəfindən bundan əsassız olaraq imtina edilmişdir. Cavabdeh imtinaya əsas kimi qeyd etmişdir ki, müraciətə torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər əlavə edilməmiş, həmçinin “İnşaatçı” X4 tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədləri cavabdehə təhvil verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə (10.2.1.) bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və (10.2.4.) dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşnmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 -ci məddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəəyyən olunmuş qaydada aparır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları ərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edliən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sadalananlara görə iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-534/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib müəyyən etmişdir ki, həm “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, həm də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə ki, cavabdehin etiraz məktubunda imtinanın əsası kimi göstərdiyi «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.7- ci maddəsində nəzərdə tutulmuş şərt ödənilsə də (üzvlərin iclasının protokolundan çıxarış), cavabdeh orqan iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olan müraciəti ilə bağlı aparılmış araşdırma zamanı “İnşaatçı” X4 tərəfindən ayrılmış torpaq sahəsinə arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı 3 saylı Ərazi İdarəsinin mühəndisi tərəfindən mübahisəli torpaq sahəsi yerində baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi digər 2 nəfər X5 (**********1007) və X2 (**********0960) məxsus “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr sənədləri) ilə üst-üstə düşür. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından ləğv olunmalıdır. İddiaçı hazırda 400 kv.m ha torpaq sahəsinin məhz ona bağ sahəsi kimi ayrılmış torpaq sahəsi olduğunu iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında və iş materiallarını araşdırmadan işə baxmış, iş üzrə ekspertiza təyin etməmişdir. Torpaq sahəsinə dair “İnşaatçı” bağçılıq cəmiyyətinin protokoldan çıxarışı, cəmiyyətin adlı siyahısı, torpaq sahəsinin təsdiq edilmiş plan sxemi təqdim edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 10 may 2023-cü il tarixli, 2/1(104)51/2023 saylı qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, X6 onun qonşusudur, onların torpaq sahəsi üst-üstə düşmür, hazırda onun faktiki istifadəsində 4 sot torpaq sahəsi vardır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...

11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin edilməsinə dair düzgün nəticəyə gəlməmiş və torpaq sahəsinin sənəd üzrə hüquqi vəziyəti araşdırılmamışdır. Bu əsasla Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2- 1(104)51/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(114)-534/2022 nömrəli qərarı qismən- “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində İddiaçı ayrılmış 17,33 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Hazırki məhkəmə araşdırılmasının predmeti iddia tələbinin İddiaçı ayrılmış 382,67 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının mümkünlüyüdür. İşin halları ilə müəyyən olunur ki, “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində İddiaçı torpaq sahəsi ayrılmışdır. İddiaçı ona ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etsə də sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi İddiaçı müraciətinə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi, “İnşaat” X4 tərəfindən ayrılmış arxiv sənədlərin təhvil verilməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə tərəfindən iddia tələbi tam təmin edilməklə səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki sitifadəsində 400 kv.metr torpaq sahəsinin olduğu müəyyən edildi. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış, İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv metr torpaq sahəsinin 327,13 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 24 aprel 2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi elektron baza məlumatlarına əsasən digər şəxs və ya şəxslərin istifadəsində olmaqla bələdiyyə mülkiyyəti, 17,33 kv.metr hissəsi digər şəxs və ya şəxslərin istifadəsində olmaqla xüsusi mülkiyyəti, 39,40 kv.metr hissəsi isə yol ilə üst-üstə düşdüyü və bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli, 3-21-3-33/2-2952/2023 nömrəli məktubunda qeyd olunur ki, mövcud olan hüquqmüəyyənedici sənədlər, mülkiyyət, istifadə və icarə hüququna dair tərtib olunmuş şəhadətnamə, dövlət aktı və daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış çıxarış aənədlərinə eyni zamanda, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi, AzCad məlumatları və Gəncə şəhəri Kəpəz bələdiyyəsinin xəritəsinin elektron məlumatlarına istinad edilmişdir. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən korrdinatlara əsasən 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi bələdiyyə mülkiyyətinə (elektron baza məlumatlarına əsasən) aid torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin digər 39,40 kv.metr hissəsi isə faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 400 kv.metr torpaq sahəsinin 17,33 kv metr hissəsi **********83 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi İddiaçı adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən korrdinatlara əsasən 400 kv.metr torpaq sahəsinin 39,40 kv.metr hissəsi faktiki olaraq ümumi istifadədə olan yol olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Bu isə ümumi istifadədə olan yol üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına səbəb olacaqdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə iddia tələbi təmin oluna bilməz və birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı adına tərtib edilmiş A ******* nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədində göstərilən korrdinatlara əsasən 343,27 kv.m torpaq sahəsinə dair hüquqların qeydə alınması ilə bağlı məhkəmə tərkibi hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.1993-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, İddiaçı ”İnşaatçı” X1 üzvüdür. Ona Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il 3859 nömrəli sərəncamına əsasən Avtozavod yolu ərazisində, sahənin ölçüləri 16x 25 metr olmaqla 400 kv.m torpaq sahəsi verilmişdir. “İnşaatçı” X1 xx.xx.1992-ci il tarixli protokol qərardan çıxarışdan görünür ki, xx.xx.1992-ci il 06 nömrəli protokol əsasında Avtozavod ərazisində bağçılıq üçün birliyinin üzvü İddiaçı 400 kv.m torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsi tərəfindən İddiaçı istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” səndərinin hazırlanmasına dair rəydən görünür ki, İddiaçı istiafadəsində olan 400 kv.m torpaq sahəsi üçün “Torpaq sahəsinin planı və ölçüsü“ 1 saylı nümunənin hazırlanmasına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsi etiraz etmir. A№041737 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»ndən görünür ki, sənəd İddiaçı Gəncə Şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı Sərəncamı əsasında və Həmkarlar Təşkilatının xx.xx.1992-ci il tarixli, 06 saylı protokoluna əsasən 400kv.m torpaq sahəsi bağ evi tikmək təyinatı üzrə tərtib edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Gəncə filialının 16 avqust 2022-ci il tarixli, 934(250)/3 nömrəli arxiv arayışında qeyd olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 23 noyabr 1992-ci il tarixli, 3859 nömrəli sərəncamı ilə 3 nömrəli tikinti quraşdırma trestinə, Böyük vətən müharibəsi iştirakçılarına və 3 nömrəli rayonlararası təmir tikinti trestinə bağ yeri üçün 8,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Yuxarıda qeyd olunan sübutlar məhz 343,27 kv.m torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təsdiq edir və həmin sənədlər qüvvədə olmaqla nə cavabdeh nə də digər şəxs tərəfindən mübahisələndirilməmişdir. Odur ki, “İnşaatçı” X4 tərəfindən ayrılmış torpaq sahəsinə arxiv sənədlərinin ərazi idarəsinə təhvil verilməməsi şəxsin mülkiyyət hüququna müdaxiləyə mütənasib hesab edilmir. Digər tərəfdən sənədlərin arxivə təhvil verilməməsi şəxsin məsuliyət sferasına aid deyildir. Apellyasiya şikayətində qeyd olunan torpaq sahəsinin digər 2 nəfər X5 (**********1007) və X2 (**********0960) məxsus “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr sənədləri) ilə üst-üstə düşməsi dəlililinin araşdırlıması ilə bağlı təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki sitifadəsində 400 kv.metr torpaq sahəsinin olduğu müəyyən edildi. xx.xx.2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış, İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv metr torpaq sahəsinin 327,13 kv.metr hissəsi iddiaçının faktiki istifadəsində olan torpaq hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. 24 aprel 2008-ci il tarixdə dövlət kadastr kitabında 950 nömrə ilə qeydiyyata alınmış İddiaçı adına tərtib edilmiş A-041737 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar əsasında 400 kv.metr torpaq sahəsinin 14,77 kv.metr hissəsi elektron baza məlumatlarına əsasən digər şəxs və ya şəxslərin istifadəsində olmaqla bələdiyyə mülkiyyəti, 17,33 kv.metr hissəsi digər şəxs və ya şəxslərin istifadəsində olmaqla xüsusi mülkiyyəti, 39,40 kv.metr hissəsi isə yol ilə üst-üstə düşdüyü və bələdiyyə mülkiyyətinə aid olduğu müəyyən olundu. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin 343,27 kv.m hissəsinin hüquqi və faktiki olaraq İddiaçı istifadəsində və sahibliyində olması, eyni zamanda həmin hissədə üçüncü şəxslərin hər hansi mülkiyyət hüququnun mövcud olmaması apellyasiya icraatı zamanı təqdim olunan mütəxəssis rəyi ilə öz təsdiqini tapmışdır. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış qeyd olunmuşdur. Beləliklə iddiaçının ona “İnşaatçı” X1 xx.xx.1992-ci il tarixli protokol qərarı əsasında ayrılan torpaq sahəsinin 343,27 kv.m hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün ilkin hüquqmüəyyənedici sənədlər mövcuddur və həmin sahə ilə bağlı hər hansı bir mübahisə yoxdur. Hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən torpaq sahəsinin ayrılmasına dair sərəncam vermiş “İnşaatçı” X1 sənədlərinin təqdim edilməməsi vətəndaşın vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-534/2022 nömrəli qərarı “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində İddiaçı ayrılmış 382,67 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. “İnşaatçı” X4 tərəfindən xx.xx.1992-ci il tarixli, 06 saylı protokol əsasında Gəncə şəhər İHB-nın xx.xx.1992-ci il tarixli, 3859 saylı sərəncamı ilə Avtozavod ərazisində İddiaçı ayrılmış 343,27 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar