Məhkəmə qərarları › İş №2-1(104)-51/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-51/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-51/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-263/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 2 nömrəli rəyindən görünür ki, 3 nəfər vətəndaşa həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.30 ha olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir, həmin torpaq sahəsi perspektiv inkişaf fond torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

2. Xanlar bələdiyyəsi, Azərbaycan Respulikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb İddiaçı 0,12 hektar, X1 0,12 hektar və X2 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir.

3. Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarından çıxarışdan məlum olur ki, Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb İddiaçı 0,12 hektar, X1 0,12 hektar və X2 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

4. xx.xx.2007-ci il tarixli, 891 nömrəli “Torpaqların alqı-satqısına dair” aktına əsasən Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə satılmış 0.12 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 520 manat pul ödənilmişdir.

5. Xanlar bələdiyyəsinin yerquruluşu planından çıxarışdan məlum olur ki, Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən 3 nəfər Xanlar rayon sakininə ayrılmış 0.12 ha torpaq sahəsi həmin planda qeyd olunmuşdur.

6. Göygöl bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sərhəd xətlərinin uc nöqtələri həmin planda qeyd olunmuşdur.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin (bundan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi) 06 may 2022-ci il tarixli, **********21 nömrəli məktubuna əsasən İddiaçı müraciətinin təmin edilməsindən torpaq sahəsinin yerinin və ölçüsünü müəyyən edən sənəd təqdim edilmədiyindən, bələdiyyə qərarı ilə arxiv məlumatları arasında uyğunsuzluq olduğundan imtina edilmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8571/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, daxil olmuş materiallarda Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin məkan göstəricisinin (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı naturada təqdim olunan 0,06 ha torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0,06 ha torpaq sahəsi Göygöl rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazisinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Naturada təqdim olunan 0,06 ha torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xətti keçmədiyi müşahidə olunur. Həmin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə idarənin elektron baza materiallarına məlumat aşkarlanmadı. Naturada təqdim edilən 0,06 ha torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədi və üst-üstə düşmə halı aşkarlanmadı.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11749/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Daxil olmuş mülki iş materiallarında, Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə istinad edilmişdir. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətidir. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən Ehtiyyat Fond torpaqları kateqoriyasına aid olan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində, sözügedən torpaq sahəsinin təyinatı barədə məlumat qeyd olunmamışdır. Lakin, ortofoto xəritə materiallarında həmin sahə əkin sahəsi olaraq göstərilmişdir.İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı. Yuxarıda qeyd olunduğu kimi, daxil olmuş mülki iş materiallarında, Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə istinad edilmişdir. Həmin 0.12 ha torpaq sahəsi üzərində, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli 06 nömrəli qərarı ilə 0.06 ha verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xanlar bələdiyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikdirmək üçün Xanlar bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 5 nəfər şəxsə o, cümlədən iddiaçıya torpaq sahəsi satılmışdır. Hazırda ona satılmış torpaq sahəsində fərdi yayşayış evi tikilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir.

12. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən iddia “Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli 06 nömrəli qərarı ilə verilmiş 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiaya dəyişdirilmişdir.

13. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********72 nömrəli etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı, müraciətə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, müraciətə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 06 saylı bələdiyyə qərarı ilə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən eyni nömrəli qərar ilə digər şəxslərə də torpaq sahəsi satılmışdır. Bu səbəbdən də iddiaçının müraciətinin icrası mümkün olmamışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-263/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Bundan başqa bələdiyyənin müvafiq qərarı ilə 1 neçə şəxsə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyil. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-263/2023 nömrəli tarixli qərarının ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, arxiv məlumatlarına əsasən eyni qərar ilə digər şəxslərə də torpaq sahəsi satılmışdır. Xanlar Bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0,30 ha torpaq sahəsi 16 yanvar 2007-ci il tarixli, 06 saylı qərara əsasən Xanlar bələdiyyəsi tərəfindən İddiaçı 0,12 ha, X1 0,12 ha və X2 0,06 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı qeyd olunmuşdur. Lakin Xanlar bələdiyyəsinin şəhər daxilindəki ərazisindəki torpağından 0,66 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 06 saylı qərarı ilə 11 nəfər vətəndaşa hər birinə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Eyni bələdiyyə tərəfindən eyni nömrəli qərar ilə həm 3, həm də 11 nəfərə torpaq sahəsinin ayrılması ziddiyyətli haldır.

b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

20. Cavabdehə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

25. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün taətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İş materialları ilə müəyyən olunur ki, Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə bələdiyyə ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı 0.12 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, “Torpaqların alqısatqısına dair” akt, Xanlar Bələdiyyəsinin yerquruluşu planından çıxarış əldə edilmişdir.

29. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.

30. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpağından 0,30 ha torpaq sahəsi 16 yanvar 2007-ci il tarixli, 06 saylı qərarı ilə arxiv məlumatlarında olan eyni tarixli və nömrəli bələdiyyə qərarı arasında ziddiyyətin mövcud olması olmuşdur.

31. İşin hallarından görünür ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1. maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.

32. Belə ki, işdə olan Xanlar Bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə xx.xx.2007-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb İddiaçı 0,12 hektar, X1 0,12 hektar və X2 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir.

33. DT və XK-nin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 2 nömrəli rəyindən görünür ki, 3 nəfər vətəndaşa həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.30 ha olmaqla Xanlar bələdiyyəsinin mülkiyyətinə aiddir, həmin torpaq sahəsi perspektiv inkişaf fond torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir.

34. Xanlar bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarından çıxarışdan görünür ki, Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb İddiaçı 0,12 hektar, X1 0,12 hektar və X2 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır.

35. xx.xx.2007-ci il tarixli, 891 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən satılmış 0.12 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 520 manat pul ödənilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə 1 neçə şəxsə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8571/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, daxil olmuş materiallarda Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin məkan göstəricisinin (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı naturada təqdim olunan 0,06 ha torpaq sahəsinə istinad edilmişdir. Naturada təqdim olunan 0,06 ha torpaq sahəsi Göygöl rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazisinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Naturada təqdim olunan 0,06 ha torpaq sahəsi üzərindən yüksək təzyiqli qaz kəməri, hava məkanından isə yüksək gərginlikli elektrik xətti keçmədiyi müşahidə olunur. Həmin torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə idarənin elektron baza materiallarına məlumat aşkarlanmadı. Naturada təqdim edilən 0,06 ha torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən çıxarış sənədi və üst-üstə düşmə halı aşkarlanmadı.

38. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-11749/2023 nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunur ki, Daxil olmuş mülki iş materiallarında, Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə istinad edilmişdir. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətidir. İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi, Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən Ehtiyyat Fond torpaqları kateqoriyasına aid olan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. Göygöl (Xanlar) rayonu Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsində, sözügedən torpaq sahəsinin təyinatı barədə məlumat qeyd olunmamışdır. Lakin, ortofoto xəritə materiallarında həmin sahə əkin sahəsi olaraq göstərilmişdir.İddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı. Yuxarıda qeyd olunduğu kimi, daxil olmuş mülki iş materiallarında, Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatları və yerləşmə mövqeyi) əks etdirən hər hansı cizgi planı mövcud deyildir. Belə ki, aparılan araşdırma zamanı, iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan 0.12 ha torpaq sahəsinə istinad edilmişdir. Həmin 0.12 ha torpaq sahəsi üzərində, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmadı.

39. Göründüyü kimi Göygöl (Xanlar) bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin onun faktiki istifadəsində olması və üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

41. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin 3.0.18. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-263/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar