Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-514/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1660/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 105 qərarı (xəstəlik haqqında şəhadətnamə) ilə İddiaçı aldığı “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi, sorulma və bərkimə mərhələsində, KB (- ) mənfi. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. N nömrəli hərbi hissə komandirinin çıxarış epikrizində İddiaçı diaqnozu “Sol ağciyərin infiltrativ vərəmi, dağılma və səpələnmə mərhələsində, KB (+) müsbət. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli davamlı neyrosensor ağıreşitmə (pıçıltı nitqinin hər iki qulaqda 4,5 metr məsafədə eşidilməsi ilə)” kimi qeyd edilmişdir. Ağdam rayon X1 xx.xx.2017-ci il tarixli Xəstənin ambulator, stasionar kartasından çıxarışında İddiaçı diaqnozu “sol tərəfli infiltrativ ağciyərin vərəmi, dağılma əlamətləri ilə, tez-tez residivləşən gedişlə, TDM (-); iki tərəfli xroniki koxlear nevrit. İki tərəfli davamlı neyrosensor ağıreşitmə” kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə “Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibrozkavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya. Tənəffüs çatmamazlığı-İİ mərhələ” diaqnozu ilə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik (=> 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15- A16.9,J96-J96.9)) təyin edilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışında İddiaçı diaqnozu “Sol ağciyərin fibroz kavernoz vərəmi, xroniki bronxitin kəskinləşməsi, bronx obstruktiv sindromla tənəffüs çatışmazlığı İİ (ikinci) dərəcə” kimi qeyd edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı-İİ mər. Digər neqativ pozğunluqlar, Astenonevrotik sindrom. Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, Xroniki iki tərəfli koxlear nevrit. İki tərəfli neyrosensor ağır eşitmə” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik (=> 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9)) təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti **********3 nömrəli məktuba əsasən xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək, “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibrozkavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik (=> 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2)) təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etmir barədə dekabr 2023-cü il tarixli qərar qəbul edilmiş və həmin qərar xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Cavabdeh Agentlik tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-4/2-Q34534/2023 saylı bildiriş göndərilərək, xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunduğunu və qeyd edilənlərə əsasən ona hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2021-ci il tarixdə təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edildiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağcirəyin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu üzrə müvafiq əlillik dərəcəsinin verilməsi (bərpa edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2004-cü il tarixdən 2006-cı il tarixə qədər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin çağırışı ilə hərbi xidmətə getmişdir. 2014-cü ildən 2017-ci ilə qədər N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət etmişdir. Həmin hərbi hissədə xidmət etdiyi zaman xəstələnmişdir. Eyni zamanda bildirir ki, 2016-ci il aprel ayında baş verən Azərbaycan Respublikasının ərazi bütüvlüyü uğrunda Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Həmin ərizəyə əlavə olunmuş Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasının 10 yanvar 2017-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, o, uzun müddətdir ki, “sol ağciyərin yuxarı payında sanasiya olunmuş dağılma boşluğu ilə sol ağciyərin infiltrativ vərəmi sorulma və bərkimə mərhələsində, KB (-) mənfi” diaqnozu ilə ağır xəstədir. Dəfələrlə xəstəliyi ilə bağlı müxtəlif səhiyyə müəssələrində müalicə olunmuşdur. İlkin olaraq 2018-ci ildə ona 2-ci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə Komissiya zamanı ona 5 il müddətinə 3-cü dərəcəli əllik təyin edilmişdir. Buna görə ona aylıq müavinət ödənilirdi və o da həmin pulla dərman ödənişlərini edirdi. Ona 5 illik əlillik dərəcəsi təyin olunmasına baxmayaraq yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinə dəvət olunaraq qanunsuz olaraq təkrar müayinədən keçirilmişdir. Həmin müayinə zamanı ona dedilər ki, nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Müayinənin nəticəsi barədə ona məktub göndərilsə də əlilliyinin ləğv olunmasını təsdiq edən sənəd göndərilməmişdir. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının bu imtinasını əsassız hesab edərək bildirir ki, ona ciddi xəstəliyimlə bağlı müvafiq əlillik dərəcəsinin verilməsi (bərpası) vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmalıdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə təyin edilmiş üçüncü dərəcəli əlilliyin ləğv olunduğu vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1660/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin Tibbi-sosial ekspert komissiyasının İddiaçı diaqnozunun əlillik əlaməti təyin etmir barədə dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş üçüncü dərəcə əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin əlilliyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na uyğun həyata keçirilir və həmin Qaydaların 3.7-ci bəndində təsbit edilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırki işdə isə cavabdeh orqan iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə təyin edilmiş üçüncü dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının barəsində qəbul edilmiş dekabr 2023-cü il tarixli qərarda cavabdeh orqan 17 nəfər vətəndaşı, o cümlədən iddiaçını yenidən əyani müayinəyə dəvət etməsinin səbəbi kimi X3 nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlil aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yarandığı qeyd edilsə də, həmin zərurətin nədən yarandığı (qaynaqlandığı), habelə sırf iddiaçıya münasibətdə onun əlilliyini şübhə altına alan əsasların aşkarlanıb-aşkarlanmadığı müəyyən edilmir. Cavabdeh orqan ümumi əsaslara (cümlələrə) istinad edərək, əlilliyi müəyyən edilmiş şəxsləri əlillikləri qüvvədə olduğu müddətcə yenidən əyani müayinə dəvət edərək, onların əlilliklərinin yenidən qiymətləndirməsini həyata keçirməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyilə razılaşılmır və eyni zamanda məhkəmə proses gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq, şəxsin yenidən əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Əlil xəstəlikdən sadəcə əziyyət çəkən deyil, ağırlaşmalar nəticəsində fəaliyyətində məhdudiyyət yaranan şəxs deməkdir. Sözügedən şəxsin normal həyat fəaliyyətini davam etdirməsində hər hansısa əngəl mövcud deyildir. Həmçinin göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.[3] 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya onda mövcud olan xəstəliklə bağlı «Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya» diaqnozu qoyulmuş və həmin diaqnozuna əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə 5 il müddətinə 3-cü dərəcə əlillik təyin edilsə də, cavabdeh inzibati orqan tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində «Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, Hər iki ağ ciyərin yuxarı paylarında keçirilmiş fibroz-kavernoz vərəmi. Parçalanma və dağılma mərhələsində. Vərəm infeksiyası. Kaxeksiya» diaqnoz qoyulsa da “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan iddiaçını təkrar əyani müayinəyə cəlb etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə görə, TSEK-in əvvəlki qərarının düzgünlüyü şübhə altına alan əsaslı sübütların mövcud olduğu təqdirdə Agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxs əyani müayinəyə cəlb olunması müəyyən edilmişdir. Qeyd olunan normanın məzmunundan aydın olur ki, əlilliyi müəyyən edilmiş şəxsin yenidən əyani müayinəyə cəlb olunması üçün yalnız TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan sübütlar mövcud olması nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçı əyani müayinəyə cəlb edilmiş olsa da, həmin müayinənin TSEK-in qərarının düzgünlüyünə əsaslı şübhələrin mövcudluğuna əsasən aparılması öz təsdiqini tapmamışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1660/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-514/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-514/2024
13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver