Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-516/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Azadəli qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2668/2024 nömrəli qərarına izah verilməsinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2668/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(104)-199/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2668/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx.xx.2025-ci il tarixdə cavabdeh orqana göndərilərək, könüllü icra üçün 1 ay müddət müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, könüllü icra müddətində qərar cavabdeh tərəfindən icra edilmədiyi üçün məcburi icra tədbirlərinin görülməsini xahiş etmiş və ərizəyə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsindən məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş məlumatda bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-199/2025 nömrəli qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərarının icrası məqsədilə İddiaçı Rusiya Federasiyası X1 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ВСА ******* nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın akademik tanınması haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Bununla bağlı sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir, nəticə etibarilə tənzimlənən peşə istiqamətləri üzrə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınmasının qiymətləndirməsi sözügedən normativ hüquqi aktla DİM-ə həvalə olunmuşdur. Agentlik yalnız daxil olmuş imtahan nəticələri əsasında yekun inzibati aktın rəsmiləşdirilməsini həyata keçirir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı adı X3 ünvanlanmış müvafiq siyahıya daxil edilmişdir və imtahanın keçirilmə vaxtı, yeri barədə vətəndaşa rəsmi qaydada məlumat veriləcəkdir. İşdə olan NS00039403 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə ilə Rusiya Federasiyasının Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə magistr ixtisas dərəcəsi üzrə İddiaçı diplomunun akademik tanınması həyata keçirilmişdir. Şəhadətnamədə bu sənədin sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verdiyi, sənəd ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-286/2024 nömrəli qərarına izah verilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2668/2024 nömrəli qərarına aşağıdakı şəkildə izah verilməsi qərara alınmışdır: “Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması dedikdə bütövlükdə tanınmanın (həm akademik, həm peşə tanınmasının) həyata keçirilməli olması və iddiaçıya akademik tanınma ilə yanaşı, peşə tanınmasına dair müvafiq şəhadətnamənin verilməsi də nəzərdə tutulur”. Həmin qərardaddan cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərarına izah verilməsi barədə ərizəsinin təmin edilməməsini və yeni qərardadla həmin qərarda “peşə tanınması haqqında şəhadətnamənin verilməsi“ barədə öhdəlik qüvvədə olan və icraatın aparıldığı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın tələblərinə uyğun olaraq,” iddiaçının adının DİM-in təşkil etdiyi peşə tanınması imtahanı üçün müvafiq siyahıya salınması” kimi şərh edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirmişlər ki, ərizəçinin cavabdeh quruma müraciət tarixi xx.xx.2023-cü il olduğundan inzibati orqanla vətəndaş arasında hüquq münasibətləri məhz həmin tarixdə yaranmışdır. Beləliklə də, həmin dövrdə qüvvədə olan Qaydaların iş üzrə tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin nəzərdə tutduğu fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi situasiyasını yaratmır. Tanınma işləri üzrə inzibati icraat ərizəçilərin təhsil aldıqları dövrün qanunvericiliyinə əsasən deyil, tanınma ilə bağlı müraciətin qeydə alındığı zaman qüvvədə olan qanunvericiliyə əsasən aparılmaqdadır. Çünki, bu Qaydalar vətəndaşın təhsilalma prosesini deyil, həmin təhsil sənədlərinin Azərbaycan Respublikası ərazisində tanınması prosesini tənzimləyir. Artıq hüquqi qüvvəsini itirmiş qanunvericilik normalarının tətbiqi qeyri-mümkün olduğundan Agentlik tərəfindən bütün ərizəçilərə münasibətdə icraat eyni qaydada aparılaraq qərar qəbul olunur. Məhkəmənin qərarının nəticə hissəsi və izahı ilə bağlı bildirilməlidir ki, AR İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin, AR MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna baxmayaraq, məhkəmə tərəfindən cavabdeh inzibati orqanın üzərinə qanunla nəzərdə tutulmayan öhdəliklər qoyulmuşdur. Nəticə etibarilə tənzimlənən peşə istiqamətləri üzrə xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınmasının qiymətləndirməsi sözügedən normativ hüquqi aktla DİM-ə həvalə olunmuşdur. İddiaçı adı X3 ünvanlanmış müvafiq siyahıya daxil edilmiş və imtahanın keçirilmə vaxtı, yeri barədə vətəndaşa rəsmi qaydada məlumat verilmişdir. Lakin vətəndaş elektron poçt ünvanına göndərilmiş müvafiq bildirişə baxmayaraq, bu barədə inzibati orqanı məlumatlandırmadan imtahanda iştirak etməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixində İddiaçı şəxsi kabineti vasitəsilə yenidən akademik tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Bununla da məlum olur ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2668/2024 nömrəli qərarı Agentlik tərəfindən səlahiyyətləri daxilində tam şəkildə icra olunmuşdur. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən, işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 2668/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cu maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə Bakalavr Diplomuna əsasən Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə İddiaçı hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsinə layiq görülmüşdür. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmiş, iddiaçı müvafiq iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının iddiası Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)- 2668/2024 nömrəli qərarı ilə təmin edilərək, Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və qərar yuxarı instansiya məhkəməsinin qərarı ilə qüvvədə saxlanıldıqdan sonra qanuni qüvvəsini almışdır. Cavabdeh orqan qərarı icra edərkən sözügedən kvalifikasiyanın akademik tanınmasını həyata keçirərək, bu barədə şəhadətnamə vermiş, peşə tanınmasın həyata keçirilə bilinməsi üçün isə DİM-in təşkil etdiyi imtahanda iddiaçını iştiraka dəvət etmişdir. Cavabdeh orqan bu zaman öz mövqeyini Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə istinad etməklə, belə əsaslandırmışdır ki, Qaydaların 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Birinci instansiya məhkəməsi cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq haqlı olaraq qeyd etmişdir ki, əvvəla, məhkəmədə işə baxılarkən mübahisənin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına istinad olunmuşdur. Həmin Qaydalarda isə ixtisasın tanınması akademik və peşə tanınması kimi növlərə bölünməmişdir. Məhkəmə də öz qərarında iddiaçınn xarici ölkədə aldığı ali təhsilin kvalifikasiyasının yalnız akademik tanınmasının həyata keçirilməsini cavabdehin üzərinə qoymamışdır. İddiaçının tanınma məqsədilə cavabdeh orqana müraciət etdiyi tarixdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” mövcud deyildi, həmin dövrdə qüvvədə olan normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları olmuşdur. Cavabdeh orqan iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ən geci 90 gün müddətində baxmalı olduğu halda bunu etməmiş, təxminən 1 ilədək müddətdə müraciət üzrə hərəkətsizlik nümayiş etdirmiş, həmin müddətdə isə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları ləğv edilməklə, yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul edilmişdir. Cavabdeh orqan inzibati icraatı qanunvericiliyin tələblərinə uyğun olaraq aparmış olsaydı, tanınmanı “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına müvafiq həyata keçirmiş, bununla da iddiaçı peşə tanınmasının həyata keçirilməsi məqsədilə əlavə imtahana cəlb edilməmiş olacaqdı. Hazırkı vəziyyətdə isə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” iddiaçının vəziyyətini yaxşılaşdıran, məsuliyyətini yüngülləşdirən norma olmadığından onun hüquqi qüvvəsinin geriyə şamil edilməsi yolverilən deyildir. Çünki Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 149. Normativ hüquqi aktlar Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Maddə 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Ona görə də, məhkəmə qərarına - Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması dedikdə həm akademik, həm peşə tanınmasının həyata keçirilməli olması nəzərdə tutulması qaydasında izah verməyi zəruri saymışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən etmişdir ki, Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə Bakalavr Diplomuna əsasən Dövlət Attestasiya Komissiyasının xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçı hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsinə layiq görülmüş, o, həmin diplom üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə rəsmi qaydada cavab verilməmiş, iddiaçı müvafiq iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərarı ilə onun iddiası təmin edilərək Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli 5893 nömrəli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası üzrə bakalavr diplomu üzrə ixtisasın tanınması və ona ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarının icrası ilə bağlı cavabdeh Rusiya Federasiyasının Sankt X2 Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutu tərəfindən İddiaçı verilmiş xx.xx.2005-ci il tarixli BCA0294027 seriyalı hüquqşünaslıq ixtisası ilə magistr ixtisas dərəcəsi üzrə diplomunun akademik tanınması həyata keçirilmiş, şəhadətnamədə bu sənədin sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verdiyi, lakin sənədin ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermədiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı cavabdeh orqana diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, sonuncu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ən geci 90 gün müddətində ərizəyə baxmalı olduğu halda bunu etməmiş, təxminən 1 ilədək müddətdə müraciət üzrə hərəkətsizlik nümayiş etdirmiş, həmin müddətdə isə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları ləğv edilməklə, yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” qəbul edilmişdir. Qəbul olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ilə müəyyən olunmuş hallar iddiaçının vəziyyətini pisləşdirdiyindən həmin qaydaların geriyə qüvvəsi yoxdur. Çünki yuxarıda qeyd edildiyi kimi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununa görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçının tanınma məqsədilə cavabdeh orqana müraciət etdiyi tarixdə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” mövcud deyildi, həmin dövrdə qüvvədə olan normativ akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları olmuşdur. Həmin Qaydalarda isə ixtisasın tanınması akademik və peşə tanınması kimi növlərə bölünməsi müəyyən olunmamışdır. Ona görə də işə mahiyyəti üzrə baxmış məhkəmə də öz qərarında iddiaçınn xarici ölkədə aldığı ali təhsilin kvalifikasiyasının yalnız akademik tanınmasının həyata keçirilməsini cavabdehin üzərinə qoymamışdır. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, məhkəmə tərəfindən cavabdeh inzibati orqanın üzərinə qanunla nəzərdə tutulmayan öhdəliklər qoyulmamışdır. Belə ki, iddiaçının inzibati orqana müraciət etdiyi vaxt qüvvədə olan normalara əsasən ixtisasın tanınması akademik və peşə tanınması kimi növlərə bölünməmişdi və ixtisasın tanınması cavabdeh tərəfindən həyata keçirilirdi. Odur ki, kollegiya hesab birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə, yəni qərarına verdiyi izah işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İPM-in 87, 89, 90 və 94.1- maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2668/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-516/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-516/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver