Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-519/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-220/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən 0,0144 hektar torpaq sahəsinə cavabdeh tərəfindən qoyulmş “Aşıq Teymur” heykəlinin çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən 0,0144 hektar torpaq sahəsi vardır. Bu barədə onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarış verilmişdir. İşləri ilə əlaqədar xarici ölkəyə gedib-gəlir. Mülkiyyət sənədini aldıqdan sonra bir neçə il müddət xarici ölkədə olduğu vaxt cavabdeh inzibati orqan tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində abadlıq işləri ilə bağlı “Aşıq Teymur” heykəli qoyulmuşdur. Cavabdeh orqana heykəlin götürülməsi üzrə müraciət etsə də, nəticəsi olmamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-220/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-220/2025 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsində işə baxılarkən heykəlin ona məxsus torpaq sahəsində qoyulması təsdiq edilmiş, hətta icra hakimiyyəti tərəfindən verilmiş imtinada və məhkəmə iclasında iştirak etmiş nümayəndəsinin izahatında heykəlin icra hakimiyyəti tərəfindən qoyulması etiraf edilmişdir. Lakin məhkəmə hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmaması əsası ilə iddia tələbini mümkün saymamışdır. Hesab edir ki, hazırkı mübahisə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində yarandığı üçün hazırkı iddia tələbinə Gəncə İnzibati Məhkəməsində baxılmalı və iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 0.0144 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Cavabdeh başçısının Aparatının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-76/1- H-76-148/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Aşıq Teymurun heykəlinin qeyd edilən ərazidən götürülməsi imkan xaricindədir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-1950/24 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.0144 ha torpaq sahəsində heykəl mövcuddur və həmin heykəl 6.38 kv.m torpaq sahəsini əhatə edir. -Məhkəmə sorğusuna Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-76/2- 348/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsində yolun səki hissəsinin yaxınlığındakı (yolun piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissəsində) Aşıq Teymur heykəli həmin əraziyə 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman qoyulmuşdur. -Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X1, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-76/2-348/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Aşıq Teymur heykəli “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya daxil edilməmişdir. Sözügedən heykəl barəsində əlavə məlumat mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki:
1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun istinad olunan qərarında qeyd olunan tələblərin hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, hazırki tələb inzibati məhkəmə predmetinin araşdırılması ola bilməz. Belə ki, hazırki tələbin faktiki əsasını mülkiyyət hüququ üzrə iddiaçıya məxsus torpaq sahəsinə cavabdeh tərəfindən 2012-ci ildə Şəmkir şəhərində abadlıq və quruculuq işləri aparılan zaman qoyulmuş (yerləşdirilmiş) heykəlin çıxarılması təşkil edir. Göründüyü kimi, hazırki tələb mülkiyyət hüquqlarının müdafiəsi ilə əlaqədardır. Lakin bu zaman nəzərə alınmalıdır ki, həmin heykəlin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qoyulması ilə bağlı hərəkət inzibati orqanın hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsi ilə bağlı olmuşdurmu? Başqa sözlə, həmin heykəlin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qoyulması inzibati orqanın qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərindən doğan hər hansı bir qərarı ilə həyata keçirilmişdirmi? Bu kimi halların müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırılma aparılmış və müəyyən edilmişdir ki, heykəlin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yerləşdirilməsi hər hansı inzibati akta əsasən deyil, məhz şəhərdə abadlıq və quruculuq işləri aparılan zaman qoyulmuşdur. Deməli, belə olan halda tərəflər arasında yaranan hüquq münasibətləri publik sferadan çıxmış olur. Ona görə də iddianın aidiyyəti inzibati məhkəmə çərçivəsindən kənarda qalır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə publik hüquqi sahədən irəli gələn faktiki xarakterli hərəkətləri təşkil edir. Əks yanaşma məhkəmə aidiyyətinin pozulması ilə nəticələnə bilər. Həmçinin iddiaçıya bir daha izah edilir ki, cavabdehə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müstəqil iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-220/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.