Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-522/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarının subyekt siyahısında üçüncü şəxslərə münasibətdə qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1470/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022ci il tarixli, 20 nömrəli qərarının üçüncü şəxslərə münasibətdə qismən etibarsız hesab edilməsi və yeni torpaq sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, yerlərdə kolxoz və sovxozların ləğv olunması ərəfəsində yəni Gədəbəy rayon XDSİK-nin xx.xx.1995-ci il tarixli, 65 nömrəli və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli, 02 saylı protokolunun qərarını ilə ona “Milisə yeri” adlanan ərazidən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir və həmin torpaq sahəsini indiyədək istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarı əsasında onun adına torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Həmin plan ölçü sənədində onun soyadı və ata adı texniki olaraq səhv qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək çıxarış almaq istədikdə sözügedən sənəddə olan yanlışlıqdan xəbərdar olmuşdur. Hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmuşdur. Onun təkrar müraciətinə idarə tərəfindən bildirlmişdir ki, vətəndaşların subyekt siyahısında ondan əlavə başqa adlarını qeyd edilən şəxslər subyekt siyahısında səhvən onun ailə üzvüləri kimi qeyd edilmişdir. Ona görə də DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən ona çıxarışın verilməsindən imtina edilmişdir. Hal-hazırda həmin şəxslər onunla eyni kənddə yaşamaqla onun həyat yoldaşının əmisi oğlunun ailə üzvləridirlər. Həmin şəxslərlə onların şəxsi münasibətləri qeyri-normal olduğundan həmin şəxslər könüllü olaraq DƏDRX-nin 11 saylı ərazi idarəsinə imtina ərizəsi verməkdən imtina edirlər. Bu səbəbdən o, adına olan 0.10 ha torpaq sahəsinə dair çıxarış ala bilmir. Hazırda nə yerli, nə də ki rayon AİK mövcud deyil, ona görə də bu işlərin həll edilməsi DƏDRX-nin 11 saylı ərazi idarəsinin səlahiyyətləri çərçivəsində həll edilməlidir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh - Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarı əsasında ona 0.10 ha həyətyanı torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin (subyekt siyahısında üçüncü şəxslərə münasibətdə) qismən etibarsız hesab edilməklə həmin torpaq sahəsinə dair yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdehin əsl cavabdeh - Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 20 nömrəli qərarının (subyekt siyahısında üçüncü şəxslərə münasibətdə) qismən etibarsız hesab edilməsinə dair qərar çıxarılması xahiş edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icaatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək, iddia qaldırmaq üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1470/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı “Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarının subyekt siyahısında üçüncü şəxslərə münasibətdə qismən etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddiaçının nümayəndəsinin prosessual müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1470/2023 saylı qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı X6 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1470/2023 saylı qərardadının ləğv edilməsini, iddiasının mümkün hesab edilməsini və iddia qaldırmaq üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, qərar ədalətsiz və əsassız olduğundan ləğv edilməli, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 saylı qərarının subyekt siyahısında üçüncü səxslərə münasibətdə qismən etibarsız hesab edilməsi barədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilməlidir. Belə ki, yerlərdə kolxoz və sovxozların ləğv olunması ərəfəsində, yəni Gədəbəy rayon XDSİK-nin xx.xx.1995-ci il tarixli, 65 nömrəli və Gədəbəy rayon Qumlu sovxozunun əmək kollektivi şurasının xx.xx.1995-ci il tarixli, 02 saylı protokolunun qərarını ilə iddiaçıya “Milisə yeri” adlanan ərazidən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini hal-hazıra kimi istifadə edir. Gədəbəy rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 20№li qərarı əsasında iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədi verilmişdir. Həmin plan ölçü sənədində iddiaçının soyadı və ata adı texniki olaraq səhv qeyd edilmişdir. İddiaçı DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət edərək, çıxarış almaq istədikdə onun sənəddə soyadı və ata adının səhv olmasını bildirmişlər. İddiaçı bu barədə hüquqmüəyyənedici sənədin ona məxsus olması barədə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə ona xx.xx.2022-ci il tarixdə qətnamə çıxarılmışdır. İddiaçı sənədlərini və eləcə də məhkəmə qətnaməsi ilə birlikdə yenidən DƏDRX-nin 11 saylı ərazi idarəsinə təqdim edərkən iddiaçıya bildirmişlər ki, vətəndaşların subyekt siyahısında ondan başqa X8, X9, X10, X14 və X11 adı subyekt siyahısında səhvən iddiaçının ailə üzvüləri kimi qeyd edilmişdir. Ona görə də DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən iddiaçıya çıxarışın verilməsindən imtina edilməsi barədə xx.xx.2022-ci il tarixdə **********17 saylı imtina məktubu verilmişdir. Hal-hazırda həmin şəxslər iddiaçı ilə eyni kənddə yaşamaqla onun həyət yoldaşının əmisi oğlunun ailə üzvüləridirlər. Həmin şəxslərlə şəxsi münasibətləri qeyri-normal olduğundan həmin şəxslər könüllü olaraq DƏDRX-nin 11 saylı ərazi idarəsinə ərizə verməkdən imtina edirlər. Bu səbəbdən iddiaçı adına olan 0,10 ha torpaq sahəsinə dair çıxarış ala bilmir. Göründüyü kimi, iddiaçı mübahisələndirilən qərarın subyekt siyahısında yuxarıda adları qeyd edilən şəxslərin onun ailə üzvləri kimi yazılması ona xx.xx.2022-ci il tarixdə (hansı ki həmin tarixdə ona imtina məktubu verilmişdir) məlum olmuşdur. Həmin tarixdən əvvəl qeyd edilən şəxslərin ona məxsus olan torpaq sahəsinin planı və ölçüsü sənədinin subyekt siyahısında adlarının yazılması məlum olmamışdır. Odur ki, iddiaçı sözügedən torpaq sahəsinə münasibətdə hüquqlarının pozulduğunu xx.xx.2022-ci il tarixdə bilmiş və hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəmədə iddia qaldırmışdır. Belə olan halda hesab edir ki, həmin qərarın qeyd olunan üçüncü şəxslərə münasibətdə qismən etibarsız hesab edilməsini tələb etmək üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş iddia qaldırmaq müddətini üzürlü səbəbdən ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 şikayətinin təmin edilməsini və iddia tələbinin mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan: - Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli, 20 nömrəli qərarına əsasən (X2) İddiaçı 999.24 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə AN 087923 saylı Torpaq sahəsinin plan və ölçü sənədi tərtib olunmuşdur. - Gədəbəy Rayon Məhkəməsinin 2(042)-753/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli 20 saylı qərarı ilə verilmiş AN-087923 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədinin X5 məxsus olması faktı müəyyən edilmişdir - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubundan görünür ki, iddiaçınn ərizəsinə baxılmış və bildirilmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün subyekt siyahısında adları qeyd olunan ailə üzvlərinin (payçıların) da şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etdiyi təqdirdə ərizənin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia ərizəsinin məzmunu, apellyasiya şikayətinin dəlilləri, həmçinin iddiaçının nümayəndəsinin izahatı və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı ona 999.24 kv.m torpaq sahəsinin ayrılması barədə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 20 nömrəli qərarının etibarsız sayılmasını tələb edir. Həmin tələbi inzibati aktın etibarsızlığının tanınması ilə bağlıdır və müəyyən etmə və ya tanınma haqqında iddia növünə aiddir. Bu növ iddianın məqsədi hər hansı qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olub-olmamasının aydınlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Göründüyü kimi, İnzibati-Prosessual Məcəlləsində müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM- in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük – 1) iddiaçının kifayət qədər marağının olması; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması şərtini müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Ümumiyyətlə hər hansı bir inzibati aktın etibarsızlığının tanınmasına dair iddia inzibati orqanla vətəndaş arasında inzibati aktın hüquqi cəhətdən etibarlılığına dair mübahisə mövcud olan hallarda hüquqi müəyyənliyin bərqərar edilməsinə xidmət edir. Qanunsuz inzibati akt ləğv olunana qədər hüquqi təsirə malik olduğu halda, etibarsız inzibati akt qəbul edildiyi andan əhəmiyyətsiz sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl xx.xx.2002-ci ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan “Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət” adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə kollegiyası yuxarıda göstərilən tövsiyəni nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisələndirdiyi aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1470/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-522/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-522/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver