Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-523/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Abdullayev Əlizamin Gürzalı oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar oğlunun katibliyi, Üçüncü şəxslər X9, X10, X5 iştirakları ilə, “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi, ev 72 mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kirovabad şəhəri Baş memarının xx.xx.1954-cü il tarixli lahiyəsi və Kirovabad şəhər X16 İcraiyyə Komitəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1954-cü il tarixli 84-129 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləyə əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m torpaq sahəsi ayrılaraq lahiyə verilmişdir. İnşa edilmiş yaşayış evi Qəbul komissiyasının xx.xx.1969-cu il tarixli fərdi yaşayış evinin qəbulu aktına əsasən istismara qəbul edilmişdir. X7 adına ünvanı Kirovabad şəhəri, Komsomol küçəsi 72 olan bu mülkün yerləşdiyi 462.0 kv.m torpaq sahəsinə dair xx.xx.1975-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli, 3-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi 72 olan bu əmlak X1 adına keçmişdir və ona xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin əvəzində X3 bu fərdi yaşayış evinə (0,045 ha torpaq sahəsinə yerləşən tikili «A»-da 44.8 kv.m iki yaşayış otaqları, 36.4 kv.m köməkçi sahə) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4 Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, X11, X19, X20, X21, X22 və X8 qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
4. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X11, X19, X20, X21, X22 və X2 şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında qeydiyyatdadırlar.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X19, X20, X21, X22 və X8 ona məxsus olan ünvan 2 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. X11, X19, X20, X21, X22 və X14 onun mülkiyyətində olan evdə pasport qeydiyyatındadırlar. Həmin şəxslər onun yaxın qohumları deyillər, müvəqqəti olaraq ona məxsus evə qeydiyyata düşmüşdürlər. Həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, bundan imtina edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
9. Üçüncü şəxslər X19, X20, X21, X22 və X14 xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2168/2023 nömrəli qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə və iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onların bibisi X1 qızıdır. Üçüncü şəxslər göstərilən ünvanda Gəncə şəhəri, Şəddadilər (köhnə Komsomol) küçəsi 72 saylı evdə babaları olan X12 məxsus olan evdə ataları X13, anaları X4 ilə orada yaşamışlar. Valideynləri də vəfat etmişdir. Lakin,onlar hal-hazırda da həmin evdə yaşayırlar. Həmin mülk notariat kontorunun xx-xx-2002-ci il tarixli 3-1-87 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən,X1 (bibinin) adına keçmişdir. Gəncə şəhəri 1 saylı Notartiat ofisinin xx-xx-2021-ci il tarixli 4 Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı xx-xx-2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.Ancaq iddiaçı həmin mülkdə nə yaşamır,nə də qeydiyyatda yoxdur.Ancaq onlar doğulub boya-başa çatdığı mülkdə anadan olandan qeydiyyatda olmaqla,hal-hazırda da yaşayırlar. Mülk bibiləri qızının adına keçərkən onlardan razılıq alınmamış,görünür saxta arayışla bağışlanma müqaviləsi verilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
12. Üçüncü şəxs X19 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli əmlak onların ata evidir və iddiaçı isə yaxın qohumlarıdır. Onlar hazırda həmin ünvanda yaşayırlar.
13. Digər üçüncü şəxslər X21 və X15 məhkəmə kollegiyasının iclasında X19 ilə eyniməzmunlu izahat veridilər və şikayətin təmin olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər.
14. İş üzrə iddiaçıya, cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
24. İşin halları ilə müəyyən olunur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Üçüncü şəxslər xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.1974-cü il təvəllüdlü X19, xx.xx.1976-cı il təvəllüdlü X20, xx.xx.1998-ci il təvəllüdlü X21, xx.xx.1984-cü il təvəllüdlü X14 və xx.xx.1978-ci il təvəllüdlü X22 iddiaçıya məxsus sözügedən evdə qeydiyyatdadırlar, lakin faktiki olaraq həmin ünvanda yaşamırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kirovabad şəhəri Baş memarının xx.xx.1954-cü il tarixli lahiyəsi və Kirovabad şəhər X16 İcraiyyə Komitəsi ilə notariat kontorunda bağlanmış xx.xx.1954-cü il tarixli 84-129 reyesr nömrə ilə təsdiq edilmiş müqaviləyə əsasən X6 fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m torpaq sahəsi ayrılaraq lahiyə verilmişdir. İnşa edilmiş yaşayış evi Qəbul komissiyasının xx.xx.1969-cu il tarixli fərdi yaşayış evinin qəbulu aktına əsasən istismara qəbul edilmişdir. X7 adına ünvanı Kirovabad şəhəri, Komsomol küçəsi 72 olan bu mülkün yerləşdiyi 462.0 kv.m torpaq sahəsinə dair xx.xx.1975-ci il tarixli torpaq qeydi tərtib edilmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2002-ci il tarixli, 3-1-87 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Şəddadilər küçəsi 72 olan bu əmlak X1 adına keçmişdir və ona xx.xx.2002-ci il tarixli, 21446 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin əvəzində X3 bu fərdi yaşayış evinə (0,045 ha torpaq sahəsinə yerləşən tikili «A»-da 44.8 kv.m iki yaşayış otaqları, 36.4 kv.m köməkçi sahə) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4 Ə-228 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
26. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, X11, X19, X20, X21, X22 və X2 şəhəri, Şəddadilər küçəsi, ev 72 ünvanında qeydiyyatdadırlar.
27. Apellyasiya şikayətinin dəlili mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçərkən tələb üzrə üçüncü şəxslərlə qohumluq əlaqəsinin olmasına və həmin ünvanda yaşamalarına baxmayaraq razılıqlarının alınmaması, saxta arayışla bağışlanma müqaviləsinin bağlanmasıdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 2 İddiaçı müliyyətindədir və həmin qeydiyyat qüvvədədir. Eyni zamanda mülkiyyət hüququnun yaranma əsasları bağışlanma müqaviləsinə əsaslanır və həmin müqavilənin mübahisələndirilməsi xüsusi hüquq normaları ilə tənzimlənən mülki mühakimə icraat qaydasında mümkündür. Hazırki halda iddiaçı mülkiyyətində olan fərdi yaşayış evi üzrə qeydiyyatda olan üçüncü şəxslərin çıxarılmasını tələb etmiş, inzibati orqanın tələbin təmin edilməsi ilə bağı hərəkəti qanuni olmuşdur.
29. Belə olan halda, hər hansı ehtimallar və fərziyyələr şəxsin konstitusion hüququ olan-mülkiyyət hüququnun ziyanına şərh edilməməlidir.
30. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya şikayəti təmin olunmamalı,Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 2168/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2168/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Əlizamin Abdullayev