Məhkəmə qərarları › İş №2-1(104)-524/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-524/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-524/2025 09.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1183/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur.

2. xx.xx.1975-ci il tarixli, 213 nömrəli attestatdan görününür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil almışdır.

3. xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işləmişdir.

4. 10.10.1977-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət keçmişdir.

5. 09.04.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətlər etmişdir.

6. 09.04.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciət vərəqələrinə əsasən İddiaçı “ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətlərin cavabının ünvan 1i ünvanına göndəriləcəyi bildirilmişdir.

7. Tovuz rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, 7 №-li Təmir Tikinti sahəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə 99 №-li əmrlə Tovuzda tikilən universamın tikintisinə 5-ci dərəcəli suvaqçı təyin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdə 70 №-li əmrlə öz ərizəsinə əsasan suvaqçılıqdan azad edilməsi göstərilmişdir. Sabir adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx.xx.1995- ci il tarixdə 21 №-li əmrlə icarə üsulu ilə becərmək üçün 1.0 (bir) hektar üzüm bağının müqavilə yolu ilə verilməsi göstərilmiş, İddiaçı xx.xx.1996-cı il tarixdə 108 №-li əmrlə fəhləlikdən azad edilməsi göstərilmişdir.

8. 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, 7 №-li Təmir-Tikinti sahəsində aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə 99 №-li əmrlə 7 №-li TTS-ə 5-ci dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1992-ci il tarixdə isə öz ərizəsinə əsasən, 70 №-li əmrlə işdən azad edilmişdir. Vətəndaş xx.xx.1995-ci il tarixdə 21 №-li əmrlə icarədar kimi Sabir adına sovxoza fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə isə 108 №-li əmrlə fəhləlikdən azad edilmişdir. Tovuz rayon Dövlət arxivinin vətəndaşa təqdim etdiyi xx.xx.2024-cü il tarixli 2-M- 194 №-li əmək haqqı arayışının düzgünlüyü yoxlanaraq təsdiq edilmişdir. Sabir adına sovxozun 1995-1996-cı illərə aid əmək haqqı cədvəllərində vətəndaşın adı aşkarlanmamışdır. Yoxlama 7 №-li TTS-nin və Sabir adına sovxozun Tovuz rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən aparılmışdır.

9. 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, “71 №-li Təsərrüfatlararası SMD” tikinti müəssisəsində aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, “71 №li Təsərrüfatlararası SMD”-nin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göstərilən səbəblərə görə vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də işləməsi faktının düzgünlüyünü təsdiq etmək mümkün olmamışdır.

10. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. Tovuz rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 71 №-li “Təsərrüfatlar arası SMD”-nin sənədləri Tovuz rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu əsasdan vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi 71 №-li “Təsərrüfatlar arası SMD”-də işləməsinə dair (işlədiyi vəzifələr, aldığı vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsi, qulluq stajına görə aldığı əlavələr, işə qəbul edilmə və işdən azad edilməsinə dair əmrlər barədə) sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır.

12. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Onun təqdim etdiyi 213 nömrəli attestatın surətində qeyd olunan məlumata əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil dövrü, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 2 ay 20 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-ci il tarixinədək 4 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2024cü tarixinə (əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatdığı tarix) mübahisələndirilməyən ümumi sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. MEİS-in “Pensiya” altsistemində iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2024-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya kapitalı qeydə alındığından xx.xx.2024-cü il tarixinə mübahisələndirilməyən ümumi sığorta stajı 23 il 2 ay 20 gün təşkil edir. İddiaçı xx.xx.1977ci il tarixli əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 71 nömrəli “Təsərrüfatlararası SMD”də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən 71 nömrəli “Təsərrüfatlararası SMD”nin sənədləri mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında xx.xx.1996cı il tarixli işdən azad olma əmri SSRİ-yə məxsus möhür ilə təsdiq olunduğundan, habelə Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən “Sabir” adına sovxozun 1995-ci və 1996-cı illərə aid əməkhaqqı cədvəllərində vətəndaşın adı aşkar edilmədiyindən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir.

13. “71 №-li Təsərrüfatlararası SMD”-nin möhürü ilə təsdiq edilmiş İddiaçı əmək haqqı barədə qrafikdən görünür ki, 1992-1995-ci illər üzrə əmək haqqı barədə məlumat vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyətı üzrə baxılmış və imtina cavabı verilmişdir. İmtina cavabında göstərilmişdir ki, təqdim edilən əmək kitabçası, hərbi bilet, diplomun surəti və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri 22 il 9 ay 20 gün (xx.xx.1973-cu il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 20 gün sığorta stajına uyğun olaraq 18361.80 manat (2024-cü il tarixinə indeksləşdirilmiş). xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 4622,58 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22984.38 manat təşkil edir. Bu məbləğ qanunvericilikdə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.2006-ci tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlar arası SMD” dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun bir saylı X1 xx.xx.2024-cu il tarixli aktına əsasən, 71 nömrəli “Təsərrüfatlar arası SMD”nin sənədləri mühafizə olunmaq üçün Tovuz Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd olunmuş dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1996-ci il tarixdə işdən azad olma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) habelə təqdim edilən xx.xx.2024-cü il tarixli arayışda əmək haqqı ödənişləri qeyd edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, bu cavab qanunsuz və əsassızdır. Onun əmək pensiyası almaq hüququ mövcuddur. Belə ki, cavabdeh orqanın qeyd etdiyi kimi 2006-cı ilə kimi 18 il, 2 ay, 2 il hərbi xidmət dövrü, 2 il əyani təhsil müddəti və şübhələr olan qeyd etdikləri xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlar arası SMD” dövrün də hesablanaraq 25 il iş stajı bərpa edilməlidir. Bundan əlavə iddiaçı 2019-cu il tarixdən bu günə qədər də X6ndə təmir tikinti işçisi kimi fəaliyyət göstərir. Burada da 5 il iş stajı yaranır. Ümumilikdə 30 ilə yaxın əmək stajı var. Göstərdiyi halları nəzərə alaraq hesab edir ki, inzibati orqanlara etimad prinsipi baxımından yanaşılmaqla cavabdeh orqanın üzərinə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.

16. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddia ərizəsinə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-202190/2024 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək dövrlərin doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq xx.xx.1992-ci il tarixdə işdən çıxma əmrinin nömrəsi qeyd edilmədiyindən və xx.xx.1996-cı il tarixdə işdən çıxma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı bildirilmiş və müraciətin müsbət həlli mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin surətinə, attestatına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 22 gün təşkil edir. xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərə dair qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nı pozmaqla tərtib edildiyindən həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda Ş. Məmmədovun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 10 il 8 ay 22 gün sığorta stajına uyğun olaraq 10809.82 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək (4 il 4 ay sığorta stajına uyğun olaraq) 4203.18 manat olmaqla, ümumilikdə 15013 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən qüvvədə olan əmək müqaviləsi (işəgötürən: “X6” MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb ediləndən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Odur ki iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

17. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 71 nömrəli “Təsərrüfatlararası SMD” də olan dövrə dair qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nı pozmaqla tərtib edildiyindən (xx.xx.1996cı il tarixdə işdən azad olma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) habelə iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda əməkhaqqı ödənişləri qeyd edilmədiyindən həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi bileti, diplomunun surətinə və Nazirliyin elektron informasıya ehtiyatlarında olan məlumatlara əsasən mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.1973-cu il tarixdən 01.07 1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən 28. 10. 1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 20 gün sığorta stajına uyğun olaraq 18361,80 manat (2024-cü il tarixə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixdən 01.01 2024-cü il tarixədək 4622,58 manat (2024-cü il tarixə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22984, 38 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlararası SMD” də dövrün araşdırılması zərurəti yaranmışdır

18. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı oğlu iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1183/2025 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

21. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də işləməsi ilə bağlı iddiaçıya məxsus əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə həmin dövrlə bağlı əmək kitabçasının mötəbəliyinə şübhələrin nədən ibarət olması qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Həmçinin, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işləməsi barədə Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışında məlumat mövcuddur. İddiaçının əmək haqqı alması barədə məlumatın olmaması isə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsini istisna etməməlidir. Göstərilənlərə əsasən, müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixdək 25 ildən çox əmək stajı mövcuddur. Ona görə də İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-1183/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Mərkəzi Filiala müraciət etmiş, lakin qanunvericiliklə tələb edilən sosial sığorta stajı olmadığından ona əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçıya məxsus əmək kitabçasında göstərilən dövrün “71 №-li Təsərrüfatlararası SMD”-nin möhür təsdiq edildiyi eyni möhürlə təsdiq edilmiş İddiaçı əmək haqqı barədə qrafikdən görünür ki, iddiaçının 1992-1995-ci illər üzrə əmək haqqı alması barədə məlumat vardır. Bu isə iddiaçının həqiqətən də xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №- Təsərrüfatlararası SMD”-də işlədiyini təsdiq edir. ” Məhkəmənin həmin mövqeyinə münasibətdə bildirilir ki, yuxarıda istinad edilən “əməkhaqqı qrafiki” mötəbər sənəd hesab etmək mümkün deyildir. Belə ki, sözügedən qrafikdəki möhür oxunaqlı olmamaqla bərabər rekvizitləri də yoxdur. Digər tərəfdən sənəddəki əməkhaqqı barədə sənədlərin hansı sənədlər əsasında tərtib edildiyi qeyd edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən 7 nömrəli “Təsərrüfatlararası SMD”-nin sənədləri mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmiş və bu səbəblə da iddiaçının əmək fəaliyyəti dövrlərinin araşdırılması mümkün olmamışdır. Belə olan halda məhkəmə qərarında istinad edilən “əməkhaqqı qrafiki”nin hansı əməkhaqqı cədvəllərinə əsasən tərtib edildiyi sual doğurur. Eyni zamanda məhkəmə tərəfindən də iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədin verilməsinə əsas olmuş əməkhaqqı cədvəllər tələb edilməmiş, sənəddə qeyd edilən məlumatları təsdiq edən sübutların mövcud olub-olmaması araşdırılmadan həmin qrafikə əsaslanaraq iddia tələbi təmin edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasındakı xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan qeydlər kiril qrafikalı əlifba ilə yazılmışdır. Halbuki, Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 25 dekabr 1991-ci il tarixli “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası 34 №li Qərarı qəbul edilmişdir. Digər tərəfdən məhkəmə qərarında qeyd edilmişdir ki, “iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda, işləməsi barədə məlumat mövcuddur. iddiaçının əmək haqqı alması barədə məlumatın olmaması isə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsini istisna etməməlidir. Odur ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir”. Məhkəmənin yuxarıdakı mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının əmək kitabçasındakı qeyddə işdən azad olma əmri SSRİ-yə məxsus möhür ilə təsdiq olunmuşdur. Bu hal isə özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaradır. Əmək kitabçasındakı qeydlərə baxış zamanı bu hal vizual olaraq da nəzərə çarpır. Hesab edilir ki, əmək kitabçasındakı qeydlərə dair əsaslı şübhələr bu qədər aydın şəkildə məhkəmənin nəzərinə çatdırıldığından əlavə təsdiqləyici sənədlərə lüzum yoxdur. Bildirilir ki, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əməkhaqlarının kompensasiyası hesabına təyin edilir. Lakin “Sabir” adına sovxozun 1995-ci və 1996-cı illərə aid əməkhaqqı cədvəllərində iddiaçının adı aşkar edilməmiş, əmək fəaliyyəti göstərməsi və əməkhaqqı alması öz təsdiqini tapmamışdır. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb olunan şərtləri ödəmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları

27. Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

28. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

29. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

32. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və İİ hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 156 nömrəli Qərarı ilə ləğv edilmişdir) Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

37. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

38. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

39. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

40. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

41. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

42. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

43. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

44. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

45. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

46. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

47. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

48. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil dövrü, xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 2 ay 20 gün, xx.xx.2006-cı il tarixindən sonra xx.xx.2019-cu il tarixindən xx.xx.2024-ci il tarixinədək 4 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla) 22 il 9 ay 20 gün təşkil etdiyini qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

52. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

53. İddiaçının inzibati orqan tərəfindən qəbul edilən 22 il 9 ay 20 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran illər xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işlədiyi dövrlərdir.

54. Cavabdeh inzibati orqanın imtinasının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb “71 №-li Təsərrüfatlararası SMD”-nin sənədlərinin mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməməsi, həmçinin mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (kiril qrafikalı əlifbadan istifadə edilməsi və xx.xx.1996-cı il tarixində işdən azad edilmə əmrinin SSRİ möhürü ilə təsdiq olunması), eləcə də “Sabir” adına sovxozun 1995-1996-cı illərə aid əmək haqqı cədvəllərində iddiaçının adının aşkar edilməməsi, əmək fəaliyyəti göstərməsi və əmək haqqı almasının öz təsdiqini tapmaması olmuşdur.

55. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir.

56. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasının dəlilinə, yəni “71 №-li Təsərrüfatlararası SMD”-nin sənədlərinin mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməməsi və “Sabir” adına sovxozun 1995-1996-cı illərə aid əmək haqqı cədvəllərində iddiaçının adının aşkar edilməməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi və ya əmək haqqı cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin dövrün iddiaçının stajına hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən aylarda müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin aylarda öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inzibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən dövr üzrə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilə bilməz.

57. Digər tərəfdən, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işləməsi barədə Tovuz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən məlumat (müvafiq əmrlər) mövcuddur.

58. Bundan əlavə, məhkəmə kollegiyası cavabdehin digər imtina dəlilinə münasibətdə də qeyd edir ki, əmək kitabçasının doldurulma qaydasının pozulması halı iddiaçının ziyanına şərh edilməməlidir.

59. Belə ki, iddiaçının əmək pensiyası hüqunun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

60. Göründüyü kimi, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (kiril qrafikalı əlifbadan istifadə edilməsi və xx.xx.1996-cı il tarixində işdən azad edilmə əmrinin SSRİ möhürü ilə təsdiq olunması) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır.

61. İş materillarına əlavə edilmiş əmək kitabçasında iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işlədiyi qeyd edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsində deyilir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

63. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (22 il 9 ay 20 gün) və mübahisələndirilən sığorta stajı (xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işlədiyi dövrlər) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

64. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

65. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

66. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1183/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar