Məhkəmə qərarları › İş №2-1(104)-526/2022

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-526/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-526/2022 25.11.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), X2 və X5 ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1741/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Müəssisənin (obyektin) alğı-satqısına dair 09 iyul 2001-ci il tarixli, 150 nömrəli müqaviləsinin surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən auksionda satın alınan “Orbita-Servis” texniki ticarət müəssisəsinin 1 saylı filialı İddiaçı Ələmdar oğlunun xeyrinə özəlləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000435 nömrəli şəhadətnamənin surətindən görünür ki, “Orbita-Servis” texniki ticarət müəssisəsi 379 000 manat ödənilməklə İddiaçı satılmışdır. Azərbaycan Respublikası Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Tovuz şəhəri, S.Vurğun küçəsində yerləşən X1 xüsusi mülkiyyətidir. MH seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0,2904 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış (Avtovaczal) binası tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli ryestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli “Miras payın bağışlanmasına dair” müqavilədən görünür ki, X10, Tovuz rayon Notariat kontoru tərəfindən verilmiş 2V1-11 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum əri X3 miras qalmış payı, yəni bütün miras əmlakın ona bölünmüş hissəsini oğlanları X11 və X7 bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X11 və X4 adına qeydiyyata alınmışdır. İddiaçı Ələmdar oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin ilə bağlanmış xx.xx.2001-ci il tarixli 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən ticarət müəssisəsi iddiaçıya satılmış, müəssisə ilə bağlı xx.xx.2001-ci il tarixli, 000435 nömrəli Şəhadətnamə verilmiş və Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən obyektə dair xx.xx.2001-ci il tarixli, 002368 nömrəli Texniki Pasport təqdim edilmişdir. X11 və X8 xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış əldə etmişlər. Bundan sonra, iddiaçı sözügedən çıxarışın ləğv edilərək düzəlişlərin aparılması barədə cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Hazırda Tovuz Rayon Məhkəməsində X11 və X8 ona qarşı “torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi” tələbi ilə iddia qaldırmışlar. İddiaçı 21 ilə yaxındır ki, həmin obyektdə çalışaraq ailəsinin ehtiyacların ödəyir. Buna görə də, iddiaçı hesab edir ki, maraqları və hüquqları pozulmaqla verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1741/2022 nömrəli qərardadı ilə (Hakim F.Hüseynov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi çıxarışla üçüncü şəxslərin hüquqları qeydiyyata alınmış qeyri-yaşayış binası üçüncü şəxslərin (X11 və X4) mülkiyyətinə vərəsəlik və bağışlanma qaydasında keçdiyindən hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının təxirə salınması barədə ərizə göndərmiş, lakin məhkəmə nəzərə almamışdır. Odur ki, mübahisələndirilən qərardad ləğv edilməli, işə yenidən baxılmaqla iddia tələbi təmin edilməlidir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar ( qərarın 2.4. bəndi). Göründüyü kimi iddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Bu baxımdan, nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, mübahisə üzrə iddiaya münasibətdə ilkin olaraq iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti yerinə yetirilməlidir. Hazırki mübahisə üzrə tələbində iddiaçı onun adına özəlləşdirilərək mülkiyyətinə verilmiş Tovuz rayonu, Abulbəyli kəndində yerləşən “Orbita-Servis” texniki ticarət müəssisəsinə dair üçüncü şəxslər olaraq Elxan Qasımov və Ağalar Qasımovun adına olan daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bu əsasla verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirilən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iddia tələbinə dair işin faktiki halları kifayət qədər araşdırılmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsi ilə üçüncü şəxslərin adına qeydiyyata alınaraq mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin eyni predmet olması, başqa sözlə eynilik təşkil etməsi məlum deyildir. Bundan başqa, iddiaçının mülkiyyətinə verilən qeyri-yaşayış sahəsi ilə üçüncü şəxslərin adına qeydiyyata alınan qeyri-yaşayış sahəsinin ünvanı da fərqlidir. Belə olan halda, üçüncü şəxslərin adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinin iddiaçının faktiki və hüquqi mükiyyətini nə dərəcədə məhdudlaşdırmasının müəyyən edilməsi işin zəruri tərəfidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə obyektiv araşdırma prinsipinin tələbləri baxımından mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları araşdırmağa və bu məqsədlə müvafiq sübutları öz təşəbbüsü ilə toplamağa borcludur. Bu zaman həmçinin tərəflərin sübutları təqdimetmə imkanları da nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə həmçinin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üçüncü şəxslərin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən olunması ilə bağlı xüsusatlar yoxlanıldıqdan və məhkəmə tərəfindən tədqiq edildikdən sonra nəticəyə gəlməli idi. Belə ki, qeyri-yaşayış sahəsinin digər şəxslərin mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi müvafiq prosessual hərəkətlər vasitəsi ilə - mütəxəssis dəvət etmək və ya ekspertiza təyin etmək yolu ilə araşdırılmalı, həmin əmlakların eyni olub-olmaması müəyyən olunmalıdır. Başqa sözlə inzibati iş üzrə ilkin olaraq iddiaçının hazırkı iddianı qaldırmaqda hər hansı subyektiv hüququnun mövcudluğu araşdırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının hüquqi marağı və tələbinin nədən ibarət olması da dəqiq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.1 və 6.2. bəndləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında qeyd olunur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır (17. bənd). Odur ki, hazırki iş üzrə iddiaçının iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının yoxlanılması ilə yanaşı, hüquqi marağı dəqiq müəyyən edilməli bundan sonra iddianın mümkünlük əsasları yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1741/2022 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova Hakimlər Rəşad Mamedov Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar