Məhkəmə qərarları › İş №2-1(104)-526/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-526/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-526/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bərdə Regional Ədliyyə İdarəsi və Bərdə rayonu üzrə İcra və Probasiya şöbəsinə qarşı vurulmuş ziyana görə 30.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qərarın qəbul edilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2639/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bərdə Regional Ədliyyə İdarəsi və Bərdə rayonu üzrə İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona vurulmuş ziyana görə Cavabdehndən 30.000 manat məbləğində pul alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə onun X1 ödənilməli olan 9820 manat aliment borcu, sonuncunun isə ona 185 000 manat borcu olmuşdur. Bərdə rayon İcra və porbasiya şöbəsinin icra məmuru barəsində İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib etmiş, burada guya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəmədiyini bildirmişdir. Bərdə rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 3(021)-447/2022 nömrəli qərarı ilə o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətinə həbs tənbeh tədbiri tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 3(104)173/22 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 3(021)-589/2022 nömrəli qərarı ilə barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tələbkar Ş.İsmayılovanın ona daha çox pul ödəməli olması nəzərə alınmamış, qətnamələrin icrasında qərəzli olmuşlar. Onu 4 gün inzibati qaydada həbs etməklə maddi, mənəvi ziyan vurmuşlar, cəmiyyətdə nüfuzuna xələl gətirmişlər. Ümumilikdə Cavabdeh tərəfindən 30 000 manat ziyan dəymişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2639/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icra qurumunun mübahisə edilən hərəkəti (qərarı) icra sənədinin icrası ilə bağlı olmuş, ona görə də iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını və ya iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün məhkəmə aidiyyətinin müəyyən edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2021ci il tarixli, 2(021)4066/2022 nömrəli qərardadı ilə inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi nəticəsində dəymiş ziyanla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması, yalnız maraqlı şəxslərin əvvəlcədən bununla bağlı inzibati orqana müraciətindən imtina olunduğu halda mümkündür. Bərdə Regional Ədliyyə idarəsinin ona vurulmuş zərərlə bağlı cavab verilməməsi qanuna əsasən imtina kimi qiymətləndirilməlidir və dəymiş ziyanla bağlı iddia inzibati məhkəmə qaydasında baxılmalıdır Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlillərində hazırki tələbə inzibati icraat qaydasında mahiyyəti üzrə baxılması xahiş olunur. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(021)- 589/2022 saylı qərarına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərarda müəyyən edilmişdir ki, İddiaçı əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Hazırki tələbində iddiaçı Cavabdeh icra məmurunun və bilvasitə qurumun rəhbərinin hərəkətlərini mübahisələndirir, məhz icra məmurunun hərəkəti nəticəsində inzibati qaydada qanunsuz olaraq həbs edildiyini bildirərək maddi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1. maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Həmin Məcəllənin 1101.2. maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.7. maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda göstərilən normaların tələblərindən də göründüyü kimi hazırki mübahisə (inzibati qaydada qanunsuz həbsdə saxlama ilə bağlı vurulmuş ziyanın ödənilməsi) inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmadığından ümumi (publik) hüquq normaları ilə deyil, xüsusi hüquq normaları ilə tənzimlənməlidir Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. “İcra haqqında” Qanunun 87.1. maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 87.4. maddəsinə əsasən icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Göründüyü kimi “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. İcra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırki tələbdə icra məmurunun hərəkəti mübahisələndirilsə də hüquqi maraq qanunsuz həbsə alınma ilə bağlı ziyanın ödənilməsidir, bu mübahisəyə baxılması isə mülki mühakimə icraatı qaydasında mümkündür. Odur ki, hazırki iş üzrə apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeydə edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmiş, lakin iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamışdır. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın 17-ci bəndində də məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırmaq istəyir ki, hazırki mübahisə xüsusi hüquq normaları ilə tənzimləndiyindən aidiyyəti üzrə ümumi (rayon) məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2639/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar