Məhkəmə qərarları › İş №2-1(104)-527/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-527/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-527/2024 04.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1247/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin R00134078ZRA nömrəli göndərişinə əsasən “ Vahid qalmış sağ böyrəyin xroniki pielonefriti.” diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının İddiaçı barəsində tərtib etdiyi “X4” ilə müəyyən olunur ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ambulator müayinədə olmuşdur. 2010-cu ildə soltərəfli nefrektomiya əməliyyatı olunub. Diaqnozu: Vahid qalmış sağ böyrək ( Z90.5) Xroniki pielonefrit ( N11). XBX 1-ci mərhələ ( N 18.1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Goranboy Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli çıxarışı ilə müəyyən olunur ki, İddiaçı həmin tibb müəssisəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək “ yeganə sağ böyrəyin xroniki pielonefriti , tez-tez kəskinləşmələrlə diaqnozları üzrə müalicədə olmuşdur. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin R00134078ZRA nömrəli göndərişinə əsasən “ Vahid qalmış sağ böyrəyin xroniki pielonefriti.” xx.xx.2023- cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək, xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək əlillik müddətinə görə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 29 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və ona göndərişin imzalandığı 27 sentyabr 2023- cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu ildə Xankəndi şəhərində anadan olmuşdur, hazırda Goranboy rayonu, Meşəli kəndində məcburi köçkün olmaqla müvəqqəti məskunlaşmış və həmin kənddə yaşayır. 2010-cu ildə soltərəfli nefrektomiya əməliyyatı olmuş, cərrahi əməliyyat nəticəsində sol böyrək götürülmüşdür. 2011-ci ildə 2-ci qrup əlillik təyin olunmuşdur. 2020-ci ildə əlillik dayandırılmışdır. Bundan sonra səhhətin müayinə aktları, ambulator kitabçadan ( xəstəlik tarixindən) çıxarış və xəstəxananın göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyasına müraciət etmiş, müayinə nəticəsində əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin edilməməsi, diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas vermir kimi səbəb göstərilmişdir. Goranboy Rayon Mərkəzi X2 Şəxsin xx.xx.2023-cü il tarixli 2889 nömrəli göndərişə əsasən Akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının xx.xx.2023-cü il tarixli X3 əsasən diaqnoz : vahid qalmış sağ böyrək ( Z 90.5) Xroniki Pielonefrit( N 11) XBX 1-ci mərhələ ( N 18.1) müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 4.1.3.1-ci bəndində nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması XBÇ 1 mərhələ orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi 50 faiz , orqanizmin funksiyalarının pozulması müddəti isə müddətsiz müəyyən edilmişdir. 2010-cu ildə sol böyrəyindən əməliyyat olunduqdan sonra 2011-ci ildə müddətli 2-ci qrup əlillik müəyyən olundu, sonra 2013-cü ildə təkrar müayinədən keçmiş, əlillik təsdiq edilmiş, növbəti müayinə 2015-ci ildə keçirilmiş, 2-ci qrup əlillik təsdiq edilmiş, lakin 2020-ci ildən isə əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir. Səbəb o olmuşdur ki, tibbi sosial ekspert komissiyası vahid qalmış sağ böyrəyin vəziyyətinə baxmış sol böyrəyin əməliyyat nəticəsində çıxarılmasını nəzərə almamışlar. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatı xx.xx.2023-cü il tarixli X3 və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 4.1.3.1-ci bəndində göstərilənlərə uyğun olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1247/2024 saylı qərarı ilə (hakim L.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 29 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı göndərişin imzalandığı 27 sentyabr 2023-cü il tarixindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının İddiaçı barəsində tərtib etdiyi “X4” ilə müəyyən olunur ki, sağ böyrək -114x47 mm, yerləşməsi normal, hüdudları hamardır.Parenximanın qalınlığı d=12x14 mm, exogenliyi güclənib. Kortiko-medulyar qatların diferensiasiyası təyin olunmur. KLS genişlənməyib. Sol böyrək- cərrahiyə əməliyyat ilə götürülüb. Hətta cavabdeh orqanın xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “ Yeganə sağ böyrəyin xroniki pielonefriti. XBÇ İ-İİ dərəcə. İİ-li anemiya. Sol tərəfli nefroektomiya əməliyyatından sonrakı vəziyyət( 2010) qeyd edilmişdir və həmin əyani müayinələrin nəticəsində qeyd edilmiş diaqnoza görə xx.xx.2015-ci il tarixdən müddəti 1 il olmaqla xx.xx.2016-cı il tarixə qədər eyni zamanda xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər müddəti 5 il olmaqla ümumi xəstəlik səbəbi ilə müddətli ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışların hamısında iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı nefrektomiya əməliyyatı keçirməsi nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.3.1 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının müddətsiz 50 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli müayinəsinin nəticəsində də İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “ Yeganə sağ böyrəyin xroniki pielonefriti. XBÇ İ-İİ dərəcə. İİ-li anemiya. Sol tərəfli nefroektomiya əməliyyatından sonrakı vəziyyət( 2010) qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı 2010-cu il tarixindən nefrektomiya əməliyyatı keçirtsədə ona xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə , xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlilliyin təyin olunması təsdiq olunur. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli etiraz məktubunda isə tamam fərqli əsaslarla iddiaya etiraz təqdim edilmişdir ki, həmin etirazda İddiaçı sol böyrəyinin nefrektomiya nəticəsində götürülməsi, hansı əsaslarla diaqnoz əlillik əlaməti təyin etməməsinə münasibət bildirilməmişdir. İş materialları ilə iddiaçının nefrektomiya əməliyyatı olması təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona müddətsiz əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Bildirilir ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.[3] 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 4.1.3.1. bəndinə əsasən nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ 50 faiz olmaqla müddətsizdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “Vahid sağ böyrəyin xroniki pielonefriti. Nefrogen hipertoniya. İİ-li Anemiya. Xroniki hepatoxolesistit. Qastrit, kolit. Xroniki böyrək çatmamazlığı İİ dərəcə” diaqnozuna əsasən 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə “Vahid sağ böyrəyin xroniki pielonefriti. Nefrogen hipertoniya. İİ-li Anemiya. Xroniki hepatoxolesistit. Xroniki qastrit . Xroniki kolit. XBÇ İ-İİ dərəcə” diaqnozuna əsasən 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə “Yeganə sağ böyrəyi xroniki pielonefriti. XBÇ İ-İİ dərəcə. İİ-li Anemiya. Sol tərəfli nefroektomiya əməliyyatından sonrakı vəziyyət( 2010)” diaqnozuna əsasən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə “Yeganə sağ böyrəyi xroniki pielonefriti. XBÇ İ-İİ dərəcə. İİ-li Anemiya. Sol tərəfli nefroektomiya əməliyyatından sonrakı vəziyyət( 2010)” diaqnozuna əsasən 5 il müddətinə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra sonuncu xx.xx.2023-cü il tarixli müayinə zamanı diaqnozu : “Vahid qalmış sağ böyrəyin xroniki pielonefriti.” olmuş və müayinə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı sonuncu müayinəsi zamanı tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə xəstəliyinin əsas diaqnozu - “Vahid qalmış sağ böyrəyin xroniki pielonefriti” olmuşdur. Məhkənə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı 2010-cu ildə nefrektomiya əməliyyatı olunmuşdur. Nefrektomiya böyrəyin cərrahi yolla çıxarılması əməliyyatıdır. Bu hal isə, yəni iddiaçının xəstəliyi Əlilliyin müəyyən olunması meyarlarına əlavənin müvafiq bəndində təsbit olunmuşdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 4.1.3.1. bəndinə əsasən “nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, XBÇ İ mərhələ” 50 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin müddətsiz təyin olunmalı olduğu göstərilmişdir. Beləliklə də, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Odur ki, İddiaçı barəsində əlilliyin təyin olunmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 4.1.3.1. bəndinə əsasən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1247/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar