Məhkəmə qərarları › İş №2-1(104)-528/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-528/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-528/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, üçüncü şəxslər X8 və X1 iştirakları ilə, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-59/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 və onun ailə üzvləri olan X2, X8, X6, X9, X10, X7, X11, X3 adına Gədəbəy rayonu, Çay Rəsullu kəndində 0.25 ha torpaq sahəsi verilməsinə dair tərtib edilmiş JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X12 onun atasıdır. Onun atasının Gədəbəy rayonu, Çay Rəsullu kəndində ümumi sahəsi 54 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi olmuşdur. Onun atası xx.xx.1973-cü il tarixdə vəfat etmişdir. Aqrar islahatlar aparılan zaman iddiaçının əmisi X13 onun ərazidə olmamasından istifadə edərək atasından ona miras qalmış torpaq sahəsini ailəsi ilə birlikdə öz adına qeyd etdirmişdir. Eyni zamanda X5 daimi yaşadığı öz evinə və torpaq sənədinə mülkiyyət sənədi verilməmiş, öz torpaq sahəsinə dair onun adına islahat aparılmamışdır. Belə ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarı ilə atama məxsus həmin 0.25 ha həyətyanı torpaq sahəsi səhvən X5 və üçüncü şəxslərin adına işlənmiş və bu barədə onların adına JN-102A KOD 50527018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Halbuki, həmin şəxslər iddiaçının atasının vərəsələri deyillər. Buna görə də, iddiaçı məhkəmədən həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-59/2024 saylı qərardadı ilə (hakim E.Axundov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-59/2024 saylı qərardadının ləğv edilməsinə və iddianın mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman İddiaçı nümayəndəsi X14 məhkəməyə ərizə verərək iddiadan imtina edildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi X4 iddia tələbindən imtina etməsi qəbul edilməli, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 59/2024 saylı qərardadı ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır (Azərbaycan Respublikası İPM-in 55.1-ci maddəsi). Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir (Azərbaycan Respublikası İPM-in 55.2-ci maddəsi). İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir (Azərbaycan Respublikası İPMin 55.4-cü maddəsi). İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz (Azərbaycan Respublikasının İPM-in 55.5-ci maddəsi). Göründüyü kimi, inzibati prosessual qanunvercilik iddiaçının iddiadan imtina etdiyi halda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir, məhkəmənin iş üzrə icraata xitam verməklə qərardad qəbul etməsi və həmin qərardaddan şikayət verilə bilməməsini təsbit edir. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiadan imtina etmək iddiaçının hüququ olduğundan və iddiaçının bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığına görə onun iddiadan imtina etməsi qəbul edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, İddiaçı nümayəndəsi X4 iddia tələbindən imtina etməsi qəbul edilməli, Gəncə İnzibat Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 59/2024 saylı qərardadı ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı nümayəndəsinin X4 iddiadan imtinası qəbul edilsin. Gəncə İnzibat Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-59/2024 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanının istisna edilməsi iddiaçıya izah edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar