Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-529/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı1 iştirakı ilə, “Tərtər şəhəri, R.Kərimov küçəsi, ev 11 ünvanına qeydiyyata alınmaları və onların şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1587/2023 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata düşmək üçün İddiaçı1 və qey. əsas ev sənədi, yəni mülkiyyət hüququnun qeydiyyata alınması haqqında dövlət reyestri xidmətindən çıxarış təqdim etməli, yaşadıqları evin qanunda nəzərdə tutulan sənədi olmayacağı halda, yalnız həmin ev daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qanuna müvafiq qaydada sənədləşdirildikdən sonra onun və ailə üzvlərinin qeydiyyata alınması mümkün olacaqdır. Tərtər Rayon Məhkəməsinin 2(061)-1465/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı1 maraqlı şəxs Tərtər rayon İcra Hakimiyyətinə qarşı daşınmaz əmlakın bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmə və yaşama faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı1 7 (yeddi) nəfərlik ailə üzvləri (əri-X2, oğlanları-İddiaçı3 oglu və X3, gəlini - İddiaçı4, nəvələri-X4 və X5) ilə birlikdə 01 avqust 2012-ci il tarixdən ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-nin mülkiyyətində olan qeyriyaşayış sahəsinin bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmələri və yaşamaları faktının müəyyən edilməsi qət edilmişdir. Tərtər rayon İcra Hakimiyyəti başçısı Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023- cü il tarixli arayışına görə İddiaçı1 ailə üzvləri (oğlanları- İddiaçı3 oglu və X3, gəlini - İddiaçı4, nəvələri-X4 və X5) ilə birlikdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsindən yaşayış evi kimi istifadə edir. xx.xx.2021-ci il tarixinə tərtib edilmiş Texniki pasporta əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 5900 Tərtər şəhəri, R.Kərimov küçəsi,11) ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti "xxxx" ASC-dir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********23-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi "xxxx"ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 06 iyul 2023-cü il tarixli, 3-21-3-46/2-2991/2023 nömrəli məktubu və əlavə edilmiş müqavilənin surətindən görünür ki, 29 sentyabr 2020-ci il tarixli Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ünvan 7 ünvanındakı əmlak kompleksi və altında 1003,4 kv.metr torpaq sahəsi “Tərtər Məişət” Aşıq Səhmdar Cəmiyyətinə satılmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıların və ailənin azyaşlı üzvləri olan X5 və X1 ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları və onların şəxsiyyət vəsiqələrinin elektron sistemdə yaşayış yeri haqqında məlumatın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, onun oğulları İddiaçı2 və İddiaçı3, İddiaçı4 isə İddiaçı2 arvadıdır. İddiaçı2 ilə İddiaçı4 birgə nikahından doğulmuş 2010-cu il təvəllüdlü X5 və 2012-ci il təvəllüdlü X4 adında iki uşaqları vardır. Onların hər biri Tərtər şəhəri, Ə.Paşayev küçəsi, bina 20, mənzil 3-də qeydiyyatda olsalar da faktiki olaraq 01 avqust 2012-ci il tarixdən Tərtər şəhəri R. Kərimov küçəsi ev 3-də yaşayırlar. Bu fakt Tərtər Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli 2(061)-1465/2016 nömrəli qətnaməsi ilə də təsdiq edilmişdir. Lakin onlar həmin evdə 10 (on) il müddətində yaşasalar da həmin evə qeydiyyata alınmamışlar. Yaşayış yeri üzrə qeydiyyata alına bilmədiklərindən bir çox hüquqları pozulur. Belə ki, işsizlik müavinəti almaq üçün müvafiq orqana müraciət edə bilmir, tibbi müayinədən keçə bilmir, yəni sənədləşmə işlərində müəyyən çətinlik çəkirlər. Onlar ünvan 10 ünvanında yerləşən evə pasport qeydiyyatına alınmalarına və şəxsiyyət vəsiqələrinin elektron sistemdə yaşayış yeri haqqında məlumatın dəyişdirməsinə dair göstəriş verilməsi üçün cavabdehə müraciət etsələr də, bundan imtina edilmişdir. Bundan sonra iddiaçılar pasport qeydiyyatına alınmaq istədikləri qeyri-yaşayış sahəsinin ünvanının yeni qaydalarla ünvan 11əməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, onların ünvan 12 xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1587/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri ünvan yaşayış sahəsi deyil, "xxxx" ASCnin mülkiyyətində olan qeyri-yaşayış sahəsidir. İddiaçılar həmin qeyri-yaşayış sahəsindən yaşayış sahəsi kimi istifadə edərək, uzun müddətdir orada yaşasalar da, bu onların həmin qeyri-yaşayış sahəsinə qeydiyyata alınmalarına əsas (hüquq) vermir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçılar qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1587/2023 nömrəli qərarının ləğv edilməsini və iddia ərizənin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin yaşadıqları ünvanın qeyri-yaşayış sahəsi olmasına əsaslanması ilə tələbi təmin etməməsi əsaslı deyildir, belə ki, onlar həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayırlar. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etiraz ərizəsi daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən İddiaçı1 apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, Cəmiyyətin ortaqlarından biridir və oranın 97%-i onun büdcəsi hesabına qurulmuşdur. O və ailəsi cəmiyyətin bir otağında yaşayırlar və qeydiyyata düşmək üçün başqa ünvan yoxdur. Digər iddiaçılara hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh inzibati orqan məhkəməyə 14 iyul 2023cü il tarixli, 113/2-14150/2023 nömrəli ərizə ünvanlayaraq inzibati işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dair dəlillərə cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar...
2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin -müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
8. Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarının 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Hazırki işin faktiki hallarına əsasən iddiaçılar yaşadıqları Tərtər şəhəri, R.Kərimov küçəsi, 03 (Yeni qaydalarla: ünvan 14 ünvanda yerləşən əmlak kompleksinə qeydiyyata alınmalarını və onların şəxsiyyət vəsiqələrinin elektron sistemdə yaşayış yeri haqqında məlumatın dəyişdirilməsi tələbini irəli sürmüşlər. Tələbin əsası kimi Tərtər Rayon Məhkəməsinin 2(061)-1465/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə istinad edilmişdir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 2(061)-1465/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı1 maraqlı şəxs Tərtər Rayon İcra Hakimiyyətinə qarşı daşınmaz əmlakın bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmə və yaşama faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı1 7 (yeddi) nəfərlik ailə üzvləri (əri-X2, oğlanları-İddiaçı3 oglu və X3, gəlini - İddiaçı4, nəvələri- X4 və X5) ilə birlikdə 01 avqust 2012-ci il tarixdən ünvan 1 ünvanında yerləşən, "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsindən yaşayış sahəsi kimi istifadə etmələri və yaşamaları faktının müəyyən edilməsi qət edilmişdir. Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023- cü il tarixli arayışına görə İddiaçı1 ailə üzvləri (oğlanları-İddiaçı3 oglu və X3, gəlini - İddiaçı4, nəvələri-X4 və X5) ilə birlikdə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsindən yaşayış evi kimi istifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbin əsası qeydiyyata alınma olsa da iddianın predmeti olan əmlak yaşayış sahəsi deyildir. Belə ki, xx.xx.2021-ci il tarixinə tərtib edilmiş texniki pasporta əsasən ünvan 1 (Yeni qaydalarla: AZ 5900 ünvan 15 ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti "xxxx" ASC-dir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********23-06301-083001 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin 06 iyul 2023-cü il tarixli, 3-21-3-46/2-2991/2023 nömrəli məktubu və əlavə edilmiş müqavilənin surətindən görünür ki, 29 sentyabr 2020-ci il tarixli Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə ünvan 7 ünvanındakı əmlak kompleksi və altında 1003,4 kv.metr torpaq sahəsi “Tərtər Məişət” Aşıq Səhmdar Cəmiyyətinə satılmış və sonuncunun adına müvafiq çıxarış verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Göründüyü kimi iddiaçılar faktiki olaraq təyinatı dəyişməyən qeyri-yaşayış sahəsində yaşayırlar və həmin qeyri-yaşayış sahəsi üzrə qeydiyyata alınmalarını xahiş edirlər. Belə olan halda həmin ünvan üzrə qeydiyyata alınma mümkünsüzdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.1. maddəsinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2. maddəsinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin qərarın 5.3. maddəsinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Həmin qərarın 5.4. maddəsinə əsasən bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. Breləliklə birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1587/2023 nömrəli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov