Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-53/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 və onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-906/2022 saylı qərarından Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrinin ləğv edilməsi və işə bərpa barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-906/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrinin ləğv edilməsi və İddiaçı1 əvvəlki xidmətə bərpa olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə apellyasiya şikayət verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-906/2022 saylı qərarının ləğv edilməsinə və iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmiş və həmin vaxtdan N saylı hərbi hissədə xidmətə başlamış, tərxis olanadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi 7 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamış, bu müddət ərzində həm aprel döyüşlərində, həm də 44 günlük müharibədə iştirak etmiş, medallarla təltif edilmişdir. 2021-ci il dekabr ayında N saylı hərbi hissənin komandanlığı tərəfindən ona korpus komandirinin əmri ilə tərxis olunması barədə göndəriş verilmiş, lakin əmrin surəti verilməmişdir. İddiaçı 2022-ci ilin əvvəllərində Quru Qoşunlarının rəhbərliyinə şikayət edib əmri tələb etsə də, ona xx.xx.2022-ci il tarixdə N saylı hərbi hissə komandirinin N saylı, 13 dekabr 2021-ci il tarixli əmrinin surətini təqdim etmişlər. Həmin əmrlə tanış olarkən iddiaçıya məlum olmuşdur ki, o N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111əç saylı əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) xidmətdən azad olunmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, hələ də həmin əmr ona verilməmişdir. Bundan sonra o N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111əç saylı əmrin ləğv edilməsi və işə bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçı1 xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə N saylı Hərbi Hissə komandiri və xx.xx.2015-ci il tarixdə isə 049 saylı Hərbi Hissə komandiri tərəfindən müxtəlif Fəxri Fərmanlarla təltif edilmişdir. - N saylı Hərbi Hissə komandirinin xx.xx.2015-ci il tarixli, 8 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı1 N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli, 0112 əç nömrəli əmrinə əsasən ehtiyatdan Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilərək N nömrəli hərbi hissənin zenit-raket artilleriya bateryasının, 2-ci taqım, 3-cü qurğunun mexanik-sürücü vəzifəsinə təyin edilmiş, SHXÇDX-nin Göygöl rayon şöbəsində gəlmiş hesab edilmiş, xx.xx.2015-ci tarixdən hərbi hissənin şəxsi heyatinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. - Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2372 nömrəli sərəncamı ilə İddiaçı1 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuş və ona İ-1518 nömrəli vəsiqə verilmişdir. - 6743 nömrəli aktın təsdiqlənmiş surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı1 smartfon telefon işlədərkən N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin birinci müavini tərəfindən tutulmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə əlaqədar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş İddiaçı1 söhbətləşməyə çağırılarkən söhbətləşmədən imtina etmişdir. - N nömrəli hərbi hissənin zenit-raket artilleriya bateryasının komandiri tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, zenit-raket artilleriya bateryasının, 2-ci taqım, 3-cü qurğunun mexanik-sürücü vəzifəsində xidmət etmiş İddiaçı1 xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmiş, komandirlərinə qarşı nəzakətli, özünə və yolaşlarına qarşı tələbkar olmuş, hərbi bilik səviyyəsinin artırılması üçün daima öz üzərində çalışmış, tutduğu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. Çətin anlarda düzgün yol tapmağı bacarmışdır, ona verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. 2-ci “Vətən uğrunda” gedən döyüşlərdə yaxından iştirak etmişdir. - təqdimatın təsdiqlənmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. - N saylı Hərbi Hissə komandirinin 13 dekabr 2021-ci il tarixli, 358 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı1, zenit raket artilleriya batareyası 2-ci zenit artilleriya taqımı 3-cü qurğu mexaniksürücü, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermis hesab edilsin, xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Göygöl rayon şöbəsinə göndərilsin. - N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmrindən çıxarışdan görünür ki, MAHHXHQ çavuş İddiaçı1 172-ci motoatıcı briqadanın (N nömrəli Hərbi Hissə) zenit raket-artilleriya batareyasının zenit artilleriya taqımının mexanik-sürücüsü “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156- cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarı qanuni və əsaslı olmamışdır. Belə ki, MAHHXHQ çavuş İddiaçı1 Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2020-ci il tarixli 088 nömrəli əmrinin tələblərini kobud surətdə pozaraq xidməti yerində smartfon tipli mobil telefon işlətmiş və bunu N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin birinci müavini vəzifəsində xidmət edən polkovnik Teymur Məmmədov xx.xx.2021-ci il tarixdə aşkar edərək iradını bildirmiş, ehtiyata buraxılması üçün tədbirlər görülməsinə göstəriş vermişdir. MAHHXHQ çavuş İddiaçı1 hərbi hissədə söhbətləşməyə və "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi"ndə dinlənilməsinə dəvət olunsa da bundan imtina etmişdir. Lakin, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-906/2022 nömrəli, xx.xx.2022-ci tarixli qərarından görünür ki, iddiaçı özünün intizamsızlığını əks etdirən faktları məhkəmədən gizlətmişdir və bununla məhkəmənin obyektiv qərar qəbul eyməsinə maneçilik törətmişdir. İddiaçı1 intizamsızlığı ilə bağlı yuxarıda qeyd edilən faktlar onun hərbi xidmətdən ehtiyata buraxılmağının nə qədər düzgün və əsaslı olduğunu göstərir. Yuxarıda qeyd edilənlər bir daha göstərir ki, Gəncə İnzibati Məhkəməsi öz qərarını yalnız iddiaçının izahatlarına və onun məhkəməyə təqdim etdiyi özünə sərfəli sənədlərə istinad məhkəmənin qərarının obyektivliyini şübhə altında qoyur. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-906/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Bu qənaətə gələrkən məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarına istinad edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İPM-nin 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İş materiallarında olan N saylı Hərbi Hissə komandirinin 13 dekabr 2021-ci il tarixli, 358 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı1, zenit raket artilleriya batareyası 2-ci zenit artilleriya taqımı 3cü qurğu mexanik-sürücü, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0111 əç nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermis hesab edilmiş, xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nın Göygöl rayon şöbəsinə göndərilmişdir. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:
1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.
161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilikdə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının xüsusi prosedur qaydaları təsbit olunmuşdur. Həmin qaydalara əsasən hərbi qulluqçular buraxılmaya iki ay qalmış xəbərdar edilməli, ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilməli, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilməli, xidmət illəri hesablanmalı və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilməlidir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilməli, hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılmalı və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunmalı, zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılmalıdır. Eyni zamanda, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbət aparılmalı, onlar şərəf məhkəməsində dinlənilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. Göründüyü kimi cavabdeh tərəfindən yuxarıda göstərilən tələblərə riayət edilməmiş, zəruri inzibati icraat aparılmamış, inzibati icraat haqqında hüquq normalarının, həmçinin maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, İddiaçı1 xidmətdən ehtiyata buraxılmazdan əvvəl onunla söhbətləşmə aparılmamış və müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçularının şərəf şəhkəməsində dinlənilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17).İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Göründüyü kimi, mübahisələndirilən əmrinin verilməsinə əsas 2021-ci il tarixli təqdimat olmuşdur. Belə ki, həmin təqdimatdan başqa, iş materiallarında digər sənəd və sübut yoxdur, eləcə də cavabdeh tərəfindən hər-hansı əlavə sənəd təqdim edilməmişdir. Cavabdeh inzibati orqan əmrin verilməsinin əsaslı və qanuni olmasını sübut edə bilməmiş və bunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İPM-in 87.5, 87.6, 89, 94.1-ci maddələri rəhbər tutub məhkəmə kollegiyası, Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-906/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.