Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-530/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeyriyaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 9/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: X5 İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli 4 nömrəli iclas protokolunun qərarının surətindən görünür ki, sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsi əmlak payı kimi mərhum X2 verilmişdir. İnzibati orqan AR ƏMDX yanında DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi X1 adına Xanlar rayonu Heyvandarlıq Sovxozuna məxsus quş damı adlanan qeyri-yaşayış sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması səbəbi ilə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mərhum əri X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmaması kimi əsaslandırmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti « Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri » tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, **********49 nömrəli mütəxəssis rəyinin surətindən görünür ki, Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsinin yerləşdiyi 960,26 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində yerləşir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla örüş sahəsidir. Həmin torpaq sahəsi üzərində tikili(quş damı) yerləşir. Sözügedən tikili və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. Qeyri-yaşayış(quş damının) yerləşdiyi 960,26 kv.m torpaq sahəsinin eni və uzununa dair ölçülər rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 10 /7154 nömrəli ekspert rəyinin surətindən görünür ki, Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti « Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri » publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********49 saylı rəyin məlumatlarından görünür ki, köhnə tikilinin yerləşdiyi torpaq sahəsinin uzunluğu 42,0 m eni isə 20,0 m, yeni tikilinin yerləşdiyi torpaq sahəsinin uzunluğu 6,70 m eni isə 18,0 m təşkil edir. Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsində istifadə olunmuş materialların faktiki olaraq köhnə vəziyyətdə olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl-Hacıkənd yolunun sol kənarında yerləşən quş damı adlanan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X3 onun əridir. Əri xx.xx.2004-cü ildə vəfat etmişdir. Mərhum əri uzun illər Göygöl (keçmiş Xanlar) rayonunun heyvandarlıq sovxozunda işləmişdir. X5 İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli 4 nömrəli iclas protokolunun qərarına əsasən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsi əmlak payı kimi mərhum ərinə verilmişdir. Keçmiş Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 4 saylı protokolunun qərarı ilə heyvandarlıq sovxozu X6 Komissiyasının həmin qərarı təsdiq edilmişdir. Həmin vaxtdan qeyd edilən quş damı onun istifadəsindədir və dam Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşir. Həmin quş damı üzərində hüquqların dövlət qeydiyyatına alınaraq çıxarış verilməsi üçün cavabdeh orqana rəsmi müraciət etmişdir. Cavabdeh orqan müraciətinin icrasını mümkün saymamışdır.Bu barədə ona xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubla cavab verildi. İmtina onunla əsaslandırılmışdır ki, həmin binanın yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və tikilinin texniki göstəricilərinə dair sənədlər müraciətinə əlavə edilməmişdir. İmtina ilə razı deyil. İddiaçı binanın yerləşdiyi torpaq sahəsi üzərində deyil, mərhum ərinə əmlak payı olaraq verilmiş bina üzərində mülkiyyət hüququnun qeydiyyata alımasını xahiş etmişdir. Binanın yerləşdiyi torpaq sahəsi mərhum ərinə verilmədiyi halda həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi iddiaçı müraciətinə necə əlavə edə bilərdi. Binanın texniki göstəricilərinə dair texniki sənədlərə gəlincə isə həmin sənədlər onun müraciəti ilə əlaqədar cavabdeh orqanın əməkdaşları tərəfindən hazırlanmalı idi. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1190/2021 nömrəli qərardadı ilə Göygöl-Hacıkənd yolunun sol kənarında yerləşən quş damı adlanan qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum iddiaçının əri X1 adına qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasına dair dəqiqləşdirmə ərizəsi icraata qəbul edilmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-9/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməsi, Göygöl-Hacıkənd yolunun sol kənarında uzunluğu 42,0 metr, eni isə 20,0 metr olan torpaq sahəsinin üzərində inşa edilmiş köhnə tikili quş damı adlanan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində X1 adına hüquqların dövlət qeydiyyatının aparılması və dövlət retestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin ayrılmasına dair hüququmüəyyənedici sənədlər və tikililərin texniki gösdəricilərini əks etdirən sənədlərin, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Göygöl rayonun ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı hazırda X5 islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 4 nömrəli iclas protokolunun qərarına əsasən sovxoza məxsus quş damı adlanan qeyri-yaşyış sahəsi əmlak payı kimi mərhum ərinə ayrılmasını iddia etsə də bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Lakin məhkəmə işi tam və obyektiv araşdırmadan, işin faktiki hallarına qiymət verməyərək iddiaçının iddiasını təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Məhkəmə göstərilən maddi hüquq normasının pozuntusuna yol verərərk nəzərə almamışdır ki, Ərazi İdarəsi qanunvericiliyin tələblərinə əsasan haqlı olaraq iddiaçı müraciətinə imtina vermişdir. Belə ki, yuxarıda göstərildiyi kimi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər və tikililərin texniki gösdəricilərini əks etdirən texniki sənədlərin təqdim olunmadığı müəyyən edilmişdir. Belə olan halda isə daşınmaz əmlaka hüquqların qeydiyatını aparmaq mümkün deyildir. Ümumiyyətlə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı İdarəsi qanunvericilikdə müəyyən edilmiş sənədlər, cümlədən ödənişlər əsasında vətəndaşlara xidmət göstərir. İlk növbədə iddiaçının sənədləri və həmin sənədlər əsasında hüquqların dövlət qeydiyyatının mümkünlüyü araşdırılmalıdır. Belə olan halda, Mülki Məcəllənin 139-cu və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələbləri pozulur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi ərizə məhkəmənin icratına qəbul edilmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ...
21 iyun 2023-cü il tarixli, 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik (-). 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İşin halları ilə müəyyən olunur ki, Xanlar Rayon Heyvandarlıq X5 İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli 4 nömrəli iclas protokolunun qərarına əsasən Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsi əmlak payı kimi İddiaçı mərhum həyat yoldaşı X2 verilmiş və həmin quş damı 25 ildir iddiaçının istifadəsindədir. Hazırda iddiaçı qeyd olunan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici və tikililərin texniki göstəricilərinə dair texniki sənədlərin ərizəyə əlavə edilməməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir. İş üzrə təqdim olunan mütəxəssis rəyində (99-cu vərəqə) qeyd edilmişdir ki, mübahisə predmeti olan quş damı adlanan qeyri-yaşayış sahəsinin yerləşdiyi 960,26 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində yerləşir. Həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş sahəsidir. Həmin torpaq sahəsi üzərində tikili (quş damı) yerləşir. Sözügedən tikili və tikilinin yerləşdiyi torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. Qeyri-yaşayış (quş damının) sahəsinin yerləşdiyi 960,26 kv.m torpaq sahəsinin eni və uzununa dair ölçülər rəyə əlavə edilmiş yerquruluşu planında öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2023-cü il tarixli, 10 /7154 nömrəli ekspert rəyindən (145-ci vərəqə) görünür ki, Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli, **********49 saylı rəyin məlumatlarından görünür ki, köhnə tikilinin yerləşdiyi torpaq sahəsinin uzunluğu 42,0 m eni isə 20,0 m, yeni tikilinin yerləşdiyi torpaq sahəsinin uzunluğu 6,70 m eni isə 18,0 m təşkil edir. Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsində istifadə olunmuş materialların faktiki olaraq köhnə vəziyyətdə olduğu müəyyən edilir. Göründüyü kimi Xanlar Rayon Heyvandarlıq X5 İslahat Komissiyasının 1998-ci il 12 fevral tarixli 4 nömrəli iclas protokolunun qərarına əsasən Göy-göl Hacıkənd yolunun sol tərəfində yerləşən sovxoza məxsus quş damı adlanan qeyri-yaşayış sahəsi əmlak payı kimi İddiaçı mərhum həyat yoldaşı X2 verilmiş və həmin quş damı 25 ildir iddiaçının istifadəsindədir və müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından hazırkı mübahisəyə münasibətdə də Göygöl-Hacıkənd yolunun sol kənarında yerləşən quş damı adlanan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum iddiaçının əri X1 adına qeydə alınaraq çıxarış deyil, arayış verilməsi təmin olunmalıdır. Məhkəmə qərarı istinad olunan normalar nəzərə alınaraq bu hissədə dəyişdirilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-9/2023 nömrəli qərarı dəyişdirilsin. Göygöl-Hacıkənd yolunun sol kənarında uzunluğu 42,0 metr, eni isə 20,0 metr olan torpaq sahəsinin üzərində inşa edilmiş köhnə tikili quş damı adlanan qeyri-yaşayış sahəsinə hüququn mərhum iddiaçının əri X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.