Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-530/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Tovuz Bələdiyyəsi) qarşı JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 180/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-180/2022 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddianın təmin edilməsi, JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərardadı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli qərarı qismən - “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 207,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilərək iddia həmin hissədə mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarı ilə (hakimlər: A.İsgəndərova - sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 11 mat 2022-ci il tarixli qərarı “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 0,03 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-991/2024 saylı qərarı ilə (hakimlər N.Rəsulbəyova - məruzəçi, K.Bədəlov və Z.Quliyev) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(104)-42/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarının İddiaçı və ailə üzvlərinə 0.03 ha torpaq sahəsinin ayrılması hissəsində ləğv edilərək həmin hissədə 0.05 ha kimi oxunması və 0.05 ha torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2021-ci il tarixli məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, JN940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Nizami adına sovxozun xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində atası X3 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün onun mülkiyyətinə verilmişdir. Həmin tarixdən də qeyd olunan torpaq sahəsi onun mükiyyətində olmuş, o həmin torpaq sahəsində yaşayış evi tikərək ailəsi ilə orada yaşayır. Qeyd olunan torpaq sahəsinə xx.xx.1987-ci ildə qeydiyyat vəsiqəsi, xx.xx.1989-cu ildə həmin torpaq sahəsində tikdiyi evə texniki pasport verilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətində olan 0.05 ha həyətyanı torpaq sahəsinə JN-940A, KOD- 50301004 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, şəhadətnamədə səhv olaraq torpaq sahəsinin ölçüsü 0.03 ha göstərilmişdir. Halbuki, onların mülkiyətində və faktiki istifadələrində 0.05 ha torpaq sahəsi vardır. Qeyd olunan yanlışlığın aradan qaldırılması üçün cavabdeh DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-530/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tovuz Bələdiyyəsi) “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin İddiaçı adına tərtib olunmuş xx.xx.1989cu il tarixli, 222 nömrəli texniki pasportda olan 507,5 ha hissəyə uyğun çıxarışın verilməsi” tələbinə dair iş üzrə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 üçüncü şəxs qismində işə baxılmasına cəlb olunmuşlar. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Sözügedən torpaq sahəsi dövlət reyestrində qeydiyyat aparılmış və sərhədləri müəyyən edilmişdir. Narazı qalan şəxslər Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirə bilərdilər. Məhkəmə qərarı ilə 0,03 ha deyil, 507,5 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması qeyd edilsə də, elektron bazada göstərilmiş 0,03 ha torpaq sahəsindən başqa hansı torpaq sahəsinin işlənməsi qeyd edilməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmiş iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmsını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının vəkilini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, eləcə də kassasiya instansiyasının göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qərar çıxarılmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(104)42/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-180/2022 nömrəli qərarı qismən- “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 207,5 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Odur ki, hazırki məhkəmə araşdırılmasının predmetini iddia tələbinin İddiaçı və ailə üzvlərinə “JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 300 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi təşkil edir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 üçüncü şəxs qismində işə cəlb olunub məhkəmə iclasında iştiraklarının təmin edilməsi üçün məhkəmə iclasları dəfələrlə təxirə salınmış olsa da, məhkəmə iclaslarına gəlmədiklərinə görə onların iddia ərizəsinə münasibətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, həmin şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırkı işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Bozalqanlı kəndində yerləşən 0.03 hektar həyətyanı sahə İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında “torpağın mülkiyyətə verilməsinə dair”JN- 940 A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı isə faktiki torpaq sahəsinin 0.05 ha olmasını bildirərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir, lakin Ərazi idarəsinin arxiv məlumatlarında həmin torpaq 0.03 ha kimi göstərildiyindən müraciətin müsbət həll edilməsi mümkün olmamışdır. Torpaq İslahatı haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş materiallarında olan Nizami adına üzümçülük sovxozu üzrə xx.xx.1987-ci il tarixli 59 nömrəli əmrin çıxarışından görünür ki, Tovuz rayonu Bozalqanlı kənd sakini İddiaçı məhləyanı torpaq sahəsinin olmamasının nəzərə alınması, atası X2 adına olan 0.12 hektar torpaq sahəsindən hər iki tərəfin razılığı ilə oğlu İddiaçı 0.05 ha kəsilərək istifadə üçün verilməsi, əmr təsdiq edildikdə X2 adına olan 0.12 hektar torpaq sahəsindən 0.05 hektar kəsilib öhdəsində 0.07 hektar torpaq sahəsinin dsaxlanması qeyd edilmişdir. İş materiallarında olan 1043 nömrəli, 30 aprel 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Tovuz rayonu fərdi yaşayış fondundan İddiaçı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublika Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 438 nömrəli arayışından görünür ki, Bozalqanlı kənd sakini İddiaçı Nizami adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində 26 mart 1987-ci il tarixli 61 nömrəli əmri ilə Bozalqanlı kənd sakini X2 adına olan 0.12 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsi kəsilib oğlu İddiaçı istifadəsinə verilməsi göstərilmişdir. İş materiallarında olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İddiaçı adına 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 120 kv.metr olan yaşayış sahəsi işlənmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-940A, KOD 50301004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı və ailə üzvlərinə Tovuz rayonu Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli qərarı ilə 0,03 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il 4-25/147 nömrəli məktubunda qeyd olunur ki, Tovuz rayonu Qovlar şəhəri ərazisində qeydiyyatda olan X13 bildirmişdir ki, etibarnamə ilə nümayəndəsi olduğu İddiaçı əvvəllər Tovuz rayon Bozalqanlı kəndi olan ərazidə atası X3 məxsus 0.12 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsindən atası sağlığında 0.05 ha hissəsini ayıraraq İddiaçı vermişdir. Həmin hal Tovuz rayon Dövlət Arxivindən alınmış arayışdan və evinin qeydiyyat vəsiqəsinə əlavə olunmuş texniki pasportda öz əksini tapdığını, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli JN-940A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.03 ha torpaq sahəsi olaraq göstərilmişdir. Ona məxsus torpaq sahəsi 0.05 ha təşkil etdiyini və bütün bu halları nəzərə alaraq şəhadətnamədə düzəliş edilməsi və torpaq sahəsinin düzgün göstərilməsinə dair tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 25 aprel 2022-ci il tarixli, **********93 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən 1043 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmçinin Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evinə 503- 218/356 inventar nömrəli texniki pasport tərtib edilmiş, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron məlumatlarda İddiaçı ailə üzvləri ilə mülkiyyətində adlarına Tovuz rayonu, Abulbəyli kəndində JN-940 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi ilə 0,03 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İddiaçı adına keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş exniki pasportda göstərilən 507,5 kv metr torpaq sahəsinin Aqrar İslahat Komissiyası tərəfindən ayrılmış 0,03 ha torpaq sahəsindən kənarda qalan 207,5 kv metr torpaq sahəsinin kimin mülkiyyətində olması barədə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. İş materiallarında olan Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il traixli, 24 nömrəli iclas protokolundan çıxarışın surətindən və əlavə edilmiş Tovuz rayonu Abulbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə 0,03 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin 13/66 nömrəli, 27 iyul 2022-ci il tarixli məktubunda qeyd olunur ki, Tovuz şəhər İƏD üzrə nümayəndəliyin ev təsərrüfatlarının uçotu kitabında İddiaçı şəxsi hesab nömrəsində 1997-2007-ci illərə aid ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinə dair heç bir məlumat yoxdur. İş materiallarında olan Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 156 nömrəli, 07 sentyabr 2022-ci il tarixli məktubu və əlavə edilmiş təsərrüfatbaşı kitabdan çıxarışın surətindən görünür ki, 2001-2005-ci il tarixli, 06 saylı təsərrüfatbaşına kitabın 500-cü şəxsi hesabında İddiaçı adına 0,03 ha torpaq sahəsinin olması göstərmiş və əlavə olaraq məlumatlar qrafasına +0,02 qeyd edilmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsinin Tovuz rayon Dövlət Arxivinin 182 nömrəli, 13 sentyabr 2022-ci il tarixli məktubu ilə təqdim edilən Tovuz rayon Nizami adına sovxozun 26 mart 1987-ci il tarixli, 61 saylı əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı adına olan 0,05 ha torpaq sahəsi kənd təsərrüfatbaşına kitabda qeyd edilməsi üçün əmrin surəti Bozalqanlı kənd XDS İcraiyyə Komitəsinə təsdiqə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv.metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 09 avqust 2023-cü il tarixli, 3-21-3-37/2-5617/2023 nömrəli məktubunda qeyd olunur ki, Abulbəyli kəndində torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı istifadəsində olan 107 kv metr torpaq sahəsinin 73 kv metr hissəsi torpaq islahatı zamanı X8 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə və 34 kv metr qədər hissəsi isə X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi ilə üst-üstə düşür. X8 verilmiş JN-941A saylı şəhadətnamədə olan torpaq sahəsi sonradan X4 adına keçmişdir. X1 verilmiş JN-939A saylı şəhadətnamədə olan torpaq sahəsi isə X9 adına keçmişdir. İş materiallarında olan JN-939A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X1 0,12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan JN-941A, KOD 50301004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Tovuz rayon aqrar islahat komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 24 nömrəli qərarı ilə Tovuz rayonu Abulbəyli kənd sakini X8 0,07 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 20 fevral 2013-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi X10 qeyd edilmişdir və miras kütləyə JN-941A saylı şəhadətnamədə qeyd edilən 0,07 ha torpaq sahəsi aiddir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* seriya və nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən X6 məxsus fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İşin məhkəmə iclasında müəyyən olunan halları ondan ibarətdir ki, Tovuz rayon Nizami adına sovxozun xx.xx.1987-ci il tarixli, 59 nömrəli əmrinə əsasən Tovuz rayon Bozalqanlı kəndi ərazisində iddiaçının atası X3 məxsus 0.12 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi bölünərək fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verildiyi, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edildiyi, həmin evə dair xx.xx.1989-cu ildə tərtib edilmiş texniki pasportunda sənəd üzrə yox, faktiki istifadədə 507,5 kv.m torpaq sahəsinin olduğu göstərildiyindən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 24 nömrəli qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 0.03 ha həyətyanı torpaq sahəsinə JN-940A, KOD-50301004 saylı Torpağa mülkiyyət hüququna dair Şəhadətnamə verilmişdir. İddiaçı cavabdehə müraciət edərək adına 0,05 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, cavabdeh iddiaçı ilə birlikdə ailə üzvlərinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə dair çıxarış verməli olduğu halda ümumiyyətlə çıxarış verməkdən imtina etmişdir. Tətbiq olunmuş maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 11. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: Bənd 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); Bənd 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin hallarından göründüyü kimi iddiaçının 507,5 kv.m torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanında müəyyən edilsə də, torpaq sahəsinin faktiki vəziyyəti iddia tələbinin tam təmin edilməsini aradan qaldırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 22 iyun 2023-cü il tarixli, 3-21-3-37/2-4741/2023 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd olunmuşdur ki, JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,03 ha olmasına baxmayaraq İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsi 407 kv.metrdir. İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi JN-940A saylı şəhadətnamədə olan torpaq sahəsindən kənarda olan torpaq sahəsidir, İddiaçı istifadəsində olan 407 kv metr torpaq sahəsinin 107 kv metr hissəsi Abulbəyli kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən digər subyektlərə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi yaşayış məntəqələri daxilində həyətyanı torpaq sahəsidir. JN-940A saylı şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi faktiki olaraq mövcud olduğuna və onların istifadəsinə olduğuna görə həmin hissəyə dair iddiaçı və üçüncü şəxslərin hüquqların qeydiyyatından cavabdehin imtinası əsassız olmuşdur. Beləliklə də məhkəmə kollegiyası məhkəmə iclasında araşdırılmış sübutlar əsasında apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini tamamilə təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək şikayətlə mübahisələndirilən qərar qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilərək JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinə Zahid İbahimovun və onun ailə üzvləri olan Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-180/2021 saylı qərarı JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə verilən 0.03 ha torpaq sahəsinin Zahid İbahimovun adına tərtib olunmuş xx.xx.1989-cu il tarixli, 222 nömrəli texniki pasportda olan 300 ha hissəyə uyğun çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. JN-940A (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə X7 və ailə üzvləri olan Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 adına verilən 0.03 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-530/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-530/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver