Məhkəmə qərarları › İş №2-1(104)-531/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-531/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-531/2024 25.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrliyi və məruzəsi ilə), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (əri) Nümayəndə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-255/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi”ni xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı ilə (hakim Z.Quliyev) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş yanlış məlumat - arayış əsasında Qazax rayonu, Ağköynək kəndində yerləşən torpaq sahəsinin ilkin mülkiyyətçilər tərəfindən ikinci dəfə İddiaçı satılması faktı aşkar edildiyindən, təqsirkar şəxslər barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün zəruri materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-311/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı ləğv edilmiş, cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-607/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-311/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətlərin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdehin Qazax rayon Şöbəsinin müdiri Faiq Binnətova müraciət etmiş, Faiq Binnətov və Qeydiyyat icraçısı imzası və möhürü ilə təsdiqlədiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli “daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Həmin F-1 arayışına güvənib, əsaslanıb alqı-satqı müqaviləsi bağlayıb, 3250 manat torpağın dəyərini ödəmiş və 143.75 manat müqavilənin dəyəri və 31 manat isə F-1 arayışı üçün rəsmi pul ödəmişdir. Ümumilikdə 3424.75 manat pul ödəmişdir. İddiaçıya ödənilməli olan kompensasiya isə təkcə bu deyildir. Belə ki, onun aldığı torpağın dəyəri qalxmaqla bərabər, o, həmin torpaqdan neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun dəyəri hazırda 325 manatdır. Bu isə ümumilikdə 63 sotun qiyməti 20.475 manat təşkil edir. İddiaçının bu gün də çəkdiyi ziyanlığın təqsirkarı cavabdeh orqandır ki, onların verdiyi F-1 arayışına əsasən o, torpağın dəyərini ödəyib, alqı-satqının pulunu ödəyib, ziyan çəkmişdir. Cavabdeh orqan həmin arayışı verdikdə həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu arayışında qeyd etsə idi, iddiaçı nə torpağın dəyərini, nə də müqavilənin pulunu ödəyəcəkdi. Təkcə F1 arayışının pulunu ödəmiş olacaqdı və başqa torpaq sahəsi alıb, əkib-becərib, fayda götürəcəkdi. O, indiyə kimi 3 il ərzində 0.63 ha torpaq sahəsini əkib-becərsəydi 4.000 manat qazanc əldə edəcəkdi və buna görə əldən çıxmış faydaya görə cavabdeh orqanın təqsiri ucbatından 4.000 manat ziyanlıq çəkmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya etdiyi hüquqazidd hərəkətlərinə görə ona 200.000 manat miqdarında mənəvi zərər dəymişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməkdə haqqlı olmamış, ədalətsizliyə yol vermişdir. Məhkəmə iddianı təmin etməsə də, cavabdeh orqanın vəzifəli şəxinin əməlində AR CM-nin 308, 313 314-cü maddələrinin tərkibinin əlamətlərinin olub-olmamasını yoxlamaq üçün xüsusi qərar qəbul etmiş və Qazax rayon Prokurorluğuna göndərilmişdir. Yəni məhkəmə qərarı ilə müəyyən etmişdir ki, cavabdeh orqanın təqsiri vardır və onların əməlində cinayət tərkibi vardır. Ancaq, məhkəmənin mübahisələndirilən qərarında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş ziyanlıqda və s. cavabdeh orqanın heç bir təqsiri yoxdur. Məhkəmənin eyni zamanda gəldiyi 2 ziddiyyətli qənaəti məhkəmə qərarında tam izah edə bilməmiş və əsaslandıra bilməmişdir. Məhkəmə iddianı rədd edərkən cavabdehin formal mülahizələrinə əsaslanmış, əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə AR MM-nin 21 və 23-cü maddələrinə əsaslanaraq, iddianı təmin etməmişdir. Məhkəmənin həmin maddə ilə iddia tələbini “yoxlayaraq” belə qənaətə gəlmişdir ki, iddiaçıya zərəri cavabdeh orqan deyil, müqavilə iştirakçısı vurmuşdur. Məhkəmənin bu qənaəti belə başa düşülür ki, Kimit Məhrəm oğlu və digər şəxslər özləri saxta F-1 arayışı hazırlamışlar və saxtakarlıqla iddiaçıya vurulmuş ziyanı və zərəri, mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmağını müqavilə istirakçıları etmişlər. Məhkəmə qərarında onların yeganə təqsiri kimi, ancaq müqavilədə göstərilmiş torpağın dəyərini almasını göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia tələbi təkcə, torpağın dəyərinin ona ödənilməsi olmamışdır. Ümumiyyətlə, qərardan belə görünür ki, məhkəmə işlə tam tanış olmamış və işin mahiyyətindən tam agah olmamışdır. Mübahisələndirilən qərarı qəbul etməklə, məhkəmə işini yekunlaşdırmış hesab etmişdir. Ancaq məhkəmə bunu edərkən həm ədalətsizliyə yol vermiş, həm də Dövlətin məhkəmənin üzərinə qoyduğu vəzifəsini layiqincə icra etməməsinə yönəlik hərəkətlər (hərəkətsizlik) etmişdir. Cavabdeh orqan digər şəxsin - X1 mülkiyyətində olan 0.63 hektar torpaq sahəsinin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış - xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli) Kimit Məhrəm oğlu və digərlərinin mülkiyyətində olmasına, həbs altında olmadığına, yüklü olmadığına dair F-1 arayışını verməsə idi, iddiaçı nə torpaq almayacaqdı, nə də, pul verməyəcəkdi və iddia tələbində tələb etdiyi ziyanlıqları ziyanı çəkməyəcəkdi. Digər şəxslərin satdığı torpaq sahəsini alacaqdı. Məhkəmənin axtardığı səbəbli əlaqə qeyd etiklərilə tam təsdiq olunur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi Nümayəndə əlavə olaraq göstərdi ki, həmin torpaq sahəsi onların mülkiyyətində olan torpaq sahəsi ilə qonşuluqda yerləşdiyinə görə Kimit Məhrəm oğlundan almamışdan əvvəl də həmin torpaq sahəsinin icarə müqaviləsi əsasında digər şəxsin - Fərmayıl Qasımov adlı şəxsin istifadəsində olduğunu bilmiş, alğı-satqı müqaviləsi bağlandıqdan sonra satıcı tərəfindən həmin torpaq sahəsi iddiaçıya təqdim olunmamış, Fərmayıl Qasımov adlı şəxs həmin torpaq sahəsindən istifadə etməkdə davam etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisəli ünvandakı torpaq sahəsinin yüklü olmamasına dair arayış iddiaçıya yox, torpağın mülkiyyətçisinə verilmişdir. Elektron sistemdə torpaq sahəsinin yüklülüyü, yəni digər şəxsin mülkiyyətində olması görünmədiyindən yüklü olmamasına dair arayış verilmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdırıb, habelə kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qismən - mənəvi ziyanın təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə ddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbi, habelə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, iddiaçının verdiyi iddia tələbi mümkün tələbdir, iddianın qeyri-mümkün sayılması üçün əsaslar yoxdur. Həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti də qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Mehram oğlu Kimid və onun ailə üzvləri X5, Mehram oğlu Svetlana Kimit qızına Qazax rayonu, Qiyasbəyli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,63 ha (4292,99 kv.m və 2040,99 kv.m olmaqla) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X7 ilə Mehram oğlu Kimit arasında sonuncuya Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon şöbəsi tərəfindən xx.xx.1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış 0,63 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ ərizəçi X4 verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X3 adına Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,43 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il tarixli, 1530 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən Məhrəm oğlu Kimit, X5, X2 ümumi birgə mülkiyyətində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki Məhrəm oğlu Kimit, X5, X6 tərəfindən iddiaçıya Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi 3250 manata satılmış, müqavilə Qazax rayon notariat ofisində təsdiq edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********56 nömrəli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 2- 42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən başqa şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının qeyd edilən tələblə bağlı digər orqanlara göndərilmiş müraciətlərinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində baxılmış, həmin orqan da xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilən halları sadalamışdır. İddiaçı Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-42/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)- 1722/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir. İddiaçı cavabdehə qarşı “vurulmuş ziyanın qarşılığında 6.300 manat və 174,75 manat pul kompensasiyasının ödənilməsi” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı ilə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçı ilə Məhrəm oğlu Kimit, X5, X6 arasında Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsinin alğı-satqısına dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış, satıcı alğı-satqı müqaviləsində göstərilən məbləğdə pulu qəbul etmiş olsa da, lakin həmin torpaq sahəsini iddiaçıya faktiki olaraq təhvil verməmişdir. İddiaçı daha sonra (işdəki sənədlərdə ancaq 2021-ci ilə dair müraciət etməsi müəyyən olunur) həmin torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya torpaq sahəsi üzərində artıq başqa şəxsin hüquqlarının dövlət reyestrində qeydə alındığını əsas gətirərək imtina cavabı vermişdir. Bundan sonra iddiaçı cavabdeh qurumun Qazax rayon şöbəsi tərəfindən verilmiş Forma-1 arayışı əsasında vurulmuş maddi ziyanın, daşınmaz əmlakın alqı-satqı üçün ödədiyi, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsini cavabdeh orqandan tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsalandırmışdır ki, iddiaçıya dəymiş zərər mövcuddur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 0,63 ha torpaq sahəsinin alınması üçün 3.250 manat məbləğində pul ödəmiş olsa da, həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş zərər inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Çünki həmin məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda, bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona maddi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçının və onun nümayəndəsinin izahatından da göründüyü kimi həm alğı-satqı müqaviləsi bağlanmamışdan əvvəl, həm də müqavilə bağlandıqdan sonra alğı-satqı predmeti olan torpaq sahəsi mülkiyyətçinin yox, digər şəxsin istifadəsində olmuş, müqavilə bağlandıqdan sonra iddiaçı torpaq sahəsinin ona təqdim olunmasını tələb etməmiş, digər şəxsin istifadəsində olan torpaq sahəsini aldığını bilmiş, lakin cavabdeh inzibati orqanın yuxarıda qeyd olunan alğı-satqı predmeti olan torpaq sahəsinin yüklü olmamasına dair arayışına güvənmişdir. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə qətnaməni təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, ..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini də zəruri hesab edir. Həmin Qərara görə, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Qeyd olunan maddi hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, həqiqətən iddiaçı cavabdeh orqan tərəfindən verilmiş arayış nəticəsində mənəvi zərərə məruz qalmışdır və bu hal mübahisəsizdir. Ona görə də 300 (üç yüz) manat miqdarında mənəvi ziyanın əvəzi cavabdehdən tutularaq İddiaçı ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı qismən iddianın təmin edilməmiş mənəvi ziyan hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən 300 (üç yüz) manat miqdarında mənəvi ziyanın əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülməzsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar