Məhkəmə qərarları › İş №2-1(104)-533/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-533/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-533/2023 28.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-598/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********1151623 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərardan görünür ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2018-sentyabr 2021 vergi dövrləri üzrə "xxxx" MMC-də növbədənkənar vergi yoxlaması təyin edilmişdir. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarından görünür ki, "xxxx" MMC azaldılmış vergilər üzrə 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 440 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022ci il tarixli, **********162633 nömrəli "Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarına əsasən iddiaçıya 21598.30 manat əlavə vergi hesablanmış, 23344.69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. "xxxx" MMC əsasən neft məhsullarının satışı ilə məşğul olur. Əlavə olaraq nəzarət-kassa aparatlarının satışı ilə məşğul olmuşdur. Neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir və buna görədə neft məhsullarını yuxarı qiymətə satmaq qanunla qadağandır. Neft məhsulları müqaviləyə əsasən elektron qaimə faktura əsasında alınır və pərakəndə qaydada əhaliyə satılır. Neft məhsullarının satışını həyata keçirmək üçün cəmiyyət tərəfindən işin yerinə yetirilməsi üçün cəmiyyət işə işçilər qəbul edir və Elektron hökümət portalında yerləşdirilir. Həmdə işçilər barədə hesabatlar dövlət orqanlarına təqdim edilir və verginin internet bazasında bunlar əks etdirilir. Bank xərcləri və kommunal xərclər aidiyyati orqanlar tərəfindən elektron qaimə faktura ilə təsdiqlənir. Beləliklə neft məhsullarının alış və satış sənədləri tam rəsmi qaydada vergi orqanının internet bazasında görünür, alınan malların miqdarıda, qiymətidə, alış dəyəridə vardır. Satış qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün satış qiymətidə məlumdur. Nəzarət kassa aparatları idxal olunur və ya rəsmi qaydada elektron qaimə faktura ilə alınır. Çünki Nəzarət kassa aparatı Azərbaycanda istehsal olunmur. Ona görə də uçotdan yayındırmaq mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi alınan bütün mallar rəsmi qaydada alınmışdır. Alınan məhsulların alış dəyəri xərcə aid edilir. Əlavə xərclər əmək haqqı, sosial müdafiə fondlarına ayırmalar, nəqliyyat xərcləri, bank xərcləri, elektrik enerjisi kimi xərclərdən ibarətdir ki, buda vergi orqanının internet bazasında vardır. Belə olan halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən həmin xərclər satışdan əldə olunan gəlirdən çıxılır və əmələ gələn mənfəətdən 20 faiz dərəcə ilə vergi hesablanıb büdcəyə ödənilir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin yerləşdiyi ünvanda aparılır. Həmin sənədlər yoxlanılmaq üçün yoxlayıcıya təqdim edilir. İddiaçı tərəfindən həmin sənədlərin hamısı yoxlayıcıya təqdim edilmişdir. Yoxlayıcı həmin sənədləri vergi orqanının internet bazasındanda əldə edə bilir, həmçinin iddiaçı tərəfindən də təqdim edilə bilir. İddiaçı kağız formatında olan sənədləri kağız formatında, elektron qutuda olan sənədləri isə kompüter bazasından yoxlamaya təqdim etmişdir. Vergi orqanı gəlirlərdən xərc maddələrini çıxmaq əvəzinə qərəzlilik və Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hərəkətliliyə yol vermişdilər ki, buda məsuliyyətə səbəb olur. Vergi orqanının nümayəndələri qanuna zidd olaraq Vergi Məcəllənin 83.9-cu maddəsini əsas gətirərək Azərbaycan Resublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən müəyyən etmişdilər. Vergi orqanı cəmiyyətin bütün gəlir və xərcləri olduğu halda bu maddəni tətbiq etmək hüququ yoxdur. Neft məhsullarının pərakəndə satışından əldə olunan gəlir neft məhsullarının alış dəyərindən başqa digər xərclər çıxılmadığı halda 8-10 faiz həcmində müəyyən edilmişdir. Beləliklə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq nəzərə alınmamış, (neft məhsullarının daşınma xərcləridə daxil olmaqla), qanuna zidd olaraq Azərbaycan Resublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li qərarı tətbiq edilmiş (halbuki bu qərardan əvvəl gəlir və ya xərc maddələrindən biri olmadıqda Vergi Məcəlləsinin 67.2 və 67.3-cü maddələri tətbiq edilməlidir. Lakin bizim cəmiyyətə bu maddələridə tətbiq etmək qanuna ziddir. Cəmiyyətin gəlir və xərc maddələri rəsmi sənədlərdə öz əksini tapıbdır). Vergi Məcəlləsinin 24.0.2.-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin vergi əməkdaşları özlərini dövlətin himayəsində hiss edərək ciddi və kobud qanun pozuntularına yol verərək cəmiyyətə külli miqdarda əlavə vergi hesablamış və külli miqdarda maliyyə sanksiyası tətbiq etmişdir. Cəmiyyətdə gəlir və xərclər sənədlə rəsmiləşdiyi üçün Vergi Məcəlləsinin və Nazirlər Kabinetinin bu məqsədlə heç bir maddəsi tətbiq edilə bilməz. Vergi Məcəllənin 67.3-cü maddəsinə görə isə Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi əkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Cəmiyyətin fəaliyyətində gəlirlərdə xərclərdə məlumdur. Gəlir məlum olduğu üçün vergilərin digər maddələr əsasında hesablanması birbaşa qərəzdən irəli gəlir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-598/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın qismən təmin edilməsi, 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162633 nömrəli qərarının qismən, 45800,13 manat vergi borcu, 23344,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də bildirmişdir ki, kassa aparatlarının satışı ilə bağlı ayrı-ayrılıqda satış sənədləri olmadığından və hər aparatın satış qiyməti müəyyən edilə bilmədiyindən Nazirlər Kabinetinin 55 nömrəli qərarına istinad edilmişdir. İşə əlavə edilmiş 2018, 2019 və 2020-ci illəri (aylar üzrə) əhatə edən “Turan firmasının yanacaq dövriyyəsi haqqında” cədvəllərdən görünür ki, Turan firmasının hər ay satmış olduğu NKA-larının sayı, satış qiyməti, satışdan əldə olunan ümumi məbləğ və hər ayın əvvəlinə və sonuna qalıq aydın şəkildə göstərilmişdir. Belə olduğu təqdirdə satışdan əldə olunan məbləği satılmış NKA-nın sayına bölməklə hər aparatın satış dəyərini müəyyən etmək olardı. Odur ki, cavabdehin vergi borcunu Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddəsinə uyğun hesablaması əsassız olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən digər vergilərdən fərqli olaraq ƏDV üzrə yoxlama vergi ödəyicisinin son 3 ildən çox olmayan dövrünü əhatə edə bilər. Maddənin məzmunundan göründüyü kimi digər vergilər təqvim ilinə uyğun yoxlanılır, ƏDV isə təqvim ilinə görə yoxlanılmır. Təqdim edilmiş sənədlərdən görünür ki, vergi yoxlaması xx.xx.2021-ci il tarixli qərara əsasən həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktından isə görünür ki, ƏDV üzrə yoxlama 2018-ci ilin noyabr ayından başlamalı olduğu halda oktyabr ayını da əhatə etmişdir. Bu hal vergi qanunvericiliyinin pozulması deməkdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, işin faktiki halları ilə bağlı qeyd olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Gəncə Şəhər Prokurorluğunun məlumatı əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli **********151656 nömrəli tələbnamə ilə xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən, müqavilələr (əmək, icarə və s.) EVHF-lar, e-qaimələr, ödəniş tapşırıqları, YGBləri, alqı-satqı sənədləri, bank və xəzinə sənədləri, əmək haqqı hesablama cədvəlləri, material hesabatları, dövriyyə cədvəlləri, həmçinin, mənfəət vergisinin yoxlanmasıməqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan digər sənədlərin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni xx.xx.2021-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya 12 saylıƏrazi Vergilər Baş İdarəsinə AZ2000, Gəncə şəhəri, H.Əliyev pr. 87 ünvanında təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan tələbnamə, xx.xx.2021-ci il tarixli KY211695415 nömrəli “Yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən cıxarış” və “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın bir nüxsəsi cəmiyyətin rəhbəri X2 tərəfindən imzalanaraq və möhürlə təsdiq edilərək götürülmüşdür. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli **********151656 nömrəli tələbnamə ilə tələb olunan sənədlər yoxlamaya tam təqdim edilmədiyindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələblərinə əsasən akt tərtib edilməsinə zərurət yaranmışdır. Baş idarə tərəfindən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********154385 nömrəli Qərar çıxarılmışdır. Yoxlamaya malmaterial hesabatları, nəzarət-kassa aparatının çekləri, malların alınmasına dair qaiməfakturalar, mədaxil qəbzləri, ezamiyyə vərəqləri və biletləri, bank sənədlərinin təsdiq olunmuş nüsxələri təqdim edilmiş və xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Lakin idxal edilmiş malların (inşaat, aksesuar və s) material hesabatında silgisi (satışı) ümumi şəkildə aparıldığından, həmin malların satışı ayrı-ayrı tərtib edilmədiyindən yoxlamaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli imtina aktı tərtib edilmişdir. Baş idarə tərəfindən səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********152006 nömrəli qərar çıxarılmışdır. İnventarizasiya zamanımal qalığı və pul vəsaiti aşkar olunmamış və aparılmış inventarizasiya xx.xx.2021-ci il tarixli inventarizasiya aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama zamanıVergi Məcəlləsinin 14.3.1 və 14.3.5-ci maddələrinə müvafiq olaraq vergitutma məqsədləri üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan yoxlama dövrü üzrə cəmiyyət tərəfindən təqdim edilmiş məhsulların, icarəyə verilmiş yanacaq doldurma məntəqəsinin və ayrı-ayrı vergi ödəyiciləri tərəfindən göstərilmiş danışma xidmətərinin real bazar qiymətinin müəyyən edilməsi üçün “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156030 nömrəli qərar çıxarılmış, lakin ekspert rəyin verilməsindən imtina etmiş, imtinaya səbəbi lazım olan sənədlərin olmaması ilə əsaslandırmışdır. Vergi yoxlaması yoxlamaya təqdim olunan sənədlər -- bank-kassa çıxarışları, daşıma müqavilələri, material hesabat sənədləri, nəzarət-kassa aparatının "Z" hesabatları, habelə vergilərin hesablanması və ödənilməsi ilə bağlı digər ilkin mühasibat sənədləri əsasında aparılmışdır.Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə faktiki olaraq yanacaq doldurma məntəqələrində yanacaq məhsullarının satışı, idxal olunmuş kassa aparatlarının və inşaat aksesuarları və məhsullarının satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı cəmiyyətin mənfəət vergisi bəyannamələrində bəyan edilən gəlirləri, təqdim olunan sənədlərdəki məlumatlarla müqayisədə fərqli olmuşdur. Bunun səbəbi alınan malların dövri olaraq uçotdan silinməsinə baxmayaraq, həmin malların böyük qisminin satışına dair hər hansırəsmi məlumatın əldə edilməsinin mümkün olmaması olmuşdur. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəllərində malların formal qaydada kiçik ticarət əlavəsi tətbiq edilməklə uçotdan silinməsi, nəzarət-kassa aparatı çeklərində faktiki hansı məhsuldan hansı həcmdə satılması barədə izahatın verilməməsi, yəni malların satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi səbəbindən vergi ödəyicisinin mənfəətini (yanacağın satışı istisna olmaqla) birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən vergi ödəyicisinin vergiləri Vergi Məcəlləsinin 67 və 83-cü maddələrinə əsasən hesablanmışdır.Yuxarıda qeyd edildiyi kimi vergi ödəyicisinin dövriyyəsinin əsas hissəsi neft məhsullarının satışından (topdan və pərakəndə) ibarət olmuşdur. Yanacaq məhsullarının satış qiymətləri Tarif Şurası tərəfindən tənzimləndiyindən həmin məhsulların satışına tənzimlənən qiymətlər tətbiq edilməklə hesablamalar aparılmışdır. Belə ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən təsdiq edilməklə yoxlamaya təqdim edilən dövrü qalıq miqdarları, mədaxil və məxaric sənədləri əsasında faktiki satış miqdarımüəyyən edilmiş, həmin miqdara isə müvafiq olaraq tənzimlənən qiymətlər tətbiq edilmişdir. Yoxlama dövründə vergi ödəyicisi tərəfindən yanacaq məhsullarından başqa digər malların da idxalı, ölkədaxili alışı və satışı həyata keçirilmişdir. Alışı qanunvericiliyə uyğun rəsmiləşdirilərək (YGB və elektron qaimə-fakturalarla) alınan malların dövrü uçotdan silinməsinə baxmayaraq həmin malların böyük qisminin satışına dair hər hansırəsmi məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəllərində malların formal qaydada kiçik ticarət əlavəsi tətbiq edilməklə uçotdan silinməsi, NKA çeklərində faktiki hansıməhsuldan hansı həcmdə satılması barədə izahatın verilməməsi, yəni malların satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi səbəbindən vergi ödəyicisinin mənfəətini (yanacağın satışı istisna olmaqla) birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən 3 sayda vergi ödəyicisinə ("xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC (VÖEN: **********)) yanacaq daşınması xidməti göstərilməsinə baxmayaraq cəmiyyətin balansında həmin yüklərin daşınması üçün tələb olunan ölçüdə nəqliyyat vasitəsinin olmaması və aparılan araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən əldə olunan elektron qaimə-faktura məlumatları əsasında həmin yüklərin faktiki 4 sayda vergi ödəyicisi ABBASOV İLKİN FƏRRUX OĞLU (VÖEN: **********), MƏMMƏDOV NATİQ DİLƏNÇİ OĞLU (VÖEN: **********), TAĞİYEV ASİF ƏLİOĞLU (VÖEN: **********) və XƏLİLOV ŞAHİN OQTAYOĞLU (VÖEN: **********) tərəfindən daşınmasımüəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı yüklərin daşınması üzrə alınan elektron qaimə-fakturalarda olan dəyərlə yük daşınması xidmətindən əldə olunan gəlir arasında uyğunsuzluq olduğundan həmin hissəyə də adi qaydada xərclərə görə şərti rentabellik norması tətbiq edilmişdir. Beləliklə, yoxlama ilə "xxxx" MMC-nin (VÖEN **********) sahibkarlıq fəaliyyətindən əldə etdiyi ümumi gəlirə görə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: 2018-ci il üzrə vergi ödəyicisi təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə gəliri - 1419987,00 xərcləri - 1413493,79 , mənfəət vergisii - 1298,64 bəyan etmişdir. Həmin bəyannamə üzrə xx.xx.2020-ci ildə kameral qaydada 11499,89 manat əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin yanacaq məhsullarını satışı fəaliyyəti üzrə ümumi gəliri 1342633,24 manat (o cümlədən, benzin Aİ 92 üzrə - 567329,19 lit, 423092,96 manat (ƏDV-siz), Dizel yanacağı üzrə - 1870788,85 lit, 919540,28 manat (ƏDV-siz), YAĞ S11 üzrə - 0,0 lit, 0,0 manat olmaqla), xərcləri 1201713,44 manat, mənfəəti 140919,80 manat, mənfəət vergisinin 28183,96 manat olduğu müəyyən edilmişdir. Belə ki, 2018-ci ildə vergi ödəyicisinin neft məhsullarının topdan və pərakəndə satışı fəaliyyəti üzrə mənfəət vergisinin 28183,96 manat olmasımüəyyən edilmişdir. 2018-ci ildə şərti rentabellik normasına əsasən vergi ödəyicisinin digər malların satışı fəaliyyəti üzrə mənfəətinin 11498,16 manat olması, mənfəət vergisinin isə 2299,63 manat olmasımüəyyən edilmişdir. 2019-cu il üzrə vergi ödəyicisinin yanacaq məhsullarını satışı fəaliyyəti üzrə ümumi gəliri 1033840,12 manat (o cümlədən, benzin Aİ 92 üzrə - 500009,36 lit, 372888,34 manat (ƏDV-siz), Dizel yanacağı üzrə - 1312617,15lit, 645184,70 manat (ƏDV-siz), YAĞ S11 üzrə - 44298,00 lit, 15767,08 manat olmaqla), xərcləri 930011,05 manat, mənfəəti 103829,07 manat, mənfəət vergisinin 20765,80 manat olduğu müəyyən edilmişdir. 2019-cu ildə şərti rentabellik normasına əsasən vergi ödəyicisinin digər malların satışı fəaliyyəti üzrə mənfəətinin 84852,26 manat olması, mənfəət vergisinin isə 16970,45 manat olmasımüəyyən edilmişdir.2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə gəliri – 678399,12, xərcləri – 713799,51, mənfəət vergisii – 0,0 manat, zərər 35400,39 manat bəyan etmişdir. Həmin bəyannamə üzrə xx.xx.2021-ci ildə kameral qaydada 29571,89 manat əlavə vergi hesablanmışdır. Yoxlama zamanı vergi ödəyicisinin yanacaq məhsullarını satışı fəaliyyəti üzrə ümumi gəliri 423938,76 manat (o cümlədən, benzin Aİ 92 üzrə - 151856,0 lit, 113248,54 manat (ƏDV-siz), Dizel yanacağı üzrə - 627387,00 lit, 308376,66 manat (ƏDV-siz), YAĞ S11 üzrə - 6500,00 lit, 2313,56 manat olmaqla), xərcləri 388939,07 manat, mənfəəti 34999,69 manat, mənfəət vergisinin 6999,94 manat olduğu müəyyən edilmişdir. 2020-ci ildə şərti rentabellik normasına əsasən vergi ödəyicisinin digər malların satışı fəaliyyəti üzrə mənfəətinin 53185,06 manat olması, mənfəət vergisinin isə 10637,01 manat olmasımüəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi üzrə hesablanmalı olan mənfəət vergisinin məbləği 2018-ci il üzrə 30483,58 manat, 2019-cu il üzrə 37929,76 manat və 2020-ci il üzrə 17840,34 manat olmasımüəyyən edilmiş və müvafiq dövrlər üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilər nəzərə alınmış, artıq hesablanmış hissədə azaldılmış, az hesablanan hissə uyğun olaraq kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği qüvvədə qalmaqla bərpa edilmişdir. Yəni vergi ödəyicisi üzrə sonuncu tərtib olunan mənfəət vergisi bəyannamələrində olan vergi məbləğləri nəzərə alınmaqla vergi ödəyicisi tərəfindən 2018-ci il üzrə 17685,06 manat, 2019-cu il üzrə 24536,40 manat vergi məbləğinin yayındırılması və 2020-ci il üzrə 11731,55 manat vergi məbləğinin kameral vergi yoxlaması ilə artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104-cü, 130-cu və 58.1-ci maddələrinə uyğun olaraq mənfəət vergisinin yayındırılması üzrə vergi ödəyicisinə ümumilikdə 51600,63 manat (2018-ci il üzrə yayındırılmış 17685,05 manat vergi üzrə 8842,53 manat, 2019-cu il 24536,40 manat yayındırılmış vergi üzrə 12268,20 manat maliyyə sanksiyası) məbləğində vergi öhdəliyi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəllənin: - 16.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. - 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. - 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instaniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh orqan tərəfindən "xxxx" MMC-nin oktyabr 2018-sentyabr 2021 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, vergi orqanının xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən gəlirlərinin azaldılması nəticəsində iddiaçı 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 440 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Kollegiya cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Yuxarıda qeyd olunan normaların məzmunundan da müəyyən edilir ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. Səyyar vergi yoxlaması aktının 11-ci səhifəsinin 1-ci abzasında “Yoxlama zamanı vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş material hesabat sənədləri, vergi ödəyicisinin elektron qaimə faktura ilə rəsmi satış məlumatları, NKA-nın fiskal hesabatları, bank məlumatları və digər zəruri mühasibat sənədləri istifadə edilmişdir. Sahibkarın mənfəət vergisi bəyannamələrində bəyan edilən gəlirləri, qeyd edilən sənədlərin məlumatları ilə müqayisədə fərqli olmuşdur. Bunun səbəbi alınan malların dövrü uçotdan silinməsinə baxmayaraq həmin malların böyük qisminin satışına dair hər hansı rəsmi məlumat əldə etmək mümkün olmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların hərəkət cədvəllərində malların formal qaydada kiçik ticarət əlavəsi tətbiq edilməklə uçotdan silinməsi, NKA çeklərində faktiki hansı məhsuldan hansı həcmdə satması barədə izahat verilməməsi, yəni malların satışının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməməsi səbəbindən vergi ödəyicisinin mənfəətini (yanacağın satışı istisna olmaqla) birbaşa müəyyən etmək mümkün olmamışdır.” qeyd edilmişdir. İşə əlavə edilmiş 2018, 2019 və 2020-ci illəri (aylar üzrə) əhatə edən “Turan firmasının yanacaq dövriyyəsi haqqında” cədvəllərdən görünür ki, Turan firmasının hər ay satmış olduğu NKA-larının sayı, satış qiyməti, satışdan əldə olunan ümumi məbləğ və hər ayın əvvəlinə və sonuna qalıq aydın şəkildə göstərilmişdir. Belə olduğu təqdirdə satışdan əldə olunan məbləği satılmış NKA-nın sayına bölməklə hər aparatın satış dəyərini müəyyən etmək olardı. Göründüyü kimi cavabdehin vergi borcunu Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddəsinə uyğun hesablaması əsassız olmuşdur. Bundan başqa, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən digər vergilərdən fərqli olaraq ƏDV üzrə yoxlama vergi ödəyicisinin son 3 ildən çox olmayan dövrünü əhatə edə bilər. Maddənin məzmunundan göründüyü kimi digər vergilər təqvim ilinə uyğun yoxlanılır, ƏDV isə təqvim ilinə görə yoxlanılmır. Təqdim edilmiş sənədlərdən görünür ki, vergi yoxlaması xx.xx.2021-ci il tarixli qərara əsasən həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktından isə görünür ki, ƏDV üzrə yoxlama 2018-ci ilin noyabr ayından başlamalı olduğu halda oktyabr ayını da əhatə etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticədə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göründüyü kimi, vergi orqanı tərəfindən edilmiş hərəkətlər qanunamüvafiq surətdə həyata keçirilməmişdir. Odur ki, apellyatorun şikayətində qeyd etdiyi dəlilləri hüquqi əsaslara söykənmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-598/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar