Məhkəmə qərarları › İş №2-1(104)-533/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-533/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-533/2024 07.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçının nümayəndəsi X12, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X13 və onun vəkili X7 iştirakları ilə, «torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-99/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, sonuncu xx.xx.2023cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin "Metallurq" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.

2. "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən 1991-ci il tarixdə verilmiş İddiaçı 531 nömrəli üzvlük biletində ona 04 nömrəli bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

3. X2 nəzdində olan "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında İddiaçı adının qarşısında 7 sot torpaq sahəsi qeyd edilmişdir.

4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 02 nörməli məktubunda bildirilmişdir ki, Birliyin tərkibində olan X3 (indiki "xxxx" ASC-nin X21 İstehsalat sahəsinin) Həmkarlar İttifaqı komitəsinə aid arxiv sənədləri də daxil olmaqla, SSRİ-nin dağılması ilə əlaqədar siyasi sistemin dəyişməsi səbəbindən tamamilə məhv edilmişdir. X21 İstehsalat sahəsinin keçmiş işçisi, hazırda təqaüdçü olan müraciətçiyə X10 Sovetinin İcraiyyə Komitəsi, “Azərəlvanmetal” İstehsalat Birliyi və Kirovabad Alüminium zavodu tərəfindən üçtərəfli qaydada 1987-ci ildə təsdiq edilmiş qeydiyyat nömrəsi 04/340- 8a-17 olan Nizamnamə əsasında yaradılmış X5 təsərrüfatında xx.xx.1988-ci il tarixində X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş Genplana əsasən müraciətçinin bağ üçün torpaq sahəsində tikilməsi nəzərdə tutulan təsdiqli 531 saylı torpaq sahəsi üzrə layihə sənədinə və müraciətçinin adına təsdiqli X5 təsərrüfatının üzvü olması haqqındakı 531 saylı üzvlük vəsiqəsinə əsasən "xxxx" ASC Həmkarlaq ittifaqı Komitəsi keçmiş işçi, hazırda təqaüddə olan İddiaçı X5 təsərrüfatında bağ üçün torpaq sahəsini ayrılmasını istisna etmir.

5. Dövlət X11 xx.xx.2011-ci il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə Kirovabad ŞİH-in xx.xx.1986-cı il tarixli 13 nömrəli və xx.xx.1987-ci il tarixli 13 nömrəli qərarları ilə əvvəllər ayrılmış torpaq sahəsinə 55.0 ha torpaq sahəsinin əlavə edilərək, Kirovabad şəhərinin qərbində bağçılıq yoldaşlığının ərazisinin 98.0 ha çatdırılması qərara alınmışdır.

6. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)- 1422/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, X4 özünə məxsus əşyalarla birlikdə Gəncə şəhəri, Natəvan qəsəbəsi, Xaliq Bayramov küçəsi, 24 saylı bağ evindən çıxarılması və İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-180/2022 nömrəli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-1422/2020 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X8 qarşı cavabdehin əmlakı ilə birlikdə ona məxsus evdən çıxarılması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)- 5689/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2023-cü il tarixli 3-48-DA-4F/2-Ə- 622/8/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Metallurq bağçılıq yoldaşlığı”nın arxiv sənədləri X16 Filialına təhvil verilməmişdir.

8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-5-3/2-0055/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 3713 saylı sərəncamı ilə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililəri Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatının balansına verilmişdir. Həmçinin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin balansında olan mənzillər və digər təsərrüfat tikililərinin arxiv sənədləri qanunvericiliyə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinə verilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 3226/2023 nömrəli məktubunda bildirilmişdir ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, onların arxivlərinin "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli 283 nömrəli sərəncamına əsasən ləğv edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Gəncə şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış yerquruluşu sənədləri, nömrələnmiş sahələrin göstərildiyi cizgiplanları və ayrıc aktları, yerquruluşu sənədləri əsasında vətəndaşların təsdiq olunmuş siyahıları, bağ sahələri üzərində hüquqların daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan ilkin torpaqayırma sənədləri quruma təhvil verilməmişdir.

10. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli M-509 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 3713 nömrəli sərəncamı ilə Gəncə “Gil- Torpaq” İstehsalat Birliyinin balansında olan 51 ədəd yaşayış binası əvəzsiz olaraq Mənzillərin Təmiri İstismarı Trestinin (indiki MKTİB) balansına qəbul edilmişdir. Gəncə “Gil- Torpaq” İstehsalat Birliyinin balansında olan torpaq sahələri haqqında müvafiq sərəncamda heç bir məlumat göstərilməmişdir. Torpaq sahələri Birliyin balansına qəbul edilməmişdir.

11. Gəncə şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-555/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə bağçılıq təsərrüfatı ilə bağlı olan bütün sənədlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərildiyi üçün “Metallurq” bağçılıq yoldaşlıq birliyinə aid torpaq sənədlərinin təqdim edilməsi mümkün olmamışdır.

12. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Metallurq” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş 531 nömrəli üzvlük biletinə əsasən 1969cu ildə cəmiyyət tərəfindən İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinin məkan göstəriciləri ( koordinatları (X,Y) və dəqiq yerləşmə mövqeyi) əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, aparılan araşdırma zamanı, naturada təqdim olunan faktiki sahəyə istinad olunmuşdur. Naturada təqdim olunan 0.11 ha torpaq sahəsi, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, Gəncə şəhəri Kəpəz bələdiyyəsinin elektron xəritə materiallarına istinadən, bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutlan torpaq sahəsidir. Naturada təqdim olunan torpaq sahəsi üzərində üçüncü şəxs X4 faktiki istifadəsində olan fərdi yaşayış evi mövcuddur. 2) Naturada təqdim edilən həmin torpaq sahəsi ölçülərək, faktiki olaraq 0.11 ha təşkil etdiyi müəyyən olundu. 3) Elektron baza materillarına istinadən, naturada təqdim olunan 0.11 ha torpaq sahəsinin, hər hansı subyektin mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən torpaq sahələri ilə, üst-üstə düşməsi halı aşkarlanmadı. 4) Həmin torpaq sahəsi üzərindən yüksək təyziqli qaz kəməri, hava məkanından isə, yüksək gərginlikli elektrik xəttinin keçmədiyi müşahidə olundu. Həmin torpaq sahəsinin, qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşməsi barədə, idarəmizin elektron baza materiallarında məlumat aşkarlanmadı.

Birinci instansiya məhkəməsində icraat:

13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1968-ci ildən 2008-ci ilədək Gəncə şəhər (köhnə Kirovabad şəhər olan vaxtından) Alüminium zavodunda "sahə və sex rəisi vəzifəsində işləmişdir. 40 il bir zavodda çalışmışdır. O, 1991 ci ilin noyabr ayında Metallurq Bağçılıq yoldaşlığına üzv olmuşdur. Bu barədə faktiki vəsiqəsi, əmək kitabçası və surəti notarial təsdiq edilmiş bir sıra əsasları mövcuddur. Ona iş yerindən işlədiyi müddətdə “Metallurq Bağçılıq yoldaşlığı tərəfindən sahə-531 olan X6 şöbəsi tərəfindən Nətavan qəsəbəsindən torpaq sahəsi verilmişdir. Bu barədə sxem və ölçü planı mövcuddur. O, həmin torpaq sahəsində fərdi yaşayış ev inşa etmiş, 2000-ci ildə tam tamamlamışdır. Onun mərhum arvadı X9 xx.xx.2019-cu ildə vəfat edib, o, özü də 85 yaşında xəstə adamdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin əsassız hərəkətlərindən dolayı öz inşa etdiyi evə dair sənədləri rəsmiləşdirə bilmir. Bu yaxında 2023-cü ilin yanvar ayında o, ona verilmiş torpaq üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin ona xx.xx.2023 cü il tarixli 3-21-3-33/2-640/2023 nömrəli imtina məktubu verilmişdir.

15. İddiaçı nümayəndəsi X12 xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən 7 sot torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-99/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının adına qeyd olunan 7 sot torpaq sahəsi ilə bağlı X2 nəzdində olan "Metallurq" Yoldaşlıq- Bağçılıq Sahəsinin ümumi siyahısında qeyd olsa da, həmin siyahı həmin Birlik və ya hər hansı orqan tərəfindən təsdiqlənməmişdir. Həmçinin həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və İddiaçı verilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir. Odur ki, iddiaçının subyektiv hüququ istisna edilir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyi ilə razı deyildir, iş üzrə tikinti-texniki ekspetizası təyin edilməli idi.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi izahat verərək şikayəti müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, həmin torpaq sahəsi atasına "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsi üzrə verilmişdir və illərdir onların istifadəsindədir. Torpaq sahəsi atasına tanıdılmış və həmin sahə üzərindən atası və özü tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Hazırda həmin evdə üçüncü şəxs yaşayır və sonuncu onun keçmiş həyat yoldaşıdır. Məhkəmə illərdir istifadə və sahibliklərində olan torpaq sahəsinin yerinin müəyyən olunmaması əsası ilə iddia tələbini qanunsuz olaraq mümkünsüz saymışdır.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında izahat verən üçüncü şəxs şikayətə etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, torpaq sahəsini və üzərində olan yarımtikilini qaynatasından, yəni iddiaçıdan almışdır. Lakin torpaq sahəsi iddiaçıya məxsus deyildi və o, sadəcə arada vasitəçilik etmişdir. İllərdir həmin evdə yaşasada hazırda qeyd olunan evə və ya torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur.

Tətbiq edilən hüquq:

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

26. İşin hallarından məlum olur ki, İddiaçı əmək kitabçasına əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Gəncə (Kirovabad) Alüminium zavodunda müxtəlif vəzifələrdə işləmişdir. "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən 1991-ci il tarixdə verilmiş İddiaçı 531 nömrəli üzvlük biletində ona 04 nömrəli bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

27. İddiaçı ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina edərək onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, həmçinin bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir.

28. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçının adına qeyd olunan 7 sot torpaq sahəsi ilə bağlı X2 nəzdində olan "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında qeyd olsa da, həmin siyahı həmin Birlik və ya hər hansı orqan tərəfindən təsdiqlənməmişdir. Həmçinin həmin torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və İddiaçı verilmiş torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ilkin hüquqmüəyyənedici sənədlər təqdim olunmuş, həmin sənədlərin mötəbərliyi ilə bağlı hər hansı ziddiyyət müəyyən edilməmişdir.

30. Belə ki, "Metallurq" Bağçılıq Yoldaşlığı təsərrüfatında İddiaçı torpaq sahəsinin ayrılmasına dair məhkəmə araşdırılmasına sənədlər təqdim edilmişdir. İşdə olan:

31. "Metallurq" Bağçılıq Yoldaşlığı tərəfindən 1991-ci il tarixdə verilmiş İddiaçı 531 nömrəli üzvlük biletində ona 04 nömrəli bağ torpaq sahəsinin verildiyi qeyd edilmişdir.

32. X2 nəzdində olan "Metallurq" Yoldaşlıq-Bağçılıq Sahəsinin ümumi siyahısında İddiaçı adının qarşısında 7 sot torpaq sahəsi qeyd edilmişdir.

33. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 02 nörməli məktubunda bildirilmişdir ki, Birliyin tərkibində olan X3 (indiki "xxxx" ASC-nin X21 İstehsalat sahəsinin) Həmkarlar İttifaqı komitəsinə aid arxiv sənədləri də daxil olmaqla, SSRİ-nin dağılması ilə əlaqədar siyasi sistemin dəyişməsi səbəbindən tamamilə məhv edilmişdir. X21 İstehsalat sahəsinin keçmiş işçisi, hazırda təqaüdçü olan müraciətçiyə X10 Sovetinin İcraiyyə Komitəsi, “Azərəlvanmetal” İstehsalat Birliyi və Kirovabad Alüminium zavodu tərəfindən üçtərəfli qaydada 1987-ci ildə təsdiq edilmiş qeydiyyat nömrəsi 04/340- 8a-17 olan Nizamnamə əsasında yaradılmış X5 təsərrüfatında xx.xx.1988-ci il tarixində X10 Sovetinin İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş Genplana əsasən müraciətçinin bağ üçün torpaq sahəsində tikilməsi nəzərdə tutulan təsdiqli 531 saylı torpaq sahəsi üzrə layihə sənədinə və müraciətçinin adına təsdiqli X5 təsərrüfatının üzvü olması haqqındakı 531 saylı üzvlük vəsiqəsinə əsasən "xxxx" ASC Həmkarlaq ittifaqı Komitəsi keçmiş işçi, hazırda təqaüddə olan İddiaçı X5 təsərrüfatında bağ üçün torpaq sahəsini ayrılmasını istisna etmir.

34. Dövlət X11 xx.xx.2011-ci il tarixli arxiv arayışından görünür ki, Kirovabad şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ilə Kirovabad ŞİH-in xx.xx.1986-cı il tarixli 13 nömrəli və xx.xx.1987-ci il tarixli 13 nömrəli qərarları ilə əvvəllər ayrılmış torpaq sahəsinə 55.0 ha torpaq sahəsinin əlavə edilərək, Kirovabad şəhərinin qərbində bağçılıq yoldaşlığının ərazisinin 98.0 ha çatdırılması qərara alınmışdır.

35. Bundan başqa məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri, onun sərhədlərini dəqiq şəkildə bildiyini qeyd etmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən müvafiq mütəxəssis və ya ekspert tədqiqatı aparılmaqla torpaq sahəsinin yerləşmə vəziyyətinin müəyyən edilməsi, təqdim edilmiş siyahıya (müvafiq sıralama) əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının faktiki vəziyyətinə görə müəyyənləşdirilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olub-olmaması araşdırılmalı, yalnız müvafiq araşdırmadan sonra iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verilməlidir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb üzrə məhkəmə tərəfindən İPM-nin 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq müvafiq araşdırılma aparılmadan iddia tələbi mümkün hesab olunmamış, məhkəmə tərəfindən yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verilməmişdir.

37. Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

38. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

39. Məhkəmə kollegiyası X4 hazırki iş üzrə üçüncü şəxs kimi cəlb edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28.1. maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

40. Həmin Məcəllənin 28.2. maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

41. Göründüyü kimi qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.

42. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

43. Odur ki, işə yenidən baxılan zaman T.Əliyevanın üçünü şəxs qismində işə cəlb edilməsinin əsasları yenidən araşdırılmalı və hüquqi qiymət verilməlidir.

44. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Apellyasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-99/2024 nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar