Məhkəmə qərarları › İş №2-1(104)-538/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-538/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-538/2025 16.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 22 il 09 ay iş stajının 12 il 06 ay 25 gününün sağlamlıq üçün zərərli olan istehsalat sahəsində çalışmasından ibarət olmasının nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olduğu üçün ona yaşa görə sosial müavinət təyin edilmiş, əmək pensiyası əvəzinə hər ay 220 manat məbləğində sosial müavinət almışdır. Halbuki, 1979-cu ilin avqust ayından 1990-cı ilədək müddətdə Boyəhmədli kolxozunda traktorist işləmiş və gördüyü iş pambıq sahələrinə OVX aparatı qoşulmaqla zəhərli dərman preparatları səpməkdən ibarət olmuşdur. Bundan başqa xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi müddətdə X6 və Emalı zavodu filialında nəqliyyat bölməsinin traktorçusu işləmişdir. Burada da əmək funksiyası sağlamlıq üçün zərərli istehsalat sahəsi olmuşdur. Beləliklə, onun 22 il 09 aydan ibarət əmək stajının 12 il 06 ay 25 günü zərərli istehsalat sahəsində işləməklə olan stajdır. Bununla bağlı əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, müraciəti müsbət həll edilməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi sığorta stajı 25 ildən azdır. Belə ki, onun ümumi sığorta stajı 21 il 10 ay 06 gün təşkil edir. İddiaçının ümumi sığorta stajı tamamlanmadığı, habelə, inzibati orqan tərəfindən hər hansı əmək fəaliyyəti dövrü mübahisələndirilmədiyi üçün iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın məzmununa uyğun izahat verib tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbi ilə bağlı göstərmişdir ki, iddiaçının bütün əmək fəaliyyəti dövrü 25 ildən azdır. İnzibati orqan hər hansı dövrü mübahisələndirmir. Hətta iddiaçının özünün dəlillərindən də aydın olur ki, onun əmək stajı 25 ildən aşağıdır. Bu kimi hallar görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq olmaz. Odur ki, tələbin mümkün sayılmamasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun 22 il 9 aydan ibarət olan ümumi əmək stajının 12 ili, yəni Bərdə rayonu Boyəhmədli kolxozunda (keçmiş Çaparidze adına, daha sonra Nizami adına kolxoz) traktorist kimi zərərli istehsalat sahəsində, 6 ay 25 günü isə AzərPambıq ASK MMC-nin X6 və Emalı zavodunda traktorist kimi zərərli istehsalat sahəsində işləməklə olan stajıdır. Lakin cavabdeh əvvəlcə 16 dekabr 2024-cü il tarixli, 3-17-1/2-4-309302/2024 nömrəli cavabı ilə, daha sonra isə xx.xx.2025-ci il tarixli, 3- 17-1/2-H-39229,2025 nömrəli cavabı ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyinatından imtina etdiyi bildirmişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin sözügedən qərardadını maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qanunsuz və əsassız məhkəmə aktı hesab edir. Belə ki, onun güzəştli şərtlərlə pensiya almağına hüquq verən zərərli iş şəraitində 12 il 06 ay 25 gün əmək stajının olması işin mübahisəsiz tərəfidir, yəni faktıdır. Odur ki, ümumi əmək stajının və sığortalı iş stajının 25 il olub-olmamasından, həmçinin pensiya kapitalında 46080 manat pul toplanıb- toplanmamasından asılı olmayaraq güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsində göstərilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu qanuna uyğun olaraq təyin edilir”. Göründüyü kimi Gəncə İnzibati Məhkəməsi hazırkı mübahisəyə əvvəllər qüvvədə olmuş pensiya qanunvericiliyinin tələblərini və müddəalarını tətbiq etməklə mübahisəni həll etməli olduğu halda, bunu etməmişdir. Əvvəlki pensiya qanunvericiliyi isə güzəştli şərtlərlə əmək pensiyası almaq üçün nə 60 yaşın (kişilərə) tamamlanmalı olmasını, nə də 25 il ümumi əmək stajını, nə də pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 46080 manat olmasını tələb etmirdi. Məhkəmə isə özü də qərardadında sözügedən Qanunun 9.8-ci maddəsinə istinad etsə də, lakin məlum olmayan səbəbdən hazırkı mübahisəyə əvvəllər qüvvədə olmuş (mənim zərərli iş şəraitində işlədiyi dövrdə) pensiya qanunvericiliyinin müddəalarını tətbiq etməməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(114)-3594/2025 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan: - xx.xx.1976-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 61 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı 1979-1998-ci illərdə sabiq Boyəhmədli, Nizami kolxozlarında (AİM) işləyərək əmək haqqı almışdır. - 7477330 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Mustafaağalı pambıq qəbulu məntəqəsində, xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin X6 və Emalı Zavodunda işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-21-39229/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərin surətində qeyd olunan məlumatlara əsasən, ümumi iş stajınız 25 ildən az (21 il 10 ay 6 gün (xx.xx.1976xx.xx.1978-ci il, xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajınızı isə yoxdur. Bundan başqa, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22541,20 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, verilmiş iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab verməlidir. İddia tələbinin mümkünlük şərtləri yoxlanılarkən, həmçinin iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia mümkün sayıla və iddiaya mahiyyəti üzrə baxıla bilməz. Belə ki, iddiaçı ona hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajına malik olmadığından, hazırkı tələb ilə bağlı subyektiv hüquqa malik deyil. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Mustafaağalı pambıq qəbulu məntəqəsində, 1979-1998-ci illərdə sabiq Boyəhmədli, Nizami kolxozlarında (AİM), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin X6 və Emalı Zavodunda işləmişdir. İddiaçı ümumi iş stajının 22 il 9 ay, güzəştli iş stajının 12 il 06 ay 25 gün olmasını iddia edərək cavabdeh orqana müraciət etmiş və ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2025-ci il tarixli, 3-17-1/2-21-39229/2025 nömrəli məktubla müraciətdən imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, onun ümumu iş stajı 25 ildən az (21 il 10 ay 6 gün təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 46080,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22541,20 manat təşkil edir. Bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmçinin, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilə-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd edilən maddi hüquq normalarının məzmunundan göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 3 əsas şərt ödənilməlidir: 1) iddiaçı 60 yaşa çatmalı, 2) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Siyahısında göstərilən işlərə aid olmalı, 3) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuş və xx.xx.2018-ci il tarixdə 60 yaşı olmuşdur. Deməli qanunda tələb olunan yaş həddinə çatmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına, arxiv arayışına və hərbi biletinə əsasən onun ümumi iş stajının 25 il olması müəyyən edilmir. Belə ki, iddiaçının pensiya hüququ yarandığı dövrə (xx.xx.2018-ci il tarixə) cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı 21 il 10 ay 06 gün hesablanmışdır. İddiaçı isə ümumi iş stajının 22 il 9 ay olmasını qeyd etmişdir. Göründüyü kimi, iddiaçı ümumi sığorta stajının 25 ildən az olması ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, həmçinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 25 il ümumi iş staj tələb olunur. Beləliklə müəyyən olunur ki, iddiaçının ümumi sığorta stajı qanunvericiliklə tələb olunan ümumi iş stajından - 25 ildən azdır. Yəni iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv huquqa malik deyildir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı). Göründüyü kimi, şəxsin subyektiv hüquqa qarşı vəzifə daşıyan şəxsdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olması üçün onun subyektiv hüquqa malik olması tələb olunur. Beləliklə, işin yuxarıda qeyd edilən halları iddia tələbini mümkünsüz edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbinin mümkünlük şərtləri yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin hazırkı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 81, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3594/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar