Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-54/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Giriş hissə: Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-137/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. xx.xx.2021-ci il tarixli 21335 nömrəli şəhadətnaməsində İddiaçı Elburus oğlunun «Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyətin davamlı dəyişikliyi, psixi və davranış pozuntusu, depressiv sindrom. Posttravmatik sefalgik sindrom. Barotravma (xx.xx.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, soltərəfli neyrosensor davamlı ağıreşitmə, piçıltı nitqinin sağ qulaqda 6 (altı) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə » diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır", "Hər iki gözün sadə miopik astiqmatizmi, oxlarla M 1,0D və Em nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla"."Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, İddiaçı Elburus oğlunun əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz “Postkontuzion sindrom, partlayış travması nəticəsində kəllə-beyin travması, baş beyin silkələnməsi. Fəlakət(müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. retroqrad amneziya. Barotravma nəticələri, fəlakət (müharibə) nəticəsində şəxsiyyətin pozuntusu. Davamlı psixi və davranış pozuntusu. Depressiv sindrom. Astiqmatizm, hər 2 gözün sadə miopik astiqmatizmi. Xroniki səthi qastrit Barotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor davamlı ağıreşitmə” qeyd edilərək “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının 24 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-345/2023 nömrəli qərarı ilə 4 nəfər vətəndaşın, o cümlədən İddiaçı Elburus oğlunun əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AARYW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 7538 nömrəli, 03 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Elburus oğlunun diaqnozu üzvi partlayış travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və çox saylı intihar cəhdləri qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanasının 227 nömrəli, 19 dekabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Elburus oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, son dəfə xx.xx.2023-cü il tarixədək Gəncə Psixiatriya xəstəxanasında stasionar müalicədədir. Diaqnoz: partlayış travması nəticəsində üzvü mənşəli şəxsiyyət və davranış pozuntusu, əhval ruhiyyənin üzvi pozuntusu, uzun sürən posttravmatik stress pozuntusu. Ağır depressiv epizod psixotik əlamətlərlə, çox saylı intihara cəhdlər.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS 027, 11976864 nömrəli ambulator kitabçadan çıxarışa əsasən İddiaçı Elburus oğluna əsas diaqnoz F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, yanakı xəstəlik F06.3 əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu, F33.3 qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, F43.1 posttravmativ stress pozğunluğu qeyd edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsi 3691 nömrəli, 19 fevral 2024-cü il tarixli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə nazirliyinin 17 fevral 2023-cü il traixli, 3-28/3-1- 118/2023 nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Elburus oğlu Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatriya komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, tez-tez baş verən dekompensasiyalar, intihar cəhdləri ilə F07.0.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Elburus oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayon Mərkəzi Xəstəxanasının və Azarbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 0321003AARYW nömrəli Forma-88 arayışında göstərilən xəstəliklərə görə İ və ya İİ qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi xidmətə çağırılmış, İİ Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixində Suqovuşan istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə düşmən tərəfində atılan mərminin partlaması nəticəsində ağır yaralanmış, kəllə-beyin travması, baş beyin silkələnməsi, barotravma nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra davamlı dəyişiklik, psixi və davranış pozuntusu, depressiv sindrom, astiqmatizm, hər iki gözün sadə miopik astiqmatizmi, xroniki səthi qastrit, sol tərəfli xroniki nevrit, sol tərəfli neyrosensor davamlı ağıreşitmə diaqnozu Gəncə şəhəri, Abbas Səhhət adına Birləşmiş Şəhər Xəstəxanasının 21335 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilən digər diaqnozlar təyin edilmişdir. İddiaçı özünü həmin vaxtdan narahat hiss edir, bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr almışdır. Lakin yenidən ağrıları başlamışdır. Tovuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Forma 88) göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona xx.xx.2022-ci il tarixdə imtina verilmişdir.
10. İddiaçı ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdən ona üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia həmin tələbə dəyişdirilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F62 - Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma…; Diaqnozun mətni: Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı psixi və davranış pozuntusu, depressiv sindrom. baş beyin silkələnməsi. Qulağın barotravması; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir;" səbəbi ilə imtina verilmişdir. xx.xx.2021 - ci il tarixində təkrar əyani müayinə edilmiş və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F62 - Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma…; Diaqnozun mətni: Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı psixi və davranış pozuntusu,depressiv sindrom.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi tövsiyyə olunur;" səbəbi ilə imtina verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs…; Diaqnozun mətni: Postkontuzion sindrom, partlayış travması nəticəsində kəllə -beyin travması, baş beyin silkələnməsi.Fəlakət(müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi.retroqrad amneziya. Barotravma nəticələri, fəlakət(müharibə)nəticəsində şəxsiyyətin pozuntusu. davamlı psixi və davranış pozuntusu.depressiv sindrom. Astiqmatizm, hər 2 gözün sadə miopik astiqmatizmi. Xroniki səthi qastrit Barotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit, sol tərəfli neyrosensor davamlı ağıreşitmə; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir;" səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş olunur.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-137/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı psixi və davranış pozuntusu, depressiv sindrom. baş beyin silkələnməsi. Qulağın barotravması (XBT-F62) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu bəndinə əsasən üçüncü dərəcə əlilliyin təyini üçün əsas verir (F60.0-F62.9).
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə dair etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil edir, əlavə olaraq qeyd edilir ki, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs nzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək qüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq məhkəmə tibbi ekspertizası təyin etməmiş və orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
17. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir
20. “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin: 4.2. bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
22. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin : 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9).
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
26. İşin hallarından məlum olur ki, İddiaçı Vətən müharibəsi iştirakçısı olmuşdur, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 21335 №-li xəstəlik haqqında şəhadətnaməsinə əsasən ona qoyulmuş diaqnozların səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır" və “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 – Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F62 - Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olma…; Diaqnozun mətni: Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı psixi və davranış pozuntusu, depressiv sindrom. baş beyin silkələnməsi. Qulağın barotravması; diaqnozu qoyulsa da eyni tarixdə həm “Diaqnoz əlillik əlaməti təyin etmir” həm də “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, İddiaçı Elburus oğlunun əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz “Postkontuzion sindrom, partlayış travması nəticəsində kəllə-beyin travması, baş beyin silkələnməsi. Fəlakət(müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. retroqrad amneziya. Barotravma nəticələri,fəlakət (müharibə) nəticəsində şəxsiyyətin pozuntusu. davamlı psixi və davranış pozuntusu.depressiv sindrom. Astiqmatizm, hər 2 gözün sadə miopik astiqmatizmi. Xroniki səthi qastrit Barotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit,sol tərəfli neyrosensor davamlı ağıreşitmə” qeyd edilərək “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir.
28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert komissiyasının 24 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-345/2023 nömrəli qərarı ilə 4 nəfər vətəndaşın, o cümlədən İddiaçı Elburus oğlunun əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AARYW nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
29. Hazırki halda iddiaçı ona üçüncü dərəcəli əlillik təyin edilməsi iddiası ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı əsaslı hesab etmişdir.
30. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 7538 nömrəli, 03 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Elburus oğlunun diaqnozu üzvi partlayış travması nəticəsində şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi və çox saylı intihar cəhdləri qeyd edilmişdir.
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya xəstəxanasının 227 nömrəli, 19 dekabr 2023-cü il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Elburus oğlu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, son dəfə xx.xx.2023-cü il tarixədək Gəncə Psixiatriya xəstəxanasında stasionar müalicədədir. Diaqnoz: partlayış travması nəticəsində üzvü mənşəli şəxsiyyət və davranış pozuntusu, əhval ruhiyyənin üzvi pozuntusu, uzun sürən posttravmatik stress pozuntusu. Ağır depressiv epizod psixotik əlamətlərlə, çox saylı intihara cəhdlər.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TQS 027, 11976864 nömrəli ambulator kitabçadan çıxarışa əsasən İddiaçı Elburus oğluna əsas diaqnoz F07.0 üzvi mənşəli şəxsiyyət pozğunluğu, yanakı xəstəlik F06.3 əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu, F33.3 qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, F43.1 posttravmativ stress pozğunluğu qeyd edilmişdir.
33. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin -2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9)
34. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz (Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, mülayim dərəcədə ifadə olunmuş şəxsiyətin davamlı psixi və davranış pozuntusu, depressiv sindrom. baş beyin silkələnməsi. Qulağın barotravması (XBT-F62) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9-cu bəndinə əsasən üçüncü dərəcə əlilliyin təyini üçün əsas verir (F60.0-F62.9).
35. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi şəxsin müayinəsinin onun diskresion səlahiyyətlərində olması ilə əsaslandırmış, məhkəmə qərarının müdaxilə kimi qiymətləndirmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
37. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
38. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
39. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.
40. Məhkəmə tərkibi onu da qeyd edir ki, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsinə dair düzgün nəticyə gəlməmişdir.
41. Belə ki, işdə olan sənədlərə əsasən İddiaçı Elburus oğlunun sonuncu dəfə əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz “Postkontuzion sindrom, partlayış travması nəticəsində kəllə-beyin travması, baş beyin silkələnməsi. Fəlakət(müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi. retroqrad amneziya. Barotravma nəticələri,fəlakət (müharibə) nəticəsində şəxsiyyətin pozuntusu. davamlı psixi və davranış pozuntusu.depressiv sindrom. Astiqmatizm, hər 2 gözün sadə miopik astiqmatizmi. Xroniki səthi qastrit Barotravma (xx.xx.2020) nəticəsində sol tərəfli xroniki koxlear nevrit,sol tərəfli neyrosensor davamlı ağıreşitmə” qeyd edilərək “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir.
42. Belə olan halda iddiaçıya əlillik 23 aprel 2022-ci ildən təyin olunmalı, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-137/2023 nömrəli qərarı- İddiaçı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Espertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-137/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov